"Erməni genosidi" mövzusunda respublika rəsm müsabiqəsinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycana və azərbaycanlılara qarşı ermənilərin tarix boyu törətdiyi soyqırımları, qəddarlıqları, qətliamları, düşmənçiliyi tanıtmaq, böyüməkdə olan uşaq və gənclərdə erməni terroruna, erməni millətçiliyinə barışmaz münasibət formalaşdırmaq məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Ümumtəhsil, peşə təhsili, orta ixtisas və ali məktəblərin şagird və tələbələri arasında "Erməni genosidi" mövzusunda respublika rəsm müsabiqəsi keçirilsin.

2. Müsabiqənin keçirilmə qaydaları haqqında əsasnamə, təşkilat komitəsinin tərkibi təsdiq olunsun (Əlavə 1,2)

3. Təhsil müəssisələrinin rəhbərləri, şəhər, rayon təhsil şöbələrinin, idarələrinin müdirləri müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi təşkilati işlər görsünlər.

4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) ən yaxşı rəsmlərin 30-31 mart 2010-cu il tarixlərində T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq Dünyası" rəsm qalereyasında sərgisini təşkil etsin.

5. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması üçün 1680 (min altı yüz səksən) manat vəsait ayrılmasını təmin etsin.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr və əlavələrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

7. Ümumi şöbə (H.Məhərrəmova) müsabiqə qaliblərinə hədiyyələrin alınmasını, əmr və əsasnamənin çoxaldılaraq yerlərə göndərilməsini təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə edilsin.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri

1 mart 2010-cu il

 

Azərbaycan müəllimi.- 2010.- 5 mart.- S. 2.