"İngiltərədə olmaq hər bir ingilis dili müəllimi kimi mənim də çoxdankı arzum idi"

 

Təqdimat: Gülşən Səmədova respublikamızın ən fəal ingilis dili müəllimlərindəndir. 1988-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini bitirib. 2005-ci ildə TEA Proqramı ilə Amerika Birləşmiş Ştatlarında  təcrübə mübadiləsi keçib. Azərbaycan İngilis Dili Müəllimləri Assosiasiyasının üzvüdür. 2006-2008-ci illərdə Britaniya Şurasının xətti ilə Bolqarıstan və Rumıniyada Gənc Müəllimlər Layihəsi üzrə təlimlərdə iştirak edib. 2008-ci ildən XXI əsr ümumtəhsil mərkəzində çalışan Gülşən müəllim maraqlı layihələri və yaradıcı fəaliyyəti ilə seçilir. 2008-2009-cu tədris ilində ölkə Prezidentinin Sərəncamı ilə keçirilən  "Ən yaxşı müəllim" müsabiqəsində qalib olmuşdur.  O, Təhsil Nazirliyinin dəstəyi ilə Britaniya Şurasının həyata keçirdiyi online ETTO layihəsi üzrə Türkiyənin İstanbul şəhərində təlim kursları keçib və hazırda həmin layihənin moderatorudur. G.Səmədova ümumtəhsil məktəblərinin 2-ci sinfi üçün kurikulum əsasında  tərtib edilmiş ingilis dili dərsliyinin müəlliflərindən biri, İctimai televiziyanın "Adan Z-ə kimi" ingilis dilini öyrənənlər və öyrədənlər üçün proqramının aparıcılarındandır.

Bu il aprelin 7-11-i tarixlərində Gülşən Səmədova Böyük Britaniyanın Harrogate şəhərində keçirilən İATEFL (Beynəlxalg İngilis Dili Müəllimləri Assosiasiyası) konfransının iştirakçısı olmuş "Qrammatikanın öyrədilməsində oyunlardan istifadə" mövzusunda çıxış etmişdir. Aşağıda G.Səmədova səfər təəssüratlarını oxucularla bölüşür.

- İngiltərədə olmaq, İATEFL kimi möhtəşəm bir təşkilatın konfransında iştirak etmək bir ingilis dili  mütəxəssisi kimi mənim çoxdankı arzum idi. Təbii ki, bu arzuma çatmaq üçün hər bir imkandan istifadə etməyə çalışırdım. Ona görə də konfrans haqqında məlumat alan kimi onda iştirak etmək üçün mövzumun xülasəsini hazırlayıb göndərdim. Xoşbəxtlikdən mövzum qəbul edildi. Beləliklə, dünya çapında tanınmış ingilis dili mütəxəssislərini dinləmək və onlarla fikir mübadiləsi aparmaq üçün İngiltərənin özəlliyini qoruyub saxlamış nadir guşələrindən biri olan Harrogate şəhərinə getdim. Harrogate dünyanın məşhur spa mərkəzlərindən biridir. Burada 88 adda mineral su müalicə məgsədi ilə istifadə olunur. Bu şəhərin tarixi Bronte bacılarının, Aqata Kristinin və sair məşhurların adı ilə bağlıdır və illər boyunca mədəni mərkəz kimi tanınır.

İATEFL-in 44-cü konfransına dünyanin 150-dən çox ölkəsindən 5000-dən çox iştirakçı gəlmişdi. Möhtəşəm Exhibition mərkəzində keçirilən konfrans dünyaya İnternet vasitəsilə online yayımlanırdı. Bu da 15000-dən çox insana konfransın işini bilavasitə canlı izləməyə imkan yaradırdı. Dördgünlük konfransın proqramında 300-dən artıq mövzuda çıxışlar yer almışdır. Konfransın plenar iclasında tanınmış mütəxəssislər Tessa Uiduord (Tessa Woodward), Ema Uşioda  Kieran Egan və Jan Blakenin çıxışları oldu. Bütün ingilis dili müəllimlərinə yaxşı tanış olan tədris materiallarının müəllifləri Penny Ur,  David Chrystal da konfransda maraqlı çıxışlar etdilər. Bu görkəmli alimlərin çıxışları məzmun baxımından çox zəngin olmaqla bərabər, həm də çox praktik mövzuları əhatə edirdi. Bu günün tələblərindən olan beynəlxalq test sistemləri və ingilis dilini tədris edən müəllimlərin ixtisasartırma və inkişaf yolu, ingilis dilinin ünsiyyət vasitəsi kimi tədrisinin effektiv yolları və sair bu kimi mövzular bütün iştirakçılar tərəfindən maraqla qarşılandı.

