Milli qürur simvolu

 

Noyabrın 8-də Azərbaycan Respublikasının  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət Bayrağı gününə həsr edilmiş təntənəli tədbir keçirildi. DİA-nın kollektivi ilk dərs saatını hər bir auditoriyaya Azərbaycan bayrağının gətirilməsi və tələbələrə bayrağımız haqqında xüsusi hazırlanmış braşurun paylanması ilə başladı. Akademiyanın hər yerində Azərbaycan bayrağı dalğalanır, hər bir müəllim, tələbə sinəsində müqəddəs üçrəngli, ay-ulduzlu bayrağımızı qürurla gəzdirir, dəhlizlərdən isə bayrağımıza həsr olunan musiqi sədaları eşidilirdi. Tədbirin rəsmi hissəsi ali təhsil ocağının böyük akt zalında Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı.

 

Tədbiri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tədris işləri üzrə I prorektoru, professor Əlikram Abdullayev açaraq hamını əlamətdar gün münasibəti ilə təbrik etdi. Prorektor öz çıxışında təməli ulu öndərimiz, dahi şəxsiyyət  Heydər Əliyev tərəfindən qoyulan bu ali təhsil ocağında dövlət idarəçiliyi sahəsində ixtisaslaşan kadrların perspektiv imkanlarını təhlil etdi, ölkə başçısı cənab İlham Əliyevin dövlətçiliyimizin möhkəmlənməsindəki uğurlu xidmətlərindən, dövlət atributlarımıza olan xüsusi diqqət qayğısından danışdı. Professor Əlikram Abdullayev Azərbaycan bayrağının 1918-ci il noyabrın 9- da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsdiq olunmasını  1990-cı il noyabrın 17-də ilk dəfə olaraq həmin bayrağın Azərbaycanda Dövlət bayrağı kimi qaldırılmasını, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sessiyasında Dövlət bayrağı kimi təsdiq edilməsini nəhayət, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə bundan sonra ölkəmizdə hər il  məhz noyabrın 9-nun Azərbaycan Dövlət Bayrağı günü  kimi qeyd olunduğunu dedi.

Sonra çıxış üçün söz alan akademiyanın Dövlət qulluğu kadr siyasəti kafedrasının dosenti Mustafa İsgəndərzadə Azərbaycan Bayrağının, Dövlət  Bayrağı Meydanının Azərbaycanın gücünün, Azərbaycan xalqının öz dövlətinə sevgisinin, dövlət rəmzlərinə ehtiramının bir qürur simvolu olduğunu bildirdi.

Tədbirdə çıxış edən digər natiqlər gənclərimizə müraciət edərək milli dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə etdilər, Azərbaycan Bayrağının tezliklə Qarabağda dalğalanacağına inandıqlarını əminliklə bildirdilər.

Respublikanın əməkdar artisti, bədii qiraət ustası Azad Şükürovun və DİA-nın Həmkarlar İttifaqı Komitəsinin üzvü Fidan Sideifzadənin Azərbaycan bayrağı haqqında söylədikləri şeirlər iştirakçılar tərəfindən alqışlarla qarşılandı.

Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin Dövlət Bayrağı Meydanının açılışındakı çıxışından hazırlanmış videoçarxın nümayişi ilə başa çatdı.

 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2010.- 12 noyabr.- S.3.