Azərbaycanın ümumi
təhsil sahəsində islahatlar
Təbii sərvətlər tükənən
dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi,
hər bir ölkənin gücləndirilməsinə
töhfə verən amildir.
İlham
Əliyev
Hansı
sahədə keçirilməsindən asılı olmayaraq,
islahatlar hər bir ölkənin tarixində nəcib
niyyətlərin reallaşdırılması ilə
bərabər, müxtəlif yanaşmaların, baxış
və dünyagörüşlərin antaqonizmi dövrü
kimi yadda qalır.
Çox
həssas bir proses olan islahatların əsas qayəsi və
məqsədi bilavasitə inkişafyönümlülük
olsa da, bəzi hallarda uğursuzluqlarla
nəticələnməsi real faktdır. Çünki
dövrün, zamanın diktəsi ilə yüksək
tələblərə islahat pərdəsi arxasından
süni şəkildə uyğunlaşmaq meyilləri
mövcud olduqca yeniləşmə ideyası yalnız
xəyal olaraq qalır.
İslahatlar
o zaman uğurlu nəticə verə bilər ki, dövrün
tələbindən irəli gəlsin, onların həyata
keçirilməsi üçün tarixi şərait
yaranmış olsun. İslahatların
cəmiyyətdə dayanıqlı və perspektivli qəbul edilməsi
üçün isə ölkədə siyasi iradə,
şəffaflıq və demokratiyanın olması da çox
mühüm şərtdir.
İslahat
aparılan ölkədə qarşıda duran ən vacib
vəzifə islahatyönümlü tədbirlərin
həyata keçirildiyi sahədə və xüsusilə, bu
sahənin nümayəndələrində
əvvəllərdən kök salmış köhnə
təsəvvürlərin tədricən aradan
qaldırılması, eyni zamanda həmin sahədə
mövcud inkişaf səviyyəsinin dəqiq
müəyyən edilməsi və buna uyğun surətdə
perspektivlərin real şərait baxımından optimal
proqnozlaşdırılmasıdır.
İslahat
həm də iqtisadi inkişafla sıx bağlıdır. Məhz
iqtisadi tərəqqi cəmiyyətdə yeni
mütərəqqi ideyalar doğurur və bunların
reallaşdırılması arzusu islahatların zəruriliyini
gündəmə gətirir. Tarixə
nəzər salsaq, bu gün beynəlxalq aləmdə
qüdrəti ilə fərqlənən dövlətlər
islahat hədəfini müəyyən edərkən ilk
növbədə təhsil sahəsini seçmişlər.
Çünki bütün sahələrdə inkişafın
mənbəyi təhsildən başlanır. Bu
mənada, Azərbaycan da istisna deyildir.
Ölkəmizin təhsil
sistemində islahatların başlanmasından on ildən artıq
bir vaxt keçir. Bu dövr zaman baxımından qısa
olsa da, axtarış və tədqiqatlarla, gərgin
zəhmət tələb edən səmərəli
fəaliyyətlə zəngin olmuşdur. Həmin illəri
yenilik soraqlı enişli-yoxuşlu yola bənzətmək
daha düzgün olardı. Bu yolun səmti, istiqaməti dünyada
mövcud olan mütərəqqi təhsil sistemlərinə
yönəlmişdir. Ulu öndər Heydər
Əliyev Azərbaycan Respublikasının təhsil
sahəsində islahatlar üzrə Dövlət
Komissiyasının iclasındakı nitqində bu
məsələni xüsusi açıqlamışdır:
"İndi təhsil sistemində islahatların əsas
məqsədi ondan ibarətdir ki, Azərbaycanın təhsil
sistemi dünya təhsil sisteminin standartlarına
uyğunlaşsın. Təbii ki, belə bir
şəraitdə Azərbaycan özünün təhsil
nailiyyətləri ilə inkişaf etmiş
ölkələrin səviyyəsinə çatmaqla daha
böyük uğurların sahibi ola bilər".
