Hamını kövrəldən an

 

Paytaxtın bütün ümumtəhsil məktəblərində olduğu kimi, Yasamal rayonundakı 158 nömrəli orta məktəbdə də mayın 31-də  həyəcanlı anlar  yaşanırdı. Baxışlarda sevinclə bərabər  bir kədər də duyulurdu. Axı gənclər üçün bu zəng 11 il təhsil aldıqları məktəblə vida rəmzi idi. Nəhayət, Azərbaycanın  Dövlət himni səsləndi. Aparıcılar Xəyalə Kərimova və Tural Əliyev onbirinciləri təbrik etmək üçün sözü məktəbin direktoru Zemfira  Səmədovaya verdilər. Zemfira müəllim  qonaqları, müəllimləri və məzunları salamlayıb, onlara xoş arzularını bildirdi, qeyd etdi ki, bu il məktəbi 208 nəfər bitirir. Onların hər birini  yeni həyat gözləyir. Ölkəmizin gələcək taleyinin sahibləri olacaq bu gənclər təhsildə qazandıqları bilikləri test imtahanlarında təsdiq edəcək, seçdikləri ixtisasa yiyələnəcəklər. Təhsildə əldə etdiyimiz nailiyyətlər, müxtəlif olimpiadalarda, müsabiqələrdə qazanılan uğurlar bunları deməyə əsas verir.

Direktor qürurla vurğuladı ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə məktəb xüsusilə fərqlənib. XI "B" sinfinin məzunu Maya Namazova ümummilli lider Heydər Əliyevə həsr edilmiş inşa müsabiqəsinin respublika  üzrə qalibi olub.

Mərasimdə məktəbin müəllimləri, şagirdlər  və məzunların valideynləri çıxış edərək xoş arzularını bildirdilər.

Kövrək notlu "son zəng" çalındı. "Məktəb illəri" mahnısının sədaları ətrafa yayıldı, birincilər onbirinciləri şeirlə, mahnı ilə, rəqslə təbrik etdilər. Onbirincilər isə məktəbin rəmzi açarını birincilərə təqdim etdilər.

 

 

 Sifai SƏFƏROVA

 

 Azərbaycan müəllimi.- 2010.- 4 iyun.- S.1.