Britaniya Kolumbiyası Universiteti
Yerləşir: Kanada, Britaniya Kolumbiyası əyaləti, Vankuver şəhəri
Yaranma tarixi: 1908-ci il
Tipi: Dövlət
İşçi heyətinin ümumi sayı: 13622 nəfər
Tələbələrin sayı: 52136 nəfər
İllik gəlirləri: 1472140000
Kanada dolları
İllik xərcləri: 1687180000
Kanada dolları
Rəsmi saytı:
www.ubc.ca
Britaniya Kolumbiyası Universiteti (University of British Columbia)
Kanadanın Britaniya Kolumbiyası əyalətinin Vankuver şəhərində
yerləşir və əyalətin ən qədim ali təhsil ocağıdır. Böyük
Britaniyanın "Times Higher Education Supplement - QS World
Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya universitetlərinin reytinqinə əsasən,
Britaniya Kolumbiyası Universiteti 100 ən yaxşı ali məktəb arasında 40-cı yerdə
sıralanıb.
Britaniya Kolumbiyası
Universiteti "Universitetlər 21" beynəlxalq elmi-tədqiqat,
Sakit okean regionu Universitetləri assosiasiyalarının
üzvüdür.
Tarixi
1908-ci ildə
Kanadanın Britaniya Kolumbiyası əyalətində universitet
yaradılması haqqında qanun qəbul edilir, lakin harada yerləşməsi
qeyd olunmur. Qanuna əsasən, yaradılacaq universitetin akademik
işlər üzrə Senatı,
Çağırışı, İdarəçilər
Şurası təsdiq edilir. 1910-cu ildə
bütün əyaləti axtardıqdan sonra Vankuver şəhərinin
Point Qrey ərazisi gələcək kampusun
salınacağı yer kimi müəyyənləşir.
1912-ci ildə universitet Çağırışının
ilk iclası keçirilir və doktor Frensis Karter-Kotton
yaradılacaq universitetin ilk kansleri, prezidenti isə bir il sonra Frank Ferçayld Uesbruk seçilir.
1914-cü ildə
Point Qreydə universitetin ilk binalarının tikintisi həyata
keçirilir, lakin I Dünya müharibəsinin
başlanması işlərin ləngiməsinə səbəb
olur. 1915-ci ildə Vankuver şəhərində yerləşən
keçmiş MakGill Universiteti Kollecinin qərargahında
Britaniya Kolumbiyası Universiteti yaradılır. Universitet üç fakültə - incəsənət,
tətbiqi elmlər, kənd təsərrüfatı fakültələrindən
ibarət olur. Həmin ilin sentyabrında
buraya 379 tələbə qəbul olunur. 1923-cü
ildə Point Qreydə 9 bina, 4 laboratoriya, kitabxana və
elektrostansiyanın tikintisi başa çatır, 1925-ci ildə
isə Point Qrey kampusunun rəsmi açılışı
olur. Universitet açılış
zamanı ilk dəfə tələbələrini elmi dərəcələrlə
təltif edir.
II Dünya
müharibəsi dövründə universitetdə müdafiə
tədqiqatlarına diqqət daha da artırılır. Müharibə elan
olunduğu gündən başlayaraq ali məktəbin
laboratoriyaları, işçi heyəti, tələbələri,
avadanlıqları və s. hökumətin bütün əmrlərini
yerinə yetirmək vəziyyətində idi və istənilən
köməkliyi göstərirdi. 1945-ci ildə Britaniya
Kolumbiyası Universitetində müharibədən sonra sərbəst
inkişaf dövrü başlayır: yeni tədris
proqramları qəbul olunur, hüquq, ictimai fəaliyyət, əczaçılıq
fakültələri açılır, tələbələrin
sayı ikiqat artır. 1948-ci ildə universitetin Henninqs Fizika
binasında professor Van de Qraff atom generatoru quraşdırır,
bir il sonra universitetdə tibb fakültəsi və Antropologiya
muzeyi, 1950-ci ildə Ticarət və Təhsil məktəbləri,
1951-ci ildə meşə təsərrüfatı fakültəsi
və tibb bacısı məktəbi
açılır.