Müstəqil Azərbaycanın
təhsilində islahatların bilavasitə
təşəbbüskarı olan ümummilli liderimiz eyni
zamanda bu islahatların düşünülmüş
şəkildə həyata keçirilməsini, dəb
naminə aparılmamasını, yalnız mövcud
səviyyədən daha yuxarı səviyyəyə qalxmaq,
təhsilin səmərəliliyini artırmaq üçün
aparılmasını dəfələrlə
vurğulamışdır.
Ölkəmizdə təhsil
islahatlarının ölçülüb-biçilmiş,
əvvəlcədən düşünülüb
müəyyən olunmuş nəticələr üzərində
qurulmasını təsdiq edən ən mötəbər
tarixi sənəd 1998-ci ildə yaradılmış
Dövlət Komissiyası tərəfindən hazırlanaraq
1999-cu il iyunun 15-də ulu öndər Heydər Əliyevin
sərəncamı ilə təsdiq olunan "Azərbaycan
Respublikasının təhsil sahəsində İslahat
Proqramı"dır. Konseptual
əsasını ümummilli liderin ideya və
müddəaları təşkil edən, ölkəmizdə
1999-cu ildən başlayaraq növbəti 15 il
üçün ümumi təhsilin inkişaf
strategiyasını müəyyənləşdirən bu
Proqramda islahatların zəruriliyi müasir tələblər
baxımından əsaslandırılmış, islahat hədəfləri
dəqiqləşdirilmiş və onların
mərhələlərlə həyata keçirilməsinin
sistemi təsbit olunmuşdur.
Proqrama görə, islahatların
ümumi təhsilin ən vacib sahələrində
aparılması nəzərdə tutulmuşdur. Bura bazar iqtisadiyyatının
tələblərinə cavab verən yeni təhsil sisteminin
normativ-hüquqi, iqtisadi, maddi-texniki və informasiya
bazasının, kadr, maliyyə təminatının
yaradılması, ümumi təhsilin məzmununun
yeniləşdirilməsi və digər aktual
məsələlər daxil edilmişdi. Bu yazıda
isə əsas məqsəd məzmun islahatlarının
həyata keçirilməsi sahəsində indiyədək
görülən işləri və perspektivləri
diqqətə çatdırmaqdır.
Qeyd olunan istiqamətdə
planlaşdırılan islahatyönümlü
tədbirlərin əsasını İslahat Proqramında
irəli sürülən "Demokratikləşdirmə,
humanistləşdirmə, inteqrasiya, diferensiallaşdırma,
fərdiləşdirmə, humanitarlaşdırma prinsiplərinə
əsaslanaraq, təhsil alanın şəxsiyyət kimi
formalaşdırılmasını, onun təlim-tərbiyə
prosesinin əsas subyektinə çevrilməsini başlıca
vəzifə hesab edən, milli zəminə, bəşəri
dəyərlərə əsaslanan, bütün qurumların
fəaliyyətini təhsilalanın mənafeyinə xidmət
etmək məqsədi ətrafında birləşdirən
yeni təhsil sisteminin yaradılması" ideyası
təşkil etmişdir.
Ümumi təhsilin məzmunu
ilə bağlı islahat işlərinin perspektivləri
müəyyən olunarkən "Nədən
başlamalı" sualı bizi dərindən
düşündürürdü. Ulu öndərimizin
tövsiyəsi ilə islahatlar, əsasən, Dünya
Bankının maliyyə yardımı ilə həyata
keçirildiyindən bu təşkilatla da
müzakirələrdən sonra ilkin islahat layihəsinin
öyrədici xarakterdə müəyyən edilməsi,
eləcə də ölkəmizdə ümumi təhsilin
mövcud vəziyyəti barədə tədqiqatlar aparıb
lazımi təkliflərin hazırlanması qərara
alındı.
