"Təhsilin əsasları" fənni
müəllim hazırlığına verilən
müasir tələblər baxımından
Artıq neçə
ildir ki, respublikada təhsil sisteminin müxtəlif istiqamətləri
üzrə ciddi islahatlar həyata
keçirilir. Təhsilin strukturu, məzmunu, kadr təminatı,
informasiya, tədris və elmi-metodiki təminatı, idarəolunması,
maddi-texniki bazası və iqtisadiyyatında həyata
keçirilən köklü dəyişikliklər öz ilk
bəhrələrini verməkdədir. Sadalanan istiqamətlər
təhsilin ayrı-ayrı sahələri hesab edilsə də,
əslində onlar bir-biri ilə üzvi şəkildə
bağlı, sıx əlaqəlidirlər. Belə ki, bu sahələrdən
birində islahatın uğuru təmin olunmadığı təqdirdə,
digər sahələr avtomatik olaraq iflic vəziyyətə
düşə bilər. Məsələn, təhsilin məzmununun
daşıyıcısı olan, cəmiyyətin ehtiyac və
maraqlarından çıxış edən, eləcə də
milli və bəşəri dəyərlər, tələbyönümlülük,
şəxsiyyətyönümlülük, nəticəyönümlülük,
inkişafyönümlülük və inteqrativlik prinsiplərinə
əsaslanan fənn
kurikulumları ən yüksək səviyyədə
hazırlansa belə, onun reallaşdırılması
üçün uyğun maddi-texniki baza, kifayət qədər
hazırlıqlı pedaqoji kadr potensialı və ya müvafiq
tələblərə cavab verən resurslar: informasiya mənbələri, tədris və elmi-metodiki vəsaitlər,
eləcə də tədqiqatlara
əsaslanan idarəetmə
mövcud olmadan, həmin kurikulumun uğurlu tətbiqi mümkün deyil. Bu səbəbdən,
islahatların müvəffəqiyyətlə həyata
keçirilməsi üçün adıçəkilən
istiqamətlər üzrə kompleks işlər
aparılır. Kadr təminatı sahəsi üzrə də
təhsil islahatlarını həyata
keçirməyə qadir olan,
peşəkar pedaqoji kadrların hazırlanması siyasəti
və strategiyası qurulur və addım-addım həyata
keçirilir. Məhz bu prosesin məntiqi davamı kimi 25 iyun
2007-ci il tarixdə "Azərbaycan Respublikasında fasiləsiz
pedaqoji təhsil və müəllim
hazırlığının Konsepsiya və
Strategiyası" Nazirlər
Kabineti tərəfindən təsdiq edildi və müəllim
hazırlığı sahəsində dövlət siyasəti
müəyyənləşdirildi.
Təhsil Nazirliyinin 1008
nömrəli 19 avqust 2009-cu il tarixli əmri ilə
üç ali təhsil müəssisəsinin (Azərbaycan
Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər
İnstitutu, Gəncə Dövlət Universiteti) bakalavr pilləsində
"Təhsilin əsasları" fənnini tədris edəcək
müəllimləri treninqlərə cəlb edilmiş və
həmin ilin sentyabrından ilkin müəllim
hazırlığının keyfiyyətinin yüksəldilməsi
məqsədi daşıyan pilot layihə tətbiq olunmağa
başlanmışdır.
Etiraf edək ki, uzun illər
pedaqoji kadr hazırlığında
nəzəri biliklərin öyrədilməsi kifayət
hesab edilmiş, gənc müəllim öyrətməyin sirlərinə
bələd olmadan pedaqoji fəaliyyətə
başlamışdır. Bu gün, təhsilə yeni tələblər
verildiyi bir zamanda, "işləyə-işləyə
öyrənər" yanaşması birmənalı şəkildə
özünü doğrultmur. "İşləyə-işləyə
öyrənənlər" geridə lazımi
bilik-bacarıqlara nail olmamış uşaqlar,
formalaşmamış şəxsiyyətlər, uğuru təmin
olunmamış talelər buraxa bilərlər. Odur ki, müəllimin sinfə daxil
olduğu ilk gündən pedaqoji fəaliyyətini müvəffəqiyyətlə
qura bilməsi üçün
mühüm nəzəri biliklərə və praktik
bacarıqlara, eləcə də ciddi təcrübəyə
malik olması vacibdir. Bu problemin həlli "Azərbaycan Respublikasında
fasiləsiz pedaqoji təhsil və
müəllim hazırlığının Konsepsiya və
Strategiyası" sənədində ön plana çəkilmiş,
"Təhsilin əsasları" fənninin məqsədinə
çevrilmişdir.
Sənədə əsasən
"Təhsilin müasirləşməsi şəraitində
müəllimin ənənəvi funksiyaları ilə (təlim,
tərbiyə, inkişafa kömək, təlim nəticələrinin
qiymətləndirilməsi, valideynlərlə iş və s.)
yanaşı, həm məzmun cəhətdən, həm də
prosesin təşkili baxımından təhsilin və sosial mədəni
mühitin proqnozlaşdırılması, layihələşdirilməsi və təşkili kimi peşə
funksiyaları aktuallaşır. İdarəçilik, iqtisadi,
hüquqi, sosial... fəaliyyətlə əlaqədar olaraq
müasir şəraitdə kommunikativ funksiyalara tələbat artır". (2) Sənəddə
çox aydın göstərilir ki, müasir müəlim
öz fəaliyyətini sinif otağı ilə məhdudlaşdıra
bilməz. "Hər bir müəllim tədrisin müxtəlif
tərəflərini dərk etməli, ...peşəkarlıq
səviyyəsini fasiləsiz yüksəltməyə
çalışmalıdır. ...Eyni zamanda informasiya cəmiyyətinə
keçid müəllimdən elmi-tədqiqat
bacarığı da tələb edir".
