Azərbaycan Respublikasının
ümumtəhsil məktəbləri üçün
fizika fənni kurikulumu (VI-XI siniflər)
GİRİŞ
Fizika fənni kurikulumu və onun
xarakterik cəhətləri. Azərbaycan Respublikasının
ümumtəhsil məktəbləri üçün fizika fənni
kurikulumu fizika təliminin əsas məqsəd və vəzifələrini
müəyyənləşdirməklə ümumi təlim nəticələrinə
nail olmaq istiqamətində bütün fəaliyyətləri
əks etdirən, cəmiyyətin ehtiyac və tələbləri
nəzərə alınmaqla hər bir şagirdin imkan və
maraqlarına yönəlmiş sənəddir. Bu
sənəd fənnin əhəmiyyətini, məqsəd və
vəzifələrini, ümumi təlim nəticələrini,
məzmun xətləri və onların əsaslandırılmasını,
məzmun xətləri üzrə standartları, fəaliyyət
xətlərini, təhsil pillələri üzrə ümumi
təlim nəticələrini, hər bir sinif üzrə məzmun
standartlarını əhatə edir. Bunlardan
əlavə, orada təlim strategiyaları və qiymətləndirmə
məsələləri öz əksini tapır.
Fizika kurikulumu dərslik və
dərs vəsaitlərinin, metodik göstəriş, multimedia
və digər tədris vasitələrinin yaradılması, təlim
materiallarının planlaşdırılması, təlim
üsullarının müəyyənləşdirilməsi və
tətbiq olunması üçün müvafiq təlimatlar
formasında hazırlanacaq qaydaların əsasını təşkil
edir, milli və ümumbəşəri dəyərlər nəzərə
alınmaqla tərtib olunur. Orada şəxsiyyətyönümlülük,
nəticəyönümlülük və inkişafetdiricilik əsas
keyfiyyətlər kimi nəzərə alınır.
Fizika kurikulumu
cəmiyyətin inkişafının əsas hərəkətverici
qüvvəsi olan gənc nəslin dövrün tələblərinə
uyğun formalaşdırılması,
qarşılaşdığı problemləri müəyyənləşdirməsi
və həll etməsi üçün zəruri bilik və bacarıqlara
yiyələnməsində, politexnik təhsilini inkişaf
etdirməklə praktik həyata hazırlanmasında, məntiqi
və yaradıcı təfəkkürünün inkişaf
etdirilməsində əhəmiyyətli rol oynayır.
Fizika həyat
elmidir. Həyatın bir sıra qanunları,
qanunauyğunluqları bu elmin tədqiqat obyekti kimi
araşdırılır. Şagirdlərin
hələ məktəb yaşlarından bu qanun və
qanunauyğunluqlara, müxtəlif fiziki hadisələrə
yaxından bələd olması onların həyat, təbiət
haqqında dünyagörüşünü artırmaqla
yanaşı, cəmiyyətdə yaşamaq üçün
bir sıra həyati bacarıqları mənimsəmələrinə
imkan yaradır. Cəmiyyətin müxtəlif
sahələrində həyatda bir insan kimi
formalaşmalarına təkan verir. Bu
prosesi tənzimləmək şagirdlərin
inkişafını ardıcıl olaraq izləmək,
onları istiqamətləndirmək üçün fizika fənninin
məzmunu nəticələr formasında təqdim olunur.
Mahiyyət etibarilə bacarıqlardan ibarət
olan bu nəticələr ölçülə bildiyindən
məzmun standartı kimi qəbul edilərək fizika fənn
kurikulumunda aparıcı yer tutur və bütövlükdə
kurikulum üçün xarakterik cəhətlərdən biri
olan nəticəyönümlülüyü təmin edir.
Fizika
kurikulumunda sadəcə anlayışların deyil, bacarıq
formasında ifadə edilmiş nəticələrin bir-biri ilə,
eləcə də digər fənlərə aid nəticələrlə
əlaqələndirilməsinə xüsusi diqqət
yetirilmiş, onlar xüsusi cədvəl şəklində
ümumiləşdirilmişdır. Bu, kurikuluma inteqrativ
xarakter gətirməklə onun fənlər üçün
vahid olan bir məqsədə - bütöv şəxsiyyətin
formalaşdırılmasına yönəlmiş sənəd
kimi dəyərini gücləndirmişdir.
Fizika fənni
kurikulumu həm də müəllim və şagird, eləcə
də qiymətləndirmə fəaliyyətlərini
özündə ehtiva etməklə kompleks xarakter
daşıyır. O, bütövlükdə fizika təlimi prosesinin
nizamlanması, həyata keçirilməsi üçün
geniş imkanlara malik olması ilə fərqlənir. Fizikanın öyrənilməsi prosesində dərslik
müəllifinin, məktəb rəhbərinin, müəllim
və şagirdlərin, valideynlərin, eləcə də
marağı olan hər kəsin tələbatlarına
uyğun açıq bir sistemə malik olur. Bu sistem ardıcıl olaraq yeniləşməklə
inkişaf edir.
Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Təbiətdə
müşahidə olunan bütün proses və hadisələr
müəyyən qanunlar əsasında baş verir.
Bütün elmlərin əsas məqsədi proses və hadisələrdə
qanunauyğun əlaqələri aşkar etmək və
öyrənməkdən ibarətdir.