Konfransın ilk iş günü müxtəlif ölkələrin ingilis dili assosiasiyalarının təmsilçilərinin görüşu ilə yadda qaldı. Mən Azərbaycandan gedən yeganə nümayəndə kimi Assosiasiyalar günündə AzETA-nı təmsil edərək Gənc Müəllimlər (NQT) Xüsusi Maraq Qrupunun iş təcrübəsi haqda təqdimatla çıxış etdim. İştirakçıları maraqlandıran sualları cavablandırdım. Argentina, Estoniya, Litva, Pakistan, Meksikadan olan assosiasiya nümayəndələri bizim assosiasiyanın bu sahədəki təcrübəsi ilə yaxından maraqlanırdılar.

Konfransda ingilis dilinin tədrisinin müxtəlif sahələri ilə bağlı çoxlu sayda mövzularda təqdimatlar dinləndi. Mənim hazırladığım mövzu "Grammarinq" simpoziumunda təqdim edildi. Mən bu mövzunu işləyərkən müxtəlif layihələrdə qazandığım təcrübədən və Azərbaycan müəllimlərinin bu mövzuya münasibəti üzrə apardığım sorğu nəticələrindən istifadə etmiş, eləcə də ETTO layihəsinin beynəlxalq iştirakçılarının fikir mübadiləsindən irəli gələn nəticələri ümumiləşdirmişdim. Məruzəmdə ingilis dilinin qrammatikasını tədris edərkən oyunlardan istifadə zamanı öyrənənlərin qabiliyyətinə istinad etməyin effektivliyindən bəhs edilir və bu vasitədən istifadə edərkən müəllimlərin hansı kriteriyalara əsaslanmasının vacibliyi vurğulanırdı. Simpoziumda mənimlə bərabər Şotlandiyadan Sevim İnal,  İngiltərədən Ken Peterson,  Türkiyədən Birsen Tutuniş də aktual mövzularla çıxış etdilər. İştirakçılara fasilədə Vaqif Mustafazadənin "Düşüncələr"ini dinləmək imkanı yaratmaq mənə xüsusi zövq verdi və bu gözəl musiqiyə görə fəxarət hissi keçirdim.

Konfransin üçüncü günü "Harrogate Online" üçün müsahibə verdim. Müsahibə zamanı aparıcıları maraqlandıran Azərbaycan məktəbi təhsil sistemi,  tədris zamanı istifadə edilən materiallar haqda sualları cavablandırdım. Canlı yayımlanan müsahibə zamanı mən professional inkişaf yolumdan bəhs edərək Təhsil Nazirliyinin dəstəyi ilə "British Council" tərəfindən həyata keçirilən layihələrin böyük rolunu qeyd etdim.

Konfransın mühüm əhəmiyyəti, ilk növbədə, müxtəlif ölkələrin ingilis dili tədrisi sahəsində topladığı müsbət təcrübənin yayılması, effektiv öyrətmə texnologiyaları haqda məlumat əldə edilməsi ən başlıcası isə müxtəlif ölkələrdən olan həmkarlarla  yeni əlaqələr qurmaq imkanları əldə etmək idi. Böyük sevinc hissi ilə qeyd etmək istədiyim görüşlərdən biri Sue Leather ilə oldu. Sue Leather NQT (Gənc Müəllimlər) layihəsinin bilavasitə müəllifidir. Layihə üçün ilk trenerlərin hazırlanmasında Sue Leather mühüm rol oynamışdır. Sue üçün bu layihənin Azərbaycanda uğurla davam etdiyini öyrənmək çox sevindirici oldu.

Konfransda həmçinin ingilis dilinin tədrisində istifadə olunan ədəbiyyatların nəşri ilə məşğul olan ən tanınmış nəşriyyatların  yeni nəşrlərini təqdim etmək üçün satış-sərgi təşkil edilmişdi.

İnsanda yaratmaq və daha kamil olmaq arzusu oyadan belə konfranslarda iştirak etmək həm şəxsi, həm də professional baxımdan əvəzsiz təcrübədir. Ölkəmizin təhsil sisteminin daim inkişafda olduğu bir zamanda dünya təcrübəsindən yararlanaraq təhsil sahəsində daha böyük irəliləyişə nail olmaq üçün müəllimlərin ixtisasartırmasına verilən diqqət təqdirəlayiqdir. Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təhsil sahəsində gördüyü əməli işlərə biz müəllimlər də öz tərəfimizdən töhfə verərək ixtisas püxtələşməsinə xüsusi diqqət ayırmalı və dünya təhsil sistemindəki yeniliklərlə ayaqlaşmalıyıq. İnkişafa aparan ən qısa yol təhsil yoludur və bu yolun aparıcılarından olmaq hər bir Azərbaycan müəlliminin istəyi və amalına çevrilməlidir.

 

 

Gülşən SƏMƏDOVA

 

Azərbaycan müəllimi.- 2010.- 11 iyun.- S.7.