Azərbaycan təhsili:
yaxın keçmişə, bu günə və gələcəyə
bir baxış
(Əvvəli qəzetimizin ötən saylarında)
Hörmətli oxucular,
bir ildən artıq müddətdə Azərbaycan təhsilinin
hər bir pilləsi və səviyyəsi üzrə
inkişaf meyilləri, problemlər və perspektivlər barədə
fikirlərimizi, həyata keçirilən konkret tədbirlər
haqqında məlumatları, ölkə təhsilində
aparılan islahatların nəticələrini sizin diqqətinizə
çatdırmaq istədim. Buna nə dərəcədə
nail olduğumu, əlbəttə, daha yaxşı siz qiymətləndirə
bilərsiniz. Lakin qeyd etmək istərdim ki, bu məqalələrdə
son dərəcə səmimi şəkildə ən ciddi
problemləri belə sizin mühakimənizə təqdim etməyə
çalışdım. Hesab edirəm ki, bu, düzgün
yoldur. Təhsilin inkişafı ümummilli məsələ
kimi hamını düşündürməlidir. Bu məqalədə
isə son illərdə təhsil sahəsində əldə
olunan nailiyyətləri kompakt şəkildə diqqətinizə
təqdim etmək fikrindəyəm.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti
və genişmiqyaslı islahatçı fəaliyyəti, müstəsna
təşkilatçılığı sayəsində son illərdə
qazanılmış nailiyyətlər birmənalı şəkildə
ulu öndər Heydər Əliyevin dövlətçilik
ideallarına sadiqliyinin parlaq təcəssümü olmaqla hər
bir Azərbaycan vətəndaşının qəlbində milli
iftixar və ölkəmizin işıqlı gələcəyinə
dərin inam hisslərini daha da gücləndirmişdir.
Əsası ulu öndər
Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və
iqtisadi kurs möhtərəm Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilmiş, Azərbaycan yalnız regionun deyil,
həm də Avropanın siyasi cəhətdən ən stabil
ölkəsinə çevrilmiş, beynəlxalq aləmdə
yüksək nüfuz qazanmış, iqtisadi inkişaf tempinə
görə dünyada lider ölkələr sırasına
daxil olmuşdur. Nazirlər Kabinetinin 2009-cu ilin yekunlarına həsr
olunmuş iclasında ölkə Prezidenti cənab İlham Əliyev
tərəfindən bəyan edilmiş ölkənin əsas
iqtisadi inkişaf göstəriciləri bunu bir daha sübut
edir: 2009-cu ilin yekunlarına görə, Azərbaycan dünya
miqyasında ən sürətlə inkişaf edən ölkələr
sırasında olmuşdur. Dünya İqtisadi Forumunun
hesabatında Azərbaycan rəqabətqabiliyyətliliyinə
görə dünyada 51-ci, MDB məkanında 1-ci yerdədir.
Bütün dünyanın güclü maliyyə
böhranı ilə üzləşdiyi 2009-cu ildə Azərbaycanda
ümumi daxili məhsul 9,3 faiz, sənaye istehsalı 8,6 faiz, kənd
təsərrüfatı istehsalı isə 3,5 faiz
artmışdır. 2008-ci ildə ölkəmizdə inflyasiya
21 faiz olmuşdusa, 2009-cu ildə inflyasiyanın səviyyəsi
1,5 faizə enmişdir. Azərbaycana 9,2 milyard dollar investisiya
qoyulmuşdur ki, bunun 7,3 milyardı daxili sərmayələrdir.
İl ərzində ölkədə bir neçə
irimiqyaslı layihələrin təməli qoyulmuş, yaxud icra
edilmişdir: xarici investorlar tərəfindən maliyyələşdirilən
yeni böyük sement zavodunun təməli qoyulmuşdur. Bu müəssisəyə təxminən 400 milyon
dollar investisiya qoyulacaqdır. Ekoloji vəziyyətin
yaxşılaşdırılmasına xidmət edəcək
yeni məişət tullantıları emalı zavodunun təməli
qoyulmuşdur. Zavoda qoyulacaq investisiyalar təxminən
400 milyon dollar səviyyəsindədir. "Sumqayıt
texnopark"ın müəyyən hissəsi artıq istifadəyə
verilmişdir və nəhəng tikinti-quraşdırma işləri
davam etdirilir. Orada ən azı 10 nəhəng
zavod qurulacaq, investisiyaların həcmi ilkin hesablamalara görə
100 milyon dollar təşkil edəcəkdir.
2009-cu ildə ölkənin
valyuta ehtiyatları da artaraq 20,4 milyard
dollara çatmışdır. Regionların sosial-iqtisadi
inkişafı prosesi uğurla davam etmiş, son 6 il ərzində 840 min iş yeri, 2009-cu ildə
isə 74 min yeni iş yeri açılmışdır.