1999-cu ildən 2003-cü
ilədək davam etmiş öyrədici-innovativ mahiyyətli
birinci layihə çərçivəsində 20 pilot
müəssisəsində keçirilən tədbirlər
təhsil işçilərinin maarifləndirilməsi,
inkişaf etmiş ölkələrdə tətbiq olunan model
və mexanizmlərin öyrənilməsi baxımından
böyük əhəmiyyət kəsb etdi. Bu dövrdə təhsil
mütəxəssislərimiz müasir kurikulum (təhsil
proqramı) nümunələrinin tərtibi, şagird
nailiyyətlərinin qiymətləndirilməsi texnologiyaları
və qiymətləndirmə növləri, təlim
vəsaitləri və qiymətləndirmə
vasitələrinin hazırlanması və onların
tətbiqi üzrə zəruri bacarıqlar qazandılar.
Bütün bu proseslərə nüfuzlu beynəlxalq
məsləhətçi şirkəti olan Hollandiyanın
"CİTO Qroup" təşkilatı rəhbərlik edirdi.
Ümumi təhsil sahəsində
yerli və beynəlxalq ekspertlərin birgə
apardıqları tədqiqatların nəticələrində
isə Azərbaycandakı mövcud tədris proqramlarının
hazırkı tələbləri ödəmədiyi,
əsasən fənlər üzərində qurulduğu,
bunların təfəkkür və düşüncə
tərzini lazımi səviyyədə inkişaf
etdirmədiyi, şagirdlərin dərs yükünün
ağırlığı, dərsliklərin lüzumsuz
materiallarla yükləndiyi, uşaqlarda həyati bacarıqların,
tədqiqatçılığın, müstəqilliyin
formalaşdırılmasına zəif diqqət yetirildiyi,
əzbərçiliyə üstünlük verildiyi və
sair bu kimi məsələlər xüsusi
vurğulanmışdı.
Birinci Layihə üzrə
həyata keçirilən tədbirlər, əlbəttə,
bu göstərilənlərlə məhdudlaşmırdı.
Həmin dövrdə Azərbaycanın
təhsil mütəxəssisləri ulu öndər Heydər
Əliyevin "Biz dünyanın bütün
ölkələrində - Qərbdə də,
Şərqdə də əldə olunmuş nailiyyətləri dərindən öyrənməli
və onlardan Azərbaycan üçün müsbət
xarakter daşıyan cəhətləri ölkəmizin
təhsil sistemində tətbiq etməliyik"
tövsiyəsinə uyğun olaraq, inkişaf etmiş
dövlətlərin, o cümlədən ABŞ,
İngiltərə, İtaliya, Almaniya, Türkiyə,
Hollandiya, İsveç, Finlandiya kimi ölkələrin
qabaqcıl təcrübəsini öyrənmək imkanı
əldə etdilər. Səfər
təəssüratları bu dövlətlərin və
Azərbaycanın ümumi təhsil sistemlərini
müqayisə etməklə müvafiq nəticələr
çıxarmağa, xüsusilə də təhsilin
məzmun sahəsində islahat istiqamətlərini
dəqiqləşdirməyə xeyli müsbət təsir
göstərdi.
Göründüyü kimi,
ümumi təhsil sistemində islahat ideyası 1997-ci ilin
sonlarına təsadüf etsə də, analoji tədbirlər
faktiki olaraq başlanana qədər bir neçə
hazırlıq mərhələsi keçirilmişdir. Bu
dövrü islahatların zəruriliyinə əminlik, yeni
pedaqoji yanaşmaların təşəkkülü, innovativ
təfəkkürün formalaşması dövrü kimi
xarakterizə etmək daha düzgün olardı.
