Müəllimlər də,
direktorlar da işə qəbulun yeni mexanizmindən
razılıq edirlər
Xəbər verdiyimiz kimi, cari dərs ilində Bakı
şəhərinin və ölkənin 11 rayonunun ümumtəhsil
məktəblərindəki vakant yerlərə elektron vasitələr
tətbiq olunmaqla ikimərhələli müsabiqə yolu ilə
müəllimlərin işə qəbulu aparılıb. Avqustun 20-dən sentyabrın 23-dək
çəkən bu proses nəticəsində 226 müəllim
işə qəbul olunub. Bəs pedaqoji kadrların
seçilib yerləşdirilməsində irəliyə
doğru mühüm bir addım olan, işə qəbul
prosesində obyektivliyi, şəffaflığı təmin edən,
insan amilinin iştirakını istisna edən yeni mexanizmi
müsabiqədə qalib gələrək işə qəbul
edilən müəllimlər necə qiymətləndirirlər?
Yenilik barədə məktəb direktorları nə
fikirdədirlər? Bu suallarla həmin
müəllimlərin bir neçəsinə və onların
işlədikləri məktəblərin direktorlarına
müraciət etdik.
İmtahanın tam şəffaf, obyektiv keçirildiyinə
şəxsən özüm inandım
Gülnar Niyazova (Bakıdakı 311 nömrəli orta məktəbin
fizika müəllimi):
- Ölkəmizdə ilk
dəfə olaraq 2010-2011-ci tədris ilində ümumtəhsil
məktəblərindəki vakant yerlərə müəllimlərin
işə qəbulu elektron vasitələr tətbiq olunmaqla
aparıldı. Mən də işə qəbul olunmaq istəyir
və vakant yerlər haqqında elanın
çıxmasını gözləyirdim.
Avqustun 20-də bu barədə mətbuatda
və Təhsil Nazirliyinin rəsmi saytında elan verildi. Elanı
oxudum və sənədlərimi
hazırlamağa başladım. Təhsil Nazirliyinin rəsmi
saytında elektron ərizə formasını doldurdum, ərizəm
təsdiqləndi. Sonra sənədlərimi Təhsil Nazirliyinə
təqdim etdim. Oradan öyrəndim ki, bizim imtahana
buraxılmağımız haqqında, eləcə də
imtahanın keçirildiyi vaxt, yer barədə məlumatları
saytda yaradılmış "şəxsi kabinet"imdən
öyrənə bilərəm. Bu məlumatların
sentyabrın 1-dən 5-nə qədər yerləşdiriləcəyini
dedilər. Elə də oldu. Sentyabrın 3-də öz kod və
parolumu sayta daxil edib "şəxsi kabinet"imdə
imtahanın sentyabrın 17-də, saat 10.00-da Təhsil
Nazirliyinin Təhsilin İnformasiyalaşdırılması
İdarəsində keçiriləcəyini öyrəndim.
İmtahana sadəcə şəxsi kod, parolumuz və şəxsiyyət
vəsiqəsi ilə gəlməyimiz tələb olunurdu.
Göstərilən
tarixdə imtahan keçirilən yerə getdim. Saat 10.00-da
imtahan başladı. Otaqda təxminən 20 namizəd var idi.
Onların hər biri üçün ayrıca kompüter nəzərdə
tutulmuşdu. Bizə göstəriş verildi ki, şəxsi
kodumuzu kompüterə daxil edək. Mən daxil etdim və
adım, soyadım, ixtisasım, variantım ekrana gəldi.
İmtahanda hər bir namizədə ixtisası üzrə
proqram əsasında tərtib edilmiş 25 test
tapşırığı verilmiş və bunun
cavablandırılmasına 40 dəqiqə vaxt
ayrılmışdı. Hər düzgün cavab 1 balla qiymətləndirilirdi.