Altı il bundan əvvəl Azərbaycan vətəndaşlarının
təxminən 50 faizə yaxını yoxsulluq səviyyəsində
yaşayırdı, bu gün bu göstərici 11 faizdir.
2008-ci illə müqayisədə 2009-cu ildə yoxsulluq səviyyəsi
13,2 faizdən 11 faizə
düşmüşdür.
2009-cu ildə
Azərbaycanda 840 meqavatlıq yeni enerji gücləri
yaradılmış, "Sumqayıt",
"Şahdağ" böyük elektrik stansiyaları tikilib
istifadəyə verilmişdir. 2009-cu ildə xarici
siyasət sahəsində çox vacib addımlar
atılmış, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli istiqamətində
müəyyən irəliləyiş olmuşdur.
Danılmaz
faktdır ki, qısa müddət ərzində Azərbaycanın
bütün sahələrdə sürətli inkişafı
ölkə Prezidenti cənab İlham Əliyevin yeni idarəetmə
modeli sayəsində mümkün olmuşdur. Təsadüfi
deyildir ki, dünyanın nüfuzlu ekspertləri və
iqtisadçıları Azərbaycanın dinamik
inkişafının səbəblərini də məhz
İlham Əliyevin ölkəni elmi tədqiqatlara və
strateji təhlillərə əsaslanan proqramlarla idarəetmə
modelinin nəticəsi kimi qiymətləndirirlər.
Onu da qeyd etmək
lazımdır ki, cənab İlham Əliyevin yeni idarəetmə
modeli təhsil sistemində də müasir menecment modellərinin
tətbiqini şərtləndirmişdir. Son illərdə
təhsil sahəsində əhəmiyyətli nailiyyətlərin
əldə olunması da təhsilin idarəolunması
sisteminin təkmilləşdirilməsi ilə bilavasitə
bağlıdır. Təhsil Nazirliyinin strukturunda dəyişikliklərin
edilməsi, Monitorinq və qiymətləndirmə (təhsilalanların
nailiyyətlərinin qiymətləndirilməsi, təhsil
müəssisələrinin fəaliyyətinin monitorinqinin
aparılması), Təhsilin idarəolunmasının məlumat
sistemləri (təhsil sistemi haqqında onlayn yeniləşdirilən
elektron məlumat bazasının yaradılması, məlumatların
təhlili və hesabatların hazırlanması), Strateji təhsil,
planlaşdırma və kadrların idarəolunması (təhsil
sektorunun ayrı-ayrı sahələri üzrə strateji təhlillərin
aparılması, fəaliyyətin
planlaşdırılması, təhsilin perspektiv inkişaf
istiqamətlərinin və prioritetlərinin müəyyənləşdirilməsi,
kadr siyasətinin formalaşdırılması və kadr təminatının
həyata keçirilməsi), Akkreditasiya (təhsil müəssisələrinin
akkreditasiyası, təhsil proqramlarının
akkreditasiyası, təhsil müəssisələrinin fəaliyyətinə
lisenziyanın verilməsi, keyfiyyətə nəzarətin təmin
edilməsi) şöbələrinin yaradılması nazirliyin
idarəetmə potensialını xeyli gücləndirmiş,
çevik idarəetməyə zəmin yaratmışdır. Hazırda nazirliyin mərkəzi aparatında 16
şöbə, 8 sektor, nazirliyin nəzdində isə təsərrüfathesablı
tikinti, İKT və de-institutlaşdırma idarələri fəaliyyət
göstərir. Mərkəzi aparatda 147 nəfər
çalışır ki, onlardan 4 nəfər elmlər
doktoru, 23 nəfər elmlər namizədi, 120 nəfər isə
təcrübəli mütəxəssislərdir.
Ölkə
Prezidentinin "Təhsil Nazirliyində
düşünülmüş proqram, konsepsiya vardır"
fikri fəaliyyətimizə verilən yüksək qiymət olmaqla
yanaşı, çevik idarəetmə modellərinin tətbiqi
istiqamətində səylərimizi daha da artırmağa
istiqamətləndirir.
Təhsil xərclərinin
ilbəil artması Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin təhsili dövlət siyasətinin əsas
prioritetlərindən biri hesab etməsi ilə birbaşa
bağlıdır. Təhsil sistemi qarşısında duran əsas
vəzifələri müəyyənləşdirərkən
möhtərəm Prezident vurğulayır ki, "Biz maddi dəyərlərimizi,
iqtisadi potensialımızı insan kapitalına çevirməliyik",
"Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz
bundan uğurla və məharətlə istifadə edirik.
