Azərbaycanın Milli Qəhrəmanları

 

Məmmədov Kazım Ərşad oğlu

 

1969-cu il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdu. 1986-cı ildə kəndlərindəki orta məktəbi bitirmiş, elə həmın il Gəncə İnşaat Texnikumuna daxil olmuşdu. 1988-ci ildə ordu sıralarına çağırılmışdı. Hərbi xidmətini Çelyabinsk şəhərində yerinə yetirmiş, 1990-cı ildə ordudan tərxis olunmuşdu. Sonra yarımçıq qalmış təhsilini davam etdirmişdi. Kazım 1991-ci ildə Cəbrayıl rayon DİŞ-də post-patrul xidmətində işə qəbul olunmuştez bir zamanda  cəbhəyə yollanmışdı. O, Zamzur kəndindəki dinc əhalinin təhlükəsizliyini təmin etmişdi. 1991-ci il noyabrın 15-də ermənilər Zamzur kəndinə hücuma keçərkən Kazım yaşayış yerlərinin birində müdafiə mövqeyi seçmişdi. Döyüşdə ermənilər xeyli canlı qüvvə itirsə də, Kazımın yerləşdiyi evi yandırmağa nail olmuşlar.

Kiçik çavuş K.Məmmədov elə həmin döyüşdə düşmənə təslim olmadan qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Məmmədov Kazım Ərşad oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Böyük Mərcanlı kəndində dəfn olunub. Təhsil aldığı məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub. Adına üç mükafat təsis edilib.

 

Məmmədov Mövsüm Şahin oğlu

 

1967-ci il iyunun 6-da Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. Rayonun Canhəsən kənd ibtidai məktəbini bitirdikdən sonra orta təhsilini 1984-cü ildə doğma kəndlərində başa çatdırmışdır. Mövsüm 1985-ci ildə ordu sıralarına əsgəri xidmətə çağırılmışdır. 1987-ci ildə hərbi xidmətini müvəffəqiyyətlə başa çatdıraraq, ordudan tərxis olunub Vətənə dönmüşdür. O, əmək fəaliyyətinə Şuşa Elektrik Şəbəkəsi Birliyində başlamışdır. 1990-cı ildən həyatını daxili  işlər orqanlarına bağlamışdır. 1992-1993-cü illərdə doğma Azərbaycanımızın ayrılmaz bir hissəsi olan Qarabağda erməni işğalçılarına qarşı gedən ağır döyüş əməliyyatlarında bacarıqlı bir polis işçisi kimi fəal iştirak etmişdir. M.Məmmədov 1994-cü ildə Şuşa Rayon Polis Şöbəsinin post-patrul xidməti bölüyünə komandir təyin edilmişdir. 1995-ci ildə PPX-in komandiri vəzifəsinə irəli çəkilmişdir. 1998-ci ildə DİN-in Polis Akademiyasını bitirmişdir. Şuşa Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 553 nömrəli Fərmanı ilə Məmmədov Mövsüm Şahin oğlu Azərbaycanin Milli Qəhrəmanı adına layiq görülüb.

Ailəlidir. 

 

Məmmədov Natiq Bəşir oğlu

 

1975-ci il mayın 11-də Zaqatala rayonunun Əli Bayramlı kəndində anadan olmuşdu. 1990-cı ildə kəndlərindəki orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra təhsilini Qax rayonundakı 3 nömrəli Texniki Peşə Məktəbində davam etdirərək mexanizator peşəsinə yiyələnmişdi. 1993-cü il mayın 13-də Zaqatala rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdı. Seyfəlidə təlim keçən Natiqin  döyüş yolu Ağdam, Füzuli, Tərtər bölgələrindən keçmişdi. O, bu döyüş bölgələrində komandirləri tərəfindən ona verilmiş hər bir tapşırığı xüsusi peşəkarlıqla yerinə yetirərək erməni işğalçılarına qarşı fədakarlıqla mübarizə aparmışdı. 1994-cü il oktyabrın 4-də bacarıqlı bir əsgər kimi xüsusi təyinatlı dəstənin tərkibində Gəncə şəhərinə göndərilmişdi.

