Peşəsinin vurğunu

 

Şəxsiyyətinə, bacarıq və qabiliyyətinə hələ tələbəlikdən bələd olduğum Hikmət Hüseynovun "V-VII siniflərin riyaziyyat kursunda çətinliyi artırılmış məsələlər" kitabı qarşımdadır. Xəyal məni yaxın keçmişə - tələbəlik illərinə aparır.

1 nömrəli fizika-riyaziyyat təmayüllü internat məktəbin məzunları öz hazırlıqları ilə digər tələbələrdən kəskin şəkildə fərqlənirdilər. Hikmət də onlardan biri idi. Qəbul imtahanlarını çox yüksək səviyyədə verdiyinə görə o, qrup nümayəndəsi seçilmişdi. Bütün problemlərimizi onun köməyilə yoluna qoyurduq. Rayonlu tələbələr yay tətilindən qayıdıb yataqxanada yerləşənə qədər xeyli əziyyətlərə qatlaşmalı olurdu, hətta bəzən dərslərdən də yayınırdıq. Belə vaxtlarda Hikmət bizimlə müəllimlər arasında "körpü" olurdu. Çox səliqəli xətti olduğundan iştirak etmədiyimiz dərslərin materiallarını ondan götürürdük. Təbii ki, qarşıya çıxan çətinliklərdə də heç vaxt köməyini bizdən əsirgəmirdi. Dərslərini əla oxumaqla yanaşı, ictimai işlərdə də həmişə fəal iştirak edirdi.

Elmi yaradıcılığa çox meyilli olduğundan universiteti qurtaranda H.Hüseynovun təyinatını AMEA-nın Riyaziyyat və Mexanika İnstitutuna verdilər və fakültə elmi şurasının zəmanəti ilə ona təhsilini aspiranturada davam etdirmək tövsiyə olundu.  Lakin atası Seyfulla müəllimin vaxtsız vəfatı onun xəyallarını alt-üst etdi. Evin böyük oğlu kimi ailənin bütün qayğılarını çiyninə götürməli oldu və doğulub boya-başa çatdığı Qusar rayonunun Piral kəndində pedaqoji fəaliyyətə başladı.

Qısa müddət ərzində qabiliyyəti və işgüzarlığı sayəsində çalışdığı kollektivin və kənd camaatının hörmətini qazanaraq Piral kənd məktəbinin direktoru təyin olundu.

Bu müddət ərzində yaradıcılıq hissi H.Hüseynovu bir an tərk etməyib. "V-VII siniflərin riyaziyyat kursunda çətinliyi artırılmış məsələlər" məhz bunun nəticəsində araya-ərsəyə gəlib. Onun həmmüəllifi olduğu "Ənənəvi bərabərsizliklərin qeyri-ənənəvi üsullarla həlli və riyaziyyatdan 121+131 olimpiada məsələləri" kitabı istedadlı uşaqların yaradıcılıq potensialının inkişafına xidmət edən yaxşı nümunələrdəndir.

Hikmət müəllim elmi fəaliyyətini davam etdirməsə də sübut etdi ki, əsas məsələ sevib-seçdiyi peşəyə ürəkdən bağlanmaq, onun vurğunu olmaq, başqa sözlə, ziyalı olmaqdır. Hikmət müəllim məhz belə ziyalılarımızdandır.

 

 

Güləhməd MƏLİKOV

 

Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.16.