Kənd məktəblərində
yeni kurikulum uğurla tətbiq olunur
Kurikulum islahatı respublikamızın hər yerində olduğu kimi, Goranboy rayonunda da uğurla həyata keçirilir. 2008-2009-cu dərs ilindən ümumtəhsil məktəblərinin I siniflərində tədrisə yeni kurikulumlarla başlanılmışdır. İbtidai sinif müəllimləri kurikulum təlimi üzrə müvafiq treninqlərdən keçmişlər. Treninqlərdə təlimin yeni forma və üsulları barədə fikir mübadiləsi aparılmış, kurikulumla işləyəcək müəllimlərə metodik kömək göstərilmişdir.
RTŞ kurikulumun tətbiqi ilə bağlı seminar-məşğələlərdə, rayonda təşkil edilmiş "açıq dərs"lərdə müəllimlərin iştirakına hər cür şərait yaratmışdır.
Mən Goranboy rayonu Ç.Hümbətov adına Yeniyol kənd orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyirəm. Üzərimdə olan məsuliyyəti tam dərk edirəm və məktəbdə yeni kurikulumların geniş tətbiq olunması üçün həvəslə, yorulmadan çalışıram. Tez-tez I və II siniflərin dərslərini dinləyirəm. Dərslərin müzakirəsində məktəbin digər fənn müəllimlərinin iştirakını təmin edirəm. Məktəbdaxili fənn metodbirləşmə iclaslarında, xüsusən də ibtidai sinif müəllimləri ilə fikir mübadiləsi aparıram, yeni təlim metodlarının tətbiqində onların rastlaşdığı problemlərin həll olunması üçün metodik tövsiyələr verirəm. Müəllimlərə izah edirəm ki, yeni təlim metodlarının tətbiqi şagirdləri fəallaşdırır, sərbəst fikir yürütmələrinə, müstəqil biliklər əldə etmələrinə imkan verir, I və II siniflərin dərslərində məktəbin digər müəllimlərinin iştirak etməsi üçün şərait yaradıram. Onlar əyani şəkildə görürlər ki, fəal təlim nəticəsində şagirdlər sərbəst, müstəqil şəkildə biliklərə yiyələnir, onların məntiqi, yaradıcı təfəkkürü inkişaf edir.
Fəal təlimin tətbiqində bəzi müəllimlərimiz problemlərlə üzləşirlər. Bu problemləri həll etmək üçün RTŞ bizə çox kömək edir. RTŞ-də və müxtəlif məktəblərdə seminarlar keçirilir, problemlər ətrafında diskussiyalar, müzakirələr aparılır, məktəblərdə müəllimlərin "açıq dərs"lərdə iştirakı təmin olunur, qarşıya çıxan problemlər həll edilir. "Açıq dərs"lərin keçirilməsi müəllimlərin fəal təlim metodlarından səmərəli istifadə etməsinə, öz aralarında təcrübə mübadiləsi aparmasına və s. çox kömək göstərir.
Ramiz HƏSƏNOV
Azərbaycan müəllimi.- 2010.- 18 iyun.- S.7.