Azərbaycanın Milli
Qəhrəmanları
Arazov Ənvər Talış oğlu
1953-cü il dekabrın 2-də Gəncə şəhərində anadan olmuşdu. Həmin şəhərdəki 15 nömrəli orta məktəbin səkkizinci sinfini bitirmişdi. Sonra texniki peşə məktəbində oxumuşdu. Bir müddət əmək fəaliyyəti ilə məşğul olduqdan sonra Gəncə Politexnik Texnikumuna daxil olmuşdu. 1974-cü ildə hərbi xidmətə çağırılan Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdi. Hərbi xidmətini başa çatdırdıqdan sonra Gəncəyə dönmüş, Büllur Zavodunda işləməyə başlamışdı. Ə.Arazov, eyni zamanda yarımçıq qalmış təhsilini davam etdirərək, 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirmiş, zavodda əvvəlcə nizamlayıcı, sonra növbə ustası kimi çalışmağa başlamışdı.
Ənvər 1988-ci ildə ermənilər Dağlıq Qarabağ ərazisində müharıbəyə başlayarkən Daxili İşlər Nazirliyində işə qəbul olunaraq cəbhəyə yollanmışdı. Ağdərə rayonunda bir çox uğurlu əməliyyatlarda iştirak etmişdi.1992-ci il noyabrın 1-dən 2-nə keçən gecə Ağdamın Sırxavənd kəndində erməni quldurları ilə qeyri-bərabər döyüşə girərək, mərdliklə həlak olub.
Ailəli idi. Bir oğul, bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə Arazov Ənvər Talış oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Gəncə şəhərində Şəhidlər xiyabanında dəfn olunub.
Atakişiyev Aslan Qabil oğlu
1953-cü il avqustun 16-da Qubadlı rayonunun Muradxanlı kəndində dünyaya göz açmışdı. 1960-cı ildə burada birinci sinfə getmiş, 1970-cı ildə orta məktəbi bitirmişdi. 1972-1974-cü illərdə hərbi xidmətdə olmuşdu. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdu. 1981-ci ildə təhsilini uğurla başa çatdıraraq Qubadlı rayonuna qayıtmış, doğma Muradxanlı kənd orta məktəbində ixtisası üzrə müəllim işləməyə başlamışdı. Amma erməni quldurlarının doğma torpaqlarımızda törətdikləri vəhşilikləri görən Aslan yağı düşməndən intiqam almaq üçun cəbhəyə yollanmaq qərarına gəlir. O, 1992-ci ildə Milli Ordu sıralarına yazılaraq leytenant rütbəsi ilə komandir müavini təyin olunmuşdu. A.Atakişiyev Laçın rayonunun Mazutlu, Səfiyan, Türklər, Suarası kəndləri uğrunda gedən döyüşlərdə əsl fədakarlıq və qəhrəmanlıq göstərmişdi. Azərbaycanın bu mərd, mübariz, dəyanətli oğlu 1992-ci il avqustun 7-də Laçın dəhlizi və Susuzdağ yüksəkliyində gedən ağır döyüşdə amansız düşmənə əsir düşməmək üçün son gülləsini öz ürəyinə sıxaraq Vətən uğrunda həlak olub.
Evli idi. Üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə Atakişiyev Aslan Qabil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bakıda Səhidlər xiyabanında dəfn olunub
Atakişiyev İntiqam Vahid oğlu
1974-cü il aprelin 7-də Qəbələ rayonunun Tüntül kəndində anadan olmuşdur. 1991-ci ildə həmin kənddəki orta məktəbi bitirmiş və 1992-ci ildə Milli Ordu sıralarına çağırılmışdır.O, orduda xidmət etdiyi zaman yüksək əsgəri keyfiyyətləri ilə diqqət çəkdiyindən Türkiyəyə hərbi zabitlər kursuna göndərilmişdir. İntiqam sonralar Murovdağ döyüşlərində yaralanmışdır. Mingəçevirdə müalicə aldıqdan sonra yenidən döyüş bölgəsinə qayıtmışdır.
Xidməti borcunu şərəflə yerinə yetirən İ. Atakişiyev 1995-ci ilin martında dövlətçiliyimizə qarşı yönəlmiş qəsdin qarşısının alınmasında fəal iştirak etmiş, mübarizlik nümayiş etdirmişdir.