Konsepsiya sənədində
ümumtəhsil məktəbləri üçün ilkin
müəllim hazırlığındakı nöqsanları
göstərərkən "təhsil müəssisələrində
maddi-texniki bazanın zəif olması, daha çox nəzəri
biliklərin yoxlanılması, müəllimlik
üçün vacib olan bilik və bacarıqların
yoxlanılmasına diqqətin zəif
olması, ilkin pedaqoji təhsil proqramlarında təhsilin idarə
edilməsinə dair fənlərin olmaması, təhsilin idarə
edilməsinə dair bakalavr və magistr
hazırlığının həyata keçirilməməsi,
təhsilin idarə edilməsi üzrə tətbiqi tədqiqatların
aparılmaması" ciddi nöqsan kimi vurğulanır. Ali
pedaqoji məktəblərdə fənlərin məzmununun
müəllimin məktəbdəki fəaliyyəti ilə əlaqəsizliyi
və öyrəndiklərinin onun gələcək fəaliyyəti
üçün "faydalı olmadığı" kimi tənqidi
fikirlər də bildirilir. "Müəllim
hazırlığı (Pedaqoji təhsil, ixtisasartırma və
yenidənhazırlanma)" başlıqlı yekun
hesabatında beynəlxalq məsləhətçi Rob MakBrayd
"Təhsilin əsasları" fənninin məzmunu ilə
bağlı tövsiyələr verərkən tələbələrin
inkişaf etdirilməsi, təlim və tədris prosesləri,
müəllim düşüncəsi, tədris proqramları və
onların hazırlanması, müəllim
hazırlığı, keyfiyyət tədqiqatları, təhsilin
idarə olunması və digər istiqamətlərin əhəmiyyətini
vurğulayır (s.24).
"Təhsilin əsasları"
fənninin məzmunu, tədrisin təşkili və qiymətləndirmə
mexanizmləri işlənərkən "Azərbaycan
Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim
hazırlığı Konsepsiya
və Strategiyası", "Azərbaycan Respublikasında
ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)", "Azərbaycan
Respublikasında ümumtəhsilin qiymətləndirmə
Konsepsiyası" dərindən
araşdırılmış, müasir tələblərə
cavab verən müəllimi səciyyələndirən bilik, bacarıq və dəyərlər
müəyyənləşdirilmişdir.
Müasir "pedaqoji
kadrın təhsili onun şüurunun, fəaliyyətinin və
şəxsiyyətinin inkişaf forması" hesab edilir və
bir-biri ilə qarşılıqlı əlaqədə olan
beş mərhələdən ibarət olduğu"
Konsepsiya sənədində göstərilir (2, s. 11):
1. Peşə
baxımından müəllimin özünütəyini;
2. Özünütəşkil;
3. Elmi-pedaqoji təşəkkül;
4. Elmi-pedaqoji cəhətdən
özünütəkmilləşdirmə;
5. Pedaqoji
yenilikçiliyə meyilli olmaq baxımından
özünürealizə (subyektin daxili imkanlarının həyata
keçirilməsi, özünütəsdiq).
Həmin mərhələlər
"Təhsilin əsasları" fənninin məzmununun
inkişaf xətti kimi dərk
edilə bilər. Belə ki, ilkin olaraq gələcək
müəllimlərin özünütəyini istiqamətində
işlər aparılır və bu da "Təhsil fəlsəfəsi
və təlim prosesi" məzmun xətti üzrə həyata
keçirilir. "Müəllim
hazırlığı"na dair yekun hesabatında beynəlxalq
məsləhətçi Rob MakBrayd da bu məsələni əhəmiyyətli
hesab etmiş, "müəllimlərin
düşüncə tərzlərinin dəyişməsinin
onların peşəkarlığının inkişafına
səbəb olacağını" (3,s.13)
vurğulamışdır. "Təhsilin əsasları"
fənninin "Təhsil fəlsəfəsi və təlim
prosesi" bölməsində gələcək müəllim
"Təhsil nə üçün lazımdır?",
"Onun məqsədi nədir?", "Məktəbin vəzifəsi
nədir?", "Müəllimin
və şagirdin təlim prosesində rolu nədən
ibarətdir?", "Təlim mühiti necə
olmalıdır?", "Hansı dərs uğurlu dərs
hesab edilir?" kimi bu və ya
digər suallar üzərində dərindən
düşünür. Müxtəlif təhsil fəlsəfələri
baxımından həmin problemləri araşdırır,
qloballaşan dünyanın həqiqətlərinə, yəni müasir tələblərə
cavab verən yanaşmaları müəyyən edir və
"pedaqoji praktikanın ən sadə modeli və ya real
forması ilə tanış olur" (2,s.12). Bu da onun pedaqoji
təfəkkürünün formalaşmasına xidmət
edir. Yalnız bundan sonra o inanır ki, həqiqətən bu
gün fərdin və cəmiyyətin ehtiyac və
maraqları müasir təhsil, məktəb, kurikulum, müəllim
və şagird münasibətləri,
öyrətmə prosesinin əvvəlkindən fərqli
olmasını tələb edir. Təhsil sistemində
aparılan dəyişikliklər təsadüfdən deyil, zərurətdən
irəli gəldiyini dərk edir, "Təhsilalan
özünün də pedaqoji fəaliyyətin subyekti
olduğunu başa düşür və bu fəaliyyətin həyata
keçirilməsi üçün hazırlanır
(2,s.12)". Öz həyat və
fəaliyyətini qurmağa qadir olan
şəxsiyyətin formalaşmasını təmin etmək
üçün pedaqoji problemlərə müasir tələblər
baxımından yanaşır və öz "peşəkar
mənini" təyin edir.