Britaniya
Kolumbiyası Universiteti 1958-ci ildə 50 illik yubileyini qeyd edir. 1965-ci ildə ali məktəb ən irihəcmli
proqramını həyata keçirir - Cənub Kampusunun
tikintisinə başlanılır. Həmin
kampusun ərazisində 1974-cü ildə Tri-Mezona Universitet
Fondu nüvə və hissəciklər tədqiqatları
aparmaq üçün nəhəng siklotron
quraşdırır. 1981-ci ildə universitetdə klassik
yapon Nitobe Memorial Bağının yanında
yaradılmış Asiya Mərkəzində Asiya tədqiqatları
və Asiya kitabxanası fəaliyyətə başlayır, həmin
il elmi-tədqiqatlar aparmaq məqsədi ilə
Diskaveri parkı yaradılır.
1993-cü ildə
Vankuver şəhərində təşkil olunan "Vankuver
Sammiti" zamanı Britaniya Kolumbiyası Universitetində
Rusiya prezidenti Boris Yeltsinin və ABŞ prezidenti Bill Klintonun
görüşü olur. Həmin il
universitetin biokimya üzrə professoru Maykl Smit genlərin
sıralanmasını müəyyən edən "yönəldilmiş
mutagenez sahəsi" novator işinə görə kimya
üzrə Nobel mükafatına layiq görülür. Universitetin Şimal Kelouna kampusunun
açılışı da bu ilə təsadüf edir.
1996-cı ildə universitetdə jurnalistika məktəbinin
yaradılması qərara alınır və bir il sonra məktəbin rəsmi
açılışı olur. 1997-ci ildə
universitetin Antropologiya muzeyində Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı
Təşkilatı çərçivəsində
iştirakçı ölkələr arasında ticarətin
liberallaşması mövzusunda liderlərin iqtisadi
müşavirəsi keçirilir.
2001-ci ildə ali
məktəbdə Robson Meydanının
açılışı baş tutur, 2004-cü ildə isə
universitetdə 2000-ci ildə vəfat etmiş Maykl Smitin
adını daşıyan elmi-tədqiqat laboratoriyası
yaradılır. Bir il sonra Britaniya
Kolumbiyası Universitetinin Okanaqan Kampusu açılır. 2006-cı ildə doktor Stifen Tup universitetin prezidenti
seçilir və hazırda o, bu vəzifəni icra edir.
Həmin il Kanadanın almaz hasilatına rəhbərlik
edən universitetin məzunu Çarlz Fipke Okanaqan kampusunda yeni
İnnovasiya Tədqiqatları Mərkəzinə 6 milyon Kanada
dolları bağışlayır. 2008-ci ildə Vankuver
kampusunda ali məktəbin İrvinq Barber Tədris
Mərkəzinin rəsmi açılışı olur.
Hazırda Britaniya Kolumbiyası Universitetində yeni-yeni tədqiqat
laboratoriyalarının, yataqxanaların və s. müəssisələrin
yaradılması davam edir, proqramlar qəbul olunur, bir sözlə,
ali təhsil ocağı gələcəyin
ən güclü elm mərkəzinə çevrilmək məqsədi
ilə sürətlə inkişaf edir.
Büdcə və təhsil haqqı
2009-2010-cu tədris
ilində Britaniya Kolumbiyası Universitetinin illik gəlirləri
1472140000 Kanada dolları olub. Həmin məbləğin 859402000
dolları hökumət qrantları, 136130000 dolları
qeyri-hökumət qrantları və ianə, 186797 dolları
investisiya, 326425000 dolları təhsil haqqı, 256155000
dolları satış və xidmətlər, 80825000 dolları
isə amortizasiya hesabına əldə olunan gəlirlərdir.