O, 776 nömrəli hərbi hissənin qrup komandiri, bölük komandirinin müavini,
bölük komandiri və
hərbi hissə
komandirinin maddi-texniki təminat üzrə
müavini
vəzifələrində çalışmışdır. Kapitan
rütbəsinə qədər yüksəlmişdir.
İntiqam öz vətəndaşlıq
mövqeyi ilə seçilən bir hərbiçidir. Onun təşəbbüsü ilə
təhsil aldığı
orta məktəbin önündə vətən
uğrunda şəhid
olmuş soydaşlarımızın
xatirəsini əbədiləşdirmək
üçün abidə
ucaldılmışdır.
Ailəlidir.
Azərbaycan Respublikası
Prezidentinin 4 aprel
1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Atakişiyev İntiqam Vahid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına
layiq görülüb.
Axundov Səfa Fətulla oğlu
1958-ci il
iyunun 19-da Masallı rayonunda anadan olmuşdu. 1965-ci ildə Saatlı rayonunda orta məktəbə getmiş və atasının xidməti işi ilə əlaqədar ailələri
Cəlilabad rayonuna köçdüyündən təhsilini burada davam etdirmişdi.
Orta təhsilini 1975-ci
ildə Qubadlı rayonunda başa vurmuşdu. Təyyarəçi
olmaq arzusu Səfanı Bakı Aeroportuna gətirmişdi.
Bir müddətdən
sonra isə Orenburq Mülki Aviasiya Məktəbinə
daxil olmuşdu. O,
1979-cu ildə həmin
məktəbi bitirərək vətənə
dönmüş və
Yevlax rayonundakı aeroportda AN-2 təyyarəsinə
pilot təyin edilmişdi.
S. Axundov 1987-ci ildə
Riqaya köçərək
gəmi tərsanəsində
mühəndis işləməklə
yanaşı, texnikumda
müəllim kimi çalışmışdı. Qarabağ hadisələri
başlayanda vətəni
darda görən Səfa Azərbaycana dönmüşdü. 1989-cu ildə
Zabrat "Azal-aero"
Aviaşirkətinə məxsus
Mi-8 vertolyotuna 2-ci pilot təyin
edilmişdi. 1992-ci il yanvarın 28-də Şuşaya
iki uğurlu uçuş etmişdi. Səfa yenidən Şuşa istiqamətində
uçuş etdiyi zaman düşmən tərəfindən vurulan
vertolyotun partlaması
nəticəsində faciəli
surətdə həlak
olub.
Evli idi. İki oğul övladı var.
Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 nömrəli Fərmanı ilə Axundov Səfa Fətulla oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Cəlilabad şəhərinin mərkəzində büstü qoyulub. Cəlilabad şəhərinin küçələrindən biri onun adını daşıyır.
Alıcanov Rafiq
Cəfər oğlu
1965-ci il iyulun 11-də Qazax rayonunun Kəmərli kəndində dünyaya gəlmişdi. Ailələri Ağstafa rayonunun Köçvəlli kəndinə köçdüyündən Rafiq səkkizinci sinfə kimi bu kənddə təhsil almışdı. O, Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olmuşdu. R. Alıcanov 1988-ci ildə təhsilini bitirərək Ukraynada ixtisası üzrə çalışmağa başlamışdı. 1992-ci ildə doğma vətənini erməni işğalından müdafiə etmək məqsədilə Azərbaycana dönmüşdü. Rafiqin döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçmişdi. Bir hərbiçi kimi döyüşlərdə göstərdiyi şücaətlər onu kapitan rütbəsinədək yüksəltmişdi. R. Alıcanov 1993-cü il noyabrın 5-də Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Ailəli idi. Bir qız, bir oğlu var.
Azərbaycan Respublikası
Prezidentinin 16 sentyabr
1994-cü il tarixli 203 nömrəli Fərmanı ilə kapitan Alıcanov Rafiq Cəfər oğlu ölümündən
sonra Azərbaycanın
Milli Qəhrəmanı
adına layiq görülüb.
Köçvəlli kəndində dəfn olunub. Bakının Suraxanı
rayonunun Qaraçuxur qəsəbəsində adına küçə
var. Təhsil aldığı
Köçvəlli kənd
orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə
və Ağstafa şəhərində büstü
qoyulub.
Azərbaycan
müəllimi.- 2010.- 18 iyun.- S.8.