O, güclü riyazi təfəkkürə
və sönməz həyat eşqinə
malik insan idi
Nəcəf Murğuzov-80
Müəllim adı Azərbaycan
cəmiyyətində kifayət
qədər hörmətli və şərəflidir. Çox
vaxt görürsən ki, professora, nazirə, həkimə,
mühəndisə və b. vəzifə və peşə
sahiblərinə müəllim deyə müraciət edirlər.
Bütün insanlar kimliyi, milliyyəti və dinindən
asılı olmadan öz valideynlərindən daha çox
müəllim tərbiyəsi alır, müəllim əməyi
nəticəsində yetişir, ucalır, həyatda özləri
də müəllimə çevrilirlər.
Bu yazıda
ömrünü riyaziyyat elminin sirlərini gənc nəslə
öyrətməyə həsr etmiş gözəl insan,
işıqlı ziyalı, pedaqoq-alim, maarifçi və gənc
müəllimlərin hazırlanmasında xüsusi xidmətləri
olan professor Nəcəf İsmayıl oğlu Murğuzov
haqqında söhbət açmaq istəyirik. Nəcəf
Murğuzov tələbkar və qayğıkeş, prinsipial və
humanist, obyektiv və səmimi bir müəllim idi. O, nəinki
dərs dediyi şagirdləri və tələbələri, hətta
müəllim yoldaşları, dostları, yaxınları
üçün də müəllim kimi örnək idi. İlk
baxışda çox mürəkkəb görünən
misal və məsələnin həlli, yaxud problemin
çözümü onun məntiqi mühakimələrindən
sonra sadə, maraqlı və təbii görünürdü.
Nəcəf müəllim
eyni zamanda, orta məktəb riyaziyyatının ən çətin
məsələlərinə bələd olan bir riyaziyyatçı idi. O, tələbələrdə
riyazi-məntiqi təfəkkürün təşəkkülünə,
orta və ali məktəbdə riyaziyyat fənninin tədrisi
səviyyəsinin yüksəldilməsinə inamla və əzmlə
çalışırdı. Ona görə də
riyaziyyatın incəliklərini, mühüm xüsusiyyətlərini
ən əlverişli üsullarla tələbələrə
öyrətmək onun üçün asan və maraqlı
idi.
Nəcəf İsmayıl
oğlu Murğuzov 1930-cu il aprel ayının 13-də Qazax
rayonunun Çaylı kəndində
anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra,
1949-cu ildə Gəncə (keçmiş Kirovabad) Dövlət
Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil
olmuş və 1953-cü ildə həmin fakültəni
müvəffəqiyyətlə bitirmişdir. Nəcəf
müəllim əvvəlcə, Zaqatala rayonunun Muxax kənd
orta məktəbində, sonra isə Gəncə şəhərindəki
8 nömrəli məktəbdə
(1954-1959), şəhər 19 nömrəli internat məktəbində
müəllim, daha sonra 5 nömrəli internat məktəbində
təlim-tərbiyə işləri üzrə direktor
müavini (1962-1971) vəzifələrində
çalışmışdır. 1971-ci ilin avqust ayında Həsən
bəy Zərdabi adına GDPİ-nin Riyaziyyatın tədrisi
metodikası kafedrasına müəllim seçilmiş və
1976-cı ilə kimi bu vəzifədə işləmişdir.
1976-cı ildə N.Murğuzov həmin kafedrada baş müəllim,
1978-ci ildən isə kafedra müdiri vəzifəsinə
seçilmişdir. O, ömrünün axırına kimi
(1995) həmin kafedraya bacarıqla rəhbərlik etmişdir.
1980-ci ildən dosent vəzifəsini tutan Nəcəf müəllimə 1983-cü ildə məhsuldar
elmi-pedaqoji fəaliyyətinə
görə professor elmi adı verilmişdir. O,
"Riyaziyyatın tədrisi metodikası" ixtisası
üzrə respublikanın qərb bölgəsində ilk
professor olmuşdur.
