Sloveniyalı alimin "Lahıca xoş gəlmişsiniz" qısametrajlı film və fotoşəkil sərgisinin təqdimatı olub

 

Noyabrın 2-də Azərbaycan Universitetində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsinə həsr olunmuş "Dünənimiz, bu günümüz, sabahımız" layihəsi çərçivəsində Sloveniya Respublikasının Lyublyana Universitetinin professoru, xanım Vesna Çrnivetsin "Lahıca xoş gəlmişsiniz" adlı qısametrajlı film və fotoşəkil sərgisinin təqdimat mərasimi keçirilmişdir. Sloveniya Respublikasının Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Sloveniya Respublikasındakı səfirliyinin maliyyə dəstəyi ilə və iki ölkə arasında təhsil və mədəniyyət sahəsindəki əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə Mehdi Hüseynzadənin Sloveniyada öldürülməsinin anma gününə həsr olunmuşdur.

Universitetin akt zalında keçirilən 17 dəqiqəlik filmin və bir çox fotoşəklin təqdim olunduğu mərasimdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyindən nümayəndələr iştirak etmişlər.

Mərasimi giriş sözü ilə açan MBA və BBA proqramının rəhbəri Tofiq Əhmədov layihə iştirakçılarını salamlayaraq bu kimi tədbirlərin iki ölkə arasında yaranmış əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını vurğulamışdır. Daha sonra professor Vesna Çrnivets çıxış edərək sərginin təşkilatçılarına minnətdarlığını bildirmişdir. Çıxış edənlər sərgini yüksək dəyərləndirmişlər.

 

 

Azərbaycan müəllimi.- 2010.- 5 noyabr.- S.5.