Liseyin builki məzunları ötənilki
uğuru təkrar etmək fikrindədirlər
Mayın 31-də Bakı Dövlət Universitetinin nəzdindəki
"Gənc istedadlar"
liseyində "son zəng" mərasimi keçirildi. Tədbirdə
BDU-nun rektoru, akademik Abel Məhərrəmov,
məktəbin müəllim-şagird
kollektivləri və qonaqlar iştirak edirdilər.
Tədbiri giriş
sözü ilə açan akademik Abel Məhərrəmov məzunları
təbrik edərək onlara gələcək həyatlarında
uğurlar arzuladı. Qeyd etdi ki, lisey artıq ikinci ildir məzunlarını
Azərbaycan cəmiyyətinə yola salır. Keçən
ilki məzunların hamısının ali məktəblərə
daxil olduğunu deyən A.Məhərrəmov həmin göstəricinin
bu il də təkrar olunacağına ümid bəslədiyini
bildirdi. Liseyin məzunlarının böyük tarixə malik
olan BDU-nun adını və şərəfini hər yerdə
ləyaqətlə daşıyacaqlarına
inandığını vurğuladı. Dövlət tərəfindən
təhsilə göstərilən qayğıdan söz
açan natiq möhtərəm Prezidentimiz İlham Əliyevin
rəhbərliyi altında ölkədə aparılan
islahatları yüksək qiymətləndirərək məzunlara
bu imkanlardan maksimum dərəcədə faydalanmağı
tövsiyə etdi.
Sonra söz liseyin
direktoru, kimya elmləri doktoru, professor Qasım Hüseynova
verildi. O, qonaqları salamlayıb, gənclərə
qarşıdan gələn imtahanlarda müvəffəqiyyətlər
arzuladı. Q.Hüseynov liseyin fəaliyyət göstərdiyi
müddətdə bir çox nailiyyətlər əldə
etdiyini və bu uğurların gələcəkdə də
davam edəcəyini bildirdi. Qeyd edildi ki, ötən ilki məzunlardan
Rəcəb Rəcəbov qəbul imtahanlarında yüksək
bal topladığı üçün Prezident təqaüdünə
layiq görülüb. Bu uğurların bu il də təkrar
olacağına inandığını söyləyən
Q.Hüseynov liseyin müəllim heyətinə minnətdarlığını
bildirdi.
Tədbirə Dövlət
bayrağı və BDU-nun bayrağı gətirildikdən
sonra Dövlət himnimiz səsləndi. Şagirdlərin
hazırladıqları bədii hissədən sonra "son zəng"
səsləndi.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.-
2010.- 4 iyun.- S.2.