ATİAHİ-nin yaradılmasının 90 illik yubileyi qeyd olunub

 

İyunun 9-da Cənc Tamaşaçılar Teatrında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yaradılmasının 90 illik yubileyi   təntənəli şəkildə qeyd olundu. Tədbiri giriş sözü  ilə açan  ATİAHİ-nin sədri, millət vəkili  Səttar Mehbalıyev dedi ki, ATİAHİ 1920-ci ildən  1999-cu ilədək müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1921-ci ildə ittifaq incəsənət işçiləri həmkarlar ittifaqı ilə birləşərək Maarif və İncəsənət İşçiləri Həmkarlar İttifaqı, 1957-ci ildən Maarif, Ali Məktəb, Elmi İdarə İşçiləri Həmkarlar İttifaqı, 1991-ci ildən Xalq Təhsili İşçiləri Həmkarlar İttifaqı, 1999-cu ildən isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı adlandırılmış və hazırda bu adla  da fəaliyyət göstərir. Həmkarlar ittifaqı yarandığı vaxtdan bu günə kimi öz üzvlərinin əmək, sosial-iqtisadi hüquqları və qanuni mənafelərini müdafiə edir.

İndi həmkarlar təşkilatı öz sıralarında 5810 tədris müəssisəsində çalışan və oxuyan 384480 nəfər təhsil işçisi və tələbəni birləşdirir. Həmkarlar ittifaqı üzvlərinin 251299 nəfəri qadınlar, 133181 nəfəri isə  kişilərdir. Təşkilatın beynəlxalq əlaqələri  də gündən-günə genişlənir. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 2000-ci ildən mənzil qərargahı Brüssel şəhərində yerləşən, öz sıralarında 149 ölkədən 30 milyon təhsil işçisini birləşdirən "Beynəlxalq Təhsil Birliyi"nin üzvüdür.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirdi ki, bu gün ATİAHİ özünün şanlı yubileyini davamlı inkişaf və dünyaya inteqrasiya şəraitində, ölkədə aparılan uğurlu təhsil strategiyasına hər zaman yardım və dəstək, Təhsil Nazirliyi ilə  işgüzar tərəfdaşlıq və səmərəli əməkdaşlıq mühütində fəaliyyət göstərməklə qeyd edir.

Nazir TİAHİ Respublika  Komitəsinin kollektivinin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə  müstəqil Azərbaycanın davamlı inkişaf strategiyasının həyata keçirilməsinə, təhsil sahəsində beynəlxalq standartlara uyğun  islahatların gerçəkləşməsinə, milli təhsil quruculuğunun uğurla başa çatdırılmasına öz   layiqli töhfələrini bundan sonra da verəcəyinə inandığını söylədi.

Təhsil  naziri Misir Mərdanov çıxışında habelə həmkarlar təşkilatı ilə birgə gələcəkdə həyata keçirilməsi vacib olan məsələlərə  aid təkliflərini  bildirdi və  ATİAHİ-nin 90 illik yubileyi münasibətilə bu təşkilatın  bütün kollektivini təbrik  etdi.

Sonra  yubileylə əlaqədar ölkə başçısı tərəfindən imzalanmış sərəncama əsasən həmkarlar təşkilatının əməkdaşlarından 11 nəfərinə "Tərəqqi" medalı, 11 nəfərinə isə "Əməkdar  mədəniyyyət işçisi" fəxri adının döş nişanı və vəsiqələri təqdim olundu. Eyni zamanda tədbirdə Təhsil Nazirliyi tərəfindən həmkarlar təşkilatının 24 fəal üzvünə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı və Azərbaycan Həmkarlar İttifaqları  Konfederasiyasının İcraiyyə Komitəsi tərəfindən 22 həmkarlar ittifaqı fəalına    isə "Həmkarlar ittifaqında xidmətə görə"  medalı da verildi.

 

 

 Şakir CƏFƏROV

 

 Azərbaycan müəllimi.- 2010.- 11 iyun.- S.2.