Professor Səməd Seyidov "Tələbələrin dostu" və "Onilliyin rektoru" mükafatına layiq görülüb

 

Mayın 26-da Azərbaycan Dillər Universitetinə (ADU) universitet statusu verilməsinin 10 illiyinə və 28 May Respublika gününə həsr olunmuş tədbirdə millət vəkilləri Məlahət Həsənova, Asim Mollazadə, Bəxtiyar Əliyev, Sabir Hacıyev iştirak ediblər. 

ADU-ya universitet statusu verilməsi haqqında ümummilli lider Heydər Əliyevin sərəncamı xatırladılıb, universitet həyatının keçmişini və müasir dövrünü əks etdirən slayd nümayiş olunub.

ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov çıxışında bildirib ki, ADU ölkəmizin beynəlxalq aləmdə təbliğində və tanıdılmasında  üzərinə götürdüyü vacib və mühüm bir missiyanı uğurla həyata keçirir.  Əcnəbi dillərin sivilizasiyalar arasında dialoqun qurulmasında önəmli rol oynadığından danışan ADU-nun rektoru təhsil ocağının bu sahədə 10 il ərzində  böyük uğurlara imza atdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Professor S.Seyidov universitetdə 12 Dil Mərkəzi yaradıldığını, ölkələr arasında əlaqələrin qurulmasında, dialoqun yaradılmasında və mədəniyyətlərin inteqrasiyasında mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Daha sonra rektor ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilmiş festivalda qalib gəlmiş tələbələrə mükafatlar təqdim edərək onlara uğurlar arzulayıb.

Millət vəkilləri Məlahət Həsənova və Asim Mollazadə ADU-nun son 10 il ərzindəki fəaliyyətini yüksək qiymətləndirərək, ADU-nun ölkəmizdə Boloniya prosesinə qoşulan ilk ali təhsil ocağı olduğunu, yüksək ixtisaslı kadrlar hazırlamaqla yanaşı ölkəmizin ictimai həyatında da önəmli rol oynadığını qeyd ediblər.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İctimai Birliyinin sədri, ADU-nun tələbəsi, həmçinin ADU-nun Tələbə Gənclər Təşkilatının sədri Şahin İsmayılov çıxış edərək bütün tələbələr adından universitetin rektoru, professor Səməd Seyidova tələbələrə göstərdiyi yüksək qayğıya, onların istedadlarının üzə çıxarılmasına və xarici əlaqələrin qurulmasına yaxından dəstək verdiyinə görə Tələbə Gənclər Təşkilatının təsis etdiyi "Tələbələrin dostu", Tələbə Həmkarlar Təşkilatının təsis etdiyi "Onilliyin rektoru" mükafatını təqdim edib.

Daha sonra  tədbir iştirakçıları ADU-nun xor kollektivinin, rəqs qruplarının çıxışını, tələbələrin ifasında musiqi və şeir parçalarını da dinləyiblər.

 

 

 Şakir CƏFƏROV

 

 Azərbaycan müəllimi.- 2010.- 11 iyun.- S.5.