Berkli Kaliforniya Universiteti
Yerləşir: ABŞ,
Kaliforniya ştatı, Berkli şəhəri
Yaranma tarixi:
1868-ci il
Tipi: Dövlət
Müəllimlərin ümumi sayı: 2131 nəfər
Tələbələrin sayı: 35843 nəfər
İllik gəlirləri: 2,3 milyard ABŞ
dolları
Rəsmi saytı: www.berkeley.edu
Berkli Kaliforniya Universiteti (
Berkli Kaliforniya
Universiteti Amerika Universitetləri Assosiasiyasının
yaradıcılarından biridir.
Tarixi
1866-cı ildə
özəl Kaliforniya Kolleci maliyyə çətinliyi səbəbindən
dövlət tabeliyindəki Kənd Təsərrüfatı,
Dağ-Mədən Sənayesi və Mexaniki İncəsənətlər
kollecləri ilə birləşdirilərək Kaliforniya
Universiteti yaradılır. 1868-ci il
martın 23-də Kaliforniya ştatının qubernatoru Henri
Heyt Kaliforniya Universitetinin yaradılması haqqında nizamnaməni
imzalayır. 1870-ci ilədək universitetin
prezidenti vəzifəsini professor Con Le Kont icra etsə də, həmin
ildən etibarən Regentlər Şurası bu vəzifəyə
özəl Kaliforniya Kollecinin yaradıcısı Henri
Dyurantı seçir.
Universitetin
açılışı 1869-cu ilin sentyabrında müvəqqəti
olaraq Oklend şəhərində yerləşən binada
baş tutur. Regentlər Şurasının qərarına əsasən
qızlar oğlanlarla birgə universitetdə təhsil almaq
hüququna malik olurlar. 1873-cü ildə
universitet 167 oğlan və 222 qız tələbəsi ilə
Berkli şəhərində yeni tikilən Cənub və
Şimal binalarına köçür. Universitet
tədricən inkişaf edir, yeni-yeni korpuslar
açılır, proqramlar qəbul edilir.
II Dünya
müharibəsi zamanı Qlenn Sibborq gizlincə plutoniumu kəşf
etdikdən sonra Kaliforniya Universitetinin fizika üzrə
professoru Ernest Orlando Lourens Amerika ordusu ilə saziş
imzalayaraq Radioloji Laboratoriyasında atom bombası
hazırlamağa başlayır. 1942-ci ildə
universitetin professoru Robert Oppenqeymer Manhetten Layihəsinə elmi
rəhbər təyin edilir. Lourens Berkli
Milli Laboratoriyası ilə yanaşı universitet 1943-cü
ildən Los-Alamos Milli, 1952-ci ildən isə Lourens Livermor Milli
laboratoriyaları ilə əməkdaşlıq edir. Kaliforniya Universitetində oğlan tələbələrə
mütləq hərbi hazırlıq keçilirdi, II Dünya
müharibəsi dövründə isə bu ənənə
daha da möhkəmləndirilir.
1949-cu ildə
Regentlər Şurası antikommunist andı içirlər və
universitetin bütün işçi heyətini də buna məcbur
edirlər. Buna etiraz edən müəllimlərin isə
maaşı kəsilir. Yalnız 10 il
keçdikdən sonra onlar pullarını almağa müvəffəq
olurlar.
1952-ci ildə
Kaliforniya Universitetinin kampusları nisbi sərbəstlik
qazanır. Berkli şəhərindəki kampus da müstəqil
fəaliyyət göstərməyə və Berkli Kaliforniya
Universiteti adlandırılmağa başlayır. Professor Klark Kerr Berkli Kaliforniya Universitetinin ilk
kansleri olur.
