Nəriman Həsənzadənin Nizami poeması

 

Son illər poeziyamızda yeni bir ədəbi hadisə kimi N.Həsənzadənin "Nizami" poeması diqqəti cəlb edir.  Bu maraqlı əsərin yazılması ilə əlaqədar müəllifin  özünəməxsus bir səmimiyyətlə etirafı çox maraqlıdır.

"Gənc dostum Nizami Cəfərovun   40 yaşı tamam olurdu. Məni dəvət etmişdi. Bir şeirlə getmək istədim. İlk gəncliyindən ürəyimdə ayrıca yeri, bənzərsiz gülüşləri olan bu insanın həyatı çox da  nikbin keçməyib. Mərhum atası doğma torpaqlarından zorla deportasiya edilənlərdən olub". Elə bu müqəddimədən aydın olur ki, müəllifin əsərin baş qəhrəmanı seçdiyi Nizami Cəfərovun   mənsub olduğu ailə Ermənistandan köçürülən o vaxtdan (1940-50-ci illər) Qazax torpağında məskunlaşan sadə bir türk ailəsidir. Poemanın ayrı-ayrı kiçik fəsillərində biz əsas qəhrəmanın körpəlikdən bugünkü həyat fəaliyyətinə qədərki çətin uğurlu yolun şahidi oluruq. Oxucuda tam təsəvvür yaransın deyə, şair öz qəhrəmanının ən ümdə cəhətlərini - vətənsevərliyini, milli kök - soy, dövlətçilik türkçülük ideyalarına bağlılığını önə çəkir daha çox  bu cəhətləri oxucusunun nəzərində canlandırmağı  vacib sayır.

Şair taleyüklü məsələlərdə öz qəhrəmanının  tutduğu mövqeyə qəlbən inanır bundan böyük qürur hissi keçirir, çünki ölkənin, Vətən torpağının ağır məqamlarında çevik tərpənmək, səbatlı mövqe siyasət  yeritmək ən ümdə məsələdir. Seyrçi, müşahidəçi qalmaq heç kəsə şərəf gətirməz millət öz yerində sayar. Dünyanın güc sahibi olan dövlətlər laqeyd qalanda, biganə yanaşanda, təzadlar, ziddiyyətlər daha da kəskinləşəndə azsaylı  xalqlar, tayfalar minbir müsibətlə üz-üzə qalır, əzilib təhqir olunurlar. Elə buna görədir ki, şair öz hiddətini bu misralarda sərrast ifadə edir:

 

...İndi bu dünyanın vardı qulağı,

Qarabağ deyəndə, eşidə bilmir...

 

Poemanın, demək olar ki, bütün hissələrində Azərbaycanın mənfur düşmənlərinə qarşı ittiham və qəzəb hissi özünü aydın göstərir. "Qələmi qılıncdan kəsərli" kimi təqdim olunan əsər qəhrəmanı Moskvanın "Qafqaz töhfəsi", Yerevanın "İblis hiyləsi"nə qarşı çıxır, millət vəkili olaraq bütün siyasi və mədəni tədbirlərdə manqurtluğu, milli mənəvi aşınmaları xalqın bəlası hesab edir, sözünü ən ali kürsülərdən deməyi əsl vətəndaşlıq borcu bilir.

Əsərdə Nizami obrazı əsl türk vətəndaşı, milli patriot, türk və islamçılıq ideoloji, kəskin və dəyişilməz mövqe sahibi kimi xarakterizə olunur.  Oxucu bədii qəhrəmanın simasında həm də bir fəlsəfi  idraklı filoloq obrazı görür. Şairin öz həyat və yaradıcılıq yolu yaxından tanıdığı və sevdiyi qəhrəmanın - Nizaminin həyat və sənət  kredosu  ilə bir vəhdət təşkil edir. Alim Nizaminin dil-ədəbiyyat haqqında düşüncə və elmi-nəzəri mülahizələri ilə şair Nizaminin ədəbi-estetik baxışları bir-birini gözəl tamamlayır. Bunu poemanın bir çox yerlərində aydın hiss edirik:

 

Biz üç əlifbada, bir dildə yazdıq,

"Əski"də, "latın"da, "kiril"də yazdıq.

Bu nəsli o nəslə qarşı qoydular,

Ayırıb qəsd ilə qarşı qoydular.

 

Nizami Cəfərov özünün bütün dilçiliyə, ədəbiyyata dair yazdıqları əsərlərdə bu cür taleyüklü məsələlərdən ürəkağrısı ilə çox yazmışdır.

