"Yol hərəkəti qaydaları və mən"

 

Aprelin 7-də Bakıdakı 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin uşaq şəhərciyində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, Xətai Rayon Polis İdarəsi və mərkəzin təşkilatçılığı ilə tədbir keçirildi. Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə "Diqqət, piyada" devizi altında hərəkətin təhlükəsizliyi aylığı çərçivəsində "Yol hərəkəti qaydaları və mən" mövzusunda keçirilən tədbirdə mərkəzin müəllim kollektivi, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Rövşən Əliyev, KİV nümayəndələri,  Bakı rayonlarının müxtəlif məktəblərindən  200-ə yaxın şagird və digər şəxslər iştirak edirdilər.

Mərkəzin direktoru Rafiq Kazımov belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq bildirdi ki, uşaqların yol hərəkəti qaydalarını məktəb yaşlarında öyrənmələri və buna əməl etmələri vacib amillərdəndir. Biz çalışmalıyıq ki, şagirdlərimiz hərtərəfli biliklərə yiyələnməklə yanaşı, hər gün rastlaşdığımız problemlərə də hazır olsunlar. Mərkəzdə şagirdlərin yol hərəkəti qaydalarının öyrənilməsi üçün hər bir şəraitin olduğu qeyd edildi. Bildirildi ki, mərkəz 1991-ci ildən başlayaraq DYP ilə birgə "Yol hərəkəti qaydaları" proqramı, "Uşaqlar və Yol Təhlükəsizliyi Layihəsi"nə uygun məşğələlər, gənc sürücülərin və fiqurlu velosiped sürənlərin yarışlarını və s. təşkil etmişdir. Uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin profilaktikası üzrə məktəb və məktəbəqədər tərbiyə müəssisələrinin müəllimləri arasında maarifləndirici tədbirlər nəticəsində minlərlə uşağın həyatının itirilməsi və əlil olmasının qarşısı alınmışdır.

Sonra polis polkovnik-leytenantı Kamran Əliyev mərkəzlə Dövlət Yol Polisi İdarəsinin sıx əməkdaşlıq etdiyini və bunun müsbət nəticələr verdiyini qeyd etdi. Şagirdlərin maarifləndirmə işi yüksək qiymətləndirilərək təqdirəlayiq hal hesab edildi.

Şagirdlərin ifasında yol polisi işçilərinə həsr olunmuş şeirlər və mahnılar səsləndi.

Sonda uşaqlar yol hərəkəti ilə bağlı səhnəciklər göstərərək kiçik maşın və velosipedlərlə şəhərciyi dövrə vurdular.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2010.- 14 may.- S.8.