Mən 40 dəqiqə ərzində bütün testləri
cavablandırdım. Bu zaman kompüterdə vaxtın başa
çatdığı yazıldı və düzgün
cavablar göstərildi. Mən test
tapşırıqlarının 80 faizindən çoxuna
düzgün cavab vermişdim. Bu da imtahanın şərtlərinə
uyğun idi. İmtahanı keçirən şəxslər
elan etdilər ki, nəticələr həmin gün saat
18.00-da hər namizədin "şəxsi kabinet"ində"
yazılacaq. Elə də oldu. Həmin vaxtda mən yenidən
"şəxsi kabinet"imə daxil oldum. Orada 311 nömrəli
məktəbə işə qəbul olduğum
yazılmışdı. Məlumatı oxuyanda çox
sevindim. İmtahanın tam şəffaf, obyektiv
keçirildiyinə şəxsən özüm inandım.
Artıq bütün bunları hər kəsə sübut edə
bilərəm. Onu da qeyd edim ki, göstərilən yerlərə
namizədlərin mübarizəsi zamanı hər bir meyar nəzərə
alınaraq işə qəbul prosesi aparılıb. Ətrafımda
olan bütün insanlar bu barədə məndən
soruşublar və mən bildirmişəm ki, imtahan olduqca ədalətli
keçir. Nöqsanlara ümumiyyətlə yol verilmir.
Mən işə qəbul
olunduğumu öyrəndikdən sonra 311 nömrəli məktəbə
gəldim. Məktəbin xarici görkəmi ilk baxışdan
çox xoşuma gəldi. Direktor Esmira Muradova ilə
tanış oldum. O, çox sevindi və məni təbrik
etdi. Esmira xanım dərs saatlarımı artıq
ayırmışdı. Beləliklə, mən dərs deməyə
başladım.
Artıq bir aydan
çoxdur ki, yeni iş yerimdə fəaliyyət göstərirəm.
Məktəbin təkcə xarici yox, daxili tərtibatı da
çox yaxşıdır. Kollektiv mehribandır. Təəssüratlarımın
sonunda savadlı gənclərə belə şərait
yaratdığına görə cənab nazir Misir Mərdanova
minnətdarlığımı bildirirəm.
Biliyi olanlara yaradılmış bu imkan təqdirəlayiqdir
Samirə Məmmədova (Bakıdakı 293 nömrəli
orta məktəbin fizika müəllimi):
-1985-ci
ildə Bakı şəhərində anadan olmuşam. 2003-cü
ildə ADPU-nun fizika fakültəsinə daxil olub, 2007-ci ildə
bitirmişəm. 2008-2010-cu illərdə 311 nömrəli orta
məktəbdə laborant işləmişəm. Təhsil
Nazirliyinin müsabiqəsində iştirak edərək
ixtisasım üzrə vakant yerlərdən birini
qazanmışam. Hazırda 293 nömrəli orta məktəbdə
fizika müəllimi işləyirəm. Müsabiqədə
iştirak edərək hər şeyin 100 faiz obyektiv və təmiz
olduğunun şahidiyəm. Biliyi, savadı olanlara Təhsil
Nazirliyi tərəfindən yaradılmış bu imkan təqdirəlayiqdir.
Bu müsabiqədə yaxşı nəticələr əldə
etmək üçün ixtisasın üzrə bilikli olmaqla
yanaşı, kompüterdə işləmək
bacarığın da olmalıdır. Həmçinin tam sərbəst
və cəld olmaq tələb olunur. Çünki elə
savadlı müəllimlər var ki, həyəcandan istədikləri
səviyyəni göstərə bilmirlər. İmtahan test
üsulu ilə 40 dəqiqə ərzində kompüter vasitəsilə
keçirildi. Bu 40 dəqiqə sanki bir neçə saniyə
kimi ötüb keçdi. Sonda gözəl nəticə əldə
etdikdə çəkdiyin hər bir əziyyət, hər bir
həyəcan çox şirin və unudulmaz olur. Bütün
bunlar üçün təhsil naziri cənab Misir Mərdanova
müsabiqənin qalibləri və öz adımdan təşəkkürümü
bildirirəm.