Həmin il
universitetin illik xərcləri isə 1687180000 Kanada dolları
təşkil edib. Xərclərin 878701000 dollarını əməkhaqqı,127143000
dollarını əməkdaşların müavinəti,
62235000 dollarını təqaüd və kreditlər, 82545000
dollarını qrant və borcların ödənilməsi,
63867000 dollarını mütəxəssis və məsləhət
xidmətləri, 28581000 dollarını utilitlər,
qalanlarını isə müxtəlif məsrəflər təşkil
edib.
2009-2010-cu tədris
ilində Britaniya Kolumbiyası Universitetində təhsil haqqı
proqram və fakültədən asılı olaraq yerli tələbələr
üçün 3614 (Tibb bacısı), 4518 (İncəsənət,
Əczaçılıq, Sosial fəaliyyət və s.), 10135
(Hüquq), 15457 (Stomatologiya, Tibb) Kanada dolları arasında, əcnəbi
tələbələr üçün isə 16894 (Tibb
bacısı), 21118 (İnəsənət, İctimai fəaliyyət
və s.), 42909 (Təhsil/Pedaqogika) Kanada dolları arasında dəyişib.
Britaniya
Kolumbiyası Universitetində də tələbələrə
müxtəlif məbləğdə təqaüdlər təklif
olunur (500, 2000, 3000, 5000 Kanada dolları və s.). Təqaüdlər,
ilk növbədə, akademik nailiyyətlər əldə
etmiş, yaxşı oxuyan, eləcə də ictimai fəaliyyət,
idman, incəsənət və s. sahələrdə uğur
qazanmış tələbələrə semestrin və ya tədris
ilinin sonunda təqdim edilir.
Universitet bu gün
Vankuver şəhəri
Sakit okeanın sahilində və sahil boyu uzanan Nort-Şor
dağlarının arasında yerləşir. Vankuver Şimali Amerikanın ən gözəl şəhərlərindən
biridir və dünyanın 127 şəhəri arasında
keçirilən sorğuda "yaşamaq üçün
dünyanın ən arzuolunan şəhəri" kimi təsnif
edilib. Bu il fevralın 12-dən 28-dək
Vankuverdə keçirilən qış Olimpiya və
Paralimpiya oyunları şəhəri daha da məşhurlaşdırıb.
Şəhərin təmiz havası, yumşaq
iqlimi, gözəl təbiəti bura çoxlu sayda turist cəlb
edir.
Britaniya Kolumbiyası
Universiteti Vankuer, Okanaqan, Şimali, Robson Meydanı
kampuslarından və Britaniya Kolumbiyasında yerləşən
Tibbi Təhsil korpusundan ibarətdir. Vankuver
kampusu (Əsas kampus) Point Qrey yarımadasının qərbində,
Vankuver şəhərində yerləşir və Britaniya
Kolumbiyası Universitetinin akademik və inzibati nüvəsi hesab
edilir. Kampusun yaxınlığında
Universitet Fonduna məxsus 763 hektar meşə massivi yerləşir.
Meşə Vankuver şəhəri və kampusu
arasında "yaşıl qurşaq" kimi xidmət edir.
Vankuver kampusu, öz növbəsində,
çoxlu sayda elmi-tədqiqat mərkəzlərinin yerləşdiyi
Cənub və yataqxanaların, müxtəlif xidmət mərkəzlərinin
(polis, yanğın idarələri, banklar, mağazalar) cəmləşdiyi
Şərq kampuslarından ibarətdir. Vankuver
şəhərciyinin binalarının çoxu yeni olsa da, ən
qədim bina burada 1877-ci ilə aiddir. Kampusda
zəngin floraya malik parklar, "Qədim Dendari" botanika
bağı, Nitobe Memorial yapon bağı, Antropologiya muzeyi,
Çen İfaçılıq İncəsənəti Mərkəzi
yerləşir.
