Azərbaycanın Milli Qəhrəmanları

 

Makeyev İqor Vladimiroviç

 

1971-ci il oktyabrın 27-də Gəncə şəhərində anadan olmuşdu. 1987-ci ildə Kəpəz rayonundakı 39 nömrəli orta məktəbin səkkizinci sinfini bitirmiş, 1987-1990-cı illərdə 8 nömrəli texniki peşə məktəbində avtomobil çilingəri peşəsinə yiyələnmişdi. Sonra Rusiyanın Rostov vilayətinə göndərilmiş, orada 6 ay hərbi məktəbdə təhsil almışdı. O, yenidən Bakıya qayıdaraq DİN-in qoşun hissələrinin birində qulluq etməyə başlamışdı. Həyatını cəbhəyə bağlayan cəsur döyüşçü tez bir zamanda bütün silahlardan istifadə etməyi öyrənmişdi. 1992-ci il iyunun 5-də erməni quldurları Naxçıvanik kəndinə qəflətən hücuma keçərkən İqor da öz postunda sayıq dayanaraq yağı düşmənlə ölüm-dirim savaşında böyük şücaət göstərmişdi.

İ.Makeyev Ağdam, Tərtər, Ağdərə uğrunda gedən döyüşlərdə də böyük igidliklər göstərmişdi. O, 1992-ci il avqustun 2-də "Vışka" yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə Makeyev İqor Vladimiroviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

Mahmudov Ərəstun İspəndi oğlu

 

1957-ci il fevralın 23-də İsmayıllı rayonunun Pirəbilqasım kəndində anadan olmuşdu. Bakı şəhərindəki 220 nömrəli orta məktəbi bitirmişdi. 1975-ci ildə Leninqrad vilayətinin Vıborq şəhərində yerləşən Mülki Aviasiya Məktəbinə daxil olmuşdu. 1978-ci ildə təhsilini başa çatdırdıqdan sonra Azərbaycan Hava Yollarının Zabrat Aviasiya şirkətində texnik-mexanik kimi AN-2 təyyarəsində çalışmağa başlamışdı. Ərəstun 1990-cı ildən Mİ-8 vertolyotunun bort mexaniki təyin edilmiş, mütəmadi olaraq ekipajın tərkibində cəbhə bölgələrində olmuş, Dağlıq Qarabağda və Ermənistanla həmsərhəd olan rayonlarda döyüş əməliyyatlarında iştirak etmişdi.

Ə.Mahmudov 1992-ci il yanvarın 28-də Ağdamuşa marşrutu üzrə əhalini təhlükəsiz yerlərə daşıyarkən vertolyotu düşmənin atdığı raketlə vurulub və o, qəhrəmancasına həlak olub.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 nömrəli Fərmanı ilə Mahmudov Ərəstun İspəndi oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Təhsil aldığı 220 nömrəli orta məktəb onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

 

Mehdiyev Fazil Umud oğlu

 

1966-cı il avqustun 20-də Laçın rayonunun Ələkçi kəndində anadan olmuşdu. Valideynləri Ağdamın Abdal-Gülablı kəndinə köçdüyündən 1983-cü ildə orta təhsilini həmin kənddə başa çatdırmışdı. 1984-1986-cı illərdə Sverdlovsk şəhərində hərbi xidmətdə olmuşdu. 1990-cı ildə Ağdam rayon DİŞ-də yaradılmış polis batalyonuna yazılmışdı. 1991-ci ildə Ağdərənin Canyataq, Mehmanə, Qazançı, Sırxavənd kəndlərində gedən döyüşlərdə erməniləri ağır itkiyə məruz qoymuşdu. Fazil elə həmin ilin avqustunda ermənilərin "Niva" markalı bir maşınını ələ keçirib, Ağdam RPŞ-nə təhvil vermişdi. 1991-ci il sentyabrın 23-dən 24-nə keçən gecə ermənilər böyük qüvvə ilə Abdal-Gülablı kəndinə hücuma keçmişdilər. Düşmən hücumunun qarşısını almaq üçün tələsən Fazil yolda erməni pusqusuna düşüro, bu gərgin döyüşdə fədakarlıqla vuruşur.