Dünya Bankının
ekspertləri tərəfindən birinci Layihənin
yekunlarının ciddi monitorinqi keçirilərkən
nəticələr yüksək qiymətləndirildiyi
üçün növbəti layihənin icrası
barədə Azərbaycan hökuməti ilə Dünya
Bankı arasında saziş bağlandı. Təhsil Sektorunun İnkişafı
Layihəsi (TSİL) adlanan bu layihə, əslində, birinci
layihə çərçivəsində yerinə
yetirilən tədbirlərin, ilk növbədə, aparılan
tədqiqatların, xarici ölkələrdəki təlim
və tədris səfərlərinin nəticələri üzərində
qurulmuşdu. 2003-2007-ci illəri əhatə edən həmin
layihədə idarəetmə, rasionallaşdırma,
maliyyələşdirmə sahəsində islahatyönümlü
işlərlə yanaşı, ümumi təhsilin
keyfiyyətinin yüksəldilməsi ilə onun real
tələbatlara uyğunluğunun təmin edilməsi əsas
məqsəd kimi qarşıya qoyulmuşdu. Bu
məqsədə nail olmaq üçün isə ümumi
təhsilin məzmunu, müəllim hazırlığı,
dərslik yaradıcılığı üzrə ciddi
yeniliklərin həyata keçirilməsi nəzərdə
tutulurdu.
Bu gün Azərbaycanın
ümumi təhsil sistemində məzmun islahatları
"Kurikulum islahatları" adı altında
aparılır. "Kurikulum" anlayışı
ölkəmizin pedaqoji leksikonuna ötən əsrin 90-cı
illərinin axırlarında daxil olmuşdur. Mənaca
"yol", "istiqamət" anlamı verən latın
mənşəli bu söz hələ eramızdan
əvvəl işlədilsə də, hazırkı
dövrdə beynəlxalq təhsil termini kimi əksər
ölkələrdə qəbul edilir. "Kurikulum"
ifadəsinin ölkəmizin təhsil sisteminə
gətirilməsi Azərbaycan mütəxəssislərinin
ideyası deyildir, bu, Dünya Bankının rəsmi
sənədlərində təsbit olunmuşdur. İlk vaxtlar
həmin anlayış ciddi mübahisələr, fikir
ayrılıqları yaratmış, bu sözün
Azərbaycan dilində qarşılığının
tapılmasına cəhd göstərilmişdir. Nəticə
etibarilə "kurikulum" ifadəsi xeyli
müzakirələrdən sonra pedaqoji ictimaiyyətdə
qəbul olunsa da, yeni Təhsil Qanununda "təhsil
proqramı (kurikulum)" formasında rəsmiləşdirilmişdir.
Şübhəsiz ki, adın
hansı formada müəyyən olunması ciddi
prinsipiallıq kəsb etmir, əsas məsələ onun
mahiyyətinin düzgün izahındadır. Əslində, kurikulum konseptual xarakterli bir
sənəddir və bu sənəd özündə təhsil
fəaliyyətinin nizamlanmasını təmin edən əsas
istiqamətləri əhatə edir. Bura əsasən
təlim nəticələri, dövlət təhsil
standartları, təlim strategiyaları,
qiymətləndirmə modelləri və s. daxildir. Konseptuallığı ilə yanaşı,
nəticəyönümlülük,
şəxsiyyətyönümlülük,
tələbyönümlülük,
şagirdyönümlülük, inteqrativlik kurikulumların
mahiyyətini şərtləndirən əsas
cəhətlərdir. İstər ümumi təlim
nəticələri, istərsə də dövlət
təhsil standartları, eləcə də təlim
strategiyaları və qiymətləndirmə mexanizmləri
məhz həmin prinsiplər nəzərə alınmaqla
müəyyən olunur. Bu prosesdə daxili bir harmoniya
mövcuddur. Belə ki, təlim
nəticələri konkret mərhələ üçün
təyin edilən məqsədləri, dövlət təhsil
standartları həmin məqsədlərin həyata keçirilməsinə
istiqamətlənmiş məzmunu, təlim strategiyaları
məqsədlərə görə müəyyən
edilmiş məzmunun reallaşdırılması
yollarını, qiymətləndirmə mexanizmləri isə
əldə olunan nailiyyətlərin obyektiv
ölçülməsi, dəyərləndirilməsi
vasitələrini özündə ehtiva edir.
