Kvinslend Universiteti
Yerləşir:
Avstraliya, Kvinslend ştatı, Brisben şəhəri
Yaranma tarixi: 1909-cu
il
Tipi: Dövlət
İşçi heyətinin ümumi sayı: 6126 nəfər
Tələbələrin sayı: 40512 nəfər
İllik gəlirləri: 125900000
Avstraliya dolları
İllik xərcləri: 1198000000
Avstraliya dolları
Rəsmi saytı: www.uq.edu.au
Kvinslend Universiteti (University of British Columbia) Avstraliyanın Kvinslend
ştatının ən böyük şəhəri olan
Brisben şəhərində yerləşir. Böyük
Britaniyanın "Times Higher Education Supplement - QS World
Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya universitetlərinin reytinqinə əsasən,
Kvinslend Universiteti 100 ən yaxşı ali
məktəb arasında 41-ci yerdə olub.
Kvinslend
Universiteti Avstraliyanın "Böyük Səkkizlik"
qrupunun, "Universitetlər - 21" Beynəlxalq Elmi-Tədqiqat
Assosiasiyasının üzvüdür.
Tarixi
Kvinslend Universiteti 1909-cu il
dekabrın 10-da
Kvinslend ştatının Yeni Cənubi Uels müstəmləkəsinin
tərkibindən çıxmasının 50 illiyi münasibəti
ilə ştat parlamentinin sərəncamına əsasən
yaradılıb. Yaradıldıqdan 4 ay sonra universitet
ştatın birinci, ölkənin isə beşinci ən
yaxşı ali məktəbinə
çevrilir. 1911-ci ildə Brisben şəhərindəki
Corc stritdə hökumət evində yerləşən
Kvinslend Universitetinə 23 qız daxil olmaqla ümumilikdə 83
tələbə qəbul edilir.
I Dünya müharibəsi
dövründə ali təhsil
ocağının inkişafı ləngisə də,
müharibədən sonra universitet sürətlə irəliləməyə
başlayır. Corc stritdə Kvinslend
Universitetinin binaları çoxaldığından universitetdə
böyük kampusa ehtiyac duyulmağa başlayır. 1922-ci ildə Viktoriya parkı ərazisi (ərazinin
yarısı hazırda Mayne Tibb Məktəbi tərəfindən
tutulub) Kvinslend Universitetinin daimi yeri kimi müəyyən
edilir.
1927-1929-cu illər ərzində
doktor Ceyms OTMayne və onun bacısı miss Meri Emelia Mayne
universitetə Sent-Lüsia ərazisində 274 akrlıq yer
bağışlayırlar. Əvvəllər bu ərazidə
pambıq, qarğıdalı, ananas və s. qida məhsulları
becərilirdi. Maliyyə
çatışmazlığı ərazinin
inkişafını dayandırır. 1938-ci
ildə bu ərazidə Forqan Smit binasının tikintisi
başlanılır və 1939-cu ildə başa
çatır. II Dünya müharibəsi
dövründə Forqan Smit binası hərbi məqsədlər
üçün istifadə olunur; Sakit okeanın cənub-qərb
hissəsində müttəfiqlərin quru
qoşunlarının qərargahına çevrilir.
1946-1972-ci illərdə
Kvinslend Universiteti Corc stritdən Sent Lüsiaya
köçür. 1990-cı ildə universitet Kvinslend Kənd
Təsərrüfatı Texnikumu (hazırda UQ Qatton adlanır)
ilə birləşdirilir. 1999-cu ildə
Avstraliyada tamamilə veb-şəbəkəyə
qoşulmuş ilk xüsusi kampuslardan birincisi olan Kvinslend
Universitetinin İpsviç kampusu tikilir.
Büdcə və təhsil haqqı
2009-cu ildə
Kvinslend Universitetinin illik gəlirləri 125900000 Avstraliya
dolları olub.
Həmin məbləğin 53%-i Avstraliya hökumətinin
qrantları, 5%-i Kvinslend ştatı və yerli hökumət
yardımları, 18%-i təhsil haqqı (xüsusi ilə əcnəbi
tələbələrin) və vergilər (yığım),
3%-i investisiya, 5%-i məsləhət və sazişlər,
qalanı isə digər vasitələr hesabına əldə
olunan gəlirlərdir.