Amma gec-tez bu təbii sərvətlər tükənəcək
və bilik, zəka, səviyyə isə ölkəmizin
dayanıqlı inkişafını uzun illər bundan sonra təmin
edəcəkdir. Ən inkişaf etmiş
ölkələrin təcrübəsinə baxsaq görərik
ki, o ölkənin inkişafında ən aparıcı rol
oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni
texnologiyalardır". Bu mənada "təhsil
əsri" elan edilən XXI əsrdə yüksək intellektə
malik insan kapitalının formalaşması və
güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu
heç vaxt indiki qədər aktual olmamışdır.
Son illərdə
təhsil xərclərinin artmasının əsasında da həmin
konseptual müddəalar dayanır. Təhsilə
ayrılan büdcə 2003-cü illə müqayisədə 5
dəfədən çox artaraq 2008-ci ildə 1.1 milyard manata
çatmış, 2009-cu ildə isə 1.3 milyard manat təşkil
etmişdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev hər
il yeni tikilən, əsaslı təmir və
bərpa edilən təhsil müəssisələrində
olmuş, müəllimlər, şagirdlər və valideynlərlə
görüşmüş, onların fikirlərini dinləmiş,
təhsil sistemi işçiləri qarşısında duran
mühüm vəzifələrdən
danışmışdır.
Dövlət
başçısı tərəfindən hər il təhsilin inkişafı ilə əlaqədar
çoxsaylı sərəncamlar imzalanır, son illərdə
ölkə Prezidenti 150-dən çox belə sərəncam
imzalamışdır.
Təhsil tariximizdə ilk dəfə
olaraq Azərbaycan Respublikası Prezidentinin "Ən
yaxşı ümumtəhsil məktəbi və ən
yaxşı müəllim mükafatlarının təsis
edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli Sərəncamı
imzalanmış, 2008 və 2009-cu illərdə "Ən
yaxşı ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələri
keçirilmiş, həmin illərdə "Ən
yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin
qalibi olmuş 100 məktəbin hər birinə 10000 manat,
"Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi olmuş 200 müəllimin hər birinə 5 000 manat məbləğində
birdəfəlik pul mükafatı verilmişdir. Bu müsabiqə məktəb və müəllimlər
arasında sağlam rəqabəti, innovativ fəaliyyəti
gücləndirməklə təhsilin keyfiyyətinin yüksəlməsinə
müsbət təsir göstərmişdir.
Azərbaycanda
təhsilə, təhsil işçilərinə diqqət və
qayğının parlaq təzahürüdür ki, son illərdə
elm və təhsilin inkişafındakı xidmətlərinə
görə 1000-dən çox təhsil işçisi
yüksək dövlət təltiflərinə, fəxri
adlara və fərdi təqaüdlərə layiq
görülmüşdür. Yalnız 2009-cu ildə 312 nəfər
təhsil işçisi ölkə Prezidentinin sərəncamları
ilə müxtəlif fəxri adlarla, orden, medal və fərdi
təqaüdlərlə təltif olunmuşdur.
Məhz
dövlət başçısının təhsilə diqqət
və qayğısının nəticəsidir ki, təhsil
tariximizdə ilk dəfə olaraq 16
inkişafyönümlü dövlət proqramı təsdiq
olunmuş və uğurla həyata keçirilməkdədir. Təhsilin ayrı-ayrı
sahələrinin inkişafı üzrə real vəziyyətin
təhlili əsasında hazırlanıb təsdiq edilmiş
bu proqramların reallaşdırılması nəticəsində
müəssisələrin fəaliyyətinin qiymətləndirilməsi,
təhsil infrastrukturunun müasir tələblərə
uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi,
yeni dərslik siyasətinin reallaşdırılması, təhsilalanların
nailiyyətlərinin qiymətləndirilməsi üzrə
yeni model və mexanizmlərin tətbiqi, əmək
bazarının tələbatına uyğun kadr
hazırlığı və təminatının
yaxşılaşdırılması, təhsil müəssisələrinin
informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi
və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər,
texniki peşə, ali təhsil, xaricdə təhsil,
istedadlı uşaqların inkişafı, xüsusi qayğıya
ehtiyacı olan uşaqların təhsilinin təşkili,
de-institutlaşdırma və digər bu kimi sahələrdə
əhəmiyyətli nailiyyətlər əldə
olunmuşdur.
Son 20 ildə heç bir məktəbəqədər
təhsil müəssisəsi tikilmədiyi halda, son 2 ildə
ilk dəfə olaraq ölkə üzrə 28 yeni uşaq
bağçası tikilib istifadəyə verilmiş, 31 məktəbəqədər
təhsil müəssisəsi əsaslı təmir edilmiş,
müasir avadanlıqlarla təchiz olunmuşdur. Həyata
keçirilən tədbirlər nəticəsində Bakı
şəhərində bağçalara cəlb olunmuş
uşaqların sayı 6 min nəfər artmış, təhsilin
bu pilləsi üzrə əhatə səviyyəsi 26 faizi
ötmüşdür. Müstəqillik
tariximizdə ilk dəfə olaraq uşaq bağçaları
üçün müasir tələblər səviyyəsində
137 adda təlim vəsaitləri hazırlanıb müəssisələrə
çatdırılmışdır.
