Ağstafada "Müasir texnologiyaların təhsildə tətbiqi" mövzusunda regional konfrans keçirilib

 

İyunun 3-də Ağstafa rayonunun Heydər Əliyev Mərkəzində "Müasir texnologiyaların təhsildə tətbiqi" mövzusunda regional konfrans keçirilib. Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində təşkil etdiyi konfransda Ağstafa, Tovuz, Qazax rayonlarının məktəb direktorları, təhsil şöbələrinin işçiləri, müəllimlər, habelə Dövlət Proqramı çərçivəsində Təhsil Nazirliyinin tərəfdaş-təşkilatları olan "Mədəd", AZEDUNET, "Microsoft", "Intel gələcək üçün təhsil proqram" və "Ultra" iştirak ediblər. Dövlət Proqramı çərçivəsində toplanmış müsbət təcrübəni bölüşmək üçün, Bakı məktəblərindən İKT-nin tətbiqi üzrə aparıcı müəllimlər də konfransa dəvətli olublar.

Konfransı giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Lalə Eyyubova təhsilin müasir həyatda vacibliyini qeyd edərək, müasir texnologiyalar vasitəsilə tədrisin daha yüksək səviyyədə qurulduğunu vurğulayıb. L.Eyyubova Ağstafa rayonunda təhsilin informasiyalaşdırılmasına xüsusi diqqət yetirildiyini söyləyib. 

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov çıxışında Dövlət Proqramının komponentləri və proqram çərçivəsində görülmüş işlər haqqında ətraflı məlumat verib.

Konfransda "Mədəd" təşkilatının icraçı direktoru Elbrus Zərbaliyev "Tədrisdə yeni imkanlar, dünya təcrübəsindən istifadə" mövzusunda təqdimatla çıxış edib. E.Zərbaliyev çıxışında Dövlət Proqramı çərçivəsində müəllimlərin İKT-nin tədrisdə tətbiqi üzrə biliklərinin artırılması təlimlərindən geniş danışıb. E.Zərbaliyev qeyd edib ki, Dövlət Proqramı çərçivəsində Azərbaycanın müxtəlif regionlarında müəllimlərə İKT üzrə biliklərin verilməsini "Mədəd" təşkilatı 90 təlim mərkəzi,  250 təlimçi və inzibati heyət vasitəsilə həyata keçirir. Bu təşkilat indiyədək 2,5 min məktəbdə çalışan 40 mindən artıq pedaqoji işçi və inzibati idarəetmə heyətinə treninqlər keçib.

AZEDUNET təşkilatının direktoru Səməd Abbasov Azərbaycan təhsil şəbəkəsi (AZEDUNET) haqqında danışıb. Bildirilib ki, 500 təhsil müəssisəsi artıq Azərbaycan təhsil şəbəkəsinə qoşulmuşdur. Bu il növbəti 500 təhsil müəssisəsinin təhsil şəbəkəsinə qoşulması planlaşdırılıb.

Konfrans çərçivəsində "Elektron təhsil resursların yaradılması", "İnternet tədris vasitəsi kimi",  "Elektron məktəb" layihəsi, "İntel gələcək üçün təhsil" layihəsi və "İnnovativ müəllim müsabiqəsi" mövzularında "dəyirmi masa"lar keçirilib.

 

 

  Azərbaycan müəllimi.- 2010.- 11 iyun.- S.5.