Nəcəf
Murğuzovun elmi-pedaqoji yaradıcılığı ümumtəhsil
məktəblərində və ali pedaqoji institutlarda riyaziyyat
tədrisinin problemlərinin tədqiqinə həsr
olunmuşdur. Məlumdur ki, 1970-ci illərdə riyazi modelləşdirmə,
xüsusilə qrafiki modelləşdirmə elektron hesablama
maşınlarında, elmin və
texnikanın, xalq təsərrüfatının müxtəlif
sahələrində geniş tətbiq olunmağa
başladığı üçün həmin məsələlərin
riyaziyyat kursunun müvafiq bölmələrinə daxil edilməsi
zəruriyyəti yarandı. Qrafiki modelləşdirmə əyaniliyin
yeni səviyyəsi olmaqla yanaşı, hesab, cəbr və həndəsi
biliklərin yaxınlaşdırılması, təlimdə
sistemli və inteqrativ yanaşmanı yeni mərhələyə
qaldırdı. Bütün bunlar öz növbəsində
riyazi biliklərin elmin müxtəlif sahələrində
(fizika, biologiya, astronomiya, statistika və s.) tətbiqinə əlverişli
imkan yaradırdı. N.Murğuzov bu istiqamətdə riyaziyyatın
tədrisi metodikası sahəsində də yeni elmi-metodiki nəticələrin
alınmasına çalışırdı. O, aktual
mövzularda məqalələr yazmaqla özünəməxsus
tərzdə müəllimlərin diqqətini riyaziyyatın tədrisinin vacib məsələlərinə
cəlb edirdi.
Onun müxtəlif aspektlərdə
metodiki yanaşmasının əsasında ibtidaidən aliyə, sadədən mürəkkəbə,
xüsusidən ümumiyə və əksinə yönələn
öyrətmə alqoritmləri, analiz-sintez, analogiya, sistemləşdirmə
təsnifetmə, mücərrədləşdirmə,
induksiya, deduksiya və s. metodları dururdu.
N.Murğuzovun həyat və
fəaliyyətini müəyyən mənada iki mərhələyə
ayırmaq olar. Birinci mərhələ onun həyatı və
çoxsaylı elmi əsərlərində aldığı
nəticələr - yəni yəqinliyin varlığı və
təsdiqi üçün zəruri olan predikartlardır. İkinci
mərhələ isə Nəcəf müəllimin həm nəzəri
, həm də praktik olaraq əldə etdiyi biliklərin limiti
olan onun elmi-fəlsəfi dünyagörüşü və
bu fəlsəfənin pedaqoji kadrların
hazırlığı zamanı təlim-tərbiyə prosesinə
tətbiqi nəticəsində aldığı ümumiləşmələrdir.
O, riyaziyyat kursunun məzmununun
daha da inkişaf etdirilməsi üçün onun strukturunun təkmilləşdirilməsinə
ciddi diqqət yetirməyi təklif edirdi. Şagirdlər tərəfindən öyrənilən riyaziyyat kursunun materialları orta məktəbdə
şərti olaraq 4 mərhələyə
bölünürdü.
I mərhələ
1-3-cü sinifləri əhatə edərək
kiçikyaşlı şagirdlərin sadə hesab əməlləri
və ibtidai həndəsi
fiqurlarla tanışlığına yönəlirdi.
II mərhələdə
4-5-ci siniflərdə propedevtik xarakterli riyazi materialların tədrisinə
üstünlük verilirdi.
III mərhələ 6 -
8- ci sinifləri əhatə edir və artıq burada cəbrin
və həndəsənin (planemetriyanın) sistematik kursu tədris
edilirdi.
IV mərhələ
9-10- cu sinif şagirdlərinə cəbr və analizin
başlanğıcı, həndəsənin (stereometriya)
sistematik kursu öyrədilirdi.