İmtahanın kompüter vasitəsilə
keçirilməsi mənim üçün çox rahat idi
Əfsanə Qubatova (Bakıdakı 224 nömrəli
ümumi orta təhsil məktəbinin tarix müəllimi):
- Mən Əli-Bayramlı
(indiki Şirvan) şəhərində anadan olmuşam. I sinfə
Əli-Bayramlı şəhəri Elçin İmanov
adına 10 nömrəli orta məktəbdə daxil olmuş,
VIII sinfə qədər həmin məktəbdə təhsil
almışam. 2000-ci ildən etibarən təhsilimi
Bakıdakı Neftçi Qurban adına 288 nömrəli orta məktəbdə
davam etdirmiş, 2004-cü ildə məzun olmuşam.
Uşaqlıqdan humanitar
fənlərə, xüsusilə tarix fənninə
böyük maraq göstərir, məktəbi bitirdikdən sonra
tarix və hüquqşünas ixtisaslarını seçmək
istəyirdim. 2004-cü ildə istəyimə nail oldum. Azərbaycan
Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə
daxil oldum. Tarix ixtisasını sevməyimə baxmayaraq, müəllim
peşəsinə marağım az idi, daha doğrusu bu haqda
heç düşünməmişdim. Lakin universitet illərində
aldığım təhsil və iştirak etdiyim pedaqoji təcrübələr
sayəsində müəllimlik sənətinin gözəlliyinin
fərqinə vardım və bu sənəti sevməyə
başladım.
Azərbaycan Dövlət
Pedaqoji Universitetini bitirdikdən sonra 2009-cu ildə Bakı Dövlət Universitetinin
magistraturasına daxil oldum. Magistraturada qiyabi təhsil
aldığım üçün artıq işləmək,
ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmək
haqqında düşünür və işə qəbul
olunmaq üçün bütün imkanlardan istifadə etməyə
çalışırdım.
Çox gözəl haldır ki, respublikamızda
savadlı kadrların işlə təmin olunması
üçün müxtəlif peşələr üzrə
vakant yerlərə müsabiqələr keçirilir. Bu, ali məktəbi
yeni qurtarmış istedadlı gənclərin ixtisaslarına
uyğun işlə təmin olunması baxımından
çox böyük imkandır. Sevindirici haldır ki,
artıq 2 ildir belə müsabiqə müəllimlərin
işə qəbulu ilə bağlı da keçirilir.
Mən bu müsabiqədə
iştirak etmək istədiyim üçün Təhsil
Nazirliyinin saytında bu haqda yerləşdiriləcək elanla
intensiv maraqlanırdım. Nəhayət, avqustun 20-də mətbuat
və İnternet xidməti vasitəsilə müsabiqə
haqqında məlumat verildi. Müsabiqənin şərtlərinə
görə istədiyi məktəbləri qeyd etmək
üçün namizədə dörd seçim imkanı
verilirdi. Dörd yerdən əlavə ərizədə belə
bir xana da var id: "Təhsil Nazirliyinin təklif etdiyi yer ilə
razısınız?" Razı olanlar həmin xananı
seçib işarə etməli idilər. Vakant yer təqdim edən
məktəblər sırasında həm Bakıda, həm də
bölgələrdə yerləşən təhsil müəssisələri
var idi. Elektron ərizəni doldurmazdan əvvəl təqdim
olunan vakant yerlərlə tanış oldum. Paytaxtda qeydiyyatda
olduğum üçün Bakı üzrə verilən məktəbləri
seçməli idim. Öncə Qaradağ rayonunda yerləşən
224 nömrəli məktəb diqqətimi çəkdi.
Yaşadığım rayonda yerləşdiyi
üçün o məktəbi birinci seçməyimin əlverişli
olduğunu düşündüm. Digər məktəblərə
nəzər yetirdikdə onların əksəriyyətinin
yaşadığım qəsəbəyə çox uzaq
olduğunu gördüm. Özüm üçün əlverişli
hesab etdiyim digər 3 məktəbi də seçdikdən
sonra ərizəmi təsdiqlətdim. Sonra tələb olunan sənədləri
Təhsil Nazirliyinə təqdim etdim. Sentyabrın 15-də
tarix fənni üzrə imtahanda iştirak etdim. İmtahan
kompüter vasitəsilə test üsulu ilə
aparılırdı. İKT sahəsində kifayət qədər
biliyim olduğundan imtahanın kompüter vasitəsilə
keçirilməsi mənim üçün çox rahat idi.
