"Açıq qapı - İnstitut günü"

  

Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında 2009-2010-cu tədris ilinin yay imtahan sessiyasının başlanması ilə əlaqədar "Açıq qapı - İnstitut günü" keçirilib.

Filialda imtahan sessiyasının gedişini izləmək istəyən bütün valideynlər, mətbuat işçiləri "Açıq qapı - İnstitut günü"nə dəvət olunmuşdular.

Tədbirdə habelə, ali təhsil almaq istəyən övladlarına düzgün ixtisas seçimi etməkdə yardımçı olmaq məqsədi ilə cari ildə orta məktəbi bitirən gənclərin valideynləri də iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin filialda ucaldılan büstü önünə tər çiçək dəstələri qoydular.

"Açıq qapı - İnstitut günü"nün iştirakçılarını salamlayan filialın direktoru, professor Orucəli Rzayev filialda son illər görülmüş işlərdən, təhsildə qazanılmış nailiyyətlərdən danışdı. Direktor bildirdi ki, ölkə Prezidenti, möhtərəm İlham Əliyev cənablarının sərəncamı ilə bu tədris ilində filialın tədris şöbəsinin müdiri Vahid Quliyev "Tərəqqi" medalı ilə təltif olunub, dosent Namaz Manafov təhsil nazirinin əmri ilə "Qabaqcıl təhsil işçisi" döş nişanına, dosent Zenfira Əzizova isə nazirliyin Fəxri fərmanına layiq görülüb.

Filialın ixtisasları haqqında məlumat verən professor Orucəli Rzayev qeyd etdi ki, bu gün Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarında təhsil Boloniya prosesinin, kredit sisteminin tələblərinə uyğun qurulur.

Filialda yay imtahan sessiyasının mütəşəkkil keçirilməsi üçün ciddi hazırlıq işləri aparılıb, imtahan sənədləri, cədvəllər vaxtında hazırlanıb, tələbələrin mühazirə və seminarlardan topladıqları ballar vaxtında hesablanıb, tələbələrin və valideynlərin tanış olması üçün "imtahan güşəsi" yaradılıb. İmtahanların gedişini izləmək, bu işə daha yaxşı nəzarət etmək məqsədi ilə auditoriyalarda videokameralar quraşdırılıb.

Pedaqoji fakültənin dekanı, dosent Namaz Manafov yay imtahan sessiyasının yüksək səviyyədə aparılması üçün fakültədə görülmüş işlərdən danışdı.

Filial kitabxanasının müdiri Solmaz Əliyeva çıxışında hazırda filial kitabxanasının zəngin kitab fondu olduğunu, kitabların elektron kataloqunun yaradıldığını bildirib, müəllim və tələbələrə İnternet xidməti göstərildiyini qeyd etdi.

Filial valideyn komitəsinin sədri Çingiz Bağırov, valideynlər Mustafa Muradov, Eldar Ömərov, Vidadi Əliyev, filialın əlaçı tələbələri Leyla Məmmədova, Günel Əzimova, Kəmalə Abbasova və başqaları "Açıq qapı - İnstitut günü"nün təşkilinə görə filial rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Sonda "Açıq qapı - İnstitut günü" iştirakçıları filialın dekanlıqları, kafedraları ilə tanış oldular, kompüter mərkəzinə, mühazirə auditoriyalarına, filialın kitabxanasına və tələbə yeməkxanasına baxdılar.

 

 

Namaz MANAFOV

 

Azərbaycan müəllimi.- 2010.- 11 iyun.- S.4.