Yuxarıda qeyd olunan mərhələlər üzrə
riyaziyyatın tədrisi
zamanı Nəcəf müəllim öz əsərlərində
faydalı ideyalar irəli sürmüş, diqqəti cəlb
edən metodiki işləmələr aparmış və bir
sıra məsələlərin daha səmərəli həlli
yollarını göstərmişdir. Onun bu gün də
yüksək elmi-metodiki dəyərini hifz edən əsərlərini
və verdiyi tövsiyələri təhlil edərək
ümumiləşdirdikdə
aşağıdakı ümumi nəticələrə
gələ bilərik:
1. Bu mərhələlərin
hər birinin əhatə etdiyi materialların məzmunu,
quruluşu və tədrisinin xüsusiyyətləri müasir
tələblərə uyğun olmalıdır.
2. Həmin mərhələlərin
hər birinin əsas psixoloji, pedaqoji və metodiki prinsipləri
təlim zamanı şagirdlərin bilik və yaş səviyyəsinə
uyğun verilməli və onların inkişafına yönəlməlidir.
Nəcəf müəllim
göstərirdi ki, həndəsi materialların öyrənilməsi
zamanı eyni anlayışlara bəzən bir neçə mərhələdə
baxılır. Bu, təkrarçılıq deyildir. Həmin
materiallar hər bir mərhələdə dəqiqləşir,
inkişaf edir və yeni elmi mahiyyət kəsb edir.
Nəcəf Murğuzov
apardığı məqsədyönlü elmi
axtarışların məntiqi yekunu kimi 1975-ci ildə
"VII-VIII siniflərin fakültativ məşğələlərində
qrafiki riyaziyyat elementlərinin tədrisi metodikası"
mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə
müdafiə etdi. Çox keçmədən onun təklif
etdiyi ideyalar, yanaşma tərzi və üsulları
riyaziyyatdan məktəb dərsliklərinə daxil edildi. Şagirdlərə
qrafiki materialların daha effektli öyrədilməsi,
onların qurulması, oxunması və hesablamada tətbiqi
metodiki cəhətdən problemlərlə
qarşılaşırdı. Nəcəf müəllim
qrafiki riyaziyyat elementlərinin tədrisinə dair sistemli şəkildə,
uyğun didaktik prinsiplər əsasında metodiki işləmələr
apararaq vəsaitlər nəşr etdirdi. Məlum oldu ki, məktəbdə
qrafiki riyaziyyatın öyrədilməsi (qrafiki modelləşdirmə,
nomoqramma, qrafiki həll üsulu, qrafiki hesablama və s.) məktəblilərin
alqoritmik mədəniyyətinin və düşüncə
yaradıcılığının inkişafı
üçün çox böyük imkanlar açır,
şagirdlərin idrak fəaliyyətinin inkişafına
müsbət təsir göstərir.
Bu dövrdə dərin riyazi biliyi və zəngin
pedaqoji təcrübəsi ilə seçilən
N.Murğuzovun 1979-cu ildə nəşr olunan "Riyaziyyat
müəlliminin peşəkar pedaqoq
hazırlığı" kitabı riyaziyyat müəllimləri
və pedaqoji institutların
riyaziyyat fakültələrinin tələbələri
üçün çox qiymətli hədiyyə oldu.
Qeyd etmək
lazımdır ki, Nəcəf müəllim əzbərçi
tələbələri sevmirdi. O, daim tələb edirdi ki,
riyaziyyat müəlliminin məntiqi və eyni zamanda
yaradıcı düşüncə qabiliyyəti
olmalıdır. İstənilən teoremi, qoyulan məsələni
dərk edib, sonra onun haqqında fikir söyləməlidir. Mətnləri
öyrənən zaman onları hazır qəbul etməməlidir.
Müəllim "niyə", "nə
üçün" və "necə etməli"
suallarını qoymağı və onlara ən səmərəli,
yığcam cavab tapmağı bacarmalıdır. Bunun
üçün misal və məsələnin həll
alqoritmini, həll ardıcıllığını
düzgün müəyyən etmək lazımdır. Onun dərs
dediyi tələbələr ciddi riyazi məntiqə söykənən
tədris prosesindən keçməli idilər. Kifayət qədər
ağır belə bir prosesin öhdəsindən gəlmək
üçün o, öz tələbələrinə
çalışqanlıq, məntiqi mühakimə, yaradıcılıq, yüksək
iradə və s. müsbət keyfiyyətlər
aşılamağa çalışırdı. Bu gün
öz pedaqoji fəaliyyətində tələbələri
olmuş müəllimlər məhz bu keyfiyyətlərə
görə Nəcəf müəllimi
ehtiramla xatırlayırlar.