Bu sahədəki bəzi elmi əsərlərini yada salmaq, bizcə, yerinə düşər: "Şəxsiyyətin strukturunda XX yüzilin "böyük türklüyü", "Kitabi-Dədə Qorqudun dili", "Ümumtürk ədəbi dil", "Azərbaycan etnik-mədəni sisteminin yaranmasında qıpçaq türklərinin rolu", "Bir daha Füzulinin dili haqqında", "Azərbaycan dili, türk dili, yoxsa Azərbaycan türkcəsi", "Ümumtürk  ədəbi dili yaratmaq mümkündürmü?" və s. elmi məqalələri dediyimizə sübut ola bilər.

Nəriman Həsənzadənin böyük ürək səmimiyyətlə yazdığı "Nizami" poeması çağdaş dövrümüzün sadə müdrik insanı Nizami Cəfərov haqqında qələmə alınan lirik bir salnamədir. Burada gənc müdrik alimin, çox qabil dilçi ədəbiyyatşünas - tənqidçinin həyat fəaliyyətindən yığcam, lakin məna dolu səhifələrlə razılaşırıq.

Poemada Nizaminin qeyri-adi istedadına, səmimiyyət və mərdanəliyinə, söz sərrafı kimi hazırcavablığına, elmi məntiqi və təfəkkürünə, universal bilik sahibi olmasına dair xeyli misallar gətirmək olar.

Şair poemasında  gənc istedad sahibi  tək özünəməxsus zirvələrə çatmış Nizamini həm filoloq, həm türkoloq, həm əsl vətəndaş, böyük hərflə yazılan İnsan kimi səciyyələndirir. Onun sadəliyini, humanist, xeyirxah əməllərini eyni zamanda fikrindən, əqidəsindən  dönməzliyini, ağayana məğrurluğunu da xüsusi nəzərə çarpdırır.

"Şeyxim, ey Nizami, şairlər şahı" - deyərək qiymətləndirdiyi XII əsrin böyük sənətkarını vəsf edən N.Həsənzadə haqlı olaraq qeyd edir ki,  hörmətli oxucu nəzərə almalıdır ki, müasirim Nizamini dahi sələfi ilə müqayisə etmirəm. Sadəcə, bu günün Nizamisi özünəməxsus, yüksək xüsusiyyətləri - idraki, təfəkkürü, qeyri-adi istedadı və vətəndaşlıq mövqeyi ilə yaşıdlarından və ümumiyyətlə, müasirlərindən xeyli dərəcədə zirvədə dayanır və gəncliyə örnək bir şəxsiyyət səviyyəsindədir. Onlarca alimlərin yetişməsində müstəsna  xidməti bu fikri bir daha təsdiq edir.

Görkəmli şairin poemasındakı bu misralar da əbəs yerə deyilmir:

 

Dünyaya Bəhmənyar və Tusi gəldi,

İndi onların varisi gəldi.

Mahmud Qaşqarinin türkçü qələmi,

Sənin əlindədi indi, Nizami!...

 

Poemanın qəhrəmanı şairin fikrincə, həm istedadı,  həm zəhməti, çalışqanlığı ilə yüksək  kürsüləri fəth edə bilib. Ulu öndər Heydər Əliyevin onun həyatındakı mühüm rolunu şair incə yığcam bir formada, özünəməxsus sadəlik,  müdrik misralarda canlandıra bilmişdir:

 

"O da Görücüydü, insanı bəzən,

Yaxşı  tanıyırdı: üzdən yox, içdən"

"Böyük bir alimə vəzifə verdim,

Atatürk Mərkəzi! - get, işlə, dedim"

"İstedad, bilirəm, şərtdi şübhəsiz,

Şərtdi, - istedadı görmək özü "

 

Nizaminin təmkinli, ciddi görünüşü, hazırcavablığı, aydın məntiqi, təsirli nitqi, eyni zamanda yüksək mənəvi cəhətləri şair tərəfindən bir psixoloq - müəllim kimi çox yerində tutarlı epizodlarda ifadə olunmuşdur.

Əsərdəki bütün bədii təsvir vasitələri Nizaminin dolğun, bitkin obrazını yaratmaqda poetik yardımçıdır. Bütün bunlar, şübhəsiz ki, bədii obrazın mənəvi dünyasının yeni çalarlarını üzə çıxarır.

Poemada Nizaminin bütün mənəvi keyfiyyətlərinin, o cümlədən ədəbiyyat, ictimai xadim  kimi yaradıcılıq fəaliyyətinin çoxtərəfli cəhətlərinin şahidi olmuruq. Şair buna ehtiyac da duymamışdır. Çünki  qarşıya belə məqsəd qoyulmamışdır, müəllif ilk dəfə olaraq onun bir ziyalı - türk obrazını lirik ricətlərlə, təbii səmimi şəkildə verməyə çalışmış bunu ustalıqla bacarmışdır.

 

 

Əmirxan XƏLİLOV

 

Azərbaycan müəllimi.- 2010.- 19 mart.- S.15.