Okanaqan (Kelouna
da deyilir) kampusu 2005-ci ildə yaradılıb və Okanaqan
gölünün yanındakı Kelouna şəhərinin
şimal-şərqində, beynəlxalq aeroportun
yaxınlığında yerləşir. Bu kampus tədris
və elmi-tədqiqatların, innovasiyaların, mədəni və
ictimai həyatının zənginliyinə görə
seçilir. Hazırda kampusda
genişmiqyaslı yataqxana və tədris komplekslərinin
tikintisi həyata keçirilir.
Şimali kampus Vankuver şəhərciyinin
cənub-şərqindədir və Saymon Freyzer Universiteti,
Emili Karr İncəsənət və Dizayn, Texnologiya
institutları və Britaniya Kolumbiyası Universitetinin əməkdaşlığı
çərçivəsində geniş tədqiqatlar aparmaq məqsədi
ilə yaradılıb. Robson Meydanında beynəlxalq
konfranslar, forumlar, konsertlər və digər tədbirlər
keçirilir. Tibbi Təhsil korpusunda 75 tibb
müəssisəsi, 22 böyük və orta regional hospital tələbələrin
xidmətindədir.
Britaniya Kolumbiyası
Universitetinin nəzdində Vankuver kampusunda 12 fakültə (Tətbiqi
elmlər, İncəsənət, Tədqiqatların davam
etdirilməsi, Stomatologiya, Pedaqogika, Meşə təsərrüfatı,
Ali tədqiqatlar, Yer və qida sistemləri, Hüquq, Tibb, Əczaçılıq
və Elmlər fakültələri) və 12 məktəb
(Memarlıq və Landşaft Arxitekturası, Tibb Bacısı,
Jurnalistika, Kitabxana, Arxiv və İnformasiya Tədqiqatları,
Musiqi, İctimai Fəaliyyət, Souder Biznes, İnsan
Kinetikası, Audiologiya və Nitq Elmləri, Əhali və Səhiyyə,
Cəmiyyət və Regional Planlaşdırma, Ekoloji
Sağlamlıq məktəbləri), Fənlərarası Tədqiqatlar
və Sağlamlıq İntizamı kollecləri, Okanaqan
kampusunda isə Yaradıcı və Kritik Tədqiqatlar,
Pedaqogika, Tətbiqi elmlər, Sağlamlıq və sosial
inkişaf, Menecment fakültələri, Ali Tədqiqatlar
Kolleci, eləcə də İrvinq Berber İncəsənət
və Elmlər, İctimai Fəaliyyət, Tibb Bacısı məktəbləri
fəaliyyət göstərir. Hər fakültə,
məktəb və kollec, öz növbəsində, bir
neçə departament və bölmədən ibarətdir.
Universitetin ən böyük fakültəsi
1915-ci ildə yaradılmış və 20 departamentdən ibarət
olan İncəsənət, ikinci ən böyük fakültəsi
isə 1964-cü ildə yaradılan və 15 departamentdən
ibarət olan Tətbiqi elmlər fakültəsidir.
Britaniya
Kolumbiyası Universitetinin kitabxanası
Kanadanın ikinci ən böyük elmi-texniki
kitabxanasıdır. Kitabxana sisteminə 5,4 milyon cild kitab, 5,2 milyon mikrofilm,
808000 xəritə, audio, video və qrafik materiallar, 56000
seriyalı abunə, 261000 elektron kitab, Qərbi Kanadada ən
böyük biotibbi kolleksiya, Kanadada ən böyük Asiya
dillərində olan kitab toplusu daxildir. 1963-cü
ildə general-mayor Viktor Odlum universitetə şəxsi
kolleksiyasından 10000 kitab hədiyyə edib və bu kitablar
Rokvuds Kitabxana Mərkəzində yerləşdirilib.