Nəcəf müəllim
ixtisasını mükəmməl bilən alim idi. O,
riyaziyyatın müxtəlif sahələrinin əlaqələndirilməsini
zəruri hesab edir və bunu həyata keçirərək yeni
nəticələr əldə etməyi sevərdi. Riyaziyyatın
tədrisində fəndaxili və fənlərarası əlaqələrin
imkanlarından məharətlə istifadə edərək
sistemliyi və inteqrativliyi ön plana çəkərdi. Belə
əlaqələrə əsaslanaraq o, çətin misal və
məsələnin orijinal və asan yolunu göstərərdi.
Nəcəf müəllimin
"VII-VIII siniflərdə təkrarın təşkili
haqqında", "VII sinifdə riyaziyyat üzrə
fakültativ məşğələlərin aparılma təcrübəsi",
"Başlanğıc kursda analitik həndəsənin
elementləri", "X sinifdə eksponensial funksiyaların tədrisi",
"Çevirmə yolu ilə qrafiki funksiyaların
qurulması", "Şagirdlərdə məsələ həlli
yollarının formalaşması", "Məsələ
həlli və yoxlama işlərinə dair praktikum",
"Riyaziyyat həftəsi", "Riyaziyyatın tədrisinin
metodikası", "İbtidai siniflərdə
riyaziyyatın tədrisi metodikası" və s. bu kimi riyaziyyatın tədrisinin aktual
problemləri barədə nəşr etdirdiyi çoxsaylı
dərslik, elmi-metodiki vəsait və məqalələri
respublikamızda yüksək ixtisaslı riyaziyyat müəllimlərinin
hazırlanması və təkmilləşdirilməsində hədsiz
böyük rol oynamış və bu gün də öz
aktuallığını saxlamaqdadır.
Onun nəşr etdirdiyi
dərs vəsaitlərini və elmi-metodiki məqalələrini
bir qayda olaraq respublikanın pedaqoji ictimaiyyəti həmişə
böyük rəğbətlə qarşılamış və onu yüksək səviyyəli
yenilikçi riyaziyyatçı-metodist, müəllim-pedaqoq
kimi qiymətləndirmişdir.
O, 1956-cı ildən
1986-cı ilə kimi respublikanın rayonlarında müntəzəm
olaraq "Pedaqoji oxu" xətti ilə silsilə mühazirələrlə
çıxış etmiş və uzun müddət Gəncə
şəhərində "Gənc riyaziyyatçılar"
məktəbinin rəhbəri olmuşdur. Respublikamız
üçün gənc istedadlı
riyaziyyatçıların aşkara
çıxarılması və hazırlanmasında Nəcəf
müəllimin əməyi əvəzsizdir. Gəncə
şəhərinin təhsil şöbəsi nəzdində
40 ilə yaxın riyaziyyat olimpiadasının təşkilat
komitəsinin sədri kimi fəaliyyət göstərən Nəcəf
müəllim riyazi istedadı olan gənclərin axtarılması, yetişdirilməsi
və inkişaf etdirilməsi sahəsində əlindən gələni
etmişdir. Onun hazırladığı gənc
riyaziyyatçılar şəhər və respublika
olimpiadalarında yüksək yerlər tutaraq öz təhsil
ocaqlarını layiqincə təmsil etmişlər.
1959-1960-cı illərdə
şəhər təhsil şöbəsinin nəzdində
metodkabinetin müdiri kimi Nəcəf müəllim bir
çox məktəblərdə riyaziyyatın tədrisi təcrübəsi
ilə yaxından tanış olmuşdur. Bu
tanışlıq qabaqcıl riyaziyyat müəllimlərinin
müsbət təcrübəsini öyrənməyə və
sistemləşdirməyə şərait yaratdığı
kimi, ayrı-ayrı müəllimlərin işindəki
xarakterik nöqsanları aşkara çıxarmağa və
aradan qaldırmağa imkan vermişdir. 1960-1980-ci illərdə
o, respublikanın şəhər və rayonlarında riyaziyyat
müəllimlərinin təkmilləşdirilməsi üzrə
elmi-metodik komissiyanın üzvü kimi fəaliyyət
göstərmişdir.