Son illərdə Azərbaycanda
birnövbədə 550 min şagird yerlik 2000-dək yeni məktəb
binasının tikilməsi və əsaslı təmiri, məktəblərin
infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər
Əliyev Fondunun müstəsna xidmətləri, 708 məktəbin
müasir avadanlıqlarla, o cümlədən 119 məktəbin
müasir kimya və fizika laboratoriyaları ilə təmin
edilməsi, 700 məktəbin istilik sisteminin təmir və bərpa
olunması təhsil tariximizdə ən əlamətdar hadisələrdəndir.
Əlbəttə,
aparılan genişmiqyaslı işlər yalnız təhsil
infrastrukturunun yeniləşdirilməsi ilə bağlı
olmamışdır. Bu sahədə əhəmiyyətli
nailiyyətlərin əldə edilməsi və müasir tələblərə
uyğun şəraitin yaradılması məzmun
islahatları üçün əlverişli zəmin
yaratmışdır. Son illərdə
Dünya Bankının maliyyə yardımı ilə həyata
keçirilən islahatyönümlü tədbirlərin
böyük əksəriyyəti məhz ümumi təhsilin məzmununun
yeniləşdirilməsinə və mütərəqqi
dünya təcrübəsinə
uyğunlaşdırılmasına yönəlmişdir.
Əsas məqsəd şagirdlərin idrak fəallığını,
ümumi inkişafını ləngidən mövcud
"yaddaş məktəbi"ndən "təfəkkür
və düşüncə məktəbi"nə keçmək
və bu əsasda ümumi təhsilin müasir modelini qurmaqdan
ibarətdir.
2008-2009-cu tədris ilində
ümumtəhsil məktəblərinin I siniflərində tədrisə
yeni fənn kurikulumları və müasir dərsliklərlə
başlanmış, bu proses 2009-2010-cu dərs ilində I və
II sinifləri əhatə etmişdir. Yeni
kurikulumların tətbiqi ilə əlaqədar həmin siniflərdə
işləyən 18 minədək müəllim xüsusi
proqram əsasında öyrədici təlim kurslarından
keçirilmiş və nümunəvi tədris materialları
ilə təmin edilmişlər.
Yeni məzmun
yeni nəsil dərsliklərin hazırlanmasını zəruri
etmişdir. 2003-2009-cu illərdə milli mənəvi dəyərlər
əsasında müasir tələblərə uyğun məzmunda
ümumilikdə 35 milyon nüsxə dərslik çap
edilmişdir. Təhsil tariximizdə ilk dəfə olaraq
yeni kurikulum tətbiq edilən I və II siniflər
üçün dərslik komplektləri (şagird
üçün dərslik, iş dəftəri, müəllim
üçün vəsait) hazırlanmış, Dərslikləri
Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirilib
müsbət rəy alındıqdan sonra çap
edilmişdir.
Məktəb
kitabxanaları uşaq ensiklopediyaları, Azərbaycan və
xarici ölkə yazıçılarının əsərləri
ilə təmin edilmişdir. Heydər Əliyev Fondunun yaxından
köməyi ilə ayrı-ayrı fənlər üzrə
140 adda 1,4 milyon nüsxə tədris-əyani
vəsait hazırlanaraq məktəblərə verilmişdir. Məktəblər 19 adda 351 min nüsxə xəritə
ilə təmin edilmişdir.
Dünya təcrübəsinə
uyğun olaraq ölkəmizdə məktəbdaxili, milli və
beynəlxalq qiymətləndirməni əhatə edən yeni
qiymətləndirmə sisteminə keçilmişdir. Təhsil tariximizdə ilk dəfə
olaraq məktəbdaxili qiymətləndirmənin diaqnostik
(konkret bir mərhələdə təhsilalanın nailiyyətlərinin
səviyyəsinin müəyyən edilməsi), formativ (təlim
prosesinin hər hansı bir mərhələsi
üçün müəyyən olunmuş nəticələr
əsasında şagirdlərin bilik və
bacarıqlarının formalaşma səviyyəsinin qiymətləndirilməsi)
və summativ (təhsilin hər hansı bir mərhələsində
(tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin
əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi)
qiymətləndirmə növlərinin tətbiqinə
başlanmışdır.
