İxtisasartırma təhsilinin təşkili yeni tələblər əsasında həyata keçirilir

 

Son beş ildə Azərbaycan Müəllimlər İnstitutunda ixtisasartırmanın keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində böyük işlər görülür. Etiraf edilir ki, əvvəllər respublikamızın müxtəlif rayonlarından təkmilləşdirmə kurslarına gələn müəllimlər arasında kütləvi halda dərslərdən yayınma halları baş verirdisə, hazırda institut rəhbərliyinin kadrları düzgün yerləşdirməsi tələbkarlığı nəticəsində belə halların qarşısı qəti şəkildə alınmışdır. Belə ki, biraylıq kurslarda 20 faizdən çox üzrsüz səbəbdən dərslərdə iştirak etməyən müəllimlərə kursu bitirmək haqqında sənədlər verilmir. Sözsüz ki, bu tələbkarlıq nəticəsində nizam-intizam yaradılmış, dərsə davamiyyət yaxşılaşmışdır.

İxtisasartırma təhsilinin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün ayrı-ayrı kateqoriyalar üzrə kurslara gələn müəllimlərə çatdırılan elmi-nəzəri, təcrübi əhəmiyyət kəsb edən mühazirə və seminarların məzmunu da xüsusi proqram əsasında təhsilin müasir tələblərinə uyğunlaşdırılmışdır. Aparılan islahatlar nəticəsində meydana gəlmiş bütün yeniliklər sistemli olaraq kompleks şəkildə kitabça formasında nəşr olunmuş beş il müddətinə nəzərdə tutulmuş tədris-tematik planında öz əksini tapmışdır. Eyni zamanda müxtəlif kateqoriyalar üzrə kurslara gələn müəllimlərin xüsusi sorğu anketləri vasitəsilə tələbatları müəyyənləşdirilir, onların arzu və istəklərinə uyğun olan sahələr üçünkurs ərəfəsində vaxt  ayrılır, həmin vaxt ərzində dinləyicilərin tələbatını ödəyən əlavə mövzular tədris olunur.

Ən maraqlı cəhət isə odur ki, ixtisasartırmaya gələn müəllimlərin bilik səviyyəsi həm açılışda, həm də yekunda yoxlama xarakteri daşıyan xüsusi testlər, məqbullar və sorğu anketləri vasitəsilə müəyyənləşdirilir. Bundan sonra kursa gələn müəllimlərə əlavə vəsaitlər, öyrədici əhəmiyyətə malik olan metodik materiallar verilir. Bu materiallarda təhsil sistemində baş verən bütün yeniliklər öz əksini tapır.

Məlumdur ki, son vaxtlar təhsil sahəsində kifayət qədər innovasiyalar meydana gəlmişdir. Bu innovasiyaları böyük müəllim ordusuna çatdırmadan şagirdləri daha yüksək keyfiyyətli biliklərə yiyələndirmək olmaz.

Etiraf edək ki, Azərbaycanın kənd rayonlarında, hətta bir çox şəhər məktəblərində işləyən müəllimlərin mütaliə etmək, təhsil sistemində baş verən yenilikləri öyrənmək səviyyəsi çox aşağıdır. Elə müəllimlər var ki, hətta öz ixtisası üzrə də uzun illərdən bəridir ki, mütaliə ilə məşğul olmur. Bu faktlar kursa gələn çoxsaylı müəllimlərlə dərs prosesində yaranan dialoqlar vasitəsilə də aşkar olmuşdur. Müəllimlər bu faktın mövcudluğunu özləri də etiraf etmişlər. Buna görə də ixtisasartırma təhsilində aldığı biliyin əhəmiyyətini dərk edən müəllimlər dekanlığın onlara təqdim etdiyi rəy kitabına dərin minnətdarlıqla dolu sözlər yazmışlar.

Lakin sorğu anketlərinə verilən cavablar göstərir ki, ixtisasartırma kurslarına gəlmiş bəzi kateqoriyadan olan dinləyicilər öz fəaliyyət sahələrinə aid olan normativ sənədlər haqqında da kifayət qədər məlumata malik deyillər. Məsələn, 2008-ci il sentyabrın 12-də məktəbəqədər tərbiyə müəssisə rəhbərlərinin giriş anket sorğusu zamanı 12 nəfər dinləyici iştirak etmiş, onların əksəriyyəti sorğu anketində göstərilən "Məktəbəqədər tərbiyə təlim müəssisələri haqqında əsasnamə"nin neçənci ildə qəbul olunması ilə bağlı sualı cavablandıra bilməmişdir. Onların əksəriyyətinin Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsillə əlaqədar olan müxtəlif normativ sənədlərdən xəbəri olmadığı aşkar olunmuşdur. Həmçinin bu bağça rəhbərləri məktəbəqədər tərbiyə müəssisələrində uşaqların əqli, estetik, əmək fiziki tərbiyəsinin təşkilinə metodistin əməli köməyinin nədən ibarət olduğunu cavablandıra bilməmişlər. Həmin qrupun yekun sorğu anketinin cavablandırma prosesində isə vəziyyət tamam dəyişmişdir. Onların 24 gün ərzində kifayət qədər yeni biliklərə yiyələndikləri aşkar olunmuşdur. Fakültənin rəy kitabındakı yazılarında isə onlar belə kursların tez-tez təşkil olunmasını xahiş etmişlər.

