İKT sahəsində yüksək ixtisaslı kadrlar hazırlanır

 

"Sentr Znaniy Azərbaycan" şirkəti "Start Up" layihəsi çərçivəsində qrantların alınması üçün Azərbaycan tələbələri arasında müsabiqə keçirəcəkdir.

AzərTAc xəbər verir ki, layihənin əsas məqsədi respublikada informasiya texnologiyaları sahəsində kadr potensialını inkişaf etdirməkdən ibarətdir.

"Sentr Znaniy Azərbaycan" şirkətinin direktoru Səbinə Legeydanın sözlərinə görə, avtorizasiyalı ixtisaslaşdırılmış təhsil bazarının formalaşmasına baxmayaraq, Azərbaycanda yüksək ixtisaslı mütəxəssislərə ehtiyac vardır. Mütəxəssislərin hazırlanması onların ixtisaslarının artırılması nəinki "Sentr Znaniy Azərbaycan" şirkətinin əsas vəzifəsidir, həm informasiya texnologiyaları sahəsində çalışan hər bir şirkət üçün prioritet məsələdir.

"Sentr Znaniy" öz fəaliyyətinə 2002-ci ildə Ukraynada "Cisco"nun ilk avtorizasiyalı kurslarının keçirilməsi ilə başlamışdır. Cari ilin mart ayında şirkət Azərbaycanda nümayəndəlik açmışdır. Bu müddət ərzində "Sentr Znaniy Azərbaycan"da ölkənin ən iri şirkətlərinin 250-dən çox mütəxəssisi təlim keçmişdir.

 

  Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.6.