Azərbaycan Dillər Universitetində təhsil yarmarkası
İyunun 5-də Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksinin Amerika Mərkəzində "Amerikada təhsil al" adlı təhsil yarmarkası keçirilib. Yarmarka ABŞ-ın ölkəmizdəki səfirliyinin, ABŞ təhsilli Azərbaycan Məzunları Assosiasiyası və Bakı Təhsil Məlumat Mərkəzinin (BTMM) təşkilatçılığı ilə baş tutub. Təhsil yarmarkasında ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov, millət vəkili Asim Mollazadə və ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson iştirak ediblər. Yarmarkada Amerika və Azərbaycan universitetlərini bitirən məzunlar iştirak ediblər. Məzunlar bakalavr, magistr və aspirantura proqramları üzrə öz təcrübələrini bölüşüblər.
ABŞ universitetlərini bitirən məzunlar təhsil yarmarkasına gələn qonaqlara ABŞ-da təhsil imkanları barədə ətraflı məlumat veriblər. Təhsil yarmarkasında ABŞ-da təhsil almaq istəyən gənclər müxtəlif universitetlərin fəaliyyətini əks etdirən buklet və materiallarla tanış olublar. Qeyd edək ki, sərgidə ABŞ-ın 30-a yaxın universiteti, o cümlədən Prinston, Con Hopkins, Çikaqo, Denver, Corc Vaşinqton və Arkanzas universitetləri təmsil olunub.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2010.- 11 iyun.- S.1.