İlk dəfə
olaraq 2008-2009-cu dərs ilində respublikanın bütün
ümumtəhsil məktəbləri və peşə liseylərində
orta təhsil kursu üzrə buraxılış imtahanları
mərkəzləşdirilmiş qaydada keçirilmişdir. Nəticədə mərkəzləşdirilmiş
buraxılış imtahanlarında əla qiymətlər
almış məzunların 51 faizi 2009-cu ildə ali məktəblərə
qəbul imtahanlarında 500-700 bal toplamışdır.
Əlbəttə,
yeni qiymətləndirmə sisteminin əleyhdarları da
olmuşdur, lakin ümumilikdə qiymətləndirmə sahəsində
yeni sistemin tətbiqi, müəllimlərin, məktəb rəhbərlərinin,
şagirdlərin, eləcə də valideynlərin məsuliyyətinin
artırılmasına zəmin yaratmaqla, cəmiyyət tərəfindən
rəğbətlə qarşılanmışdır. Bununla belə,
biz yeni qiymətləndirmə sisteminin tədricən, varislik
gözlənilməklə tətbiqinə üstünlük
veririk.
Eyni zamanda Azərbaycan
təhsilində ilk dəfə olaraq milli (ölkə səviyyəsində
təhsilalanların nailiyyətlərinin səviyyəsinin
qiymətləndirilməsi) və beynəlxalq qiymətləndirmə
(ölkədə təhsil səviyyəsinin digər ölkələrlə
müqayisəli təhlilini aparmağa yönəlmiş qiymətləndirmə)
tədbirləri həyata keçirilmişdir və bu
addımlar davam etdirilməkdədir.
Dünya və beynəlxalq fənn
olimpiadalarında Azərbaycan məktəbliləri 11
qızıl, 28 gümüş, 60 bürünc olmaqla
ümumilikdə 99 medal qazanmışlar. Əhalisinin
sayının az olmasına baxmayaraq,
medalların sayına görə Azərbaycan dünya ölkələri
arasında ilk onluqda yerini qoruyub saxlamışdr.
2009-cu ildə Təhsil
Nazirliyi sistemində fəaliyyət göstərən
uşaq-gənclər idman məktəblərinin yetirmələri
respublika birinciliyi, çempionat və digər
yarışlarda 287 qızıl, 194 gümüş, 1181
bürünc olmaqla ümumilikdə 1662 medal, Avropa, dünya
birinciliyi və çempionatlarında və digər beynəlxalq
yarışlarda 57 qızıl, 51 gümüş, 60
bürünc olmaqla, ümumilikdə 168 medal qazanmışlar.
Təhsilin
informasiyalaşdırılması sahəsində əhəmiyyətli
nailiyyətlər əldə edilmişdir. Dövlət
Proqramları çərçivəsində ölkənin
ümumtəhsil məktəbləri İKT ilə təmin
edilmiş, hər 20 şagirdə bir kompüter nisbəti təmin
olunmuşdur. Halbuki 2004-cü ildə hər
1063 şagirdə bir kompüter düşürdü.
500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə
(İntranet) və İnternet şəbəkəsinə
qoşulmuş, inzibati, pedaqoji və texniki heyət əhatə
olunmaqla 40 min nəfər müvafiq treninqlərdən
keçərək İKT bacarıqlarına yiyələnmişdir.
Təhsil tariximizdə ilk dəfə olaraq fənlər
üzrə elektron tədris resursları hazırlanıb məktəblərə
verilmiş, 20 məktəbdə "elektron məktəb"
layihəsi həyata keçirilməyə
başlanmışdır. I-X siniflər
üçün "İnformatika" dərslikləri
hazırlanmış, bütün siniflərdə
informatikanın tədrisinə başlanmışdır.
Təhsillə bağlı məlumat
və resursların toplanması, onların təhlükəsizliyinin
təmin edilməsi məqsədilə Məlumat və Resurs Mərkəzi,
ictimaiyyəti təhsil sahəsindəki yeniliklərlə
operativ məlumatlandırmaq və elektron tədris
resurslarından istifadəni təmin etmək məqsədilə
Milli Təhsil Portalı, təhsil sahəsində çevik
idarəetmə sisteminin yaradılması məqsədilə
Milli Təhsil Məlumat Bazası yaradılmışdır.
Bir şagirdə
bir kompüter konsepsiyasının
reallaşdırılması məqsədilə
"İntel" şirkəti ilə birlikdə 400 şagirdə
noutbuklar verilmişdir. "Xalq kompüteri" layihəsi
çərçivəsində 5000 müəllim kompüterlə
təmin olunmuşdur.
Kadr təminatı sahəsində
2005-2009-cu illəri əhatə edən Proqram başa
çatdırılmış, ümumilikdə 6179 müəllim
stimullaşdırıcı tədbirlər tətbiq edilməklə
respublikanın ucqar kənd məktəblərinə göndərilmişdir.