1960-cı illərdə
Berkli Kaliforniya Universiteti söz azadlığının təmin
olunduğu məkan kimi tanınmağa başlayır. 1964-cü ildə
burada Vyetnamda gedən müharibəyə, 1969-cu ildə isə
Xalq Parkı üçün universitet ərazisinin istifadəsinə
qarşı tələbə aksiyası keçirilir və
ABŞ Milli Qvardiyasının köməyi ilə aksiyanın
qarşısı alınır. Bununla yanaşı, yerli
amerikalılar (hindular) ali məktəbin Antropologiya muzeyindən
orada saxlanılan qalıqların repatriasiyasını tələb
edir, heyvanların mühafizəsi ilə məşğul olan
şəxslər professor-müəllim heyətini heyvanlar
üzərində elmi təcrübə aparmaqda
günahlandırır, yerli icmalar universitetin tikinti işlərinə
və rəssam-heykəltəraşların istifadəsi
üçün ağacların qırılmasına etiraz
edirlər.
Hazırda Berkli Kaliforniya
Universitetinin tələbələri siyasi baxımdan daha az aktivdirlər. Tələbələrin
əksəriyyətini mötədil və konservantlar təşkil
edir. Müəllimlər arasında isə demokratların
respublikaçılara nisbəti 9:1-dir.
Büdcə və təhsil haqqı
2009-2010-cu tədris ilində
Berkli Kaliforniya Universitetində bakalavr pilləsində təhsil
alan yerli tələbələrin təhsil
haqqı 5459, əcnəbi tələbələrin təhsil
haqqı isə 16841 ABŞ dolları olub. MBA proqramı
üzrə magistratura pilləsində təhsil yerli tələbələr
üçün 18525, əcnəbi tələbələr
üçün isə 23125 ABŞ dolları, hüquq
fakültəsi - 18532 ABŞ dolları (yerli), 24655 ABŞ
dolları (əcnəbi), tibb fakültəsi - 13398 ABŞ
dolları (yerli), 19521 ABŞ dolları (əcnəbi) və s.
olub.
Berkli Kaliforniya
Universitetində maddi durumu çətin olan tələbələrə
təhsil haqlarını ödəmələri
üçün kredit və təqaüdlər təklif
edilir. Bununla yanaşı əlaçı,
yaradıcı, istedadlı tələbələr də
müxtəlif məbləğli təqaüd və
mükafatlara layiq görülürlər. İlkin olaraq təqaüdün məbləği
1544, 2000, 8000 ABŞ dolları təşkil edir.
2009-cu ildə
Berkli Kaliforniya Universitetinin illik gəliri 1809000000 ABŞ
dolları təşkil edib. Həmin məbləğin 28%-i
dövlət vəsaiti, 20%-i təhsil haqqı, 19%-i tədqiqatlar,
18%-i icarəyə verilmiş ərazilər, qalan faizi isə
digər vəsaitlər hesabına əldə olunan gəlirlərdir.
Universitetin İanə fondunun gəlirləri isə həmin
il 2,3 milyard ABŞ dollarına bərabər
olub. Fond, əsasən, valideynlərin və məzunların
maliyyə yardımı nəticəsində vəsait
toplayır. Ümumiyyətlə, Berkli
Kaliforniya Universiteti üçün fondun gəlirlərinin
yüksək olması daha önəmlidir, şəxsi gəlirləri
hesabına universitet sürətli inkişafını təmin
edir.
Universitet bu gün
Berkli Kaliforniya
Universitetinin kampusu təxminən 5 km2 ərazini əhatə
edir. Həmin
ərazinin 3,2 km2 Ekologiya qoruğu, Botanika
bağı və Strouberri Kanyonu istirahət mərkəzinə,
0,8 km2 Lourens Berkli Milli Laboratoriyasına aiddir. Əsas
kampusun qərbində çoxlu sayda məşhur restoranlar
var. Oradan şimalda isə müəllimlərin
yaşadığı yüksək səviyyəli
yaşayış rayonlarının olduğu Berkli-Hills,
doktorant və tədqiqatçıların məskunlaşdığı
Nortsayd rayonu yerləşir. Əsas kampusun
cənubunda isə tələbə yataqxanalarının,
mağazaların, restoran və kafelərin olduğu Teleqraf
Avenyu rayonu mövcuddur. Bu ali təhsil
ocağının kampusu meşə massivləri ilə zəngindir.