Universitetin hazırda İrvinq Barber Təhsil Mərkəzi
adlandırılan əsas kitabxanasında
avtomatlaşdırılmış qorunma və informasiya
axtarışı bölmələri var. Əsas kitabxanadan
başqa, universitetin böyük kitabxanalarından Asiya,
Okanaqan, Uolter Koerner, Xwi7xwa kitabxanalarını qeyd etmək
olar. Kitabxanaların 20 filialı və 3 xəstəxana
bölməsi daxil olmaqla burada 300-dən çox əməkdaş
çalışır. Britaniya
Kolumbiyası Universitetinin kitabxanası Elmi-Texniki Kitabxanalar
Assosiasiyasının üzvüdür.
Britaniya
Kolumbiyası Universitetinin icraedici orqanına İdarəçilər
Şurası, Palatalar Şurası, prezident, vitse-prezidentlər,
dekanlar daxildir.
Hazırda universitetin 12-ci prezidenti və
vitse-kansleri Stifen Tup, prorektoru və akademik işlər üzrə
vitse-kansleri Devid Farrardır. Universitetdə
ümumilikdə 13622 işçi çalışır.
Onların 4669 nəfəri professor-müəllim,
qalanları isə inzibati işçilərdir. Bundan əlavə, universitet xəstəxanalarında
və "TRIUMF" fondunda 7000-dən çox əməkdaş
fəaliyyət göstərir.
Britaniya
Kolumbiyası Universitetində Vankuver və Okanaqan kampusu daxil
olmaqla ümumilikdə 52136 nəfər tələbə təhsil
alır.
Onlardan bakalavrların 36771 nəfəri Vankuver, 5609 nəfəri
isə Okanaqan kampusunda, magistr və doktorantların isə 9350
nəfəri Vankuver, 406 nəfəri isə Okanaqan kampusunda
oxuyur. Burada təhsil alan əcnəbi tələbələrin
sayı isə 6403 nəfərə bərabərdir. Əcnəbi
tələbələrin əksəriyyəti ABŞ,
Çin, Cənubi Koreya, Yaponiya, Honqkonq, İndoneziya,
Böyük Britaniya, Meksika, Malayziya və s. ölkələrdən
olan gənclərdir.
Britaniya
Kolumbiyası Universitetində yerli xalqların (hinduların)
nümayəndələri üçün təşkil
edilmiş Lonqhaus aborigen tələbələr
üçün "komfort zonası" hesab edilir və
onların mədəniyyət və fəaliyyətlərini
öyrənən mərkəz kimi fəaliyyət göstərir. Mərkəzin dekanı,
dekan müavini, müəllimləri var. Lonqhaus Mərkəzi
yerli əhali və metislərdə sahibkarlıq keyfiyyətlərini
gücləndirmək, onların mədəniyyətlərini
qorumaq və inkişaf etdirmək, konkret ehtiyaclarının
ödənilməsi üçün şərait yaratmaq məqsədi
daşıyır.
Britaniya Kolumbiyası
Universitetinin Vankuver kampusunda 8000-dən çox tələbə
və əməkdaş yerləşdirmək imkanına malik
8 yataqxana kompleksi var (Merin Drayv, Thunderbird, Vanier Pleys, Uolter Qeyc,
Fervyu Kresent, Totem Park, Akadiya Park, Rits). Birinci kurs
tələbələrinin əksəriyyəti ümumi
otaqlı Totem Park və Vanier Pleys yataqxanalarında qalır.
Akadiya Park yataqxanası uşaqlı tələbələr
üçün nəzərdə tutulub. Vankuver
kampusunda birillik yataqxana qiymətləri belədir: ümumi
otaq - 3840, birnəfərlik otaq - 4400, 4720 Kanada dolları.
Okanaqan
kampusunda yerləşən yataqxanalar yüksək şəraitə
malik 1300 birotaqlı nömrələrdən ibarətdir. Bu kampusdakı yataqxanalardan
Similkamin Pleys, Kassiar, Kalamoka, Nikola, Valhalla, Kaskad, Yuxarı
Kaskad, Monaşi Pleysi qeyd etmək olar. Okanaqan
kampusundakı yataqxanalarda 1 illik (2 semestr) qalmaq qiyməti 4400
Kanada dolları təşkil edir.
