Amerikalı tələbələrlə görüş

 

İyunun 14-də Azərbaycan Dillər Universitetinin  Heydər Əliyev adına Muzey-lektoriyasında Yay məktəbində iştirak edəcək amerikalı tələbələrlə görüş keçirildi.

Tədbiri giriş sözü ilə ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova  açaraq universitetdə fəaliyyət göstərən şöbələr haqqında ətraflı  məlumat verdi və Azərbaycan xalqının etnik xüsusiyyətləri, milli mənəvi dəyərlərini əks etdirən   geniş təqdimatla  çıxış etdi.

Tədbirdə  ADU-nun elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov tələbələrə  Azərbaycanın milli  mənəvi  dəyərlərini əks  etdirən tarixi yerlərini, muzeyləri gəzməyi tövsiyə etdi və beləliklə, Azərbaycanı daha da yaxından tanıyacaqlarını,  səfərdən böyük  zövq  alacaqlarını  söylədi.

Sonra  ABŞ-ın ölkəmizdəki səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson  Azərbaycan və  Amerika arasında təhsil əlaqələrinin mövcud olduğunu və gələcəkdə bu prosesin daha da inkişaf edəcəyinə inandığını qeyd etdi. Keçirilən bu tipli tədbirlərin tələbələrin  dünyagörüşlərinin və  təhsil səviyyələrinin  artmasına yardımçı olacağını bildirdi. 

Bunun üçün  ABŞ-ın müxtəlif universitetlərini təmsil edən 8 tələbənin ADU-da keçirəcəkləri Yay məktəbi çərçivəsində Azərbaycan mədəniyyətini, tarixini, adət-ənənələrini öyrənmək  məqsədilə iki ay müddətində ölkəmizdə olacağı tədbir iştirakçılarının nəzərinə çatdırıldı.

 

 

 Ş.CƏFƏROV

 

 Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.7.