Meşələrdə Şimali Amerikanın ən
hündür yarpaqlı ağac növlərinə rast gəlmək
mümkündür.
Berkli Kaliforniya
Universitetinin ən qədim binaları 1873-cü ildə viktorian-empirik
üslubda tikilmiş Sout Holl və Frederik Olmstedin inşa
etdiyi Pidmont Avenyudur. Universitetin kampusundakı binaların 20-dən
çoxu professor-memar Con Hovard Qalen tərəfindən
inşa edilib. Burada klassik üslubda tikilmiş Herst Yunan
Teatrı, Herst Memorial Dağ-mədən binası, Memorial
kitabxana, Uiller, Le Kont, Gilman, Hevilend binaları, qotik üsluba
aid Dvinell, Stivens və s. binaları mövcuddur. Məşhur Sater qapısı və 94 m
hündürlüyündə Sater qülləsi Berkli
Kaliforniya Universitetinin əsas kampusunun girəcəyində
yerləşir. Universitet haqqında dərc
olunan materiallarda məhz bu memarlıq nümunəsinin şəkilləri
əksini tapır. Hovardın müəllifi
olduğu tikililər tarixi memarlıq abidələri kimi
dövlət tərəfindən qorunur.
Berkli Kaliforniya
Universitetinin çoxlu sayda böyük yataqxanaları var və
onlar tələbələrdən başqa işçi heyət
üçün də nəzərdə tutulub. Əsas
kampusdan cənubda birinci kurs tələbələri
üçün 4 yataqxana kompleksi - Unit 1, 2, 3 və Klark Kerr
yerləşir. Bu kompleksin
yaxınlığındakı Çanninq-Bouditç və
İda Cekson binalarında isə yuxarı kurs tələbələri
qalır. Klark Kerr yataqxanasının
yanında yerləşən geniş və rahat yataqxanalarda isə
daha çox idmançı və fiziki qüsuru olan tələbələr
məskunlaşır. Əsas kampusun şərqində
Futhill, qızlar üçün Stern, oğlanlar
üçün qədim Boulz yataqxanaları yerləşir. Ailəli tələbələr
üçün iki qrup yataqxana mövcuddur: Universitet kəndi
və Smit-Fernvald. Universitet kəndi Kaliforniya
ştatının Olbani şəhərciyindədir,
Smit-Fernvald yataqxanası isə köhnəldiyindən bu il onun sökülməsi
planlaşdırılır. Yataqxanalarda yüksək
sürətli İnternet şəbəkəsinə
qoşulmuş 1, 2 və daha çox otaqlar, kitabxana, oxu
zalı, kompüter otaqları, yeməkxanalar, idman, konsert
zalları tələbələrin istifadəsindədir.
Berkli Kaliforniya
Universitetinin nəzdində 14 kollec və məktəb fəaliyyət
göstərir. Kolleclərdə bakalavrlarla yanaşı
magistr və doktorantlar da təhsil ala bilərlər, məktəblər
isə yalnız magistr və doktorantlar üçün nəzərdə
tutulub.
Yazılar (Filologiya) və Elmlər
Kolleci
universitetin ən böyük kollecidir və burada biologiya, dəqiq,
incəsənət və humanitar, sosial elmlərə aid 60
bölmə mövcuddur. Kollec universitet səviyyəsində
İncəsənət Bakalavrı dərəcəsi verir.
Təbii Resurslar Kolleci kənd təsərrüfatı
və resursları, ekologiya, siyasət və idarəetmə,
qida haqqında elm və toksikologiya, bitki və mikroorqanizmlər
biologiyası bölmələrindən ibarətdir. Kollecdə
bakalavr, magistr və doktorluq dərəcələri verilir.
Ekoloji Dizayn Kollecinə memarlıq, landşaft
memarlığı, şəhər və regional
planlaşdırma bölmələri aiddir. Kollecdə hər
üç elmi dərəcə təklif olunur.
