"Azərbaycan voleybolu
böyük bir inkişaf yolundadır"
Bu dünyaya göz açan hər bir insan öz
yaxşı əməlləri
ilə xalqın gözündə yüksəlir. Çalışır
ki, millətinə, dövlətinə fayda versin. Belə insanlardan biri də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının
voleybol və tennis kafedrasının müdiri,
əməkdar idman xadimi, Prezident təqaüdçüsü, professor
Oqtay Ağayevdir. O,
1936-cı ildə Bakı
şəhərində anadan
olub. Ömrünün böyük hissəsini
idmanın voleybol növünə həsr edən Oqtay müəllimin beynəlxalq
arenalarda bir çox uğurları olmuşdur. Təsadüfi
deyil ki, o, sovetlər dönəmində
Azərbaycan yığmasının
tərkibində SSRİ kubokunun
sahibi olmuş yeganə azərbaycanlı kimi
SSRİ yığması ilə
bir çox uğurlara imza atmışdır. O.Ağayev
bir çox Şərq ölkələrində
məşqçi kimi
də fəaliyyət
göstərmiş və
əməkdar məşqçi
adına layiq görülmüşdür.
ADBTİA-nın 80 illik yubileyi ərəfəsində tanınmış
idman mütəxəssisi
ilə görüşüb
müsahibə aldıq.
- Oqtay müəllim,
voleybolu seçməyinizi
necə xatırlayırsınız?
- O dövrdə
evimizin yanında kiçik bir voleybol meydançası var idi. Bütün uşaqlar
kimi mən də ora gedib
voleybol oynayardım.
Bir gün bir nəfər mənə yaxınlaşaraq
"voleybolçu olmaq
istəyirsən", - deyə
sual verdi. Mən arzumu bildirdim.
Səhəri gün onunla
vədələşdiyim idman
klubuna getdim. Sonralar bildim ki, bu
şəxs görkəmli
məşqçi Şamil
Şamxalov imiş.
Bununla da mənim voleybol
karyeram başladı.
- Ölkəmizdə voleybolun
tarixi nə vaxtdan başlamışdır?
-Ümumiyyətlə,
bu oyun növü
ilk dəfə Amerikada
1895-ci ildə kollec müəllimi Vilyam Morqan tərəfindən yaradılmış, sonra isə Avropaya yayılmışdır. Azərbaycanda isə voleybolun tarixi sovetlər birliyi dövrünə təsadüf edir.
- Voleybolçu olmağınızı
yaxınlarınız necə
qarşıladılar?
-Bilirsiniz,
o dövrdə vəziyyət
bir az
fərqli idi. Belə ki, müharibədən yeni çıxmış
ölkədə camaatın
vəziyyəti heç
də yaxşı deyildi. Cavanların bir qismi heç də yaxşı olmayan işlərə meyil edir, bəziləri isə tüfeyli həyat sürürdülər.
Mən isə digər yaşıdlarım kimi idmanla məşğul olurdum və gündən-günə şöhrətim
artırdı. Bu, valideynlərimi və yaxınlarımı, şübhəsiz
ki, sevindirirdi. İnanırsınız, küçədə getmək mümkün deyildi. Tanıyanlar mənimlə söhbətləşmək
istəyir, avtoqraf yazmağımı xahiş
edirdilər.
- Azərbaycan voleybolunun
bu günü və sabahı haqqında fikirləriniz?
-Azərbaycan
voleybolu ölkə başçısı cənab
İlham Əliyevin diqqət və qayğısı sayəsində
böyük bir inkişaf yolundadır. Bu gün idmanın
bütün sahələrində
olduğu kimi, voleybola da dövlət
tərəfindən müəyyən
vəsaitlər ayrılır,
maddi-texniki bazalar yaradılır. Mən qətiyyətlə
deyərdim ki, dünyanın heç bir ölkəsində bizim dövlətimiz qədər idmana qayğı göstərilmir.
Bunun da bariz nümunəsidir
ki, son illər istər olimpiadalarda, istərsə də müxtəlif turnirlərdə
yüksək nəticələr
əldə olunur.
Son illər qadınlardan
ibarət voleybol yığmamız və klublarımız respublikamızı
beynəlxalq arenalarda layiqincə təmsil edirlər. Təsadüfi
deyil ki, istedadlı məşqçi
Faiq Qarayevin rəhbərlik etdiyi "Azəreyl" komandası
"Topkomandalar kuboku"nun
sahibi olmuşdur. Bu, Azərbaycan voleybolunun
böyük uğurudur.
- İdman karyeranızda ən yaddaqalan oyunu necə xatırlayırsınız?
-Əhəmiyyətli oyunların
çoxu yadımdadır. Ancaq 1957-ci ildə
Azərbaycan SSR yığması
ilə SSRİ kubokunu
qazandığımız oyunlar
xatirimdən silinməz.
Həmin
mövsüm komandamız
çox gözəl oyun nümayiş etdirirdi və biz onun bəhrəsini gördük. Gərgin keçən
final oyununda qələbə
qazandıq. Bu unudulmaz hissi heç vaxt yaddan çıxarmaram.
SSRİ yığmasının
tərkibində oynadığım
dövrlərdə, ümumiyyətlə,
idman karyeramda yaddaqalan oyunlar çox olub. İndi bunlar hamısı xoş bir xatirədir.
- Məşqçi karyeranız
haqqında nə deyə bilərsiniz?
-70-ci illərdə İraq və Küveyt yığmalarında baş
məşqçi kimi
fəaliyyət göstərmişəm. O dövrdə
həmin ölkələrdə
voleybolun səviyyəsi
çox aşağı
idi. Təsəvvür edin ki, belə vəziyyətdə
işləmək nə
qədər çətin
idi. Lakin müəyyən müddətdə
seminarlar keçirdik və potensialı olanları irəli çəkərək müəyyən
uğura nail olduq. Bu gün də
həmin ölkələrdən
olan mütəxəssislər
bizi yaddan çıxarmırlar.
- İnkişafda
olan Azərbaycan voleybolunda kafedranın rolunu necə qiymətləndirirsiniz?
-Kafedramız
keçirilən turnirlərdə
yaxından iştirak edir və klublarımız
metodiki vəsaitlərimizdən
istifadə edirlər.
Biz çalışırıq
ki, ixtisaslı kadrlar yetişdirək.
Bunun üçün kafedrada çalışan hər
bir şəxs əlindən gələni
əsirgəmir. Açıq turnirlərdə iştirak
edən müəllimlərimiz
istedadlı gəncləri
aşkara çıxarır
və onlardan faydalanmağa çalışırlar.
- Azərbaycanda voleybol
idmanının pedaqogikası
ilə bağlı elmi işlər var?
-Bununla bağlı ayrıca elmi iş yoxdur.
Ancaq mənim də müəllifi olduğum bir neçə metodiki vəsaitlər hazırlanıb. Gələcəkdə bu işlərlə bağlı geniş planlarımız var.
- Ailəniz haqqında
nə deyə bilərsiniz? Övladlarınızdan sizin yolunuzu
davam etdirən var?
- İki övladım var. Lakin idman sahəsində
çalışmırlar. Nəvələrimə gəldikdə isə onu gələcək göstərər. Bilirsiniz, mənim
fikrimcə, hər bir şəxs peşəsini özü seçməlidir və bu peşənin vurğunu olmalıdır.
Mən də övladlarımın seçimlərinə
müdaxilə etməmişəm.
Bu seçimi öz ixtiyarlarına buraxmışam.
Söhbəti qələmə aldı:
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2010.- 1 oktyabr.- S.4.