Qafqaz Universitetində beynəlxalq konfrans keçirilib

 

Bu günlərdə Qafqaz Universitetində "Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları" mövzusunda beynəlxalq konfrans keçirilib. Universitetin Beynəlxalq Münaqişələrin Tədqiqatı Mərkəzinin təşkil etdiyi konfransda azərbaycanlı konfliktoloqlarla yanaşı, qardaş Türkiyədən və Gürcüstandan dəvət olunmuş mütəxəssislər də iştirak ediblər.

Konfransı Beynəlxalq Münaqişələrin Tədqiqatı Mərkəzinin rəhbəri Ceyhun Mahmudov açaraq başçılıq etdiyi qurumun məram və məqsədləri, fəaliyyət istiqamətləri və gördüyü işlər barədə məlumat verib. Qeyd olunub ki, Qafqaz Universitetində səkkiz ay öncə fəaliyyətə başlamış Beynəlxalq Münaqişələrin Tədqiqatı Mərkəzi bölgədə baş verən münaqişələrin tədqiqatı və öyrənilməsi, bu istiqamətdə aparılan tədqiqatların nəticələrinin ictimaiyyətə çatdırılması ilə məşğul olur. Mərkəzin qarşısına qoyduğu məqsədlərdən biri də bölgədə konfliktlərin həlli yollarının çözülməsini nəzərdə tutan konfransların keçirilməsidir. Bu silsilədən ilk konfransın Dağlıq Qarabağ münaqişəsinə həsr olunduğu vurğulanıb.

Beynəlxalq konfransın plenar iclasında Qafqaz Universitetinin müəllimi Bilal Dədəyevin "XIX əsrdə Rusiyanın ermənilərlə iş birliyi", gürcüstanlı professor Aleksandr Kikianidzenin "Milli təhlükəsizlikdə münaqişələrin həll edilməsinin rolu", Kamer Qasımın "Türkiyə, Rusiya və ABŞ-ın Qarabağ probleminə dair siyasəti", Qafqaz Universitetinin müəllimi Hatem Cabbarlının "Ermənistanın siyasi və hüquqi arqumentləri", türkiyəli alim Reha Yılmazın "Qarabağ probleminin həllinin üçüncü yolu", gürcüstanlı alim Nino Kikavidzenin "Gürcüstanın işğal olunmuş ərazilərinə dair strategiyası: öyrənilən dərslər və Dağlıq Qarabağ münaqişəsi üçün çıxış yolları" mövzularında məruzələri dinlənilib. Sonra müzakirələr "dəyirmi masa" ətrafında davam etdirilib. Müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsinin müxtəlif formalarda həlli yolları təhlil olunub, bölgə dövlətlərində olan münaqişələrlə Qarabağ münaqişəsi arasında paralellər aparılıb, Qarabağ münaqişəsinin həllində ABŞ, Rusiya və Türkiyənin rolu və s. istiqamətdə fikir mübadiləsi edilib.

Konfransda mərkəzdə təcrübə keçdikləri 2 ay ərzində onun işində fəal iştirak edən bir neçə tələbəyə sertifikatlar təqdim olunub.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2010.- 11 iyun.- S.7.