"Azərbaycan
Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim
hazırlığı Konsepsiya
və Strategiyası"nda
ikinci mərhələnin "özünütəşkil"
olduğu göstərilir. Bu da
gələcək müəllimin "pedaqoji əmək mədəniyyəti"nin
(s.11) formalaşmasında əhəmiyyətli hesab edilir. Bu məsələlərin
tədrisi "Cəmiyyətin təhsil ehtiyacları və
onların hüquqi təminatı", eləcə də "Təhsildə dövlət
siyasəti" məzmun xətti üzrə nəzərdə
tutulub. Öyrənənlər hüquqi sənədlərdə
(Konstitusiya, "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanunu) təhsil
iştirakçılarının hüquq və vəzifələrini araşdırır ki, bu da onların şagird, valideyn və həmkarları
ilə hüquqi baxımdan əsaslandırılmış
qarşılıqlı fəaliyyətinin qurulmasını təmin
edir. Təhsil sahəsinin müxtəlif istiqamətləri
üzrə dövlət siyasətini müəyyən edən
sənədlərdə ("Azərbaycan Respublikasında
fasiləsiz pedaqoji təhsil və
müəllim hazırlığı Konsepsiya və Strategiyası",
"Azərbaycan Respublikasında ümumi təhsilin
Konsepsiyası (Milli Kurikulumu)" və "Azərbaycan
Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə
Konsepsiyası") vurğulanan humanistlik, demokratiklik, dünyəvilik,
bərabər şərait, millilik, şəxsiyyətyönümlülük,
keyfiyyətlilik, səmərəlilik, inteqrativlik, şəffaflıq
və digər prinsiplər
sinfin idarə edilməsində müəllim-şagird,
şagird-şagird münasibətlərinin əsasını
təşkil edir. Müəllim sinfi idarə edərkən və
təlimin təşkili zamanı
bütün qərarlarını bu prinsiplərdən
çıxış edərək qəbul edir. Beləliklə,
hüquqi və siyasi savadlılığı təmin
olunmuş müəllimin özünütəşkili -
öz fəaliyyətini sistemli,
düşünülmüş şəkildə qurmaq
imkanları maksimuma qaldırılır. Gələcək
müəllim öz sinfində mövcud vəziyyəti:
maddi-texniki bazanı, şagirdlərin milli-etnik tərkibini, idraki imkanlarını, sosial, mənəvi-psixoloji,
fiziki-fizioloji vəziyyətini, eləcə də valideynlərin
intellektual səviyyəsi, sosial, mənəvi-psixoloji vəziyyətini
araşdıraraq qarşıya çıxa biləcək
problemləri proqnozlaşdırmağın yollarını
öyrənir və "özünün pedaqoji-peşə fəaliyyətini
layihələşdirmək, həyata keçirmək və təkmilləşdirmək
üçün qabiliyyətlərini inkişaf etdirir"
(2,s.11). Yəni gələcək müəllim təhsilin hər
üç iştirakçısı ilə əməkdaşlıq
şəraitində sinfin
düzgün idarə edilməsinə xidmət göstərən
real, işlək plan qurmaq,
onları mərhələ-mərhələ həyata
keçirmək, eləcə də əldə edilən nəticələri
qiymətləndirmək və növbəti mərhələdə
görüləcək işlərlə bağlı qərarlar
qəbul etmək kimi mühüm
bacarıqlara yiyələnir. Gələcək müəllimlər,
həmçinin, uğurlu təşkilatçılığın iqtisadi rifahın da yüksəlməsində
rolunu dərk edir. Şagirdbaşına maliyyələşmə
şəraitində müəllimin planlı və sistemli fəaliyyətinin
məktəbin və pedaqoji kadrlarının büdcəsinə
təsirini də öyrənirlər ki, bu məsələlər
"Təhsilin iqtisadiyyatı" məzmun xətti üzrə
yığcam əhatə edilir.
"Azərbaycan
Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim
hazırlığı Konsepsiya
və Strategiyası"nda müəllim
hazırlığının üçüncü mərhələsinin "Elmi-pedaqoji təşəkkül"
olduğu göstərilir. Bu mərhələ gələcək
müəllimin "elmi-pedaqoji fəaliyyət
üçün pedaqoji qabiliyyətinin inkişaf etdirilməsi"
baxımından əhəmiyyətli hesab edilir. "Müəllim
hazırlığı"na dair yekun hesabatında beynəlxalq
məsləhətçi Rob MakBrayd göstərir ki, tələbələrin
nəzəri bilikləri mənimsəməsi və onları
tətbiq etməyin ardıcıllığının müəyyən
olunması "Təhsilin əsasları" və müəllimlərin
hazırlanması baxımından böyük əhəmiyyətə
malikdir. Gələcək müəllim
"real məktəb həyatını əks etdirən"
bilik və bacarıqlara yiyələnməlidir. O hesab edir
ki, ümumiyyətlə pedaqoji
təhsil alan tələbələr təhsil müddətində
dövlət tədris proqramları ilə yaxından
tanış olmalı və
onlarla işləyə bilməlidirlər. Belə olan
halda təhsil müddətini başa vuran tələbə
artıq tədris proqramları haqda zəruri biliklərə
malik olur və gələcək fəaliyyətinin istiqamətini
dərk edir.Təhsilin məzmununda həyata keçirilən
islahatlar nəticəsində tədris proqramlarının
xarakteri əsaslı şəkildə dəyişmişdir. Artıq tədris proqramları
yalnız təhsilin məzmununun deyil, həm də həmin məzmunun
reallaşdırılması yolları və nəticələrin
qiymətləndirilməsi üsul və vasitələrini əks
etdirir. Bu baxımdan, yeni fənn
kurikulumlarının tətbiqinə nail olmaq üçün
müəllim məzmunla bağlı mühüm nəzəri
biliklərlə yanaşı, həm də təlimin təşkilinə
verilən tələblər, təlimin illik və cari
planlaşdırılması, dərsin forma və üsullarının, eləcə
də təlim materiallarının
məqsədəmüvafiq seçilməsi, qiymətləndirmə üsul və
vasitələrinin müəyyən edilməsi kimi mükəmməl bilik və
bacarıqlara malik olmalıdır. Bundan əlavə, kurikulumun
tətbiqi üzrə əldə edilən nəticələrin
təhlil edilməsi, nailiyyətlərin və problemlərin
aşkar edilməsi, onları
doğuran səbəblərin müəyyən edilməsi və
qiymətləndirilməsi, buna əsasən növbəti mərhələdə
müvafiq qərarların qəbul edilməsi kimi bacarıqlar
da keyfiyyəti yüksəltmək
istiqamətində müəllim
üçün mühüm hesab edilən
bacarıqlardır.