Təhsil Sektorunun
İnkişafı Layihəsinin həyata keçirildiyi
dövrdə (2003-2007-ci illər) nəzərdə tutulmuş
İcra Planına görə Milli Kurikulum sənədinin
və bunun əsasında ümumtəhsil
məktəblərinin ibtidai təhsil səviyyəsi
üçün fənn kurikulumlarının
hazırlanması məqsədilə respublikanın
görkəmli alimlərinin rəhbərlik etdikləri
tanınmış mütəxəssislərdən, qabaqcıl
məktəb rəhbərləri və
müəllimlərdən ibarət işçi qrupları
yaradılmış, Dünya Bankının prosedur
qaydalarına uyğun aparılan tenderdə qalib gəlmiş
Hollandiyanın "CİTO Qroup" təşkilatı bu
proseslərə məsləhətçi xidmətini icra
edən şirkət seçilmişdir. Nəticə
etibarilə uzun müzakirələrdən sonra 2006-cı
ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin
təsdiq etdiyi "Azərbaycan Respublikasında ümumi
təhsilin konsepsiyası (Milli Kurikulum)" sənədi
və 2007-ci ildə təhsil nazirinin əmri ilə təsdiq
olunmuş I-IV siniflər üçün fənn
kurikulumları dünya təcrübəsinə əsaslanan müasir
yanaşmaları əks etdirməklə ölkəmizin
ümumi təhsilində əlamətdar hadisəyə
çevrildi. Eyni zamanda həmin
sənədlərin layihələrinin hazırlanması
və ardıcıl müzakirəsi təhsil
işçilərinin inkişaf etmiş
dövlətlərdəki mütərəqqi ideyalarla,
qabaqcıl təcrübə ilə tanış olmalarına,
onlarda müasir pedaqoji baxışların formalaşmasına
geniş imkanlar açdı.
Müqayisəli təhlillər
apardıqca ümumi təhsilin məzmununun
müəyyənləşdirilməsinə verilən yeni
tələblərin və yanaşmaların
üstünlüyü, strateji xarakteri daha qabarıq
şəkildə büruzə verilir. Keçmiş
sovetlər dönəmində qəbul olunmuş və bu
gün də mövcud vəziyyətə görə
istifadə edilən ənənəvi modelə nəzər
salsaq, məzmun yalnız hər bir fənn üzrə
bölmə, bəhs və mövzuları əks etdirən
tədris proqramlarının hazırlanması ilə
məhdudlaşır. Bu proqramlar əsas
etibarilə fənyönümlüdür, həm də
bəzi hallarda proqram müəllifləri bir az da
"irəli" gedərək fənlə elm sahəsini
eyniləşdirdikləri üçün fənnin
məzmununa sistemli şəkildə müvafiq elm
sahəsinə aid biliklər daxil edilir. Belə
olan halda tədris proqramları və onların əsasında
yazılan dərsliklər artıq materiallarla
yükləndiyindən şagirdlərdə
əzbərçilik meyilləri güclənir və bunun
əksinə olaraq təfəkkürün inkişafında
lənglik əmələ gəlir.
Məzmun sahəsində yeni
siyasətə görə isə başlıca diqqət
şagirdlərdə idraki bacarıqların, ilk
növbədə, təhlil, tətbiq və
dəyərləndirmə bacarıqlarının, nitq və
ünsiyyət mədəniyyətinin, müstəqil qərar
qəbuletmə və tədqiqatçılıq
qabiliyyətinin formalaşdırılmasına
yönəldilir, verilən biliklərin zəruriliyi,
həyatla bağlılığı, bilavasitə inkişafa,
dünyagörüşün genişlənməsinə
xidmət etməsi ön planda saxlanılır.
Mənimsədiləcək
məzmunun nəticəyönümlülük əsasında
müəyyən edilməsi heç də təsadüfi
xarakter daşımır. Çünki
hər hansı bir mərhələdə əldə olunacaq
nəticələrin əvvəlcədən aydın
təsəvvür olunması həmin nəticələrə
doğru aparan yolun dəqiq və optimal müəyyən
edilməsində əsas rol oynayır. Məzmunun
bilavasitə cəmiyyətin, dövlətin
tələbatlarına uyğunluğu, şagirdlərin maraq
və təhsil ehtiyaclarının ödənilməsinə,
onların istedad və potensial imkanlarının
inkişafına yönəldilməsi, təhsilalanlarda
şəxsiyyəti şərtləndirən zəruri
həyati bacarıqlar və dəyərlər
formalaşdırması məhz təlim
nəticələrində öz ifadəsini tapır.