Fizika təbiət
haqqında elm olub materiyanın müxtəlif
formalarını, onun xassələrini və qarşılıqlı
çevrilmələrini öyrənir. Fizikanın
qanunauyğunluqları təbiətdə baş verən
bütün hadisələrin, cansız və canlı
materiyanın qarşılıqlı əlaqələrinin
öyrənilməsində, elmi-texniki tərəqqinin
inkişafında aparıcı rol oynayır. Buna görə də fizika fənninin öyrənilməsi
şagirdlərə digər təbiət elmlərinin mənimsənilməsinə,
təbiət hadisələrinə, elm, texnika və
istehsalatın müxtəlif sahələrinə yaxından bələd
olmaq imkanı verir.
Fiziki anlayışları mənimsəməklə
şagirdlərdə idrak qabiliyyətinin inkişafına, elmi
dünyagörüşün formalaşmasına, iradə və
xarakterin tərbiyə edilməsinə, müşahidəetmə,
məntiqi düşünmə, dəqiqləşdirmə,
analiz və sintez, mühakiməyürütmə, problemi
müəyyənləşdirmə, həlletmə və s.
bacarıqların formalaşmasına zəmin yaradılır.
Bu isə şagirdlərdə empirik, politexnik, məntiqi,
tənqidi, yaradıcı təfəkkürü
formalaşdırır.
Bəşəriyyət
yaranan gündən insanlar öz yaşayış tərzini
yaxşılaşdırmaq, əməyini yüngülləşdirmək,
istehsal sahələrini genişləndirmək, ölkənin
müdafiə sistemini qurmaq, yeni enerji mənbələri axtarmaq,
təbiət hadisələrini müşahidə edərək
baş verə biləcək təbii fəlakətləri
qabaqcadan proqnozlaşdırmaq və qarşısını
almaq kimi müxtəlif həyati məsələlərin həllini
axtarmışlar. Nəticədə yeni-yeni
ixtiralar və kəşflər meydana gəlmişdir. Bütün bunlar fizika elminin inkişafı, onun
qanunları və qanunauyğunluqları sayəsində
mümkün olmuşdur. Cəmiyyətin
sosial-iqtisadi inkişafı fizikanın nailiyyətləri ilə
əlaqəli surətdə elə qurulmuşdur ki, hazırda
müasir həyatı fizikasız təsəvvür etmək
mümkün deyildir. Belə ki, sənayeyə, kənd təsərrüfatına,
nəqliyyat və rabitəyə, informasiya-kommunikasiya
texnologiyalarına, mədəniyyətin müxtəlif sahələrinə,
təbabətə və insanların məişətinə
geniş tətbiq olunan texnikanın sürətli
inkişafı, müxtəlif texniki qurğuların
hazırlanması və istismarı kəşf olunan, öyrənilən
hadisələrin və təbiət qanunlarının tətbiqinə
əsaslanır. Məhz buna görə də fizikanı
öyrənmək cəmiyyətin bütün üzvlərinə:
fəhləyə, kənd təsərrüfatı
işçisinə, texnikə, texnoloqa, mühəndisə,
konstruktora, neftçiyə, geoloqa, həkimə, xalq təsərrüfatının
müxtəlif sahələrində çalışan digər
peşə sahiblərinə lazımdır. Müharibə
şəraitində yaşayan ölkə vətəndaşlarının
vətənpərvər ruhda tərbiyə olunması, hərbi
texnikanın sirlərinə yiyələnməsi
üçün ümumtəhsil məktəblərində
fizikanın tədrisinə xüsusi ehtiyac vardır.
Fizika
elmi-texnoloji təkamülün əsasıdır. Ümumtəhsil məktəblərində
fizikanın tədrisi şəxsiyyətin
formalaşmasında müstəsna rol oynayır və
aşağıdakı xüsusiyyətlər baxımından
əhəmiyyət daşıyır:
* Fizika zehni inkişafın
bir vasitəsidir. Fizikanın öyrənilməsi
şagirdlərin məntiqi təfəkkürünü
formalaşdırmaq, mühakimə və dərketmə
qabiliyyətini yüksəltmək, nitqini inkişaf etdirmək
üçün güclü vasitədir. Müşahidələrə
qiymət vermək, eksperiment aparmaq, fiziki hadisələr
arasında əlaqəni izah etməyi bacarmaq, nəticəni
qabaqcadan duymaq, proqnozlar vermək, fərziyyə və nəzəriyyələri
eksperimentdə yoxlamaq məntiqi təfəkkürü
inkişaf etdirir. Şagirdlər hadisənin,
faktın, tərifin, qanunun yazılı və şifahi dildə
düzgün şərhini verməklə nitqlərini inkişaf
etdirirlər.
* Fizika şəxsi keyfiyyətləri
formalaşdıran vasitədir. Ümumtəhsil məktəblərində
fizikanın tədrisi şagirdlərdə çoxlu şəxsi
keyfiyyətlər formalaşdırır. Bunlara
dünyagörüşü, bilik, bacarıq, vərdiş,
qabiliyyət, adət, iradə, əməksevərlik və s. aiddir.