Bu səbəbdən,
"Təhsilin əsasları" fənninin
dördüncü məzmun xətti olan "Təhsilin məzmunu (kurikulum)
və onun elmi-nəzəri əsasları"
üzrə gələcək müəllimlər təhsilin məzmununun
daşıyıcısı olan kurikulumun tarixi, növləri, nəzəriyyəsi, məzmunu və
strukturu haqqında mühüm bilik və bacarıqlar əldə
edirlər. Eləcə də fənn kurikulumları üzrə təlimin təşkilinə verilən
tələbləri, təlimin illik və cari planlaşdırılması,
inteqrativ planlaşdırma, habelə komplekt siniflər üzrə
kurikulumun planlaşdırılmasının nəzəri əsaslarını
öyrənir, şagird nailiyyətlərinin
qiymətləndirilməsinin əsası olan kəmiyyət və
keyfiyyət tədqiqatlarının üsulları haqqında əsaslı
bilik və bacarıqlara yiyələnirlər. Bu məsələlərin nəzəri
tərəfi üçüncü mərhələyə aid
olsa da, digər qismi Konsepsiya sənədində
müəllim hazırlığının dördüncü
"elmi-pedaqoji cəhətdən özünütəkmilləşdirmə"
mərhələsində əks etdirilir. Konsepsiya sənədində
göstərildiyi kimi, bu mərhələdə gələcək
müəllimlər "yeni biliklərin alınması və onların əsasında
pedaqoji fəaliyyətin modelləşdirilməsi, konkret
pedaqoji texnologiyaların və üsulların
yaradılması prosesinin və həyata keçirilməsinin
konseptual təsviri üçün qabiliyyətlər
formalaşdırılır".
Nəzəriyyə ilə
təcrübəni əlaqələndirmək və
"öyrətmək" peşəsinin sirlərini tamamilə
əxz etməyə istiqamətlənmiş beşinci mərhələ,
Konsepsiya sənədində
"pedaqoji yenilikçiliyə meyilli olmaq
baxımından özünürealizə (subyektin daxili
imkanlarının həyata keçirilməsi), özünütəsdiq"
adlanır. Bu mərhələdə müəllim təhsil
sahəsində yenilikçi fəaliyyətini layihələşdirir
və həyata keçirmək üçün qabiliyyətlərini
inkişaf etdirir. Bu bacarıqların real məktəb şəraitində,
təcrübə zamanı formalaşdırılması nəzəzərdə
tutulur. "Təhsilin əsaları" fənninin beşinci
məzmun xətti olan "Təhsilin metodoloji (praktik) əsasları"nda məhz
bu məsələlərin həyata keçirilməsi nəzərdə tutulur. Təcrübə zamanı elə
"şərait yaradılır ki,...subyekt özünü
real sosial sifariş yerinə yetirən bir şəxs hiss edir"(2).
Belə şəraitdə gələcək müəllim əldə
etdiyi bilik və bacarıqları təcrübədə bir semestr boyu (60 saat) konkret tapşırıqlar
üzrə tətbiq edir və
təcrübəli orta məktəb müəllimlərinin,
eləcə də xüsusi kursdan keçmiş "Təhsilin
əsasları" fənn müəllimlərinin nəzarəti
altında müəllimlik üçün əhəmiyyətli
olan bütün fəaliyyətləri yerinə yetirirlər. Konsepsiya
sənədində göstərildiyi kimi, "belə şəraitin
yaradılması baza pedaqoji təhsil prosesində təhsilalanın
özünü sosial əhəmiyyətli və sosial məsuliyyətli
bir şəxs kimi hiss etməsinə,
cəmiyyətin dinamik sosial-iqtisadi həyat şəraitinə
uyğunlaşması üçün müəyyən
qabiliyyətlərin inkişaf etdirilməsinə kömək
edir" (2). Belə təcrübə
zamanı gələcək müəllim özü də fəaliyyətindəki
uğurları və problemləri aşkar edir, onların
üzərində müvafiq işlər aparmaq üçün "öyrəndiyi
nəzəri biliklərdən hansına daha çox ehtiyac
duyulduğunu müəyyən edir" (3) və həmin
istiqamətdə bilik və bacarıqlarını daha da
artırır.
Göründüyü
kimi, "Təhsilin əsasları" fənninin məzmununu
təşkil edən altı məzmun xəttinin hər birinin
ciddi elmi və hüquqi əsası vardır. Bu baxımdan "Təhsilin əsasları"
fənninin məzmun xətləri aşağıdakı kimi
müəyyən edilmişdir:
· Təhsil fəlsəfəsi
və təlim prosesi;
· Cəmiyyətin təhsil
ehtiyacları və onların hüquqi təminatı;
· Təhsildə dövlət
siyasəti;
· Təhsilin məzmunu
(kurikulum) və onun elmi-nəzəri
əsasları;
· Təhsilin metodoloji (praktik) əsasları;
· Təhsilin maliyyələşdirilməsi
və keyfiyyətin yüksəldilməsində onun rolu.