Qəbul olunmuş məntiqi
ardıcıllığa görə, əvvəlcə hər
bir təhsil səviyyəsinin (ibtidai, ümumi orta, tam orta)
yekununda şagirdlərin qazanacaqları minimum təhsil
nailiyyətləri ümumi təlim nəticələri
formasında qruplaşdırılır. Təhsilin
hər hansı bir səviyyəsində tədris edilən
fənlər üzrə ümumi təlim nəticələri
bilavasitə onların əsasında
formalaşdırılır və bu nəticələr də
öz növbəsində hər sinfin sonuna aid fənlər
üzrə nəticələri təyin edir.
Fənlər üzrə ümumi
təlim nəticələri, əslində, məzmunu
müəyyən edən əsas standartlardır. Bu
standartlar fənn kurikulumlarında dövlət tələbi
kimi bütün siniflər üçün
dəyişməz qalır və alt-standartlar vasitəsilə
sinifdən-sinfə inkişaf etdirilir.
Məzmun standartlarının
həm mənimsədilməsi zəruri hesab edilən
biliklərdən, həm də bu biliklərin
mahiyyətinə uyğun olaraq şagirdlərin əldə
edəcəkləri bacarıqları ifadə edən
fəaliyyətlərdən ibarət olması onların
dinamik xarakterini gücləndirən başlıca amildir. Təkcə elə bu fakt müəllimin təlim
prosesində rolunu, mövqeyini kökündən
dəyişir, "müəllim-şagird"
münasibətlərinə yeni keyfiyyət gətirir,
təlim metodlarının çevikliyini və intensivliyini,
təhsilin keyfiyyətinin idarəolunmasında mühüm
əhəmiyyətə malik müasir qiymətləndirmə
mexanizmlərinin tətbiqini tələb edir. Fənn kurikulumlarının tətbiq edildiyi
2008-2009-cu dərs ili ərəfəsində və sonrakı
ildə I siniflərdə tədrisə cəlb olunan 18 min
müəllimin öyrədici təlim kurslarından
keçirilməsi, onlara müxtəlif treninqlərin və
praktik tədbirlərin təşkil edilməsi məhz
həmin tələbdən irəli gəlmişdir.
Ümumi təhsilin məzmununun
müasir yanaşmalar üzərində qurulması dərslik
yaradıcılığına verilən
tələblərə də yeni münasibət formalaşdırmışdır.
Müasir dünya təcrübəsini əks etdirən
həmin tələblər respublika Nazirlər Kabineti ilə
razılaşdırılıb təsdiq edilmiş
"Ümumi təhsil sistemində dərslik siyasəti"
sənədində ətraflı ifadə olunmuşdur. Bu
sənədə uyğun olaraq, dərsliklər
müsabiqə yolu ilə komplekt şəklində
(dərslik, müəllim üçün metodik vəsait,
şagirdlər üçün iş dəftəri)
hazırlanır. Bu komplektlər yalnız Təhsil Nazirliyi
nəzdində yaradılmış Dərslikləri
Qiymətləndirmə Şurasının təqdimatı
əsasında təsdiq olunduqdan sonra nəşr edilir. Dərslik komplektlərinin həmin prosedur qaydalar
üzrə hazırlanması obyektivlik və
şəffaflığın gözlənilməsinə,
dərslik yaradıcılığında sağlam
rəqabətin təmin edilməsinə və bunun
nəticəsində də dərsliklərin
hazırlanması sahəsində zəruri səriştə
və potensial imkanlara malik təhsil işçilərinin
aşkara çıxarılmasına əhəmiyyətli
dərəcədə müsbət təsir
göstərmişdir.