1980-ci ildən
ömrünün axırına kimi H.Zərdabi adına Gəncə
Pedaqoji İnstitutunda riyaziyyatın tədrisi keyfiyyətinin
yüksəldilməsi üzrə komissiyanın sədri kimi
o, sistemli şəkildə elmi-metodik seminarlar təşkil etməklə
kadrların ixtisaslarını dərindən mənimsəmələri
üçün riyaziyyatın müasir metodiki problemlərinə
dair işlər aparmışdır.
O, daim məktəblərlə əlaqə saxlayır,
riyaziyyat müəllimlərinə metodik köməklik
göstərirdi. Nəcəf müəllim qabaqcıl
riyaziyyat müəllimlərinin ideya və təcrübələrini
öyrənərək ondan tədrisdə istifadə
olunmasına çalışır, eyni zamanda respublikanın elmi-metodiki
jurnallarında məqalələrlə çıxış
edərək, onların iş üsullarını təbliğ
edirdi. O, vaxtilə keçmiş Maarif Nazirliyi tərəfindən
nəşr olunan "Fizika və riyaziyyatın tədrisi
" jurnalının ən fəal müəlliflərindən
biri idi. Jurnalın az sayı olardı ki, orada Nəcəf
müəllimin təklif etdiyi nümunəvi məsələ
və misallar, yaxud həmin jurnaldakı məsələ-misalların
həllinə dair metodiki göstərişləri olmasın. Belə
yüksək peşəkar metodist-professor Nəcəf
Murğuzov 1983-cü ildən ömrünün sonuna qədər
Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası
kafedrasının müdiri kimi
fəaliyyət göstərdiyi müddətdə respublikamız
üçün yüksək ixtisaslı kadrların
hazırlanmasında əlindən gələni əsirgəməmişdir.
Təsadüfü deyildir ki,
professor N.Murğuzovun elmi-pedaqoji fəaliyyəti dövlət
tərəfindən yüksək qiymətləndirilərək
"Qabaqcıl maarif xadimi", "Əmək igidliyinə
görə", "X beşilliyin qalibi" və s. medal və
döş nişanlarına, dəfələrlə respublika
Maarif Nazirliyinin Fəxri fərmanlarına layiq
görülmüşdür.
Zaman və məkandan
asılı olmayaraq istənilən nöqteyi-nəzərdən
Nəcəf müəllimə baxdıqda onun
böyüklüyü duyulurdu. O, sözün əsl mənasında
insan idi, tanınmış alimlərlə bir sırada
dayanırdı.
İnsan həyatında
ən vacib məsələlərdən biri özünü dərk
etməsidir. N.Murğuzovun sanballı elmi və pedaqoji fəaliyyəti
özünü dərk etmədən xəbər verirdi. O,
söylədiyi fikirlərində
inamlı, çıxardığı bütün qərarlarında
qəti idi. Qəddi-qaməti palıd ağacına bənzəyən,
dağ vüqarlı,
özünə güvənən, təmkinli Nəcəf
müəllimin sözləri kimi baxışı, duruşu
da çox təsirli və nüfuzedici idi. Sözü
birqiymətli, özü haqq-ədalət simvolu olan Nəcəf
müəllim tələbələrini, yaxınlarını həyatda
bütöv və mübariz olmağa səsləyirdi.
Bütün bunlar onun şəxsiyyətinin xarakterik cəhətləri
idi.
27 May 2010-cu il tarixdə,
ölümündən 15 il sonra professor Nəcəf
Murğuzovla bağlı daha bir tarixi gün yaşandı. Gəncə
Dövlət Universitetində onun anadan olmasının 80 illiyi
münasibəti ilə elmi-praktik konfrans keçirildi. Bu
konfransda çıxış edənlərin bəzilərinin
N.Murğuzovla bağlı fikirlərini yada salmaq istəyirik.