F.Mehdiyev elə həmin döyüşdə də qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə Mehdiyev Fazil Umud oğlu  ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına  layiq görülüb.

Ağdam rayonunun Qarağacı qəbiristanlığında dəfn olunub. Bakının Xətai prospektində qəhrəmanın büstü qoyulub. Səbail  rayonunda  adına  küçə var.

 

Mədətov Fariz Əlövsət oğlu

 

1972-ci il aprelin 18-də Yevlax rayonunun Varvara kəndində anadan olmuşdur. 1989-cu ildə kəndlərindəki orta məktəbi bitirdikdən sonra Mingəçevir şəhərində sürücülük peşəsinə yiyələnmişdir. 1990-cı ildə hərbi xidmətə çağırılmış, iki il Almaniyanın Ordruf şəhərində xidmət etmişdir. Fariz 1992-ci ilin mayında hərbi xidmətini başa çatdırmışdır. Elə həmin il torpaqlarımızı erməni işğalından azad etmək məqsədi ilə Milli Ordu sıralarına qoşulmuşdur. 1994-cü ildə Tərtər rayonunun Tonaşen kəndi uğrunda gedən döyüşlərin birində yaralanmışdır. Müalicə olunduqdan sonra yenidən cəbhə bölgəsinə qayıtmışdır. Onun mərdliyi, cəsurluğu, vətən torpağının bütövlüyünü qorumaq əzmi başqa döyüşçüləri haqq işimiz uğrunda qələbəyə ruhlandırırdı. Fariz gərgin keçən döyüşlərdə artıq mətinləşmiş, hərbiçi təcrübəsinə, zəngin döyüş taktiki hazırlıq vərdişlərinə dərindən yiyələnmişdir. O, daim komandanlığın döyüş tapşırıqlarını məsuliyyətlə yerinə yetirdiyinə görə təşəkkürlərə layiq görülmüşdür.

F.Mədətov 1996-cı ildə ordudan tərxis olunaraq Yevlax Rayon Polis Şöbəsində çalışmağa başlamışdır.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Mədətov Fariz Əlövsət oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ailəlidir.

 

Məmmədov Aqil Səməd oğlu

 

1969-cu il iyulun 30-da Qubadlı rayonunda anadan olmuşdu. 1984-cü ildə rayonlarındakı 2 nömrəli səkkizillik məktəbi bitirdikdən sonra təhsilini 126 nömrəli Xınalıq texniki peşə məktəbində davam etdirmişdi. Əmək fəaliyyətinə Qubadlı rayon Avtomobil Nəqliyyatı İdarəsində başlamışdı. 1987-ci ildə Orenburq vilayətinə hərbi xidmətə göndərilmişdi. Bir müddət sonra respublikamızda yaranmış vəziyyətlə əlaqədar xidmətini yarımçıq qoyaraq  vətənə qayıtmışdı. Qubadlı rayonunda yaradılan özünümüdafiə taboruna qoşulmuşdu. "Qaranquş" kəşfiyyat dəstəsinin məğlubedilməz döyüşçüsü kimi tanınmışdı. O, 1992-ci ilin iyununda girov götürdüyü erməni zabiti ilə əsir düşmüş əsgərimizi dəyişmişdi.

A.Məmmədov 1992-ci il avqustun 7-də Laçın rayonunun Susuzdağ yüksəkliyi uğrunda gedən döyüşdə ağır yaralanıb çoxlu qan itirdiyindən qəhrəmancasına həlak olub.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə Məmmədov Aqil Səməd oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qubadlı rayonunda Şəhidlər xiyabanında dəfn olunub. Təhsil aldığı 2 nömrəli orta məktəb onun adını daşıyır. Hazırda həmin məktəb Sumqayıt şəhərində fəaliyyət göstərir. Qubadlıda Gəncədə adına küçə var.

 

 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya Mərkəzinin materialları əsasında hazırladı: Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2010.- 12 noyabr.- S.7.