Tanınmış rejissorla görüş

Bakıdakı 193 nömrəli orta məktəbdə tanınmış rejissor Ziya Şıxlınski ilə məktəbin pedaqoji kollektivi şagirdlərinin görüşü keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Rahim Hüseynov açaraq sənətkarın həyat yaradıcılığı barədə məlumat verdi. Bildirdi ki, Azərbaycanın tanınmış rejissoru Ziya Şıxlınski 40 il bundan qabaq bu məktəbdə oxumuşdur.

Sonra söz qonağa verildi. Ziya Şıxlınski məktəbdə oxuduğu müddətdə yaddaqalan xatirələrdən hazırda rejissorluq fəaliyyətindən ətraflı danışdı.

Həmin gün sənətkarın iştirakı ilə XI sinif şagirdi Günel Həsənovanın rəsm əsərlərindən ibarət sərgiyə baxış da keçirildi. Məlum oldu ki, Günel Həsənovanın 150-yə qədər rəsm əsəri var. Arzusu Azərbaycan Rəssamlıq Akademiyasında oxumaqdır. "Dünya uşaqların gözü ilə" rəsm sərgisində iştirakına görə sertifikat alıb. Heydər Əliyev adına Müasir Təhsil Kompleksində keçirilən fotosərgidə iştirakına görə isə II yer tutub. Bugünkü rəsm əsərlərində isə Bakı şəhərinin qədim guşələrindən olan İçərişəhər, Qız qalası və Novruz bayramına aid məqamlar təsvir olunurdu.

Sonda rejissor Ziya Şıxlınski Günel Həsənovanın rəsm əsərlərindən ibarət olan bu sərgidən razı qaldığını bildirdi. Məktəblilərin suallarına cavab verən qonaq onlarla xatirə şəkli çəkdirdi.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.18.