Beləliklə, ucqar kənd məktəblərində
kadra olan kəskin ehtiyac ödənilmişdir. Respublikanın ümumtəhsil məktəblərinə
müəllimlərin işə qəbulu sahəsində yeni
mexanizmlərin tətbiqinə başlanmış, Bakı
şəhərində müəllimlərin işə qəbulu
elektron vasitələr əsasında, ikimərhələli
müsabiqə mexanizmi tətbiq olunmaqla həyata
keçirilmişdir.
Modul-kredit
sisteminə əsaslanan, rəqabət mühitinin
yaradılmasını, proqramların akkreditasiyasını,
stimullaşdırıcı vasitələrin tətbiqini,
karyera inkişafını nəzərdə tutan yeni
ixtisasartırma təhsili modeli hazırlanmışdır.
De-institutlaşdırma
Proqramına əsasən, Dövlət Uşaq Müəssisələrinin
Transformasiyası üzrə Baş Plan hazırlanmış və
2009-cu ilin aprelində hökumət tərəfindən təsdiq
edilmişdir.
Plana əsasən 9 ümumtəhsil internat məktəbi
ümumtəhsil məktəbinə çevrilmiş və
dövlət uşaq müəssisələrinin sayı 55-dən
46-ya enmişdir. Aparılmış tədqiqat nəticəsində
müəyyən edilmişdir ki, 46 dövlət uşaq
müəssisəsində təlim-tərbiyə alan 10054
uşaqdan 3960 nəfəri müəssisədə gecələyir,
6490 nəfər isə müəssisədə yalnız təhsil
alır. Tədqiqat əsasında
yaradılmış məlumat bazasında hər bir uşaq
haqqında geniş məlumatlar öz əksini
tapmışdır. Təhsil tariximizdə
ilk dəfə olaraq Bərdə, Mingəçevir, Bakı
şəhərinin Suraxanı, Xəzər və Sabunçu
rayonlarında günərzi qayğı və
reabilitasiya-inkişaf mərkəzləri yaradılmışdır.
Mərkəzlərin binaları əsaslı təmir
edilmiş, inkişafetdirici təlim materialları, reabilitasiya
yönümlü avadanlıqlarla təmin edilmişdir. YUNİSEF-in Bişkek şəhərində
keçirilən konfransında Azərbaycanda
de-institutlaşdırma sahəsində həyata keçirilən
Transformasiya planı digər ölkələr
üçün nümunə kimi qəbul edilmişdir.
Texniki peşə təhsilinin
inkişafı üzrə Dövlət Proqramına əsasən
Qəbələdə Turizm və Otelçilik üzrə
Peşə Tədris Mərkəzi yaradılmış, 8
texniki peşə təhsili müəssisəsi əsaslı
təmir edilmiş və müasir avadanlıqla təmin
olunmuşdur. İsmayıllı rayonunda Turizm və
Otelçilik üzrə Peşə Tədris Mərkəzinin
tikintisi aparılır. Son 20 ildə
müxtəlif peşələr üzrə ilk dəfə
olaraq 8 adda dərslik hazırlanmışdır. YUNESKO,
Avropa Komissiyası, Cənubi Koreyanın DAEWOO şirkəti,
Heydər Əliyev Fondu, Azərsun Holdinq şirkəti, KÜR
MMC ilə birgə layihələrin icrasına
başlanmışdır.
Ali təhsilin
inkişafı sahəsində mühüm nailiyyətlər əldə
olunmuş, Azərbaycan Boloniya prosesinə qoşulmuş,
Avropa təhsil məkanına inteqrasiya istiqamətində əhəmiyyətli
addımlar atılmışdır. YUNESKO və digər beynəlxalq
qurumların sənədlərinə, habelə beynəlxalq təsnifat
strukturuna uyğun olaraq ali təhsilin
bakalavr səviyyəsi ixtisaslarının
(proqramlarının) yeni siyahısı hazırlanmış və
hökumət tərəfindən təsdiq edilmişdir. 19 ali təhsil müəssisəsi akkreditasiyadan
keçmiş, Təhsil Nazirliyi sistemində olan 29 təhsil
müəssisəsində və bütün özəl ali məktəblərdə
kredit sistemi tətbiq edilmişdir. Yeni konsepsiya və
strategiya əsasında ibtidai sinif müəllimlərinin
hazırlığına başlanmış, "Təhsilin əsasları"
adlı yeni fənn tətbiq edilmişdir.
Ali təhsil müəssisələrinin
infrastrukturunun inkişafı sahəsində əhəmiyyətli
işlər görülmüş, 5 universitet
üçün əlavə korpuslar inşa edilmiş, 21
universitet əsaslı təmir olunmuş, 3 ali məktəb
üçün yeni binalar tikilməkdədir.