Həmin il
universitetin illik xərcləri 1198000000 Avstraliya dolları təşkil
edib. Xərclərin 56%-ni əməkhaqqı və
əməkdaşların müavinəti, 7%-ni amortizasiya, 3%-ni
qrant və borcların ödənilməsi, 2%-ni təmir və
texniki xidmət, qalanlarını isə müxtəlif məsrəflər
təşkil edib.
2009-2010-cu tədris ilində
Kvinslend Universitetində bakalavr pilləsində təhsil alan avstraliyalı tələbələrin təhsil
haqqı fakültə və məktəbdən asılı
olaraq 4343 (biotexnologiya) - 8859 (biznes, kommersiya) Avstraliya
dolları, əcnəbi tələbələrin təhsil
haqqı isə 18300 (musiqi, təhsil, beynəlxalq tədqiqatlar
və s.) - 48000 (tibb, cərrahlıq) Avstraliya dolları olub.
Kvinslend
Universitetinin təqaüd proqramı Avstraliyada ən zəngin
proqramdır.
Universitetdə maliyyə durumundan, mənşəyindən
asılı olmayaraq istənilən tələbə təqaüd
ala bilər. Tələbələrə təqaüd
verilməsinin əsas məqsədi tədqiqat aparmaqda onlara
kömək etmək, təhsilə maraq oyatmaq, bütün
sahələrdə gənclərə dəstək
olmaqdır. Çoxlu sayda donorların,
müəssisələrin səxavətli himayəsi
hesabına burada tələbələrə geniş
çeşiddə təqaüdlər təklif olunur.
Bakalavr pilləsində təhsil alan avstraliyalı tələbələr
aşağıdakı təqaüdləri alırlar: RD Arida
təqaüdü - 6330 Avstraliya dolları (hər il məbləğ
dəyişir), Doris Kemp təqaüdü - 1700 Avstraliya
dolları və s. Magistratura pilləsində oxuyanların təqaüdü
ildə 22500 Avstraliya dolları təşkil edir. Universitetdə oxuyan əcnəbi tələbələr
də müxtəlif məbləğli təqaüdlər
alırlar. 2010-cu ildə Kvinslend
Universitetində tələbələrə 200-dən
çox təqaüd təklif olunub. Aborigen
tələbələrə burada xüsusi şərait
yaradılıb və təqaüdlər ayrılıb.
Universitet bu gün
Brisben
Avstraliyanın Kvinslend ştatının paytaxtıdır və
yaşamaq üçün çox əlverişli şəhərdir. Avstraliyanın
üçüncü ən böyük şəhəri olan
Brisben subtropik iqlimə malikdir. Şəhərin əhalisinin
sayı 1,8 milyondan çoxdur və burada
yaşayan insanlar çox mehribandırlar. Dövlət
dili ingilis dili olsa da, bir çox başqa dillər də
işlədilir. Günəşli Sahil çimərliyi,
Milli park, zoopark şəhərin ən gəzməli
yerləri hesab olunur.
Universitetin
bütün Kvinslend ştatında elmi-tədqiqat mərkəzləri
yerləşir. Buna baxmayaraq, Brisben şəhərində universitetin əsas
4 kampusu mövcuddur: Sent-Lüsia, İpsviç, Qatton və
Herston. Kvinslend Universitetinin ümumi ərazisi
1464 hektardır.
Sent-Lüsia
kampusu 1937-ci ildə tikilməyə başlayıb. Bu kampusu
Avstraliyanın ən gözəl universitet şəhərciyindən
biri adlandırırlar. Brisben şəhərinin mərkəzindən
7 km aralıda Brisben çayının döngəsində
114 hektar ərazidə yerləşən Sent-Lüsia kampusunda
geniş landşaft bağları, göllər, idman
meydançaları, velosiped cığırı var.
