Şirvan şəhərində müşavirə

 

Daşqın sel sularının yaratdığı təbii fəlakətdən zərər çəkmiş ərazilərdəki məktəblərin şagirdləri builki buraxılış imtahanlarından azad olundular.

 

İyunun 2-də təhsil naziri Misir Mərdanovun iştirakı ilə Şirvan şəhərində müşavirə keçirilib. Müşavirədə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, Təhsil Nazirliyinin müvafiq şöbələrinin rəhbərləri, Sabirabad, Neftçala, Salyan, Saatlı, Hacıqabul, Zərdab, İmişli rayonları Şirvan şəhəri təhsil şöbələrinin müdirləri iştirak ediblər.

Müşavirədə adları qeyd olunan rayonların ümumtəhsil məktəblərində keçiriləcək buraxılış imtahanlarına hazırlıqla bağlı məsələlər müzakirə olunub. Təhsil naziri Misir Mərdanov müşavirənin dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Kür çayı ətrafındakı rayonlarda təhsilin vəziyyətinin araşdırılıb təhlil olunması məqsədilə keçirildiyini bildirib.

Sonra yaranmış vəziyyətlə bağlı ayrı-ayrı rayon təhsil şöbə müdirlərinin məlumatları, habelə buraxılış imtahanlarının keçirilməsi barədə təklifləri dinlənilib.

Müşavirədə belə bir yekdil rəyə gəlinib ki, təbii fəlakət nəticəsində əhali tərəfindən tərk edilmiş yaşayış məntəqələrindəki ümumtəhsil məktəblərinin şagirdləri psixoloji sarsıntıya məruz qaldıqlarına, imtahanlara hazırlaşmaq imkanından məhrum olduqlarına görə buraxılış imtahanlarından azad edilsinlər və onlara müvafiq təhsil sənədi illik qiymətlər əsasında verilsin. Həmin bölgələrin digər məktəblərində isə imtahanların Təhsil Nazirliyinin xətti ilə mərkəzləşdirilmiş qaydada aparılacağı diqqətə çatdırılıb.

İyunun 3-də isə təhsil naziri Misir Mərdanov qeyd olunan məsələ ilə bağlı "Buraxılış imtahanlarından azadolunma barədə" əmr imzalayıb.  

 

 

  Azərbaycan müəllimi.- 2010.- 4 iyun.- S.2.