"Təbiəti qoruyaq" mövzusunda "dəyirmi masa"

 

Saatlı rayonundakı 1 nömrəli orta məktəbdə "Ekologiya ili"nə aid "dəyirmi masa" keçirilib.

Tədbiri məktəbin direktoru, respublikanın əməkdar müəllimi Oqtay Məmmədov açaraq qeyd edib ki, ətrafımızda gördüyümüz bütün canlı və cansız aləm təbiətin tərkib hissəsi olduğu kimi, insan da bu aləmin bir nümayəndəsidir. Kəsilən hər bir ağac təbiətə vurulan bir yaradır. Bu gün dünyada geniş yayılmış xəstəliklərin bir çoxu ətraf mühiti çirkləndirməyin nəticəsində meydana çıxmışdır. Bax bugünkü "dəyirmi masa"nın keçirilməsində məqsəd də bu məsələnin öyrənilməsidir.

Tədbirdə 7 nömrəli Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin ekoloji təbliğat üzrə məsləhətçisi İlham Rüstəmov çıxış edərək bildirib ki, iqtisadi inkişafla bərabər, ölkənin ekoloji təmizliyini saxlamaq, şəhər və qəsəbələrimizi yaşıllığa qərq etmək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətində önəmli yer tutur. Məhz son illər Prezidentin müvafiq sərəncamı ilə bir neçə qoruq milli parklar yaradılıb. Sonra o qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr təbiətin qorunması yaşıllıqların salınmasına böyük töhfələr verir.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 12 mart.- S.5.