"2009-2013-cü illərdə
Azərbaycan Respublikasının ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramı"nın icrası istiqamətində ölkə
Prezidentinin 10 fevral 2010-cu il tarixli "Ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi
barədə" fərmanı imzalanmışdır. Fərmanda
qeyd edilmişdir ki, sürətli dəyişikliklərin
baş verdiyi hazırkı vaxtda cəmiyyətin sosial-iqtisadi
tərəqqisində, rəqabətədavamlı insan
kapitalının formalaşmasında, davamlı inkişafa zəmin
yaradan bilik iqtisadiyyatının qurulmasında ali
təhsilin müstəsna rolu vardır. Qloballaşmanın
geniş vüsət aldığı müasir dövrdə hər
bir ölkənin iqtisadiyyatının dinamik inkişafı,
onun uğurlu gələcəyi, inkişaf etmiş ölkələr
sırasına daxil olması həmin ölkədə təhsilin
səviyyəsi ilə müəyyən olunur. Bu cəhətdən
ölkənin malik olduğu təbii sərvətlərin cəmiyyətin
hərəkətverici qüvvəsi olan insan kapitalına
çevrilməsi ali təhsil
qarşısında duran müstəsna əhəmiyyətə
malik əsas vəzifədir. Bütün bu amillər
respublikada ali təhsil sahəsində
islahatların istiqamətlərinin dünyada ali təhsilin
inkişaf tendensiyalarına uyğun müəyyənləşdirilməsi
zərurətini qarşıya qoyur.
Həmin amillər nəzərə
alınaraq Fərmanda 2010-2011-ci tədris ilindən
başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət
göstərən ali təhsil müəssisələrində
büdcə vəsaiti hesabına maliyyələşdirmənin
dövlət sifarişi əsasında həyata keçirilməsi,
dövlət büdcəsinin vəsaiti hesabına dövlət
sifarişi ilə ali təhsil müəssisələrində
kadr hazırlığının adambaşına maliyyələşdirmə
prinsipinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Hazırda Fərmanın icrası istiqamətində
tədbirlər görülməkdədir.
Hazırda dünyanın
aparıcı universitetlərində müxtəlif mənbələr
hesabına təhsil alan Azərbaycan gənclərinin
sayı 10 mini ötmüşdür. "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xaricdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində
dünyanın 23 ölkəsinə 498 nəfər təhsil
almağa göndərilmişdir. Azərbaycanın ali təhsil müəssisələrində təhsil
alan əcnəbilərin sayı 7 minə
çatmışdır.
Dünya Bankı ilə son
10 ildə təhsil sahəsində səmərəli əməkdaşlıq
və həyata keçirilən uğurlu islahatlar nəzərə
alınaraq, Azərbaycan pilot ölkə kimi müəyyənləşdirilmiş,
Dünya Bankı tərəfindən digər ölkələr
üçün nümunə kimi qəbul edilmiş, bu sahədə Azərbaycan təcrübəsinin
öyrənilməsi tövsiyə olunmuşdur. Əgər əvvəllər təhsil islahatları
sahəsində təcrübə öyrənmək
üçün xarici ölkələrə təlim səfərləri
edirdiksə, indi Dünya Bankının tövsiyəsinə əsasən,
xarici ölkələrdən Azərbaycana təlim səfərləri
nəzərdə tutulmuşdur.
Ali məktəb elmi sahəsində
bir sıra uğurlar əldə edilmiş, ali
məktəblərin kafedralarında və elmi-tədqiqat
müəssisələrində çalışan alimlər
tərəfindən müxtəlif elm sahələrində
alınmış nəticələrdən 170-i mühüm
elmi nəticə kimi respublika üzrə hesabata daxil edilmək
məqsədilə AMEA-ya təqdim edilmişdir. Nazirlər
Kabineti tərəfindən təsdiq edilmiş siyahıya əsasən
Təhsil Nazirliyi sistemindəki ali məktəblərdə
68 elmi konfrans, o cümlədən 12 beynəlxalq və 56
respublika səviyyəli elmi konfrans keçirilmişdir. 2009-cu
ildə ali məktəb alimlərinin
ixtiralarına 69 patent alınmışdır.
Ali məktəb
əməkdaşları tərəfindən 2009-cu ildə 33
doktorluq, 145 namizədlik dissertasiyası müdafiə
olunmuşdur.
