Vüqarın növbəti uğuru

 

Son illər yeniyetmə və gənclərimiz arasında idmana maraq artmaqda, bu sahədə qazanılan nailiyyətlərin sayı  çoxalmaqdadır. Azərbaycan idmançılarının olimpiya oyunlarında, dünyaAvropa  çempionat və birinciliklərində, bir çox mötəbər turnirlərdə  göstərdikləri uğurlu nəticələr təbii ki, azərbaycanlı kimi hər birimizi sevindirir.

Bu günlərdə daha bir həmyerlimizin idman uğurunun sevincini yaşadıq. Bolqarıstanın Sofiya şəhərində gənclər arasında keçirilmiş Avropa birinciliyindən növbəti qələbə ilə Vətənə dönən Vüqar Tofiq oğlu Şirinli yetirməsi olduğu "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt filialının rəhbərliyinin və məşqçi-müəllimi  Emin Baydullayevin ona olan ümidlərini doğruldub.

2002-ci ildən "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt filialında cüdo ilə məşğul olan Vüqar bir müddətdən sonra  artıq öz yaşıdları arasında fərqləndi, əldə etdiyi yüksək nəticələri ilə tanındı. 2007-ci ildən yeniyetmə və gənclər arasında keçirilən istər Azərbaycan, istərsə də Avropa birinciliklərində, beynəlxalq turnirlərdə, dünya kuboku yarışlarında iştirak edən Vüqar öz rəqiblərinə qalib gələrək mükafata layiq yerlər tutub. 2010-cu il də gənc idmançı üçün növbəti uğurlu illərdən biri hesab oluna bilər. Belə ki, o, bu  il 10-12 mart tarixlərində Sumqayıt şəhərində gənclər arasında keçirilən Azərbaycan birinciliyində I yerə, 23-25 iyul tarixlərində Polşanın Cltneva şəhərində keçirilən Avropa kuboku yarışlarında da I yerə, 17-19 sentyabr tarixlərində Bolqarıstanın Sofiya şəhərində  keçirilən Avropa birinciliyində III yerə layiq görülüb.  

Vüqar hər dəfə Vətənə qalib kimi dönəndə özünü xoşbəxt saydığını deyir.  Gənc idmançı xüsusilə  xarici ölkələrdə keçirilən nüfuzlu yarışlarda tatami üzərinə bir amalla - rəqibinə qalib gələrək üçrəngli bayrağımızı yüksəkliyə qaldırmaq arzusu ilə çıxdığını bildirir.

 

 

Samirə HÜSEYNQIZI

 

Azərbaycan müəllimi.- 2010.- 1 oktyabr.- S.8.