Ümumtəhsil
məktəblərində fizika fənninin əsas məqsədi
şagirdləri təbiət və texnikanın mühüm
qanunauyğunluqlarına aid elmi dünyagörüşünə
yiyələndirməklə onlarda təfəkkür mədəniyyətini,
kommunikativ mədəniyyəti inkişaf etdirməkdən,
müasir texnologiyalarla işləmək qabiliyyəti
formalaşdırmaqdan ibarətdir. Bu məqsədin həyata
keçirilməsi aşağıdakı vəzifələrin
reallaşdırılmasından asılıdır:
· fizika
elminin əsaslarına aid ən mühüm faktlara, qanunlara və
onların praktikada tətbiqinə dair anlayışların
formalaşdırılması;
· şagirdlərdə
ölçü cihazları və laboratoriya
avadanlıqları ilə işləmək, həmçinin
müxtəlif hesablamalar aparmaq, alınan nəticələri
təhlil etmək bacarıqlarının
formalaşdırması;
· texniki
yaradıcılıq və ixtiraçılıq qabiliyyətinin
inkişaf etdirilməsi;
· fizikanın
ümumbəşəri mədəniyyətin tərkib hissəsi
və cəmiyyətin sosial-iqtisadi inkişafının əsas
hərəkətverici qüvvəsi olması haqqında təsəvvürlərin
yaradılması;
· dünyanın
bütövlükdə dərk edilməsi və müasir
fiziki mənzərəsi haqqında təsəvvürlərin
formalaşdırılması;
· digər təbiət
fənlərinin öyrənilməsi üçün real zəminin
yaradılması.
Ümumiyyətlə,
fizikanın tədrisi vasitəsi ilə:
· ümumi orta təhsil
səviyyəsində təbiətdə baş verən fiziki hadisələrin
mahiyyətinin, onların qanunauyğunluqlarının və
maddi aləmin dərk olunması, maddələrin quruluşu,
zaman və məkan anlayışları əsasında fəza
təsəvvürləri və empirik təfəkkürün
formalaşdırılması, cəmiyyətin sosial-iqtisadi
inkişafında təbiət elmlərinin əsası kimi
fizikanın rolu, fizika elminin görkəmli nümayəndələri
və elmi nailiyyətləri barədə məlumatların mənimsənilməsi;
· tam orta təhsil səviyyəsində
əsas təhsil pilləsindəki fəaliyyət istiqamətləri
dərinləşdirilməklə fəza və zaman təsəvvürlərinin
daha da genişləndirilməsi, fiziki qanunauyğunluqların
və fundamental fiziki qanunların mahiyyəti və onların
tətbiqi, fizikanın digər elmlərlə əlaqəsi,
canlı materiyanın öyrənilməsində və
texnikanın inkişafında onun aparıcı rolu haqqında
məlumatların mənimsənilməsi, şagirdlərdə
elmi dünyagörüşünün formalaşması, tənqidi
təfəkkürün inkişafı təmin olunur.
1. Fizika təliminin məzmunu
1.1. Ümumi təlim nəticələri
Ümumi orta təhsil səviyyəsi
üzrə şagird:
· təbiət
hadisələrini xarakterinə görə qruplaşdırır
və onların başvermə səbəblərini fiziki
qanunlar əsasında izah edir;
· təbiət
hadisələrinin qanunauyğunluqları haqqında məlumatlar
toplayır, onları ümumiləşdirib şərh edir;
· fiziki hadisələri
müşahidə edir, nəticələri ümumiləşdirir
və onlar haqqında mülahizələrini təqdim edir;
· fiziki kəmiyyətləri
ölçür və nəticələrindən gündəlik
həyatda tətbiq üçün istifadə edir, bu prosesdə
təhlükəsizlik qaydalarına əməl edir;
· fizika
elminin cəmiyyətin sosial-iqtisadi tərəqqisində rolu və
əhəmiyyəti, görkəmli fizika alimlərinin
yaradıcılığı barədə təqdimatlar edir.
Tam orta təhsil səviyyəsi üzrə
şagird:
· fiziki
qanunların mahiyyətini və xarakterik xüsusiyyətlərini
şərh edir;
· fiziki hadisələrin
müəyyən qanun və qanunauyğunluqlarla əlaqəsini
və tətbiqi yollarını şərh edir;
· nəzəri
biliklərin həyatda reallaşdırılması
imkanlarını nümayiş etdirir.
1.2. Məzmun xətləri
Məzmun xətti
fənn üzrə ümumi təlim nəticələrinin
reallaşmasını təmin etmək üçün
müəyyənləşdirilmiş məzmunun zəruri
hesab edilən tərkib hissəsidir. Məzmun xətləri
şagirdlərin öyrənəcəyi məzmunu sistemləşdirmək
və təsnif etmək məqsədi daşıyır.
Fizika fənninin məzmun xətləri təhsilin
bütün mərhələləri üçün təlimin
məqsəd və vəzifələrinə uyğun olaraq
aşağıdakı kimi təyin edilmişdir:
1. Fiziki hadisələr,
qanunauyğunluqlar və qanunlar
2. Maddə və sahə,
qarşılıqlı təsir, əlaqəli sistemlər
3. Eksperimental fizika və
müasir həyat.
Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar
Bu məzmun xətti
şagirdlərə mexaniki, istilik, elektromaqnit, işıq,
atom və nüvə hadisələrini dərk etməyə,
onları xarakterizə edən kəmiyyətlər
arasındakı əlaqələrə dair məsələlər
üzərində müstəqil işləmək fəaliyyətini
və yaradıcılıq qabiliyyətlərini inkişaf
etdirməyə imkan verir. Şagirdlərə
müxtəlif mexaniki, atom və molekulların xaotik istilik hərəkəti,
yüklü zərrəciklərin, atom və nüvədaxili
zərrəciklərin hərəkətlərinin qanun və
qanunauyğunluqlarını mənimsəməyə şərait
yaradır.