Ali məktəblərdə çalışan alimlər tərəfindən
323 monoqrafiya, 308 dərslik, 522 dərs vəsaiti, 1285 adda
proqram və metodik ədəbiyyat nəşr etdirilmişdir. İl ərzində xarici jurnallarda alimlərimizin
1736 məqaləsi, beynəlxalq konfransların
materiallarında 1279 məruzə tezisi nəşr
edilmişdir. Elmi İnformasiya İnstitutu (İnstitute
for Scientific İnformation) tərəfindən tərtib
edilmiş, təsir əmsalı (impakt faktoru) olan jurnallarda ali məktəb alimləri tərəfindən
116 elmi məqalə çap edilmişdir.
Davamlı insan
inkişafı sahəsində ölkənin təhsil müəssisələrində
həyata keçirilən islahatlar BMT tərəfindən
yüksək qiymətləndirilmiş, Azərbaycan təcrübəsi
bütün üzv ölkələrə nümunə kimi
tövsiyə olunmuşdur.
Əlamətdar
haldır ki, Azərbaycan təhsil sahəsində həyata
keçirilən islahatlar baxımından həm bir sıra
postsovet, həm də region ölkələrini hissolunacaq dərəcədə
qabaqlamışdır. Rusiya Federasiyasının Prezidenti D.Medvedyevin 2009-cu il
xalqa müraciətində Rusiya təhsil sistemi
qarşısında bir sıra vəzifələr, o cümlədən
şagirdlərin nailiyyətlərinin kompleks qiymətləndirilməsi,
yeni layihələr üzrə məktəb binalarının
tikintisi və rekonstruksiyası, məktəblərin geniş
zolaqlı İnternet şəbəkəsinə
qoşulması, əlverişli məktəb mühitinin
yaradılması, inklüziv təhsil üzrə beşillik
proqramın qəbul edilməsi, məktəblərin müstəqilliyinin
genişləndirilməsi, onlara maliyyə müstəqilliyinin
verilməsi, ixtisasartırma təhsilinin ən yaxşı məktəblərin
bazasında təşkil edilməsi, maliyyə vəsaitinin
ixtisasartırma təhsili proqramlarının seçimi əsasında
verilməsi kimi vəzifələr müəyyənləşdirilmişdir.
Qeyd etmək lazımdır ki, Rusiyada 2010-cu və sonrakı
illər üçün müəyyənləşdirilmiş
bu vəzifələr Azərbaycan təhsilində 1999-cu ildən
həyata keçirilməyə başlanmış, artıq
bu layihələrin bəzilərinin həyata keçirilməsində
əhəmiyyətli nailiyyətlər də əldə
olunmuşdur.
Son illərin ən
mühüm hadisələrindən biri, əlbəttə,
"Təhsil haqqında" Azərbaycan Respublikası
Qanununun qəbul edilməsi olmuşdur. Qanunun qəbul
edilməsi zərurəti, ilk növbədə, ölkədə
və dünyada dinamik inkişaf tendensiyaları, o cümlədən
təhsil sahəsində əsaslı dəyişikliklərin
olması, Azərbaycanın keyfiyyətcə yeni inkişaf mərhələsinə
qədəm qoyması, Avropa və dünya təhsil məkanına
inteqrasiya istiqamətində mühüm addımlar atması
ilə bağlı idi. Təbiidir ki,
bütün bu proseslər təhsil qanunvericiliyində, ən
vacibi isə "Təhsil haqqında" yeni Qanunda öz əksini
tapmalı idi. Bu səbəbdən,
düşünürəm ki, qəbul edilmiş Qanun, ölkəmizdə
təhsil siyasəti və strategiyasının əsas istiqamətlərini
əks etdirməklə yanaşı, ilk növbədə,
xalqımıza, Azərbaycanda təhsilin inkişafına xidmət
edəcək, milli təhsil sisteminin dünya, Avropa təhsil
sisteminə inteqrasiyasını təmin edəcəkdir.
Qanunda 5 yaşlıların
məktəbəqədər təhsilə cəlbinin zəruriliyi,
hər təhsil pilləsinə qəbul zamanı məzunların
əvvəlki təhsil pilləsindəki nəticələrinin
nəzərə alınması, ixtisasartırma təhsilinin nəticələrinin
stimullaşdırılması, təhsil sistemində
çalışanların yaş senzinin müəyyənləşdirilməsi,
təhsil müəssisələrinin maliyyələşdirilməsinin
hər təhsilalana düşən xərc normaları nəzərə
alınmaqla həyata keçirilməsi, ali təhsilin
üçpilləli strukturu və digər yeni məsələlər
öz əksini tapmışdır. Qanunun
icrası istiqamətində Təhsil Nazirliyi tərəfindən
40-dək adda normativ sənəd hazırlanaraq Nazirlər
Kabinetinə təqdim edilmişdir və artıq bir sıra sənədlər
təsdiq edilmişdir.
(Ardı var)
Misir MƏRDANOV
Azərbaycan müəllimi.- 2010.- 18 iyun.- S.3.