Yaxud,  2  dekabr  2008-ci  ildə  məktəb  kitabxanalarının  işçiləri  üçün  təşkil  olunmuş  kursda  22  nəfər  iştirakçının əksəriyyəti  giriş  anketində  qoyulan suala  uyğun  olaraq  kitabxana  işi ilə bağlı əsasnamənin və kitabxana işi haqqında Azərbaycan Respublikasının  Qanununun    vaxt  qəbul  olunduğunu  bilməmişlər. Eyni zamanda "Kurikulum nədir" sualı da cavablandırılmamışdır. Kurs  başa  çatarkən  onlara  təqdim  olunan  yekun  anketində  isə  vəziyyət  müsbətə   doğru   tamam   dəyişmişdir.

Bütün bunlar ixtisasartırma kurslarında tədrisin keyfiyyətinin yaxşılaşdırılması və davamiyyətə nəzarətin gücləndirilməsi nəticəsində baş vermişdir.

Qeyd etmək lazımdır ki, AMİ-də ixtisasartırma təhsilinin təşkili prosesi xüsusi koordinasiya əsasında həyata keçirilir. Belə ki, müəllim hazırlığı, proqramın məzmunu və planlaşdırılması, dərsliklərin və dərs vəsaitlərinin yazılması, kadrların yerləşdirilməsi, pedaqoji fəaliyyətin öyrənilməsi, elmi-pedaqoji-metodiki tələbatın formalaşdırılması kimi fəaliyyət sahələri ixtisasartırmanın əsasını təşkil edir. Həyata keçirdiyimiz bütün bu məsələlər  Təhsil  Nazirliyi,  ali  pedaqoji, orta ixtisas məktəbləri, Təhsil Problemləri İnstitutu, R(Ş)TŞ, başqa ixtisasartırma  müəssisələri  ilə  əlaqəli  şəkildə  tənzimlənir.

Bütün təhsil sahələrində olduğu kimi, ixtisasartırma təhsilində də dərs deyən müəllimin elmi-metodiki hazırlığı onun istedad və bacarığı təhsilin keyfiyyətinin yüksəldilməsinin əsas faktorlarından biri kimi qiymətləndirilir. Bu cəhəti nəzərə alaraq Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı instituta rektor təyin olunduğu gündən müəllimin dərs dediyi şəraitin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.

Dərs deyən müəllimlər qarşısında da yüksək tələblər qoyulmuşdur. Hər bir müəllim yeni təlim metodlarını öyrənməli, kompüter texnologiyalarından istifadə etməyi bacarmalıdır. Müəllimləri qeyd olunan vərdiş və bacarığa yiyələndirmək məqsədilə institutda onlar üçün vaxtaşırı olaraq 3-5 günlük seminarlar təşkil olunur. Belə seminarlar əsasən dərslər pozulmasın deyə, semestrarası tətillər zamanı həyata keçirilir. Seminar iştirakçılarının əldə etdikləri biliyin səviyyəsi qiymətləndirilir və onlara xüsusi sertifikatlar verilir.

Təbii ki, son beş ildə Azərbaycan Müəllimlər İnstitutunda onun rəhbərliyi tərəfindən həyata keçirilən yenidənqurma işləri ixtisasartırma təhsilində yeni məzmun və keyfiyyətin yaranmasına səbəb olmuşdur.

Azərbaycan təhsil sistemini dünya standartlarına uyğunlaşdırmaq üçün "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" adlı sənəd xüsusi əhəmiyyət kəsb edir. Həmin sənədin təhsil prosesinə tətbiq olunması üçün Azərbaycan Müəllimlər İnstitutunun ixtisasartırma təhsili sahəsində çox böyük işlər görülmüşdür. Hətta İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə təhsil alan IV kurs tələbələri üçünMilli Kurikuluma aid 10 günlük seminarlar keçirilmişyekunda onlara respublikanın təhsil naziri, cənab Misir Mərdanov tərəfindən xüsusi sertifikatlar təqdim olunmuşdur. Eyni zamanda müxtəlif fənn müəllimləri üçün təşkil olunan kursların tədris-tematik planlarında da kurikulumun tədrisi ilə bağlı mövzulara geniş yer verilir.

Rayon (şəhər) təhsil şöbələrinin sifarişləri əsasında kurikulum və fəal təlim metodları üzrə yerlərdə də 3 günlük və həftəlik seminarlar təşkil edilir.

Ali məktəb müəllimlərinin 3 aylıq kurslarının təşkili də Azərbaycan Müəllimlər İnstitutu tərəfindən həyata keçirilir. Bu kurslarda oxunan mühazirələrə daha yüksək ixtisaslı kadrlar cəlb olunur. Buraya AMEA-nın institutlarının, Təhsil Problemləri İnstitutunun professorları, Təhsil Nazirliyinin aparıcı mütəxəssisləri, başqa ali məktəblərin tanınmış alimləri dəvət olunurlar.

 Sevindirici haldır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2009-cu ilin oktyabr ayının 24-də keçirilən kollegiyasında institutumuzda təşkil olunan ixtisasartırma təhsilinə yüksək qiymət verilmişdir. Orada qeyd olunmuşdur ki, Azərbaycan Müəllimlər İnstitutunda təhsilin həyata keçirilməsi üçün müasir maddi-texniki və tədris bazası, treninq mərkəzləri yaradılmış, çevik planproqramlar tətbiq edilməkdədir. Kollegiya qərarında bildirilir ki, AMİ-də ixtisasartırma təhsili sahəsində dünya təcrübəsi, müasir texnologiyalar və qabaqcıl təcrübələr öyrənilir və tətbiq olunur. Əlverişli təlim şəraitinin yaradılması, peşəkar və səriştəli təlimçilərin cəlb olunması, səmərəli idarəetmə sayəsində AMİ-də ixtisasartırma təhsili sahəsində keyfiyyət və yüksək davamiyyət təmin olunur.

 

 

Rahim ƏZİZOV,

 

Telman HAQVERDİYEV

 

Azərbaycan müəllimi.- 2010.- 18 iyun.- S.4.