Yarımkürə şəklində tikilən binaların mərkəzində
məşhur Böyük həyət yerləşir. Kampusda Kvinslend Bədii İncəsənət Muzeyi,
Ceyms və Meri Emelia Mayne Mərkəzi, kilsə, klublar
mövcuddur.
Qatton kampusu
Brisben şəhərindən 90 km qərbdə Uorreqo
şosesində yerləşir. Bu kampusda Təbii
resurslar, Kənd təsərrüfatı, Baytarlıq
fakültələri yerləşir. Kampusda
kənd təsərrüfatı, heyvandarlıq,
atçılıq, vəhşi heyvanların öyrənilməsi
üçün 1000 hektarlıq ərazi ayrılıb. Burada bu sahənin tədqiqatı üçün
xüsusi müəssisələr, laboratoriyalar, kitabxanalar var.
2010-cu ildə universitetin bütün baytarlıq məktəblərinin
Qatton kampusuna köçürülməsi nəzərdə
tutulub.
İpsviç
tələbə şəhərciyi 1999-cu ildə
yaradılıb və universitetin ən yeni kampusudur. Əvvəllər
burada İpsviç Psixiatriya Xəstəxanası (1878-ci ildə
açılıb) yerləşib, 1997-ci ildən isə
kampusun ilk binalarının tikintisinə başlanılıb.
Meşə ilə örtülmüş təpələrin
arasında 25 hektarlıq ərazidə salınan kampusda 20-dən
çox bina var. Binaların hamısı qırmızı dam
örtüyünə malikdir və yaşıllıqların
arasında yerləşən şəhərcik əsrarəngiz
gözəlliyi, səliqəliliyi ilə seçilir.
Universitetin Turizm, İncəsənət,
Biznes, Tibb bacısı və mamalıq, İnformasiya
texnologiyaları və elektrotexnika, Sosial fəaliyyət və
insan haqqında tətbiqi elmlər, Təhsil, Jurnalistika və
kommunukasiya məktəbləri, Humanitar və riyaziyyat elmləri,
Biznes, iqtisadiyyat və hüquq, Sağlamlıq, Sosial və əxlaq
elmləri fakültələri, Kiberməktəb kitabxanası
burada yerləşir.
Herston kampusu
Kvinslend Universitetində tibbi elmi-tədqiqatların
aparıldığı əsas məkandır. Kampusda Royal Brisben, Royal
Uşaq, Royal Qadın xəstəxanaları, Mayne Tibb Mərkəzi,
Kvinslend Tibbi Tədqiqatlar, Kvinslend Radium institutları, Tibb, Səhiyyə,
Tibb Bacısı və Mamalıq məktəbləri, Kliniki Tədqiqatlar
Mərkəzi, Sağlamlıq elmləri kitabxanası yerləşir. Şəhərciyin
binaları müasir üslubda tikilib və əsasən
çoxmərtəbəli binalardan ibarətdir.
Kampuslardan əlavə,
ştatın müxtəlif ərazilərində Kvinslend
Universitetinin təhsil və tədqiqat müəssisələri
yerləşir. Turbot strit ərazisində ali məktəbin Stomatologiya
fakültəsi, Pincarra Hillsdə akvamədəniyyət və
daxili ekologiya problemləri üzrə tədqiqatlar həyata
keçirən Pincarra Su Elmi-Tədqiqat Stansiyası, Heron
adasında koral rifi ekologiyası tədqiqatları aparan və
30 binadan ibarət olan Heron Adası Elmi-Tədqiqat
Stansiyası, Nort-Stradbrok adasında Morton-Bey Tədqiqat
Stansiyası və s. tədqiqat mərkəzləri, kənd təsərrüfatı
fermaları, fizika, seysmoqraf stansiyaları var.