Məlum olduğu kimi, "Təhsilin
əsasları" fənninin məzmununun müəyyən
edilməsi hələ işin başlanğıcıdır.
Həmin məzmunun hansı yollarla tədris edilməsi və
qiymətləndirilməsi keyfiyyətin məhək
daşıdır.
Beynəlxalq məsləhətçi
Rob MakBrayd da ali məktəblərdə müəllim hazırlığında istifadə
edilən metodologiya ilə bağlı
aşağıdakıları nöqsan olaraq qeyd etmişdir:
· fənlər üzrə
yalnız "nəyin" deyil, həm də onların
"necə" öyrədiləcəyinin göstərilməməsi;
· nəzəriyyə ilə
praktika arasında əlaqənin olmaması;
· tələbələrin nəzəri
bilikləri dərsliklərdən öyrənib yadda
saxlaması, onları yoldaşları ilə müzakirələr
zamanı aşkar etməməsi;
· avadanlıqların və təchizatın
qeyri-qənaətbəxş vəziyyətdə və sayda
olması və s;
· tələbələrin təhsil
haqqında biliklərlə kifayət qədər
Bu baxımdan, müəyyən
edilmiş məzmunu "necə" öyrənməyin
yolları "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanunu, "Azərbaycan Respublikasında
ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)", "Azərbaycan
Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim
hazırlığı Konsepsiya
və Strategiyası"
baxımından
araşdırılmışdır.
Təhsilin məzmununa və
təşkilinə dair ümumi tələblər "Təhsil qanunu"nda aşağıdakı
kimi tənzimlənir:
"Ümumi orta təhsilin
məqsədi təhsilalanların şifahi nitq və yazı
mədəniyyətinin, ünsiyyət
bacarığının, idrak fəallığının və
məntiqi təfəkkürünün inkişafını, təhsil
proqramına daxil olan fənlər üzrə və eləcə
də dünya sivilizasiyasının inkişafı haqqında
müvafiq bilik və təsəvvürlərinin
formalaşdırılmasını, müasir
informasiya-kommunikasiya vasitələrindən istifadə etmək
qabiliyyətini, hadisələri qiymətləndirmək və
öz gələcək fəaliyyət istiqamətlərini
müəyyənləşdirmək bacarığını təmin
etməkdən ibarətdir" (19.13).
"Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli
Kurikulumu)" sənədində orta təhsil pilləsinin
sonunda müəyyən edilmiş təlim nəticələrinə
nail olmaq üçün təlimin təşkilinə verilən
tələblərdə göstərilir: "Pedaqoji proses əvvəlcədən
müəyyən olunmuş nəticələri əldə
etmək üçün müəllimlərin əlaqələndirici,
istiqamətverici, məsləhətçi, şagirdlərin
isə tədqiqatçı, təcrübəçi,
yaradıcı subyektlər kimi qarşılıqlı əməkdaşlıq
fəaliyyətləri əsasında ...qurulur".
Tam orta təhsil pilləsini
bitirən şagirdə verilən tələblər
araşdırılarkən məlum olmuşdur ki, on birinci
sinfi bitirən şagird ciddi tədqiqatçılıq
bacarığına malik olmalı, eləcə də əldə
etdiyi məlumatları təhlil edib, onlara münasibət
bildirib, qərarlar qəbul etmək və ya mühakimələr yürütmək
kimi idraki bacarıqlara yiyələnmiş
olmalıdır. Həmin
şagirdlər kollektiv fəaliyyətdə fəal qrup
üzvü, bacarıqlı lider, idarəçi, təşkilatçı
kimi özünü göstərməyi də
bacarmalıdır. Eyni zamanda müasir texnologiyalardan müstəqil
istifadə etmək, insanlarla etik normalar çərçivəsində
ünsiyyət yaratmaq bacarıqlarına və digər dəyər
və vərdişlərə malik olmalıdır.
Bütün bunlara nail olmaq üçün müəllim
özü əvvəlcə bu bacarıq və dəyərlərin
daşıyıcısına çevrilməlidir. Odur ki,
"Təhsilin əsasları" fənninin məzmundan az əhəmiyyətli
olmayan strategiya bölməsi işlənərkən məhz
bu bilik, bacarıq və dəyərlər nəzərə
alınmışdır.
"Azərbaycan
Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim
hazırlığı Konsepsiya
və Strategiyası"nda müəllim
hazırlığının yolları
aşağıdakı kimi təsvir edilir: "Fasiləsiz
pedaqoji təhsilin həyata keçirilməsi prosesində təhsilalanın
sosial həyatın subyekti kimi özünü inkişaf etdirməsi
üçün şəraitin yaradılması təhsil
prosesinin xarakterinin dəyərləndirilməsini tələb
edir. Bu prosesin bütün mərhələlərində problemin
və ya hər hansı bir məsələnin kollektiv həlli
üçün vərdişlər, öz fikrindən
daşınaraq dialoqa girmək və başqaları ilə
razılaşmaq bacarıqları əldə edilir. Ona görə
də ...subyektin sosial şəxsiyyət kimi inkişaf etdirilməsi
üçün təlimin kollektiv formalarından istifadə
edilir, təhsilalanın ...özünütəhlili
üçün şərait yaradılır". Müəllim
hazırlığı üçün
aşağıdakı
tendensiyaların beynəlxalq
səviyyədə qəbul edildiyi də sənəddə
göstərilir:
· Tələbələrlə
təmas vaxtının azaldılması və sərbəst
düşünmək və müstəqil fəaliyyət
göstərmək üçün daha çox vaxt verilməsi;
· Təlim prosesində
informasiya-kommunikasiya texnologiyalarından istifadə, müasir təlim
metodlarından və pedaqoji texnologiyalardan istifadə;
· Pedaqoji və psixoloji fənlərin
sayını artırarkən seçmə və inteqrativlik prinsiplərindən daha
çox istifadə etmək;
· Pedaqoji təcrübə
müddətinin artırılması və bu müddətdə
gələcək müəllimlərdə öz sənətinə
uyğun praktik vərdişlərin əldə edilməsi üçün müstəqilliyin
və fəallığın gücləndirilməsi
üçün diqqətin gücləndirilməsi və
s.
