Maraqlı mozaik lövhələrin müəllifi

 

"Mənə bir hərf öyrədənin köləsi olaram". Bu sözlər İslam dünyasının parlaq simalarından olan Həzrəti Əliyə məxsusdur. Müəllim elm-bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır. Hər birimizin əlindən tutub əlifbanın ilk hərfini, "ana", "Vətən" kəlmələrini yazmağı öyrədən ilk müəllimini kim xatırlamır? Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, öz yetirmələrinin xoş sorağını alanda müəllimin qəlbi sevincdən  dağa dönür.

Öz yetirmələri ilə fəxr edən müəllimlərimizdən biri Bakıdakı Fuad Fərhadoğlu adına 230 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Bənövşə Mirzəyevadır. Artıq neçə illərdir ki, Bənövşə müəllim körpə balalara  elmin sirlərini açır, Vətənə, torpağa sevgi hissini aşılayır. Onun dərs dediyi şagirdlər respublika üzrə keçirilən müsabiqələrdə, olimpiadalarda, bilik yarışlarında yüksək nəticələr əldə edirlər. Bu uğurların arxasında müəllimin illər boyu çəkdiyi gərgin zəhmət dayanır.

Bənövşə müəllim pedaqoji fəaliyyətlə yanaşı, dekorativ-tətbiqi sənətlə məşğul olur. O, dekorativ-tətbiqi sənətimiz üçün yeni olan, əslində, özündə həm monumental sənətin, həm rəngkarlığın, həm dekorativ-tətbiqi sənətin elementlərini birləşdirən, onların sintezini təşkil edən mozaik lövhələr yaradır. Bənövşə müəllim rəngli smaltanı xırdalayaraq, onlardan gözəl, hər hansı bir interyerin bəzəyinə çevrilə biləcək mozaik lövhələr yaradır. Yaratdığı əsərlər müxtəlif sərgilərdə nümayiş olunur. O, öz tükənməz bacarığını yetirmələrinə aşılayır.

Qarşıda müəllim günü gəlir. Bir valideyn kimi Bənövşə müəllimə pedaqoji fəaliyyətində uğurlar arzulayıram inanıram ki, o, özünün əməksevərliyi, istedadı yaradıcılıq axtarışlarının nəticəsi olaraq, yeni-yeni əsərləri ilə hələ bizi çox sevindirəcək, yüksək savada malik dəyərli vətəndaşlar yetişdirəcək.

 

 

Müşfiqə ƏLİYEVA

 

         Azərbaycan müəllimi.- 2010.- 1 oktyabr.- S.4.