Kvinslend Universitetinin nəzdində
İncəsənət, Biznes, iqtisadiyyat və hüquq,
Mühəndislik, memarlıq və informasiya texnologiyaları,
Sağlamlıq elmləri, Təbii resurslar, Kənd təsərrüfatı,
Baytarlıq, Elmlər, Sosial və əxlaq elmləri fakültələri,
Molekulyar bioelmlər, Avstraliya Biomühəndislik və
Nanotexnologiya, Sabit minerallar, Kvinslend Beyin, KU (Kvinslend Universiteti)
Diamantin Xərçəng, İmmunologiya və Metabolik Təbabət,
Sosial tədqiqatlar, Qlobal dəyişiklik və s. institutlar
(ümumilikdə 118 mərkəz və institut) fəaliyyət
göstərir. Universitetdə, həmçinin, Heyvanların
öyrənilməsi, Biologiya, Tibb, Tibb bacısı və
mamalıq, Tibbi-biologiya elmləri, Tibb və reabilitasiya elmləri,
Stomatologiya, Əczaçılıq, Baytarlıq, Səhiyyə,
Memarlıq, Biznes, İqtisadiyyat, Hüquq, Təhsil, Psixologiya,
Siyasi elmlər və beynəlxalq tədqiqatlar, İctimai elmlər,
Sosial fəaliyyət və xidmət, Turizm, Kimya
texnologiyası, Kimya və molekulyar bioelmlər, Vətəndaş
quruculuğu, Yer haqqında elmlər, İngilis dili, Media elmləri
və incəsənət tarixi,
Coğrafiya, planlaşdırma və ətraf mühitin
idarə olunması, Tarix, fəlsəfə, din və klassika,
İnsan hərəkəti tədqiqatları, İnformasiya
texnologiyaları və elektrotexnika, İnteqrativ sistemlər,
Jurnalistika və kommunikasiya, Torpaq, məhsul və qida elmləri,
Dillər və müqayisəli kulturologiya, Musiqi, Riyaziyyat və
fizika, Mexanika və dağ-mədən
maşınqayırması məktəbləri mövcuddur. Hər fakültə və məktəb
ayrılıqda bir neçə bölmə və alt bölmədən
ibarətdir. Universitet bakalavr, magistr və
doktorluq dərəcələri təklif edir.
Kvinslend
Universitetinin kitabxana sistemi
müxtəlif kampuslarda yerləşən 14 kitabxanadan ibarətdir
və Avstraliyanın ən zəngin akademik kolleksiyaya malik
kitabxana sistemlərindən biridir. Ali məktəbin kitabxana sisteminə
2,5 milyon cild kitab, 75 mindən çox çaplı və
elektron jurnal, 1000 şəbəkəyə qoşulmuş
verilənlər bazası, 500000-dən artıq elektron kitab,
38792 DVD disk və videokaset, zəngin əlyazma, mikroforma, rəsm
kolleksiyası daxildir. Kitabxana sisteminin
kolleksiyası İnternet şəbəkəsinə
qoşulub və bütün dünya istifadəçilərinin
xidmətindədir. Həmçinin oxucular
məsləhət və kömək üçün şəxsən
telefonla, vebsayt, elektron poçt və ya onlayn söhbət
vasitəsi ilə kitabxanaya müraciət edə bilərlər.
Kvinslend Universitetinin
kitabxanası Kvinslend ştatının Dövlət
Kitabxanası, Kvinslend Dövlət Arxivi, Muzeyi, Parlament, Ali Məhkəmə kitabxanaları və Kral Tarixi Cəmiyyəti
ilə əməkdaşlıq edir.
Eləcə də
universitetin nəzdində Bədii muzey və Meri Emelia Mayne Mərkəzi
mövcuddur.
Kvinslend Universitetində 22
üzvdən və 3 rəsmi şəxsdən ibarət senat,
qubernator tərəfindən təyin edilmiş 8 nəfər,
müəllim və tələbələr tərəfindən
seçilmiş 8 nəfər və Senat tərəfindən
təyin edilmiş 3 nəfərdən ibarət şura fəaliyyət
göstərir. Universitetin kansleri cənab Con Stori,
vitse-kansleri, professor Meri Maxoni, prezidenti və
vitse-kansleri isə professor Paul Qrinfilddir. Universitetdə
fəaliyyət göstərən fakültələrə
dekan, məktəblərə isə direktorlar rəhbərlik
edirlər. Ali təhsil ocağında 6126 nəfər
işçi çalışır, bunların da 2615 nəfərini
akademik, 3511 nəfərini isə inzibati işçilər təşkil
edirlər.
