Bağça 65 yetirməsini məktəbə yola saldı

 

İyunun 10-da Bakının yeddinci mikrorayonunda yerləşən 272 nömrəli körpələr evi-uşaq bağçasında "Əlvida, bağça, salam, məktəb" adlı mərasim keçirildi.

Bağçanın bütün tərbiyəçi və uşaq kollektivinin, valideynlərin və çoxlu qonağın qatıldığı bayram şənliyi təkcə məzunların məktəbə yola salınmasına həsr olunmamışdı, həmin gün həm də tərbiyə ocağı özünün 20 yaşını qeyd edirdi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən və digər bağçalardan gəlmiş qonaqlar əvvəlcə bağçanı gəzib burada yaradılmış yüksək təlim-tərbiyə şəraiti ilə tanış oldular, qrup və yataq otaqlarına baxdılar. Sonra onlar tərbiyəçi və uşaqların qrup otaqlarında və dəhlizlərdə nümayiş olunan əl işlərinə tamaşa etdilər.

Bayram şənliyini bağçanın müdiri, bacarıqlı məktəbəqədər təhsil mütəxəssisi Şəfiqə Əliyeva açaraq tədbir iştirakçılarını salamladı, rəhbərlik etdiyi müəssisənin 20 illik fəaliyyət yolundan, son illər təlim-tərbiyə işlərinin keyfiyyətini yüksəltmək üçün həyata keçirdikləri tədbirlərdən, əldə etdikləri uğurlardan söz açdı.

Qeyd olundu ki, 1990-cı ildə 31 uşaq və bir neçə tərbiyəçi ilə fəaliyyətə başlamış 272 nömrəli körpələr evi-uşaq bağçasında hazırda 7 qrupda 150-dək uşaq tərbiyə olunur və məktəb təliminə hazırlanır. Bağçada bütün yaş dövrlərini əhatə edən həm Azərbaycan, həm də rus qrupları var. Müasir dövrdə məktəbəqədər təhsilin qarşısında duran vəzifələri yaxşı bilən tərbiyəçilər mövcud proqramın tələblərini nəzərə almaqla yaradıcı çalışır, məktəbəqədər təhsil sistemindəki bütün yenilikləri və qabaqcıl təcrübə nümunələrini öyrənib öz fəaliyyətlərində tətbiq edirlər. Təlim-tərbiyə işində qazandığı uğurlarına görə bağça, onun rəhbərliyi və tərbiyəçilər Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, digər qurumların 50 fəxri fərmanı ilə mükafatlandırılıb. Bağça Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu ilin may ayında Əl oyunları sarayında keçirdiyi "Təhsil, zaman və biz" sərgisində zəngin mündəricəli işi ilə paytaxtın məktəbəqədər təhsil müəssisələrini yüksək  səviyyədə təmsil edib.

Bu il 272 nömrəli körpələr evi-uşaq bağçasından 65 uşaq məktəbə gedəcək. Bayram şənliyini öz çıxışları ilə rövnəqləndirən də 3 məktəbəhazırlıq qrupunun məzunları olan həmin uşaqlar idi. Balaca istedadlar böyük məharətlə ifa etdikləri şeirlərlə, mahnı və rəqslərlə, göstərdikləri maraqlı səhnəciklərlə bağçada xeyli şey öyrəndiklərini, məktəbə getmək üçün artıq hazır olduqlarını nümayiş etdirdilər. Uşaqlar üçün çıxış etdikləri mahnı və rəqs nömrələrinə uyğun gözəl geyimlər hazırlanmışdı.

Məzunlar əvvəlcə  Dövlət himnimizi ifa etdilər. Sonra dövlətimizin atributlarına dair söylədikləri şeirlərlə onları yaxşı tanıdıqlarını sübut etdilər. Bir neçə mahnı və rəqs nömrəsindən sonra meydana sinələrinə müxtəlif rəqəmlər yazılmış uşaqlar çıxdılar. Onların sıra ilə düzülməsindən "1990-2010" ədədləri alındı. Bu, onların qoynunda tərbiyə tapdıqları bağçanın 20 yaşına işarə idi.

 Balaca Əli müəllimə həsr edilmiş şeir dedi və əlindəki gül dəstəsini tərbiyəçisinə təqdim etdi. Hər üç qrupun tərbiyəçisi çıxış edib öz yetirmələrini məzun olmaları münasibəti ilə təbrik etdi, onlara məktəbdə yaxşı oxumağı arzuladı. Uşaqların elmin-biliyin faydasını artıq dərk etdikləri onların göstərdiyi kiçik bir səhnədən aydın oldu.

Tərbiyəçi Hicran Bağırlı Cəfər Cabbarlının məşhur "Ana" şeirini böyük məharətlə söylədi. Arzu, Sevinc, digər uşaqlar bağçalarının 20 illiyi ilə əlaqədar kollektivin rəhbəri Şəfiqə Əliyevanı, tərbiyəçilər Mehparə Əsədovanı, Pəri Cəfərovanı, Cavahir Aşinovanı, Tatyana Alimovanı, musiqi rəhbəri Mehriban Lətifovanı və b. tərbrik etdilər, onları əsl ana kimi sevdiklərini bildirdilər.

Mərasimin ən maraqlı nömrələrindən biri üç valideyn arasında "Kim uşağını məktəbə tez yola salır" mövzusunda keçirilən yarış oldu. Qalib valideynə hədiyyə təqdim olundu.

Beləcə, bayram mərasimi balaca istedadların, onların tərbiyəçilərinin bir-birindən maraqlı nömrələri ilə davam etdi və iştirakçılara xoş anlar yaşatdı.

Bayram mərasimində bağçanın müdiri Şəfiqə Əliyevaya, nümunəvi işi ilə fərqlənən bir qrup tərbiyəçiyə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəxri fərmanları təqdim olundu. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Məktəbəqədər təhsil sektorunun müdiri Leyla İmanova kollektivi hər iki əlamətdar hadisə münasibəti ilə təbrik etdi. Tədbirin yüksək səviyyədə və maraqlı hazırlandığını, ümumiyyətlə bağçada aparılan tərbiyə, təlim işlərinin günün tələblərinə cavab verdiyini bildirən L.İmanova kollektivə minnətdarlıq edib gələcək fəaliyyətində daha böyük uğurlar arzuladı.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.13.