Təhsil Nazirliyində buraxılış imtahanları ilə bağlı iclas keçirilib

 

İyunun 1-də Təhsil Nazirliyində ölkəmizin ümumtəhsil məktəblərində buraxılış imtahanlarına hazırlıq və onların aparılması ilə bağlı iclas keçirilib. İclası təhsil naziri Misir Mərdanov açaraq ölkəmizin təhsil işçiləri üçün məsul bir dövrün başlandığını, iyunun 3-dən etibarən 16 gün ərzində ümumtəhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanlarının keçiriləcəyini bildirib. Nazir qeyd edib ki, mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları XI siniflərdə son bir neçə il ərzində həyata keçirilsə də, IX siniflərdə ilk dəfə tətbiq olunur. Əvvəlki illərdə olduğu kimi, XI sinif şagirdləri 8, IX sinif şagirdləri isə 2 fənn üzrə imtahan verəcəklər. Təhsil naziri cari dərs ilində ümumtəhsil məktəblərinin və  peşə  liseylərinin  90134 nəfər şagirdinin orta təhsil, 127796  şagirdin  isə  əsas  təhsil  səviyyəsi  üzrə  yoxlama  imtahanları verdiyini nəzərə çatdırıb. Yoxlama imtahanlarının cari ilin fevral, mart və aprel aylarında  4  bölgə  üzrə  294  imtahan mərkəzində keçirildiyini bildirən  nazir əlavə edib ki, aprelin  25-də  ölkəmizdəki peşə liseylərinin 4437 nəfər şagirdi buraxılış  imtahanları  verib.

Nazir Misir Mərdanov yoxlama imtahanında iştirak edən IX sinif şagirdlərinin 64,71, XI sinif şagirdlərinin isə 41,25 faizinin müvəffəq qiymətlər aldığını bildirib, əvvəlki illərlə müqayisədə imtahan prosesinin aparılma mexanizminin təkmilləşdiyini, şagird və valideynlərin buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılmasına münasibətlərinin müsbət mənada dəyişdiyini, imtahan nəticələrinin müvəffəqiyyət və keyfiyyət faizi baxımından yüksəldiyini vurğulayıb. Nazir ötən illə müqayisədə ölkə üzrə bu artımın 10 faizdən bir qədər çox olduğunu qeyd edib.

Sınaq imtahanlarının əsasən şəffaf və ədalətli keçirildiyini deyən nazir imtahanların aparılmasında imtahan rəhbəri kimi Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Təhsil Problemləri İnstitutunun, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun, müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin, Bakı şəhərinin qabaqcıl məktəb direktorları, direktor müavinləri və müəllimlərinin yaxından iştirak etdiklərini qeyd edib və bu işdə əməyi olanların hamısına təşəkkürünü bildirib.

Misir Mərdanov ölkəmizin 4 bölgəsində əsas və orta təhsil kursu üzrə buraxılış imtahanlarının keçirilmə tarixlərini nəzərə çatdırıb, XI sinif şagirdlərinin 3, IX sinif şagirdlərinin isə 1 saat 30 dəqiqə ərzində imtahan verəcəklərini bildirib. Daha sonra nazir respublika fənn olimpiadalarında I yer tutmuş, həmçinin müxtəlif beynəlxalq səviyyəli olimpiadalarda, bilik və idman yarışlarında müvəffəqiyyət əldə etmiş buraxılış siniflərinin şagirdlərinin imtahanlardan azad olunduqlarını açıqlayıb.

İclasda iştirak edən imtahan rəhbərlərinə bu mühüm işə məsuliyyətlə yanaşmağın vacib olduğunu xatırladan təhsil naziri imtahanların uğurla keçirilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü söyləyib, imtahan rəhbəri kimi üzərlərinə düşən vəzifələri bir daha onların diqqətinə çatdırıb. Nazir imtahan rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2010.- 4 iyun.- S.2.