Mühəndislik Kolleci biomühəndislik, vətəndaş
və ekologiya mühəndisliyi, elektrotexnika və kompüter
elmləri, sənaye mühəndisliyi və əməliyyat tədqiqatları,
materialşünaslıq və mühəndislik,
maşınqayırma, nüvə texnologiyası bölmələrindən
ibarətdir. Kollec hesablama texnikası üzrə incəsənət
bakalavrı və digər bakalavr səviyyələri təklif
edir.
Kimya Kollecinə kimya və kimya
texnologiyası bölmələri daxildir. Kollecdə
bakalavr, magistr və doktorluq səviyyələri verilir.
Haas Biznes Məktəbi MBA proqramlarının təşkili
üzrə ölkədə birinci yerləri tutur. Məktəb
"İnnovasiyalar üzrə liderlik" təcrübəsi
ilə tanınıb. Burada magistr və
doktorluq dərəcələri təklif olunur.
Qoldman Dövlət Siyasəti Məktəbinin
tədris proqramına siyasi elementlərin, mikroiqtisadiyyat nəzəriyyəsinin
və statistik modelləşmənin hüquqi analizi, qərar qəbuletmə
prosesi və s. daxildir. Proqram tələbələrə
siyasətin konkret sahəsi üzrə fikrini cəmləşdirməyə
və siyasət vasitələri toplamağa imkan yaradan beş
fakültativdən ibarətdir. Məktəb
Dövlət Siyasəti üzrə magistr və doktorluq səviyyələri
verir. Burada bakalavr dərəcəsi verilməsə
də, təhsilin ilkin proqramları da təklif olunur.
Hüquq Məktəbində hüquqşünaslıq,
ictimai siyasət, biznes, hüquq və iqtisadiyyat, müqayisəli
hüquq tədqiqatları, ekologiya hüququ, beynəlxalq
hüquq, hüquq və texnologiya, ictimai ədalət və
digər proqramlar öyrədilir, magistr və doktorluq dərəcələri
verilir.
Optometriya Məktəbi optometriya (oftalmologiya ilə
yanaşı göz problemlərinin aradan
qaldırılması ilə məşğul olan tibbi sahə)
və digər kliniki ixtisaslar, psixologiya, molekulyar və
hüceyrə biologiyası üzrə proqramlar təklif edir. Məktəb
Optometriya Doktoru (OD) dərəcəsi verir.
İctimai Səhiyyə Məktəbində stomatologiya, biostatistika,
epidemiologiya, sağlam qidalanma, infeksion xəstəliklər və
vaksinologiya, ana və uşaqların sağlamlığı,
sağlamlıq ekologiyası, səhiyyə və ictimai
davranış, səhiyyə siyasəti və s. üzrə
mükəmməl təhsil almaq mümkündür. Məktəb İctimai Səhiyyə Magistri (MPH) və
İctimai Səhiyyə Doktoru (Dr.PH) dərəcələri təklif
edir.
Sosial Təminat Məktəbi ictimai fəaliyyət sahəsi
üzrə yeni nəsil alimlər, hüquq müdafiəçiləri,
siyasətçilər hazırlayır. Onlar
dünyanın bir çox ölkələrində olan
kasıb ailələrin, evsizlərin, ruhi xəstəlikdən
əziyyət çəkənlərin, qocaların, əlillərin,
zorakılıq qurbanlarının, bir sözlə, köməyə
ehtiyacı olan hər bir şəxsin hüquqlarını
müdafiə edir və onlara yardım göstərirlər.
Məktəb bakalavr, magistr və doktorluq səviyyələri
təklif edir.
İnformasiya Məktəbi informasiya sahəsi üzrə
48 magistr proqramı təklif edir. 2 il davam edən
magistr pilləsinin birinci ili informasiyanın təşkili,
axtarılması, analizi, informasiya hüququ və siyasətinin
öyrənilməsinə, ikinci ili isə dərəcə
almaq hazırlığına sərf olunur. Doktorluq
pilləsində isə tələbə konkret ixtisaslaşma
sahəsi seçir, kifayət qədər ədəbiyyat
toplayır və tədqiqatlar aparır, yazılı və
şifahi imtahanlar verir, nəticədə də yazılı
dissertasiya müdafiə edir.