Tam orta təhsil
səviyyəsində fundamental saxlanma qanunlarının
köməyi ilə hadisənin, prosesin necə baş verməsini
qabaqcadan anlamağa və tənzimləməyə, onlardan
istifadənin əhəmiyyətini dərk etməyə imkan
yaradır. Təbiətdə baş verən hadisələrin
mahiyyətini açıqlamağa, onlardan həyati məqsədlər
üçün istifadə etməyə, şagirdlərin tədqiqatçılıq
meyilinin inkişafına zəmin yaradır.
Maddə və sahə, qarşılıqlı təsir,
əlaqəli sistemlər
Bu məzmun xəttində
materiyanın maddə və sahə formaları, onların vəhdəti
və qarşılıqlı çevrilməsi, maddənin
quruluşu, aqreqat halları, qravitasiya, elektromaqnit sahələri,
fundamental qarşılıqlı təsirlərin (qravitasiya,
elektromaqnit, güclü və zəif) maddələr
arasında fiziki sahə vasitəsilə ötürülməsi
müxtəlif pillələrdə əlaqəli sistemlərin
yaranmasında qarşılıqlı təsirin rolu təbiətin
vəhdəti, kainatın yaranması, əlaqəli sistemlərin
iyerarxiyası (pilləliyi) haqqında anlayışlar, həmçinin
zaman və məkan anlayışları əsasında fəza
təsəvvürlərinin formalaşdırılması məsələləri
ümumiləşdirilir. Bu təsəvvürlərin
formalaşdırılması şagirdlərdə maddi aləmi
dərk etmək, dünyanın vahid fiziki mənzərəsini
təsvir etmək, məişət və istehsalatda istifadə
üçün tələb olunan xassəli materialları
seçmək və gündəlik həyatda onlardan istifadə
etmək bacarıqlarının inkişaf etməsinə imkan
yaradır.
Eksperimental fizika və müasir həyat
Eksperimental fizika və
müasir həyat məzmun xətti şagirdlərdə
elmi-texniki tərəqqidə, cəmiyyətin sosial-iqtisadi
inkişafında, digər təbiət fənlərinin
öyrənilməsində fizikanın rolu haqqında təsəvvürlərin
yaradılmasına, fiziki hadisə və prosesləri
müşahidə etmək, onların elmi-nəzəri əsaslarını
dərk etmək, alınan bilikləri sistemləşdirmək
və praktikada tətbiq etmək bacarıqlarının
formalaşdırılmasına, nəticə etibarilə
onlarda texniki yaradıcılıq qabiliyyətinin və tədqiqatçılıq
meyilinin inkişafına zəmin yaradır.
Məzmun xəttinin köməyi
ilə fiziki hadisələr müşahidə edilir, müxtəlif
təcrübələr aparılır, müəyyən
fiziki kəmiyyətlər təhlükəsizlik qaydalarına
uyğun olaraq ölçülür, nəticələri cədvəl
və qrafiklərdə təsvir edilir, kəmiyyətlər
arasındakı qanunauyğunluqlar müəyyənləşdirilir,
məişət və istehsalatda istifadə olunan cihaz və
avadanlıqların iş prinsipləri öyrənilir, təhlükəsiz
işləmək bacarıqları formalaşır.
1.3. Məzmun xətləri üzrə təlim nəticələri
Ümumi orta təhsil səviyyəsində məzmun xətləri
üzrə təlim nəticələri
1. Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar
Şagird:
· təbiət
hadisələrini xarakterinə görə
qruplaşdırır, başvermə səbəblərini izah
edir;
· təbiət
hadisələrinin qanunauyğunluqları haqqında məlumatlar
toplayır, onları ümumiləşdirib şərh edir.
2. Maddə və sahə, qarşılıqlı təsir,
əlaqəli sistemlər
Şagird:
· maddələri
quruluşuna görə təsnif edir;
· materiyanın
maddə və sahə formalarının oxşar və fərqli
cəhətlərini izah edir;
· təbiətdəki
əlaqəli sistemlərdə qarşılıqlı təsirin
rolunu izah edir.
3. Eksperimental fizika və müasir həyat
Şagird:
· təhlükəsizlik
qaydalarını gözləməklə cihaz və
avadanlıqlardan istifadə edir;
· fiziki hadisələrə
aid təcrübələr aparır, nəticələri cədvəl
və qrafik şəklində təsvir edir, kəmiyyətlər
arasındakı qanunauyğunluqları müəyyənləşdirir;
· texnikanın
inkişafında fizika elmin
·in rolu,
görkəmli fizika alimlərinin
yaradıcılığı barədə təqdimatlar edir.
Tam orta təhsil səviyyəsində
məzmun xətləri üzrə təlim nəticələri
1. Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar
Şagird:
· fiziki hadisələrin
müəyyən qanun və qanunauyğunluqlarla əlaqəsini
şərh edir;
· fiziki hadisələrin
tətbiqi yollarını şərh edir.
2. Maddə və sahə, qarşılıqlı təsir,
əlaqəli sistemlər
Şagird:
· maddələrin
və sahələrin qarşılıqlı çevrilmələrini
şərh edir;
· maddənin
quruluşunu və qarşılıqlı çevrilməsini
şərh edir;
· təbiətdəki
əlaqəli sistemlərdə qarşılıqlı təsir
xüsusiyyətlərini şərh edir.