Nüvər Nəsrullayev (GDU-nun dosenti, fizika-riyaziyyat
elmləri namizədi):
Nəcəf Murğuzov
yaxşı riyaziyyatçı olmaqla yanaşı, dostluqda
tayı-bərabəri olmayan insan idi. Fakültənin tədris-metodiki
və ictimai-siyasi həyatında fəal idi, öndə
olardı. Elini, obasını, doğma
torpağını böyük məhəbbətlə sevən
Nəcəf müəllimdə möhkəm vətənpərvərlik
hissləri var idi.
İsmayıl Əhmədov (GDU-nun dosenti, pedaqoji elmlər
namizədi):
Nəcəf Murğuzov
yüksək ixtisaslı metodist olmaqla yanaşı, həm də
gözəl insan idi. O, insanları
dinləməyi xoşlayar və az məsləhət
verməyə çalışardı. Onun işgüzar ciddiliyi və yüksək tələbkarlığının
arxasında dərin bir xeyirxahlıq duyulurdu. Nəcəf
müəllim ağsaqqalımız, ürək dostumuz və məsləhət yerimiz idi.
Onun yeri indi tez-tez görünür.
Niftalı Qocayev (BDU-nun professoru, fizika-riyaziyyat elmləri
doktoru):
O, riyaziyyatçı-metodist
kimi özünü respublikada sübut etmişdi. Nəcəf
müəllim tanınmış alimlər - Bəylər
Ağayev və Maqsud Cavadovla birlikdə riyaziyyatın tədrisi
metodikası sahəsində olan problemləri daim müzakirə
edir, elmi-praktik konfranslarda məruzələrlə, elmi-metodiki
jurnallarda silsilə məqalələrlə
çıxış edirdilər. Onlar sanki hiss edirdilər ki,
bu sahədə olan bütün ağırlıq,
bütün yük onların üzərinə
düşür. Ona görə də demək olar ki, "Fizika və
riyaziyyatın tədrisi" jurnalının hər bir
nömrəsində Nəcəf müəllimin məqalələri çap
olunurdu.
Mirzəli Murğuzov (ADPU-nun professoru, fizika-riyaziyyat
elmləri doktoru):
Mənim bütün həyatım
onunla bağlıdır. Onu önümdə
böyük qardaş, ata əvəzi görmüşəm. Onun
böyük mənəvi dayağını daim hiss etmişəm.
Elmi fəaliyyətimin bir çox məqamlarında o, mənə dəstək
olmuşdur. Ona qaytara bilməyəcəyim borcum var.
İlham Mərdanov (BDU-nun professoru, fizika-riyaziyyat elmləri
doktoru):
O, həyat eşqi ilə
yaşayan, Azərbaycan təbiətini
sevən bir insan idi. Nəcəf müəllim çox
gözəl ailə başçısı idi. Ailədə səmimi
olduğu qədər də, ciddi idi. O, əsl azərbaycanlı
kişisi idi.
Artıq 15 ildir ki, Nəcəf
müəllim aramızdan gedib, haqqın dərgahına
qovuşub. Lakin onun ideyaları, əsərləri, əməlləri,
ruhu və çox zaman isə... özü bizimlədir. Gələcəyə
ümidlə, inamla
addımladığımız bu gündə də Nəcəf
müəllim önümüzdədir, ağsaqqalımız
və müəllimimizdir. Nəcəf müəllimdən
keçmiş zamanda danışsaq (nə qədər
ağrılı olsa da ) da o, bizim müasirimizdir.
Nəcəf müəllimin
əziz xatirəsi yaşadığı və işlədiyi
hər yerdə - Qazaxda, Gəncədə, Zaqatalada, Bakıda,
Allah bilir daha haralarda yetirmələrinin, iş
yoldaşlarının, qohumlarının, dostlarının,
bir sözlə, onu tanımaq
xoşbəxtliyi nəsib olan insanların qəlbində
kövrək duyğularla əbədi yaşayır.
Nadir İBADOV,
Xəlil PADAROV
Azərbaycan müəllimi.- 2010.- 11 iyun.- S.5.