Kvinslend
Universitetinin tələbələrinin ümumi sayı
2009-2010-cu tədris ilində 40583 nəfər olub. Tələbələrin
29856 nəfərini bakalavr, 10727 nəfərini isə magistr və
doktorantlar təşkil ediblər. Universitetdə
dünyanın 128 ölkəsindən 8824 nəfər əcnəbi
tələbə təhsil alıb. Ali məktəbdə
24000-dən çox üzvü olan 150 tələbə klubu və
cəmiyyəti, eləcə də 33 idman klubu var.
Bu ali məktəbdə
tələbələrə istənilən xidmətlər
(işlə, nəqliyyatla təminolunma, təhlükəsizlik,
sağlamlıq, bank və poçt, dini, uşaqlı, əlil
tələbələrə qayğı və s.) təklif
olunur.
Kvinslend Universitetində 11
yataqxana-kollec var. Bunlar 190 tələbə yerlik Kromvel, 150
yerlik Daçens, 350 yerlik Emmanuel, Beynəlxalq, 180 yerlik
qızlar üçün Qreys, Qızlar, 260 yerlik Kral, Müqəddəs
Con, Müqəddəs Leo, 440 yerlik
Qatton Holl rezidensiyaları kollecləridir. Yataqxanalarda
36 həftə qalmaq üçün tələbə, otaqdan
asılı olaraq qidalanma, kommunal xərclər daxil olmaqla,
11100-16500 Avstraliya dolları ödəyir. Bununla
yanaşı, tələbələr kampus xaricində evlərdə
və mənzillərdə kirayədə qala bilərlər.
Kvinslend
Universitetində yüksək səviyyəli idman kompleksləri
və fitnes mərkəzləri fəaliyyət göstərir. Ali məktəbin
üzgüçülük mərkəzi və tennis
kortları Brisben şəhərində ən
yaxşısıdır. Fitnes mərkəzində pilates, yoqa, çəki azaltmaq
üçün məşq zalları və s. tələbələrin
xidmətindədir. İdman növlərindən basketbol,
futbol, netbol, xokkey, döyüş sənəti, tennis, yüngül
atletika təklif olunur.
Kvinslend
Universiteti təhsilinin, xüsusi ilə bioloji elmlər sahəsinin
inkişafına görə beynəlxalq nüfuza malikdir. Universitetin son
zamanlar sürətlə inkişafının əsas səbəbi
burada bahalı fakültələrdə oxuyan əcnəbi tələbələrin,
magistr və doktorantların, tədqiqatçıların
sayının çoxalmasıdır. Universitetin
məzunları məşğulluq və gəlirlərinin səviyyəsinə
görə dünyada öncül yerləri tuturlar. Kvinslend Universitetinin diplomu bütün dünyada
işəgötürənlər tərəfindən yüksək
qiymətləndirilir. Bu ali məktəbi
bitirmiş mütəxəssislər bütün Yer kürəsində
güclü şəbəkə formalaşdırıblar.
Universitetin məşhur məzunları
Kventin Brays
Avstraliyanın
general-qubernatoru
Bill Heyden Avstraliyanın
sabiq general-qubernatoru
Ueyn Suon Avstraliyanın sabiq xəzinədarı
Liin Ford Kvinslend ştatının sabiq
general-qubernatoru
Uolter Kempbell Kvinslend
ştatının sabiq general-qubernatoru
Anna Blay Kvinslend
ştatının ilk qadın baş naziri
Piter Bitti
Kvinslend ştatının sabiq baş naziri
Ueyn Qoss Kvinslend
ştatının sabiq baş naziri
Maykl Aher n Kvinslend
ştatının sabiq baş naziri
Li Bun Yan Sinqapurun
Nazirlər Kabinetinin sabiq rəhbəri
Sellienn Atkinson Brisben şəhərinin
ilk qadın meri
Endryu Liveris "Dow Chemical Company" şirkətinin
baş direktoru
Piter Doherti immunologiya
üzrə Nobel mükafatı laureatı
Devid Malouf, Kim Uilkins yazıçılar
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.14-15.