Məktəblilərin idman uğurları

 

Bakıdakı 106 nömrəli orta məktəbin 1999-2000-ci il təvəllüdlü şagirdləri idmanın mini-futbol növü üzrə uğur qazanıblar. Komandanın rəhbəri Rəcəb Vəliyevin sözlərinə görə, yetirmələri Qaradağ rayonu üzrə keçirilən yarışlarda fərqlənərək Bakı şəhər məktəbləri arasında keçirilən spartakiadaya vəsiqə qazanıblar. 11 rayonun məktəblilərinin iştirak etdiyi turnirdə  II yeri tutan komanda gələn il müxtəlif yarışlarda iştirak edəcək. Komandanın məqsədi mini-futbol yarışlarında daha uğurlu nəticələr əldə etməkdir.

 

***

 

139 nömrəli orta məktəbin IX sinif şagirdi Elxan Gülmalıyev idmanın "karate-kobudo" növü ilə məşğul olur. Uşaq yaşlarından idmana böyük maraq göstərən Elxan valideynlərinin dəstəyi ilə 11 yaşında idman məktəbinə üzv yazılır.  12-13 yaşlarında o, Bakı respublika yarışlarında yüksək nəticə göstərərək beynəlxalq turnirlərə vəsiqə qazanır. O, 14 yaşında ikən 14-15 yaş qrupları arasında 57 kq çəki dərəcəsində keçirilən Avropa çempionatında ustalıq nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Arzusu həmişə ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etməkdir.

 

***

 

166 nömrəli məktəbin şagirdi Zülfiyyə Hüseynova 5 ildir ki, idmanın badminton növü ilə məşğul olur. O, hazırda yeniyetmələr arasında yığma komandanın üzvüdür. Zülfiyyə Qaradağ rayon birinciliyində I yeri tutaraq Bakı turnirinə vəsiqə qazanıb. 2007-ci ildə Bakı Azərbaycan birinciliyində qələbə qazanaraq beynəlxalq turnirdə iştirak edib. O, bu il Sankt-Peterburqda keçirilən badminton üzrə beynəlxalq turnirdə fərqlənərək fəxri   kürsünün yüksək pilləsinə qalxıb.   Məktəbin digər şagirdi Zülfüqar İmanovun da idman sahəsində uğurları kifayət qədərdir. O, idmanın boks növü ilə məşğul olur. 1994-cü il təvəllüdlü, 91 kq. çəki dərəcəsində olan Zülfüqar uşaq yaşlarından idmana olan həvəsi ilə "Neftçi" idman klubuna üzv yazılır. O, 15-16 yaşlarında dəfələrlə Azərbaycan Bakı birinciliyində iştirak edərək fəxri kürsünün  yüksək pillələrinə qalxıb. Bu il Bakı respublika çempionu olaraq beynəlxalq turnirə vəsiqə qazanıb. Arzusu ölkəmizi həmişə beynəlxalq turnirlərdə  layiqli  təmsil  etməkdir. 

 

Rəşad ZİYADOV

Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.24.