Azərbaycanın Milli Qəhrəmanları

 

Allahverdiyev Bəxtiyar Əzizulla oğlu

 

1974-cü il iyunun 10-da Bakıda anadan olmuşdur. 1991-ci ildə Bakıdakı 199 nömrəli orta məktəbi bitirmiş, 1992-ci ilin avqustunda Milli Orduya çağırılmış, 776 nömrəli hərbi hissədə xidmətə başlamışdır. Həmin ilin oktyabrında cəbhəyə yollanmışdır. Bir müddət Qubadlı bölgəsində, sonra Füzuli, Murovdağ əməliyyatlarında qəhrəmanlıq nümayiş etdirmişdir. 1994-cü ildə Tərtər, Ağdərə bölgələrinə göndərilmiş o, cəbhədəki məlum vəziyyətlə əlaqədar ordu sıralarında müddətdən artıq xidmət etmişdır.

Həmişə öz əsgəri andına sadiq qalan B.Allahverdiyev olduğu bütün bölgələrdə vətənə layiqincə xidmət etmişdir.

Vətənə layiqli xidmətinə görə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Allahverdiyev Bəxtiyar Əzizulla oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

1997-ci ildə gizir rütbəsi alaraq 196 nömrəli hərbi hissənin kəşfiyyat tağımına komandir təyın olunmuşdur. 1998-1999-cu ıllərdə Zabitləri Təkmilləşdirmə Gizirlər kursunda təminat tağımının komandiri, 1999-2000-ci illərdə Bakı Ali Komandirlər məktəbində taktika kafedrasının təlimatçısı vəzifələrində çalışmışdir. Həmin ilin oktyabrında ordudan tərxis olunmuşdur. 2001-ci ildə Polis Akademiyasında təhsilini davam etdirmişdir. O, hazırda polis orqanlarında çalışır.

 

Allahverdiyev Elbrus Hacı oğlu

 

1958-ci il oktyabrın 27-də Gəncə şəhərində dünyaya göz açmışdı. O, burada 18 nömrəli orta məktəbi bitirdikdən sonra 1976-1978-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdu. 1990-ci ildə isə Orconikidze Kənd Təsərrüfatı İnstitutunu bitirmişdi. Bir müddət Vladiqafqazda yaşamışdı. Vətənimizə erməni faşistlərinin təcavüz etdiyini eşidən Elbrus Azərbaycana dönmüş könüllü olaraq 1992-ci il mayın 17-də cəbhəyə yollanmışdı. E.Allahverdiyev Silahlı Qüvvələrimizdə artilleriyanın ilk təşkilatçılarından olmuşdu. 1992-ci ilin iyununda batareyanın ilk diviziyonu yaradılmış Elbrus ona komandir təyin edilmişdi.Onun rəhbərliyi ilə briqadanın keçirdiyi mühüm əməliyyatlarda artilleriya diviziyonu sərrast atəşlə düşmənin bir çox strateji əhəmiyyətli obyektlərini məhv etmişdi.Ağdərə bölgəsində isə briqada üzvlərı düşmənin bir reaktiv artilleriya qurğusunu sıradan çıxarmışdı. Eyni zamanda 1993-cü il iyunun 12-də Ağdam üzərinə güclü hücuma keçmiş düşmən, artilleriya diviziyonunun sarsıdıcı zərbələrindən geri çəkilmişdi. İyunun 14-16-da Ağdamın Şellı kəndi istiqamətində gedən ağır döyüşlərdə Elbrus igidlik göstərərək həlak olub.

Evli idi. Üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 nömrəli Fərmanı ilə Allahverdiyev Elbrus Hacı oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.

Gəncə şəhərində küçələrdən biri onun adını daşıyır. 