Odur ki, "Təhsilin əsasları"
fənninin məzmundan az əhəmiyyətli olmayan strategiya
bölməsi işlənərkən yuxarıda adıçəkilən
sənədlərdə vurğulanmış bilik, bacarıq və
dəyərlər nəzərə
alınmışdır. Belə
ki, bütün təlim problemin həllinə istiqamətlənmiş,
tələbələr müəllimlərin mühazirələrini
dinləmək kimi bir darıxdırıcı təlim fəaliyyətindən
azad olmuşlar. Daha çox müstəqil tədqiqatlar
aparmaqla biliklər əldə edirlər. Bunun
üçün aşağıdakı təlim
strategiyalarından istifadə edilir:
· Məlumat bazalarından məqsədyönlü (kitabxana və İnternet) istifadə;
· Problem həlli;
· Tədqiqat;
· Hadisənin (video, audio, mətn)
araşdırılması;
· Müzakirə;
· Öyrənənlərin təqdimatları
(Microsoft Power Point və Word vasitəsi ilə);
· Dərs müşahidələri
və məktəblərdə görüşlər;
· Müəllimlə məsləhət;
· Mühazirə (müəllimin
PP təqdimatları);
· Müstəqil oxu.
Uğurlu dərs forma və
üsulu seçmək də hələ keyfiyyətli dərsin
təşkil edildiyindən xəbər verə bilməz. Buna
nail olmaq üçün məqsədin
reallaşdırılmasına xidmət edən, dəqiq
düşünülmüş təlim materialları və təlim
tapşırıqları müəyyən edilməlidir ki, fənnin
keyfiyyətli tədrisinə nail olmaq üçün bu
baxımdan da ciddi işlər aparılmışdır. Belə
ki, təhsilin müasir tendensiyaları ilə bağlı tədqiqat
əsərlərinin məhdud
olduğunu və ya əldə edilməsinin asan
olmadığını nəzərə alaraq təlim prosesində tədqiqatın
aparılması üçün əhəmiyyətli hesab
edilən çox dəyərli Azərbaycan dilində olan əsərlərin
elektron versiyası, ingilisdilli əsərlərin tərcüməsi
xüsusi qovluqlarda hər bir tələbəyə təqdim
edilmişdir.
Müxtəlif məqsədlərlə
müşahidələr aparmaq, təhlil etmək, müzakirələrdə
iştirak etmək, mühakimələr yürütmək məqsədi
ilə uğurlu və nöqsanlı dərs nümunələrinin
DVD versiyaları müəllimlərin tədris vəsaitlərinin
sırasına daxil edilmişdir. Eləcə də mövzuların tədrisi zamanı
əhəmiyyətli hesab edilən,
www.prezident.az portalından əldə edilmiş Prezident
İlham Əliyevin nitq və çıxışlarının
DVD versiyaları da dəyərli təlim materialları kimi
proqrama daxil edilmişdir. Təlim
prosesini informasiya-kommunikasiya
texnologiyalarından kənarda təsəvvür etmək
qeyri-mümkündür. Təhsil naziri Misir Mərdanovun
tapşırığı ilə "Təhsilin əsasları"
tətbiq edilən üç ali məktəbdə: ADPU,
AMİ və GDU-da "Təhsilin əsasları" fənn
kabineti təsis edilmişdir. AMİ-nun isə baş institutu
ilə yanaşı, həm də respublikanın müxtəlif
bölgələrində fəaliyyət göstərən bütün filiallarında bu kabinet təsis
edilmiş, otaqlar hər 2 tələbəyə 1 kompüter
olmaqla kompüterlərlə təchiz edilmiş və
onların İnternetə çıxışı təmin
olunmuşdur.
Fənnin tədrisi prosesində İKT-nin yalnız İnternet
imkanlarından deyil, həm də
multi-media imkanlarından
geniş istifadə edilir.
Tələbələrin müxtəlif qavrama
imkanları nəzərə alınmaqla resurslar
sırasına bütün təlim boyunca hər dərsi əhatə
edən Power Point təqdimat daxil edilmişdir ki, bu da tələbələrə
təqdim edilən məlumatların vizual, səsli,
animasiyalı və s. şəkildə
çatdırılmasına yardımçı olur. Tədqiqatlar aparmaq, İnternet səhifələrindən
məlumatlar əldə etmək
nəticələri ilə bağlı təqdimatlar və hesabatlar hazırlamaq
(İnternet Explorer; Microsoft Word və Power Point proqram təminatı
vasitəsi ilə) kimi tapşırıqlar tələbələrin
İKT-nin fəal istifadəçisinə çevrilməsinə
yardımçı olur.
Zəruri materialların tələbələrə
qovluqlarda təqdim edilməsi fənnin
eksperimental olmasından və təlim materiallarının
sınaqdan keçirilməsindən irəli gəlir. Semestrdən-semestrə
özünü doğrultmuş bölmələr üzrə
dərs vəsaiti işlənməkdədir. Bakalavr pilləsinin
III semestrinin materialları əsasında artıq bu işlər
aparılır. Vəsait interaktiv xarakter daşıyır, tələbələrlə
sanki ünsiyyətə girir və onların öyrənmə
fəaliyyətini istiqamətləndirir. Öyrənənlərin öz
nailiyyətlərini qiymətləndirməsi üçün
də geniş özünüqiymətləndirmə
imkanları təqdim edilir. Vəsaitə DVD-lərdə əlavə edilmiş audio, video, animasiyalı və
linqvistik xarakterli elektron
materiallar onu unikal və orijinal
müstəqil təlim materialı kimi səciyyələndirir.