Bu gün ölkəmizin
ümumtəhsil məktəblərinin I və II
siniflərində istifadə edilən dərslik komplektləri
müvafiq fənn kurikulumlarının əsasında
yazılmışdır. Bu komplektlərin başlıca
komponenti sayılan həmin dərsliklər fənn
kurikulumlarında təsbit olunmuş məzmun
standartlarının reallaşdırılmasında
mühüm rola malikdir. Aparılan
təhlillərin, ibtidai sinif müəllimləri,
məktəb rəhbərləri və təhsil
mütəxəssislərinin iştirakı ilə
keçirilən müzakirələrin nəticələri
göstərir ki, ilk təcrübə olsa da, bu
dərsliklər ictimaiyyətdə maraq doğurmuş,
müsbət qarşılanmışdır.
Təhsil Sektorunun
İnkişafı Layihəsi
yekunlaşdırıldığı ərəfədə
islahatların miqyasının genişləndirilməsi
məqsədilə yeni bir layihənin - Təhsil Sektorunun
İnkişafı üzrə İkinci Layihənin
hazırlanıb həyata keçirilməsi
qərarlaşdırıldı. Burada ümumi
təhsilin məzmunu sahəsində islahatyönümlü
işlərin davam etdirilməsi ilə yanaşı,
dövlət başçısının müvafiq
sərəncamlarına əsasən təsdiq edilmiş
məktəbəqədər təhsilin
yeniləşdirilməsi və texniki peşə təhsilinin
təkmilləşdirilməsi barədə Dövlət
Proqramlarına uyğun olaraq, həmin
sahələr üzrə təhsil kurikulumlarının
hazırlanması, yeni məzmun islahatlarının
məqsəd və mahiyyətinin təbliği ilə
əlaqədar ictimaiyyətdə maarifləndirici
tədbirlərin gücləndirilməsi nəzərdə
tutulur. 2013-cü ilədək reallaşdırılması planlaşdırılan
bu işlər hazırda ardıcıl həyata
keçirilir.
Bütün bunları
diqqətə çatdırarkən bir cəhət də
xüsusi vurğulanmalıdır ki, təhsilin məzmununun
tələb edilən səviyyədə müəyyənləşdirilməsi
heç də təhsilin keyfiyyətinin tam təmin
olunması demək deyildir. Bunun üçün
lazımi infrastrukturun mövcudluğu ən vacib
şərtlərdəndir. Biz təhsil
işçiləri dərin iftixar hissi keçiririk ki,
Azərbaycan dövlətinin başçısı,
möhtərəm Prezident İlham Əliyevin
müntəzəm diqqət və qayğısı
sayəsində ölkəmizdə müasir standartlara cavab
verən yeni məktəblərin tikintisi ilbəil daha
geniş vüsət alır, məktəblərin
maddi-texniki, tədris bazası ciddi surətdə
möhkəmləndirilir. Heydər Əliyev Fondunun prezidenti,
Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın bu sahədəki
danılmaz xidmətlərini də xalqımız
minnətdarlıq hissi ilə yüksək
qiymətləndirir.
Azərbaycan təhsilinin inkişafına belə bir səviyyədə göstərilən diqqət və qayğı ölkəmizin gələcəyi hesab olunan bugünkü uşaq və gənclərin sağlam ruhlu, dövlətçiliyimizə sədaqətli, vətənpərvər şəxsiyyətlər kimi formalaşacağına böyük ümidlər yaratmaqla bərabər, təhsil işçilərinin məsuliyyətini daha da artırır. Bu gün təhsil sahəsi əsl vətəndaşlıq mövqeyi nümayiş etdirilən strateji fəaliyyət meydanıdır. Qəlbində Vətən və millət məhəbbəti olan hər bir təhsil işçisi bu meydanda əzmkarlıqla çalışmalı, təhsilimizin inkişafı naminə hər cür fədakarlığa hazır olmalıdır.
İsgəndər İSGƏNDƏROV
Azərbaycan
müəllimi.- 2010.- 11 iyun.- S.4.