Hüseyn Cavidin xatirəsi anılıb

 

Bakıdakı Milli  Qəhrəman E.Tağızadə adına  164 nömrəli orta məktəbdə    Azərbaycan dili və ədəbiyyat  müəllimi  Təranə Bağırovanın təşkilatçılığı  və kitabxanaçılar  Naridə Səlimova və Tahirə Müslümovanın yaxından köməyi ilə  görkəmli dramaturq  Hüseyn Cavidin xatirəsinə həsr olunmuş  tədbir keçirilib.Tədbirdə T.Bağırova ədəbiyyatımızın ən böyük klassiklərindən biri H.Cavidin həyat və yaradıcılığı barədə ətraflı söz açıb.

O, tədbirdən öncə şagirdləri Hüseyn  Cavidin ev-muzeyinə apardığını söylədi. Qeyd  etdi ki, muzeyin əməkdaşlarının şair  haqqında  verdikləri məlumatları  böyük maraqla dinləyən şagirdlər qüdrətli söz ustadının pedaqoji fəaliyyəti ilə tanış  olub, muzeydən böyük təəssüratla qayıdıblar.

Tədbirdə  məktəbin şagirdləri  Aysel, Aytən, Aynurə, Fatimə, Nərmin, Jalə və b. "Şərq qadını", "Bən istəyirəm", "Bir zamanlar",  "Qız məktəbində", "Görmədim" şeirlərini söyləyiblər. Təranə müəllim "Bənim Tanrım" şeirini həzin musiqi  sədaları altında ifa edib.

Sonra dramaturqun qızı Turan Cavidin xatirələrindən  söz açılıb. "Atam Hüseyn  Cavidi Vətən torpağına qovuşdurduğuna, əzizlərimi yenidən bir sərdabədə - Cavid məqbərəsində görüşdürdüyünə, Cavid ocağının çırağını yenidən yandırdığına görə ulu öndər Heydər Əliyevə  Tanrıdan rəhmətlər diləyirəm...".

Məktəbin direktoru Kəmalə Qədirova  tədbirdə əməyi olan  hər bir kəsə minnətdarlığını bildirib.

Tədbirin sonunda  "Cavid ömrü" filmi nümayiş olunub.

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2010.- 19 noyabr.- S.2.