Ulan-Ude şəhərindəki 1 nömrəli Peşə Liseyinin təcrübəsi ilə tanışlıq

 

Bu günlərdə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin tədris işləri üzrə direktor müavini Ziloy Cabbarov və hərbi rəhbər Əli Məmmədov  Təhsil  Nazirliyinin razılığı ilə Rusiya Federasiyasının  Buryatiya Respublikasının  paytaxtı Ulan-Ude şəhərindəki 1 nömrəli Peşə Liseyinin iş təcrübəsini öyrənib və həmkarları ilə fikir mübadiləsi aparıblar. Onlar  təhsil ocağının pedaqoji kollektivi ilə görüşüb, liseyin təcrübəsi və  daxili nizam-intizamı ilə yaxından  maraqlanıblar. Dəmir Yolu Liseyinin tədris işləri üzrə direktor müavini Ziloy Cabbarov səfər təəssüratlarını bizimlə bölüşərək bildirdi ki, Ulan-Ude şəhərindəki 1 nömrəli Peşə Liseyi üçmərtəbəli  binada  yerləşir. Bina istilik, suelektrik enerjisi ilə  təmin  olunur. Liseydə  təhsil müddəti  1 və 3 ildir. Bizdə olduğu kimi, bu təhsil ocağında da 594 şagird "Elektrovozun maşinist köməkçisi", "Teplovozun maşinist köməkçisi", "Hərəkət tərkibinin təmiri və xidməti üzrə  çilingər" və "Sərnişin vaqonlarının bələdçisi, sığorta agenti" ixtisasları  üzrə  təhsil alır. Şagirdlər 21 qrupda komlektləşdirilib. Onların təlim-tərbiyəsi  ilə 20 müəllim, 17 istehsalat təlimi ustası məşğul olur.Burada şagirdlər  yataqxanada qalır     hər gün onlara   3 dəfə yemək   verilir. Həftənin I günü isə liseydə "Sağlamlıq günü" elan  olunub.  Dərsdən  sonra  müəllim və şagirdlərin iştirakı ilə  müxtəlif  idman yarışları keçirilir.

Liseydə olarkən bizə bildirdilər ki, burada "Könüllü  yardım fondu" fəaliyyət göstərir  və hər bir valideyn  həmin fonda ildə  5 min rubl pul köçürür.

Səfər zamanı bizim üçün ən maraqlı məqamlardan biri də Buryatiya Respublikasının təhsil nazirinin 2 müavini və ilk texniki peşə  təhsili  şöbəsinin müdiri  ilə görüşlərimiz oldu. Nəticədə iki lisey arasında əməkdaşlıq haqqında müqavilə və bu il dekabr ayının 10-da 1 nömrəli Peşə Liseyinin 70 illik yubileyi mərasimində iştirak etmək üçün niyyət protokolu imzaladıq.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 5 noyabr.- S.4.