Jurnalistika Ali Məktəbində jurnalistikanın ilkin 7 sahəsi - qəzet,
jurnal, fotomüxbirlik, sənədli film, radio, televiziya, KİV
və yeni Kütləvi
İnformasiya Vasitələri (İnternet, multimedia) öyrədilir.
Burada jurnalistikaya praktik yanaşmaya xüsusi diqqət
ayrılır, tələbələrin real təcrübə əldə
etməsi üçün onların müxtəlif Kütləvi
İnformasiya Vasitələrində təcrübə
keçməsi təmin edilir. Tələbələrin
məqalələri, hekayələri məktəbin
İnternet saytında dərc olunur. Məktəb
Jurnalistika Magistri (MJ) dərəcəsi verir.
Təhsil (Pedaqogika) Ali Məktəbi təhsil sahəsi üzrə
müəllim və tədqiqatçılar hazırlayır,
magistr və doktorluq elmi dərəcələri verir.
Berkli Kaliforniya
Universitetinin kitabxana sisteminə
32 kitabxana daxildir. Bu, sahəsinə görə
dünyanın ən böyük kitabxana kompleksidir. 2008-ci ildə Berkli Kaliforniya Universitetinin
kitabxanası Şimali Amerika universitetləri kitabxanaları
arasında ən yaxşı kütləvi elmi tədqiqatlar
kitabxanası seçilib. Ümumilikdə kitabxana sisteminə
10 milyondan çox kitab, 90000 dövri nəşr, 415900 kitabça, 5 milyon mikrofilm, 410000 xəritə,
109000 hökumət sənədi, 60000 səsyazma və 6350
video daxildir. Əsas kolleksiya yeraltı Qardner
Meyn Stek və Moffit Bakalavriat kitabxanalarında toplanıb.
Universitetin üç əsas kitabxanası Doe,
Moffit və Bankroftdur. Doe kitabxanasında
universitetin iki ən böyük oxu zalı olan Şimali və
Heyns (Şərqi) zalları yerləşir.
Berkli Kaliforniya Universitetində
zəngin kolleksiyaya malik Fibi Herst Antropologiya, Essiq Entomologiya,
Paleontologiya, Onurğalılar Zoologiya muzeyləri, İnsan Təkamülü
Tədqiqat Mərkəzi, Botanika bağı, Universitet və
Cepson Herbari Mərkəzi fəaliyyət göstərir. Sakit
okean Film Arxivində 10000-dən çox film saxlanılır.
Berkli Kaliforniya
Universitetinin kansleri hazırda fizika, materialşünaslıq və
mühəndislik sahələri üzrə professor Robert
Birgeneaudur. Corc Breslauer isə universitetin vitse-kansleri və
baş elmi işçisidir. Ali məktəbin
inzibati işlər üzrə vitse-kansleri Natan Brostromdur.
Ümimilikdə universitetdə 2131 müəllim
çalışır. Onların
arasında 7 Nobel, 4 Pulitzer mükafatı laureatı, 28 MakArtur
təqaüdçüsü var.
Berkli Kaliforniya
Universitetində 2009-2010-cu tədris ilində 35843 nəfər
tələbə təhsil alıb. Onların 25530 nəfərini
bakalavr, 10313 nəfərini isə magistr və doktorantlar təşkil
edib. Bakalavrların 53, magistr və doktorantların isə
55%-i qızlar olub.
Berkli Kaliforniya
Universitetində 700-ə yaxın tələbə qrupu var.
Burada müxtəlif millətləri təmsil edən tələbə
qruplaşmaları mövcuddur. Bundan irəli gələrək
universitetin kampusunda tez-tez irqçilik mübahisələri
yaranır, xüsusən də asiyalı tələbələrə
qarşı. Universitetdə "The Daily
Cal" müstəqil tələbə qəzeti, 2005-ci ildə
açılmış CalTV televiziya yayımı, KALX FM
radiosu fəaliyyət göstərir.