Sualları vaxtından əvvəl
cavablandırdığım üçün nəticəmlə
də tez tanış oldum. Keçid balından çox bal
topladığımdan seçdiyim məktəblərdən
birinə düşmək şansım yaranmışdı.
Bir neçə saatdan sonra imtahan nəticələri
İnternet xidməti vasitəsi ilə açıqlandı. Mən
ilk seçdiyim məktəbə - Qaradağ rayonundakı 224 nömrəli məktəbə
işə qəbul olunmuşdum. Hazırda həmin məktəbdə
müəllimlik fəaliyyətimi davam etdirirəm. İlk dəfə
bu vəzifəni yerinə yetirməyimə, yəni müəllimlik
sahəsində təcrübəmin olmamasına baxmayaraq, təcrübəli
və mehriban müəllim yoldaşlarımın, xüsusilə
məktəbin direktoru N.Həsənovun göstərdiyi diqqət
və yardım sayəsində, indiyə qədər heç
bir problemlə üzləşməmişəm.
Ən böyük arzum müəllim olmaq idi
Günay Rəcəbova (Bakıdakı 26 nömrəli
orta məktəbin fiziki tərbiyə müəllimi):
- Hələ kiçik
yaşlarımdan idmana böyük həvəsim var idi. VI
sinifdən idmanla məşğul olmağa
başlamışam. Uşaqlıqdan müəllimlik peşəsinə
də böyük maraq göstərirdim. Ən böyük
arzum müəllim olmaq idi. Məktəbi bitirdikdən sonra ali
məktəbə qəbul üçün sənədlərimi
TQDK-ya verdim. İmtahanı verib, turizm ixtisasına qəbul
olundum. Bir il təhsil alsam da, müəllim olmaq arzum
azalmırdı. Məhz buna görə də təhsil
aldığım fakültədən çıxaraq yenidən
universitetə daxil olmaq üçün sənədlərimi
verdim. Bu dəfə də imtahandan uğurla
çıxdım və Azərbaycan Dövlət Pedaqoji
Universitetinin gənclərin çağırışaqədərki
hazırlığı və fiziki tərbiyə fakültəsinə
daxil oldum. Universiteti bitirdikdən sonra təbii ki, işsiz
qaldım. Uzun müddət ixtisasıma uyğun iş axtarsam
da, tapa bilmədim. Bu il Təhsil Nazirliyi tərəfindən
müəllimlərin testlə işə götürüləcəyini
eşitdim. Çox sevindim. Əvvəlcə Təhsil
Nazirliyinin saytına daxil oldum. Vakant yerlər barədə
elanı açaraq ərizəni doldurdum. "Şəxsi
kabinet"imə daxil olmaq üçün mənə parol və
şəxsi kod verildi. Onların vasitəsi ilə imtahanın
vaxtını və yerini öyrəndim. İmtahan müsahibə
formasında keçirildi. Komissiyada fiziki tərbiyə
proqramının təşkili, dərsin forması,
keçirilməsi barədə suallar verildi. Suallara cavab
verdikdən sonra mənə dərhal topladığım bal
deyildi.
"Şəxsi
kabinet"imdən Buzovna qəsəbəsində yerləşən
26 nömrəli məktəbə işə qəbul
olduğumu öyrəndim. Düşdüyüm kollektiv
çox xoşuma gəldi.
Mən minnətdaram ki,
Təhsil Nazirliyi gəncləri düşünərək bu
cür layihə hazırlayıb. Belə ki, bununla Təhsil
Nazirliyi gənclərin qarşısında çox
böyük perspektivlər açmış olur. Mən təhsil
naziri Misir Mərdanova, imtahanların təşkili və
keçirilməsində zəhməti olan insanlara təşəkkür
edirəm.