"Təhsilin əsasları" fənninin
tədrisinə başlamazdan əvvəl tələbələr
qiymətləndirmə mexanizmləri haqqında da məlumatlandırılır
ki, bu da şəffaflığın təmin olunmasında
mühüm şərt kimi dəyərləndirilir. Onlar ilin əvvəlindən
bilirlər ki, hansı fəaliyyətlər onlara nə qədər
kredit toplamağa imkan verir.
1. Dərsə davamiyyət
öyrənənin ümumi nailiyyət səviyyəsinin
5%-ni;
2. Qrup təqdimatları
öyrənənin ümumi nailiyyət səviyyəsinin
30%-ni;
3. Müəllimlə məsləhət
öyrənənin ümumi nailiyyət səviyyəsinin 5%-ni;
4. Cəmi 9-12 səhifə həcmində
müxtəlif müstəqil işlər öyrənənin
ümumi nailiyyət səviyyəsinin 10%-ni;
5. Son imtahan öyrənənin ümumi nailiyyət
səviyyəsinin 50%-ni təşkil edir.
Təqdim edilən hər bir müddəa üzrə geniş şərhlər tələbələrə
təqdim edilir. Bu şərhlər qiymətləndirmə
standartları kimi dəyərləndirilə bilər. Birinci
müddəanın şərhi oxucunun nəzərinə
çatdırılır:
· Dərsə davamiyyət
öyrənənin ümumi nailiyyət səviyyəsinin 5%-ni
təşkil edir;
· Tələbələrlə
müzakirələrdə fəal iştirak edir;
· Müəllimin və öyrənənlərin
fikirlərinə yaradıcı
yanaşır;
· Verilmiş oxu
materiallarını oxuyur və həmin materialları dərk
etdiyini nümayiş etdirir.
Bu açıqlamada tələbəyə
izah edilir ki, 5 kredit qazanmaq üçün yalnız dərsdə
iştirak etmək kifayət hesab edilməyib, həm də həmin
dərslərdə fəal,
müzakirələrdə fikirlərini bildirərək, məlumatlılığını
nümayiş etdirərək iştirak etmək
lazımdır.
"Təhsilin əsasları"
fənninin imtahanlarının keçirilməsi qaydası da
digərlərindən fərqlidir.
İmtahan biletlərində tələbələrə
dörd sual təqdim edilir.
Bu biletlərdə birinci sual
şagirddən yalnız məsələ ilə
bağlı məlumatlılıq
səviyyəsini, ikinci sual
müasir təhsil sənədlərini öyrəndiyi təhsil
fəlsəfələri ilə əlaqələndirərək mühakimə yürütmək bacarığının, üçüncü sual məlumatları
təhlil edib qənaətlərə gəlmək
bacarığının,
dördüncü tapşırıq isə İKT vasitəsi
ilə informasiya mənbələrinə yetişmək, zəruri
məlumatları əldə edə bilmək, onlardan məqsədyönlü
istifadə edib, problemi həll edərək öz kiçik əsərini
yaratmaq bacarıqlarının səviyyəsini yoxlamaq məqsədi
daşıyır. Təlim prosesində gələcək
müəllimlər nəzəriyyəni praktika vasitəsi ilə
öyrəndiklərindən, imtahanda da onların yalnız məlumatlılığı
deyil, həm də müxtəlif
bacarıqları
yoxlanılır .
Beləliklə, "Təhsilin əsasları"
fənni istər məzmun, istər təlim texnologiyaları,
istərsə də qiymətləndirmə mexanizmləri
baxımından müasir tələblərə cavab verən
bir fəndir. Onun yüksək səviyyədə inteqrativliyi
də məhz bu aspektdən izah edilir. Belə ki, fənnin məzmunu
psixologiya, pedaqogika, metodika, sosiologiya, politologiya, fəlsəfə,
tarix, informatika fənlərinin
inteqrasiyası bazasında
tərtib edilmişdir.
Artıq 2009-2010-cu dərs
ili başa çatmaqdadır. Fənnin tədrisi
üçün müəyyən edilmiş 270 saatdan 120-si üzrə "Təhsil fəlsəfəsi
və təlim prosesi", "Cəmiyyətin təhsil
ehtiyacları və onların hüquqi təminatı" və
"Təhsildə dövlət siyasəti" bölmələri
tədris edilmişdir.
Hər semestrdən əvvəl
üç ali təhsil müəssisəsinin fənni tədris
edəcək müəllimləri müvafiq kurslara cəlb
edilir. Burada müəllimlər
tədris ediləcək bölmənin məzmunu, həmin məzmunun
reallaşdırılması üçün nəzərdə
tutulmuş təlim strategiyaları, dərslərdə istifadə
ediləcək təlim materialları
və tapşırıqlar, eləcə də
stimullaşdırma və qiymətləndirmənin üsulları
ilə bağlı mühüm bilik və bacarıqlara yiyələnirlər.
Kurs tədris edildiyi hər iki semestr zamanı işin
gedişini öyrənmək, problemləri aşkar edib,
müəllimlərə lazımi tövsiyələr vermək
məqsədi ilə monitorinqlər keçirilmişdir. Bu
zaman aşağıdakı üsullardan istifadə
edilmişdir: dərsdinləmələr, tələbələrlə
söhbət, anonim anket sorğusu, müəllimlərlə
müsahibələr, eləcə də həmin ali təhsil
müəssisələrinin rəhbərləri ilə
görüşlər.