3. Eksperimental fizika və müasir həyat
Şagird:
· müxtəlif
fiziki hadisələrə dair təcrübələr qoyur,
hesablamalar aparır, nəticələrini təqdim edir;
· fiziki hadisələrin
həyatda reallaşdırılması imkanlarını
nümayış etdirir;
· cəmiyyətin
inkişafında fizika elminin rolu və görkəmli fizika
alimləri haqqında araşdırmalar aparır, nəticələrini
müxtəlif formalarda (məruzə, referat, təqdimat) təqdim
edir.
1.4. Fəaliyyət xətləri
Fizika fənni üzrə məzmun
standartlarını reallaşdırmaq üçün
aşağıdakı fəaliyyət xətlərindən
istifadə olunur:
· mühakiməyürütmə
və əsaslandırma;
· problemin həlli;
· ünsiyyət;
· müşahidə,
təcrübələrin aparılması;
· tədqiqetmə;
· tətbiqetmə;
· məsələ
və çalışma həlli;
· müzakirə;
· təqdimat.
1.5. Siniflər üzrə məzmun
standartları
VI SİNİF
VI sinfin sonunda şagird:
· hadisələri
(mexaniki, istilik, elektrik) fərqləndirir, onlara dair sadə məsələlər
həll edir;
· materiyanın
formalarını fərqləndirir, maddələrin aqreqat
hallarını izah edir və sadə məsələlər həll
edir;
· təbiətdəki
əlaqəli sistemləri fərqləndirir və
qarşılıqlı təsirə dair müşahidələrini
izah edir;
· sadə təcrübələr
aparır və ölçü cihazlarından təhlükəsiz
istifadə edir;
· fiziki hadisələrə
əsaslanan məişət qurğularından istifadə
edir;
· fizika
elminin inkişafında dünya alimlərinin roluna dair məlumatları
təqdim edir.
Məzmun xətləri üzrə əsas və
alt-standartlar
1. Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar
Şagird:
1.1. Fiziki hadisələrə
dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Mexaniki, istilik,
elektromaqnit hadisələrini fərqləndirir.
1.1.2. Müxtəlif xarakterli
fiziki hadisələrə dair sadə məsələlər həll
edir.
1.1.3. Hərəkəti
növlərinə görə qruplaşdırır.
1.1.4. Müxtəlif xarakterli
təbiət hadisələrinə dair müşahidələrini
təqdim edir.
2. Maddə və sahə, qarşılıqlı təsir,
əlaqəli sistemlər
Şagird:
2.1. Materiyanın
formalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Maddələri
quruluşuna (aqreqat hallarına) görə fərqləndirir.
2.1.2. Materiyanın
formalarını fərqləndirir.
2.1.3. Materiyanın
formalarına dair müşahidələrini sadə şəkildə
təqdim edir.
2.1.4. Maddələrin
quruluşuna (aqreqat hallarına) dair sadə məsələlər
həll edir.
2.2. Təbiətdəki əlaqəli
sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini
nümayiş etdirir.
2.2.1. Təbiətdəki əlaqəli
sistemləri və qarşılıqlı təsirləri fərqləndirir.
2.2.2. Təbiətdəki
qarşılıqlı təsirə dair müşahidələrini
təqdim edir.
3. Eksperimental fizika və müasir həyat
Şagird:
3.1. Təcrübələr
aparır, nəticələri təqdim edir.
3.1.1. Sadə
ölçü cihazlarından istifadə edir.
3.1.2. Sadə təcrübələr
aparır, nəticələrini təqdim edir.
3.2. Müasir həyatın
inkişafında fizika elminin rolunu mənimsədiyini
nümayiş etdirir.
3.2.1. İş prinsipi fiziki
hadisələrə əsaslanan məişət
qurğularından istifadə edir.
3.2.2. Fizika elminin
inkişafında dünya alimlərinin roluna dair sadə məlumatı
təqdim edir.
VII SİNİF
VII sinfin sonunda şagird:
· mexaniki
hadisələrin başvermə səbəblərini şərh
edir, onlara aid məsələlər qurur və həll edir;
· mexaniki hərəkəti
əlamətlərinə görə fərqləndirir,
müşahidələrini ümumiləşdirib təqdim
edir;
· qravitasiya
sahəsini xarakterizə edən kəmiyyətləri izah edir
və onlara aid sadə məsələlər həll edir;
· maddələrin
mexaniki xassələrini izah edir, onlara dair sadə məsələlər
həll edir;
· təbiətdəki
əlaqəli sistemlərdə qravitasiya qüvvəsinin rolunu
şərh edir, təbiət qüvvələrinə aid sadə
məsələlər qurur və həll edir;
· mexaniki
hadisələrə aid təcrübələr aparır,
fiziki kəmiyyətləri ölçür və hesablamalar
aparır;
· istehsalatda
istifadə olunan mexaniki qurğuların yaradılmasında və
inkişafında fizika elminin rolunu izah edir.
Məzmun xətləri üzrə əsas və
alt-standartlar
1.Fiziki hadisələr,
qanunauyğunluqlar, qanunlar
Şagird:
1.1. Fiziki hadisələrə
dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Mexaniki hadisələri
və onların başvermə səbəblərini şərh
edir.
1.1.2. Mexaniki hərəkətə
aid məsələlər qurur və həll edir.
1.1.3. Mexaniki hərəkəti
əlamətlərinə görə şərh edir.
1.1.4. Mexaniki hərəkətə
dair müşahidələrini ümumiləşdirib təqdim
edir.
2. Maddə və sahə, qarşılıqlı təsir,
əlaqəli sistemlər
Şagird:
2.1. Materiyanın
formalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Qravitasiya sahəsini
xarakterizə edən kəmiyyətləri izah edir.