"Siz Xəzər rayonu 322 nömrəli orta məktəbə
qəbul olunmusunuz"
Vəfa İbrahimova (Bakıdakı 322 nömrəli
orta məktəbin ingilis dili müəllimi):
- Müəllim ailəsində
böyüyüb tərbiyə aldığım
üçün bu sahəyə uşaqlıqda məndə
maraq oyanmışdır. Məktəbi bitirdikdən sonra
2006-cı ildə tərəddüd
etmədən sənədlərimi
Azərbaycan Dillər Universitetinə verdim və ingilis dili və ədəbiyyatı
ixtisasına qəbul oldum. 2010-cu ildə həmin universiteti
müvəffəqiyyətlə bitirdim. Rəfiqələrimin
birindən Təhsil Nazirliyinin keçirəcəyi imtahan barədə
eşitdim və nazirliyin saytına daxil olub vakant yerlərlə
maraqlandım. Reqlamentdə imtahanla bağlı hər şey ətraflı
qeyd olunmuşdu.
Nazirliyin bizə
yaratdığı bu şansdan yararlanmaq qərarına gəldim
və sənədlərimi toplamağa başladım. Sənədlərimi
hazırladıqdan sonra təsdiq etdirmək üçün
nazirliyə getdim. Orada ekspertlər
sənədlərimin düzgünlüyünü yoxlayaraq təsdiq
etdilər və beləliklə, mən imtahan vermə
şansı qazandım. Bir neçə gün sonra
imtahanın vaxtı müəyyənləşdi. İmtahan
günü bir neçə rəfiqəmlə ora getdik. Hər
bir iştirakçı nəzarətçilər tərəfindən
kompüter qarşısında əyləşdirildi. Nəzarət
ciddi idi. Təlimatçılar prosesi izah etdikdən sonra
imtahana başladıq.
Bu il imtahanlar ilk dəfə
idi ki, elektron formada keçirilirdi və bu, məni çox
sevindirdi. İmtahan sualları o qədər də çətin
deyildi. Onları cavablandırdıqdan sonra imtahanı bitirmək
əmrini vermək üçün düyməni basdım.
İmtahan nəticəm dərhal monitorda işıqlandı və
mən müsabiqədən keçmə şansımın
yüksək olduğuna əmin oldum. Amma ən çox
imtahanın bu cür obyektiv şəkildə keçirilməsi
məni sevindirdi. İndiyə qədər heç vaxt belə
rahat şəkildə imtahan verməmişdim. Nəzarətçilər
imtahanın nəticələri barədə məlumatların
axşam saytda yerləşdiriləcəyini dedilər. Beləliklə,
həmin gün axşam nazirliyin saytına daxil olaraq
"şəxsi kabinet"imdən nəticəmi oxudum:
"Siz Xəzər rayonu 322 nömrəli orta məktəbə
qəbul olunmusunuz". Bu nəticə məni çox
sevindirdi, amma məndən çox sevinən atam oldu. Ailəmizdə,
qohumlarımızda hamı müəllim olduğundan atam da mənim
müəllim olmağımı istəyirdi. Bir neçə
gün sonra atamla birlikdə məktəbə yollandıq.
Düzü, məktəb yolu bir az uzaq idi və ailəm
gedib-getməməyim barədə tərəddüd edirdi.
Direktor Mürvət Mirzəyev
bizi səmimi qarşıladı və məni təbrik etdi. Daha
sonra məktəbin kollektivi ilə tanış oldum. Həqiqətən
də məktəbin çox mehriban, eyni zamanda savadlı
kollektivi var. Məktəbdə nazirliyin bu imtahanı vasitəsilə
işə qəbul olmuş bir neçə müəllim var
idi.
Göndərilən kadrlar yüksək biliyə,
intellektual səviyyəyə malikdirlər
Mürvət Mirzəyev (Bakıdakı 322 nömrəli
orta məktəbin direktoru):
- Bakının Xəzər
rayonunda yerləşən 322 nömrəli orta məktəb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
sərəncamı ilə 2007-ci ildə tikilib istifadəyə
verilmişdir. Məktəbin təməlqoyma və
açılış mərasimlərində cənab Prezident
İlham Əliyev və onun xanımı Mehriban Əliyeva
şəxsən iştirak etmişlər.