N.Məmmədov həmin vaxt Gəncədəki qiyamın yatırılmasında fəal iştirak edərək vəzifə borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 nömrəli Fərmanı ilə Məmmədov Natiq Bəşir oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Zaqatala rayonunun Əli Bayramlı kəndində dəfn olunub. Əli Bayramlı kəndindəki uşaq bağçası onun adını daşıyır.

 

Məmmədov Nizami Murad oğlu

 

1958-ci il yanvarın 12-də Xankəndi şəhərində anadan olmuşdu. N.Gəncəvi adına 4 nömrəli şəhər orta məktəbini bitirdikdən sonra 1975-1977-ci illərdə İrkutsk vilayətində hərbi xidmətdə olmuşdu. Əsgəri xidmətini başa çatdıraraq əvvəlcə Xankəndi Şəhər Yaşıllaşdırma İdarəsində, sonra isə Qarabağ İpək Kombinatında çalışmışdı. Bir müddət sonra arzusunu reallaşdırmaq üçün Bakı Xüsusi Milis Məktəbinə daxil olmuş və oranı bitirərək Xankəndi Şəhər Polis Şöbəsində növbətçi köməkçisi işləməyə başlamışdı. O, Xankəndində milli münasibətlər gərginləşən zaman Şuşa  RPŞ-nə göndərilmişdi. 1988-1989-cu illərdə erməni işğalçılarının ölkəmizə təcavüzü zamanı Nizami Kərkicahan, Qaybalı kəndlərində yerləşən özünümüdafiə dəstələrinə silah-sursat çatdırılmasına kömək etmişdi. Malıbəyli, Daşaltı, Qaladərəsi əməliyyatlarında rəşadətlə vuruşmuşdu.

N.Məmmədov 1992-ci il martın 29-da Şuşa Şəhər Polis Şöbəsinin  bombalanması zamanı həlak olub.

Ailəli idi. Üç övladı var.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Məmmədov Nizami Murad oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bərdə rayonunun Dəymədağlı kəndində dəfn olunub.

 

Məmmədov Sahil Ələmdar oğlu

 

1964-cü il fevralın 25-də Qərbi Azərbaycanın Uluxanlı (Masis) rayonunun Yuxarı Necili ( Nizami) kəndində anadan olmuşdur. Altı yaşından Bakı şəhərinə gəlmişdir. 1981-ci ildə Bakıxanov  qəsəbəsindəki 96 nömrəli  orta məktəbi bitirmişdir. 1982-ci ildə hərbi xidmətə çağırılmışdır. O, 1983-cü ildə Moskva vilayətinin Krasnoqorsk şəhərində xidmət edərkən hərbi rəhbərliyin göndərişi ilə SSRİ  DİN-in Sankt-Peterburq şəhərindəki Ali Siyasi Məktəbinə daxil olmuşdur. 1987-ci ildə təyinatla Ukrayna Respublikasının Çerniqov, sonra isə Kiyev şəhərlərinə göndərilmişdir. 1991-ci ilin oktyabrında sovet ordusu sıralarından tərxis olunmuşdur. 1992-ci il yanvarın 2-də Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlar İdarəsinin hərbi polis alayında rota komandirinin müavini kimi fəaliyyətə başlamışdır. Daha sonra o, Ağkənd, Dərəli, Qazançı kəndlərində zastava rəisi təyin edilmişdir.

Polkovnik-leytenant S.Məmmədov 1994-cü ildən DİN-in Pasport, Viza və Qeydiyyat İdarəsində baş inspektor vəzifəsində çalışır.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Məmmədov Sahil Ələmdar oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ailəlidir.

 

 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya Mərkəzinin materialları əsasında hazırladı: Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.22.