2.1.2. Qravitasiya sahəsinə
dair məsələlər həll edir.
2.1.3. Maddələri mexaniki
xassələrinə görə fərqləndirir.
2.1.4. Maddələrin mexaniki
xassələrinə dair məsələlər həll edir.
2.2. Təbiətdəki əlaqəli
sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini
nümayiş etdirir.
2.2.1. Təbiətdəki əlaqəli
sistemlərdə qravitasiya qarşılıqlı təsirinin
rolunu izah edir.
2.2.2. Təbiət qüvvələrinə
(ağırlıq, çəki, sürtünmə, elastiklik)
aid məsələlər qurur və həll edir.
3. Eksperimental fizika və müasir həyat
Şagird:
3.1. Təcrübələr
aparır, nəticələri təqdim edir.
3.1.1. Mexaniki hadisələrə
dair cihaz və avadanlıqlardan istifadə edir.
3.1.2. Mexaniki hadisələrə
uyğun fiziki kəmiyyətləri ölçür,
hesablamalar aparır.
3.2. Müasir həyatın
inkişafında fizika elminin rolunu mənimsədiyini
nümayiş etdirir.
3.2.1. Texnika və istehsalatda
istifadə olunan sadə mexaniki qurğuların iş prinsiplərini
izah edir.
3.2.2. Mexaniki qurğuların
yaradılmasında və inkişafında fizika elminin rolunu
izah edir.
VIII SİNİF
VIII sinfin sonunda şagird:
· istilik və
elektromaqnit (elektrik) hadisələrinin mahiyyətini,
qanunauyğunluqlarını izah edir, sadə məsələlər
qurur və həll edir;
· elektrik sahəsini
xarakterizə edən fiziki kəmiyyətlərin tətbiqinə
dair məsələlər həll edir;
· maddələri
fiziki xassələrinə görə fərqləndirir, sadə
məsələlər qurur və həll edir;
· maddənin
aqreqat hallarını molekulların
düzülüşünə, hərəkətinə və
qarşılıqlı təsirinə görə fərqləndirir;
· təbiətdəki
əlaqəli sistemlərdə elektrik qarşılıqlı
təsirinə dair məsələlər qurur və həll
edir;
· istilik və
elektrik hadisələrinə aid təcrübələr qoyur, fiziki
kəmiyyətləri ölçür, hesablamalar aparır;
· istilik
texnikasının iş prinsipini izah edir və onun
yaranmasında fizika elminin rolunu dəyərləndirir.
Məzmun xətləri üzrə əsas və
alt-standartlar
1. Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar
Şagird:
1.1. Fiziki hadisələrə
dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. İstilik və
elektromaqnit (elektrik) hadisələrini və onların
başvermə səbəblərini şərh edir.
1.1.2. İstilik və
elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər
qurur və həll edir.
1.1.3. İstilik hərəkəti
və elektrik cərəyanının mahiyyətini şərh
edir.
1.1.4. İstilik hərəkəti
və elektrik hadisələrinin qanunauyğunluqlarına aid
topladığı məlumatları şərh edir
2. Maddə və sahə, qarşılıqlı təsir,
əlaqəli sistemlər
Şagird:
2.1. Materiyanın
formalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Maddələri fiziki
xassələrinə görə fərqləndirir.
2.1.2. Maddələrin fiziki
xassələrinə aid məsələlər qurur və həll
edir.
2.1.3. Elektrik sahəsini
xarakterizə edən fiziki kəmiyyətləri izah edir.
2.1.4. Elektrik sahəsinə
dair məsələlər həll edir.
2.2. Təbiətdəki əlaqəli
sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini
nümayiş etdirir.
2.2.1. Maddənin aqreqat
hallarını molekulların düzülüşü, hərəkəti
və qarşılıqlı təsirinə görə fərqləndirir.
2.2.2. Təbiətdəki əlaqəli
sistemlərdə elektrik qarşılıqlı təsirinin
rolunu izah edir.
2.2.3. İstilik hərəkəti
və elektrik qarşılıqlı təsirinə dair məsələ
qurur və həll edir.
3. Eksperimental fizika və müasir həyat
Şagird:
3.1. Təcrübələr
aparır, nəticələri təqdim edir.
3.1.1. İstilik və elektrik
hadisələrinə aid ölçü cihazlarından
istifadə edir.
3.1.2. İstilik və elektrik
hadisələrinə uyğun fiziki kəmiyyətləri
ölçür, hesablamalar aparmaqla nəticələri təqdim
edir
3.2. Müasir həyatın
inkişafında fizika elminin rolunu mənimsədiyini
nümayiş etdirir.
3.2.1.Texnikada
və istehsalatda istifadə olunan istilik hadisələrinə əsaslanan
qurğuların iş prinsiplərini izah edir.
3.2.2. İstilik
texnikasının yaranması və inkişafında fizika
elminin rolunu dəyərləndirir.
IX SİNİF
IX sinfin sonunda şagird:
· elektromaqnit
(maqnit, işıq), atom və nüvə hadisələrinin
qanunauyğunluqlarını şərh edir, onlara aid məsələlər
qurur və həll edir;
· elektromaqnit
və qravitasiya sahələrinə dair məsələlər
qurur və həll edir;
· maddələri
quruluşuna və xassələrinə görə təsnif
edir, onlara aid məsələlər qurur və həll edir;
· təbiətdəki
elektromaqnit və nüvə qarşılıqlı təsirlərinə
aid məsələlər qurur və həll edir;
· elektromaqnit
(maqnit, işıq), atom və nüvə hadisələrinə
uyğun cihazlardan istifadə edir, fiziki kəmiyyətləri
ölçür, hesablamalar aparır;
· elektromaqnit
(maqnit, işıq), atom və nüvə hadisələrinin
inkişafında fizika elminin rolunu izah edir.