Tələbələrlə
söhbət zamanı məlum olmuşdur ki, onlar təhsil sahəsində
aparılan islahatlardan xəbərdardırlar, onun əhəmiyyətini dərk edirlər,
təhsilin mövcud problemlərini öz problemləri hesab
edirlər və onların həlli yollarının
axtarışındadırlar. Anonim sorğu vərəqlərində
"Bu fənn üzrə
öyrəndiklərinizi öz gələcək fəaliyyətiniz
üçün faydalı hesab edirsinizmi" sualına hər
üç ali məktəbdə sorğuya cəlb edilən 81 nəfər tələbənin
hamısı "Bəli" cavabı vermişdir. "Nə
üçün belə
düşünürsünüz" sualına verilən
cavablardan bir neçə nümunə oxucuların diqqətinə təqdim edilir.
Azərbaycan Müəllimlər
İnstitutu:
· "Gələcək fəaliyyətimdə
bu fənn üzrə öyrəndiklərimdən istifadə
edəcəyəm. Uğurlu nəticələr əldə edəcəyimə
də inanıram".
· "Mən belə hesab edirəm
ki, "Təhsilin əsaları" fənni mənim gələcək
müəllimlik həyatımda böyük rol oynayacaq. Fənnin
əhəmiyyəti oduqca böyükdür. Çünki
müəllim müəllim kimi burada formalaşır".
· "Öyrəndiklərimiz
sinfin təşkilində, dərsin idarə edilməsində
çox faydalıdır".
Azərbaycan Dövlət
Pedaqoji Universiteti:
· "Sahib olacağım
ixtisasa tam şəkildə yiyələnirəm. Yenilikləri,
dəyişiklikləri, dövlətin təhsil siyasətini,
onun tətbiqini öyrənirəm".
· "Bu fənn ən
yaxşı müəllim olmağımıza təminat verməklə
bərabər, görəcəyimiz işləri sistemləşdirir".
· "Bu fənn məndə
müəllim kimi yüksək keyfiyyətlər
aşılayıb. Edə biləcəyim səhvlərdən
qurtarıb".
· "Gələcəkdə
artıq nə edəcəyimi bilirəm. Gələcək
müəllim necə olmalıdır, onu da bilərəm.
İstənilən zaman qarşıma çıxan problemlərin
həllini öyrənirəm".
· "Bu fənni digər
keçdiyimiz fənlərdən fərqli hesab edirəm. Gələcəyimiz
üçün lazım olan təlim prosesi, təlim
üsulları, İKT-dən istifadə ilə bağlı zəruri
bacarıqlar alıram".
· "Bu fənn həyatdan
götürülmüş məsələləri əhatə
edir".
· "Təhsil prosesini necə
təşkil etməliyik?", "Şagirdlərlə necə
davranmalıyır?" kimi bu və ya digər məsələlərin
həllində öyrəndiklərimiz böyük əhəmiyyətə
malikdir".
Gəncə Dövlət
Universiteti:
· "Əgər bir müəllim
təhsilin kökləri haqqında biliyə malik deyilsə,
o, necə tədris edə bilər?
Dünyagörüşümün formalaşması və
intellektli, savadlı kadr kimi yetişməyimiz
üçün, əlbəttə ki, faydalıdır".
· "Təhsilin əsasları"
fənni üzrə öyrəndiklərimiz fəaliyyətimizin
səmərəliliyini yüksəltməyə, şagirdlərlə
münasibətlərimizi düzgün qurmağa, təlim
üsullarından düzgün istifadə etməyə, təhsildə
keyfiyyətə nail olmağa kömək edəcək".
· "Bu fənnin tədrisi mənim
gələcəkdə yaxşı bir mütəxəssis kimi formalaşmağımda
böyük rol oynayacaq. Sinfin idarə edilməsində müəllimin
istiqamətverici qüvvə olduğunu dərk etdim".
· "Belə hesab edirəm ki,
bu fənn üzrə öyrəndiklərim fəaliyyətimə
səmərə qatacaq. Belə ki, öz
yaradıcılığımdan və təşəbbüskarlığımdan
daha uğurla istifadə edəcəyəm" və s.
Təhsil sahəsində
kifayət qədər təcrübəsi olan, pilot ali təhsil
müəssisələrində "Təhsilin əsasları"
fənnini tədris edən
müəllimlər bu fənnin tədrisinin gələcək
müəllimlərin hərtərəfli, peşəkar təhsil
işçisi kimi formalaşmasında böyük rolu
olacağını bildirirlər. Onlar hesab edirlər ki,
yaxın gələcəkdə məhz bu kursu öyrənmiş
pedaqoji kadrlar yüksək qiymətləndiriləcəklər.
Bütün bunlara nail olmaq
üçün hələ qarşıda görüləcək
nə qədər işlər var: yeni bölmələr, yeni
təqdimatlar, yeni müəllim hazırlığı
kursları, yeni monitorinqlər, yeni imtahanlar. Hələ yolun
yarısındayıq. Amma təhsil naziri Misir Mərdanovun
"Təhsilin əsasları" fənninin tədrisinə
böyük diqqət və qayğısı, fənnin tətbiqi
ilə bağlı bütün təşkilati işlərdə
xüsusi xidmətləri olan Azərbaycan
Müəllimlər İnstitutunun rəhbərliyinin dəstəyi,
tələbə və müəllimlərin yeni fənnə
münasibəti və əldə edilən nəticələr düşünməyə əsas
verir ki, daha böyük uğurlar hələ
qarşıdadır. Bu gün tam məsuliyyətlə deyə
bilərik ki, "Təhsilin əsasları"
fənni Azərbaycan Respublikasının pedaqoji kadr
hazırlığında bir hadisədir. Zaman bunun həqiqət
olduğunu göstərəcəkdir.
Afət SÜLEYMANOVA
Azərbaycan müəllimi.- 2010.- 4 iyun.- S.5.