 

Allahverdiyev Namiq Müslüm oğlu

 

1967-ci il oktyabrın 5-də Beyləqan rayonunda anadan olmuş, 1984-cü ildə 1 nömrəli orta məktəbi bitirmişdi. 1985-ci ildə ordu sıralarına çağırılmış, 1987-ci ildə hərbi xidmətini Moskva ətrafında başa vuraraq vətənə dönmüşdü. 1988-ci ildə ermənilərin vətənimizə etdikləri təcavüzə dözməyən Namiq könüllü olaraq vətənin müdafiəsinə qalxmışdı. Onun ilk döyüş yolu 1990-cı ildə Qubadlı rayonundan başlamışdı. Namiq 1991-ci il avqustun 31-də DİN-in XTP dəstələrinə daxil olmuş və yenidən döyüş meydanına atılmışdı. O, Laçın, Əsgəran, Füzuli, Goranboy rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdi. Sonuncu döyüşü Tərtər rayonunda olmuşdu. Marquşevan, Həsənqaya, Malalan, Birinci və İkinci Çaylı kəndlərinin düşməndən azad edilməsində xüsusi fəallıq göstərmişdi. 1992-ci il iyulun 9-da erməni yaraqlıları Cəmilli yüksəkliyinə hücum edərkən, Namiq düşməni qabaqlamaq üçün döyüş yoldaşları ilə yüksəkliyə qalxmış və orada əlverişli mövqe tutmuşdu. Düşmən tankından atılan mərmi Namiqin həyatına son qoydu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Allahverdiyev Namiq Müslüm oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Beyləqan şəhər 1 nömrəli orta məktəb onun adını daşıyır. Rayon mərkəzində büstü qoyulub. 

 

Aslanov Niyazi Şərəfxan oğlu

 

1960-cı il dekabrın 25-də Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndində anadan olmuş, burada orta məktəbi bitirmişdi. 1979-1981-ci illərdə Rusiyanın Altay vilayətində əsgəri xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra doğma kəndlərinə qayıdan Niyazi təhsilini Ağdam Kənd Təsərrüfatı Texnikumunda davam etdirmişdi. Oxuduğu müddətdə əmək fəaliyyəti ilə də məşğul olmuşdu. O, 1989-cu ildə erməni qəsbkarlarının torpaqlarımızı işğal etməkdə fəallaşdıqları bir zamanda Goranboy rayonunda yaradılan özünümüdafiə dəstəsinə qoşulmuşdu.Həmin dövrdə Niyazi yoldaşlarının köməyi ilə sıradan çıxmış iki tank tapıb onu təmir etmişdi. O, bu tanklarla nəinki Tap-Qaraqoyunlu kəndini, hətta qonşu kəndləri də layiqincə müdafiə etməyə nail olmuşdu. Niyazi Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdamın müdafiəsində fəal iştirak etmişdi. 1992-ci il mayın 4-də Tap-Qaraqoyunlu kəndi yaxınlığında gedən döyüş zamanı N.Aslanov komandiri İsfəndiyar Əsədovu xilas edərkən qəhrəmancasına həlak olub.

Ailəli idi. İki oğlu yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə Aslanov Niyazi Şərəfxan oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Tap-Qaraqoyunlu kəndində dəfn olunub.

Tap-Qaraqoyunlu kənd orta məktəbi və Naftalan şəhərindəki küçələrdən biri onun adını daşıyır. Goranboy şəhərində büstü qoyulub.

 

Aslanov Şikar Davud oğlu

 

1970-ci il iyunun 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində dünyaya gəlmiş, 1977-ci ildə kəndlərindəki orta məktəbin birinci sinfinə getmiş və 1987-ci ildə həmin məktəbi bitirmişdi. 1988-ci ildə sovet ordusu sıralarına hərbi xidmətə çağırılmış, 1990-cı ildə ordudan tərxis olunaraq doğma kəndlərinə dönmüşdü. Həmin ərəfədə erməni silahlı qüvvələrinin Azərbaycana təcavüzü davam edirdi.

Qarabağın şəhər və kəndlərində erməni quldurları tərəfindən evlər dağıdılır, yandırılır, dinc əhali təcavüzə məruz qalırdı. Belə bir şəraitdə Şikar cəbhəyə yollanmış, DİN-in Cəbrayıl rayon post-patrul xidmətinə üzv qəbul olunmuşdu.

1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarlıqla susdurmuşdu. 1992-ci il iyulun 2-də növbəti əməliyyat zamanı düşmənin snayper gülləsinə tuş gələn Şikar hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamış və o, vətən uğrunda həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Aslanov Şikar Davud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Doğulduğu Süleymanlı kəndində dəfn olunub. Təhsil aldığı Süleymanlı kənd orta məktəbi onun adını daşıyır. Hazırda bu kənd işğal altındadır.

 

 

Azərbaycan müəllimi.- 2010.- 11 iyun.- S.8.