Məzmun xətləri üzrə əsas və
alt-standartlar
1. Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar
Şagird:
1.1. Fiziki hadisələrə
dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Elektromaqnit (maqnit,
işıq), atom və nüvə hadisələrini,
onların başvermə səbəblərini şərh edir.
1.1.2. Elektromaqnit (maqnit,
işıq), atom və nüvə hadisələrinə aid məsələlər
qurur və həll edir.
1.1.3. Yüklü zərrəciklərin,
atom və nüvədaxili zərrəciklərin hərəkətini
şərh edir.
1.1.4. Elektromaqnit (maqnit,
işıq), atom və nüvə hadisələrinin
qanunauyğunluqlarına dair topladığı məlumatları
şərh edir.
2. Maddə və sahə, qarşılıqlı təsir,
əlaqəli sistemlər
Şagird:
2.1. Materiyanın
formalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Elektromaqnit və
qravitasiya sahələrini müqayisəli şəkildə
şərh edir.
2.1.2. Elektromaqnit və
qravitasiya sahələrinə dair məsələlər qurur
və həll edir.
2.1.3. Maddəni quruluşuna
və xassələrinə görə təsnif edir.
2.1.4. Maddələrin
quruluş və xassələrinə aid məsələlər
qurur və həll edir.
2.2. Təbiətdəki əlaqəli
sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini
nümayiş etdirir.
2.2.1. Təbiətdəki əlaqəli
sistemlərdə elektromaqnit və nüvə
qarşılıqlı təsirinin rolunu izah edir.
2.2.2. Elektromaqnit və
nüvə qarşılıqlı təsirinə dair məsələlər
qurur və həll edir.
3. Eksperimental fizika və müasir həyat
Şagird:
3.1. Təcrübələr
aparır, nəticələri təqdim edir.
3.1.1. Elektromaqnit (maqnit,
işıq), atom və nüvə hadisələrinə
uyğun cihazlardan istifadə edir.
3.1.2. Elektromaqnit (maqnit,
işıq), atom və nüvə hadisələrinə
uyğun fiziki kəmiyyətlər arasındakı
asılılığı müəyyən edir.
3.2. Müasir həyatın
inkişafında fizika elminin rolunu mənimsədiyini
nümayiş etdirir.
3.2.1. Müxtəlif fiziki
hadisələrə (elektromaqnit, atom və nüvə) əsaslanan
qurğuların iş prinsiplərini şərh edir.
3.2.2. Müxtəlif fiziki
hadisələrin inkişafında fizika elminin roluna dair təqdimatlar
edir.
X SİNİF
X sinfin sonunda şagird:
· mexaniki və
istilik hadisələrinin yaranma səbəblərini izah edir,
qanun və qanunauyğunluqlarına aid məsələlər
həll edir;
· mexaniki və
istilik hadisələrini və onları xarakterizə edən
fiziki kəmiyyətləri əlaqəli şərh edir;
· maddələrin
qarşılıqlı çevrilməsini onların daxili
quruluşu ilə əlaqələndirir və buna aid məsələlər
həll edir;
· təbiətdəki
əlaqəli sistemlərdə cisimlərin və cismin hissəciklərinin
qarşılıqlı təsirinin rolunu izah edir və bunlara
aid məsələlər həll edir;
· mexaniki və
istilik hadisələrinə dair qanunları təcrübədə
yoxlayır, onları xarakterizə edən fiziki kəmiyyətlər
arasındakı asılılıqları müəyyənləşdirir;
· fizika
elminin istilik texnikası və texniki qurğuların
inkişafında rolunu dəyərləndirir, onların tətbiqinə
dair təqdimatlar edir.
Məzmun xətləri üzrə əsas və
alt-standartlar
1. Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar
Şagird:
1.1. Fiziki hadisələrə
dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Mexaniki və istilik
hadisələrinin qanun və qanunauyğunluqlarla əlaqəsini
şərh edir.
1.1.2. Mexaniki və istilik
hadisələrinin qanun və qanunauyğunluqlarına aid
(qrafik, kəmiyyət və keyfiyyət tipli) məsələlər
qurur və həll edir.
1.1.3. Mexaniki hərəkəti,
istilik hərəkətini xarakterizə edən kəmiyyətlər
arasındakı əlaqəni şərh edir.
1.1.4. Mexaniki və istilik
hadisələrinin tətbiqinə dair təqdimatlar edir.
2. Maddə və sahə, qarşılıqlı təsir,
əlaqəli sistemlər
Şagird:
2.1. Materiyanın
formalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Maddələrin
qarşılıqlı çevrilmələrini şərh
edir.
2.1.2. Maddələrin
qarşılıqlı çevrilmələrinə dair
müxtəlif tipli məsələlər qurur və həll
edir.
2.1.3. Maddələrin xassələrini
daxili quruluşuna görə şərh edir.
2.1.4. Maddələrin daxili
quruluşu ilə bağlı müxtəlif tipli məsələlər
qurur və həll edir.
2.2. Təbiətdəki əlaqəli
sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini
nümayiş etdirir.