Kampusda müxtəlif
mədəniyyətləri təmsil edən insanlarla
yaşamaq tələbəyə zəngin həyat təcrübəsi
bəxş edir. Universitetin Mənzil Ofisi tələbələrə
həm akademik, həm sosial, həm də mənəvi dəstək
olur, onların uğur əldə etmələri
üçün müxtəlif tədbirlər keçirir.
Rezidensiyaların yaşıl parkların əhatəsində,
meşənin, Sakit okeanın yaxınlığında yerləşməsi
tələbələrin istirahəti üçün
çox gözəl şərait yaradır. Tələbələrin ən sevimli məşğuliyyəti
okean sahili boyu piyada gəzintidir. Burada yerləşən
Vrik Biç (Wreck Beach) dünyanın ən böyük
çimərliklərindən biridir.
Britaniya
Kolumbiyası Universitetinin tələbə mətbuatı
çox zəngindir. Vankuver kampusunda həftədə iki dəfə
çıxan "The Ubyssey" qəzetini, Okanaqan kampusunda
iki həftədən bir çıxan "The Phoenix" qəzetini,
aylıq dərc olunan "The Graduate" jurnalını, CiTR
"Thunderbird Radio" kampus radiosunu, radiostansiyanın dərc
etdiyi "Discorder" musiqili və əyləncəli
jurnalı, "The Knoll" siyasi proqressiv nəşrini,
"Point" həftəlik idman qəzetini, iki həftədən
bir dərc olunan "Underqround" Bakalavr Cəmiyyətinin qəzetini,
"The 432" saytı və iki həftədən bir dərc
olunan satirik nəşri, "PRISM international" saytı və
ədəbiyyat jurnalını, ildə iki dəfə
çıxan "Cinephile" elmi jurnalını və s.
buna sübut kimi göstərmək olar.
Britaniya
Kolumbiyası Universitetinin idman komandası universiteti Kanadada və
bütün dünyada təşkil edilən idman
yarışlarında yüksək səviyyədə təmsil
edir.
Universitetdə Duq Mitçel Thunderbird, kroket,
üzgüçülük, qayalara dırmaşma, dodze mərkəzləri,
trenajor zalları mövcuddur, tələbələrə demək
olar ki, idmanın bütün növləri ilə məşğul
olmaq üçün şərait yaradılıb.
Dünyanın aparıcı
universitetlərindən biri olan Britaniya Kolumbiyası Universiteti
qlobal vətəndaşlığı, möhkəm vətəndaş
cəmiyyətinin yaranmasını, önəmli tədqiqatları
dəstəkləyən xüsusi təhsil mühiti yaradaraq
Kanadanın və bəşəriyyətin insanlarına xidmət
edir. Universitet ictimai rifahın möhkəmləndirilməsi
məqsədi ilə idarəetmənin və təhsil
standartlarının ən yüksək səviyyəsini
özündə əks etdirir.
Universitetin məşhur məzunları
Co Klark
Kanadanın sabiq Baş naziri
Con Törner Kanadanın
sabiq Baş naziri
Kim Kempbell
Kanadanın
sabiq Baş naziri
İndira Samarasekera Alberta Universitetinin
hazırkı prezidenti
Devid Turpin Viktoriya
Universitetinin 6-cı prezidenti
Lalitx Gemeyc Şri-Lanka İnformasiya
Texnologiyası İnstitutunun icraçı direktoru
Con Sveynson
"Computer Associates" korporasiyasının
icraçı direktoru
Bertram Brokhaus fizika üzrə
Nobel mükafatı laureatı (1994)
Robert Mandell iqtisadiyyat
üzrə Nobel mükafatı laureatı (1999)
Qalya Reyd yazıçı
Ketlen Hiddl
avarçılıq üzrə üçqat Olimpiya
çempionu
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan
müəllimi.- 2010.- 18 iyun.- S.6.