Məktəbimiz
üçmərtəbəli, 3 korpusdan ibarət olmaqla 1296
şagird yerlikdir. Məktəbin müstəqil su, elektrik,
qazanxana və kommunikasiya sistemləri mövcuddur. Hazırda məktəbdə
1437 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi
ilə 94 müəllim məşğul olur. Kadrlara olan tələbatı
təmin etmək məqsədi ilə hər il Təhsil
Nazirliyinə sifariş verilir. 2009-cu ildən etibarən
kadrların seçilib yerləşdirilməsi ilə
birbaşa Təhsil Nazirliyi məşğul olur. Bu işin
müsbət nəticələri artıq göz
qabağındadır. Belə ki, 2009-2010-cu tədris ilində
3, cari tədris ilində isə 2 nəfər ixtisaslı
müəllim məktəbimizə göndərilmişdir.
Göndərilən kadrlar yüksək biliyə və
intellektual səviyyəyə malikdirlər. Hazırda məktəbdə
gənc kadrlarla mütəmadi metodiki iş aparılır. Həmin
müəllimlərə məktəbin təcrübəli
müəllimləri təhkim edilmişdir. Təhsil
Nazirliyinin apardığı kadr siyasəti günün tələblərinə
uyğundur və bir məktəb rəhbəri kimi məni tam
qane edir.
Müəllimlərin işə qəbulu prosesi
ictimaiyyət tərəfindən müsbət
qarşılanıb
Natiq Səmədov (Bakıdakı 26 nömrəli orta
məktəbin direktoru):
- Son illərdə təhsil
sistemində aparılan uğurlu işlərin sırasına
daha biri əlavə olundu. Bu da məktəblərdə işə
qəbul olunacaq müəllim kadrlarının Təhsil
Nazirliyi tərəfindən seçilib yerləşdirilməsidir.
Açığını desək, bu iş çoxdan
olmalı idi. Məktəblərdə rast gəlinən müəyyən
kadrların öz işinin öhdəsindən gələ
bilməməsi bu fikri deməyə əsas verir.
Müəllimlərin
işə qəbulu prosesi şəffaf, obyektiv
keçirildiyindən bu iş ictimaiyyət tərəfindən
müsbət qarşılanıb. Digər tərəfdən,
məktəbə gəlmiş yeni qəbul olunan müəllimlərlə
aparılan söhbət başlanan işin uğurlu nəticələnəcəyinə
təminat verir. Məktəbin uğurları müəllimlərin
fəaliyyətindən asılıdır. Etiraf edək ki, ənənəvi
yolla işə götürülən müəllimlər
arasında öz biliyi, savadı, metodik bacarığı
baxımından fərqlənməyənlər, yəni zəif
müəllimlər də olurdu.Yeni qayda bu halı aradan
qaldırır, məktəbə daha savadlı, bilikli,
dünyagörüşlü müəllimlərin gəlməsini
təmin edir.
Bizim məktəbə də
4 nəfər müəllim göndərilib. Coğrafiya fənni
üzrə Rövşən Salmanov, ingilis dilindən Lamiyə
Hüseynova, fiziki tərbiyədən Günay Rəcəbova,
biologiyadan Gülnar Məmmədova qısa müddətdə
öz işlərinə, məktəbə, valideynlərə,
şagirdlərə münasibətinə görə kollektiv
tərəfindən hörmətlə
qarşılanıb.
Kollektivimizin hər bir üzvü gənc müəllimlərə
öz yoldaşlıq köməyini göstərir, hamilik
edir.
26 nömrəli məktəbin
kollektivi bu çətin işin həyata keçirilməsində,
imtahanların, bütövlükdə müsabiqənin
obyektiv təşkilində əməyi olan hər bir şəxsə
öz minnətdarlığını bildirir.
Hazırladı: Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.-
5 noyabr.- S.4.