2.2.1. Təbiətdəki əlaqəli
sistemlərdə cisimlərin və cismin hissəciklərinin
qarşılıqlı təsirinin rolunu dəyərləndirir.
2.2.2. Əlaqəli sistemlərdə
cisimlərin və cismin hissəciklərinin
qarşılıqlı təsirinə dair məsələlər
həll edir.
3. Eksperimental fizika və müasir həyat
Şagird:
3.1. Təcrübələr
aparır, nəticələri təqdim edir.
3.1.1. Mexaniki və istilik
hadisələrinə dair qanunları təcrübələrlə
yoxlayır, nəticələrini təqdim edir.
3.1.2. Mexaniki və istilik
hadisələrini xarakterizə edən fiziki kəmiyyətlər
arasındakı asılılıqları müəyyənləşdirir.
3.2. Müasir həyatın
inkişafında fizika elminin rolunu mənimsədiyini
nümayiş etdirir.
3.2.1. Texnikanın
inkişafında iş prinsipinə, mexaniki və istilik hadisələrinə
əsaslanan qurğulara dair təqdimatlar edir.
3.2.2. Texnikanın (mexaniki və
istilik qurğuları) inkişafında fizika elminin roluna dair tədqiqatlar
aparır, nəticələrini təqdim edir.
XI SİNİF
XI sinfin sonunda şagird:
· elektromaqnit,
atom, nüvə hadisələrinin qanun və
qanunauyğunluqlarını izah edir, onlara aid məsələlər
qurur;
· zərrəciklərin
hərəkətini xarakterizə edən kəmiyyətlər
arasındakı əlaqələri şərh edir;
· maddə və
sahə hissəciklərinin qarşılıqlı
çevrılməsini şərh edir, onlara aid məsələlər
qurur və həll edir;
· maddələrin
qarşılıqlı çevrilmələrini izah edir,
onlara aid məsələlər qurur, həll edir;
· əlaqəli
sistemlərdə qarşılıqlı təsirin xüsusiyyətlərini
şərh edir və onlara aid məsələlər həll
edir;
· elektromaqnit,
atom və nüvə hadisələrinə aid qanun və
qanunauyğunluqları təcrübədə yoxlayır,
fiziki kəmiyyətlər arasındakı
asılılıqları müəyyənləşdirir;
· texniki
qurğuların müasir həyatda roluna, onların
inkişafının fizika elminə verdiyi töhfələrə
dair referatlar hazırlayır.
Məzmun xətləri üzrə əsas və
alt-standartlar
1. Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar
Şagird:
1.1. Fiziki hadisələrə
dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Elektromaqnit, atom və
nüvə hadisələrinin qanun və qanunauyğunluqlarla əlaqəsini
şərh edir.
1.1.2. Elektromaqnit, atom və
nüvə hadisələrinin qanun və qanunauyğunluqlarla əlaqəsinə
aid (qrafik, kəmiyyət və keyfiyyət tipli) məsələlər
qurur və həll edir.
1.1.3. Yüklü zərrəciklərin,
atom və nüvədaxili zərrəciklərin hərəkətini
xarakterizə edən kəmiyyətlər arasında əlaqəni
şərh edir.
1.1.4. Elektromaqnit, atom və nüvə
hadisələrinin
tətbiqinə dair təqdimatlar edir.
2. Maddə və sahə, qarşılıqlı təsir,
əlaqəli sistemlər
Şagird:
2.1. Materiyanın
formalarına dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Maddə və sahə
zərrəciklərinin qarşılıqlı çevrilməsini
şərh edir.
2.1.2. Maddə və sahə
zərrəciklərinin qarşılıqlı çevrilmələrinə
dair müxtəlif tipli məsələlər qurur və həll
edir.
2.1.3. Maddələrin
qarşılıqlı çevrilmələrini və xassələrini
zərrəciklərin təbiəti ilə izah edir.
2.1.4. Maddələrin
qarşılıqlı çevrilmələrində zərrəciklərin
rolu ilə bağlı müxtəlif tipli məsələlər
qurur və həll edir.
2.2. Təbiətdəki əlaqəli
sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini
nümayiş etdirir.
2.2.1.Təbiətdəki
əlaqəli sistemlərdə (qravitasiya, elektromaqnit,
güclü və zəif) qarşılıqlı təsirin
xüsusiyyətlərini şərh edir.
2.2.2. Əlaqəli sistemlərdə
(qravitasiya, elektromaqnit, güclü və zəif)
qarşılıqlı təsirin xüsusiyyətlərinə
dair məsələlər qurur və həll edir.
3. Eksperimental fizika və müasir həyat
Şagird:
3.1. Təcrübələr
aparır, nəticələri təqdim edir.
3.1.1. Elektromaqnit, atom və
nüvə hadisələrinə dair qanun və
qanunauyğunluqları təcrübələrlə
yoxlayır, nəticələrini təqdim edir.
3.1.2. Elektromaqnit, atom və
nüvə hadisələrini xarakterizə edən fiziki kəmiyyətlər
arasındakı asılılıqları müəyyənləşdirir.
3.2. Müasir həyatın
inkişafında fizika elminin rolunu mənimsədiyini
nümayiş etdirir.
3.2.1. Texniki qurğuların
müasir həyatda rolunu dəyərləndirir və müxtəlif
məzmunlu referatlar hazırlayır.
3.2.2. Müasir texnikanın
inkişafında fizika elminin roluna dair tədqiqatlar aparır və
referatlar hazırlayır.
(Ardı var)
Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.20-21.