Universitetin
idman komandaları "Kaliforniyanın qızıl
ayıları" adlandırılır. Onlar 100-dən
çox Olimpiya qızıl medalına layiq görülüblər.
İdman növlərindən burada xüsusi ilə
futbol, basketbol, beysbol, softbol, gimnastika, su polosu, reqbiyə daha
çox üstünlük verilir.
Berkli Kaliforniya Universitetinin
müəllim və məzunları arasında ümumilikdə
65 Nobel mükafatına layiq görülmüş şəxs
var. Məzunlardan "Apple", "Intel", "Google",
"MySpace", "Adobe Systems", "Electronic Arts",
"VMware", "HTC Corporation", "Qualcomm",
"Sun Microsistems" kampaniyalarının
yaradıcıları və rəhbərlərini qeyd etmək
olar.
Berkli Kaliforniya Universitetinin
kansleri, professor Robert Birgeneau rəhbərlik
etdiyi ali təhsil ocağını belə xarakterizə edir:
"Berkli təpələrindən qərbə tərəf
günəşin batmağını müşahidə edərkən
qızılı rəngə boyanmış Sater
qapısını, universitetin geniş qərb sərhədlərini
görmək mümkündür. Lakin Berkli
Kaliforniya Universiteti bu gün coğrafi sərhədlərindən
daha çox intellektual sərhədlərinin genişləndirilməsində
maraqlıdır. Nümunəvi dövlət
universiteti kimi Berkli Kaliforniya Universitetinin rolu o qədər
önəmlidir ki, onun ən yüksək səviyyəyə
çatması üçün biz əlimizdən gələni
etməliyik. Tədris və tədqiqatlarda
yol verilən istənilən uğursuzluq təkcə
universitetin nüfuzunun deyil, eləcə də dövlətin
təhsil standartlarının aşağı düşməsinə
səbəb olur".
Universitetin məşhur məzunları
Lourentin Brinkhorst Niderlandın
xanım şahzadəsi
Haakon Maqnus Norveçin
varis şahzadəsi
Zülfüqar Əli
Bhutto
Pakistanın sabiq prezidenti
Fransisko Madero Meksikanın sabiq
prezidenti
Migel Anhel Rodriges Kosta-Rikanın sabiq
prezidenti
Sun Fo Çin
Respublikasının Baş naziri
Robert MakNamara "Ford Motor"
kampaniyasının prezidenti
ABŞ-ın
sabiq təhlükəsizlik naziri
Dünya
Bankının sabiq prezidenti
Stiv Vozniak "Apple"
kompüterinin həmtəsisçisi
Qordon Mur
"İntel"
yarımkeçirici şirkətinin həmtəsisçisi
Erik Şmidt "Google
Inc" kampaniyasının icraçı direktoru
Qreqori Pek
məşhur
aktyor, Oskar mükafatçısı
Natali Kaflin bir neçə
Olimpiya qızıl medalı qazanmış
üzgüçü
Universitetin Nobel
mükafatçıları
Oliver Uilliamson iqtisadiyyat
üzrə Nobel mükafatı laureatı
Karol Qreyder tibb üzrə
Nobel mükafatı laureatı
Endryu Faye tibb
üzrə Nobel mükafatı laureatı
Con Meter fizika
üzrə Nobel mükafatı laureatı
Tomas Şellinq iqtisadiyyat
üzrə Nobel mükafatı laureatı
Devid Qross fizika
üzrə Nobel mükafatı laureatı
Sidney Brenner tibb üzrə
Nobel mükafatı laureatı
Corc Akerlof
iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
Alan Higer kimya üzrə Nobel
mükafatı laureatı
Daniel MakFadden iqtisadiyyat üzrə
Nobel mükafatı laureatı
Amartya Sen
iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
Tomas Keç kimya üzrə Nobel
mükafatı laureatı
Çeslav Miloş ədəbiyyat üzrə
Nobel mükafatı laureatı
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.-
2010.- 11 iyun.- S.6.