Şamaxı təhsili bu gün
Əliyev Viktor Əli
oğlu 1950-ci il oktyabrın 3-də Şamaxı şəhərində
müəllim ailəsində dünyaya göz açıb.
1957-ci ildə Şamaxı şəhər 2 nömrəli
(rus) orta məktəbin I sinfinə gedib. 1967-ci ildə həmin
məktəbi gümüş medalla bitirən Viktor V.İ.Lenin adına Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət
Pedaqoji Universiteti) riyaziyyat fakültəsinə daxil olub.
1971-ci ildə ali məktəbi müvəffəqiyyətlə
başa vurduqdan sonra təyinatla Şamaxı rayonuna göndərilib.
Və vaxtilə təhsil aldığı Şamaxı şəhər
2 nömrəli (rus) orta məktəbində riyaziyyat müəllimi
kimi ilk əmək fəaliyyətinə başlayıb. 1971-ci
ilin payızından 1972-ci ilin payızına qədər hərbi
xidmətdə olub. Xidmətdən qayıtdıqdan sonra yenidən
doğma məktəbindəki işini davam etdirib. Səmərəli
pedaqoji fəaliyyətinə, yüksək insani keyfiyyətlərinə
görə 1977-ci ilin oktyabrında irəli çəkilərək
işlədiyi 2 nömrəli məktəbə direktor təyin
edilib. Rəhbərliyin etimadını qazanan Viktor Əliyev
1978-ci ildən 1990-cı ilə kimi Şamaxı Rayon Partiya Komitəsində
təlimatçı və siyasi maarif kabinetinin müdiri vəzifələrində
çalışıb. O, 1984-1986-cı illərdə
Bakı Ali Partiya məktəbində əyani təhsil
alıb. 1990-cı ilin dekabrından Şamaxı RTŞ-ın
müdiri vəzifəsində çalışır.
İşlədiyi müddətdə bir sıra dövlət
mükafatlarına, fəxri fərman və diplomlara layiq
görülüb. 2005-ci ildə ona "Azərbaycan Respublikasının
əməkdar müəllimi" fəxri adı verilib.
Evlidir, iki övladı və beş nəvəsi var.
Həftə ötür, ay dolanır, il keçir. Və keçən hər il ömürdən gedir. Bu minvalla hər bir insan İlahi tərəfindən ona bəxş edilmiş ömür payından yaşayaraq arxada qoyduğu illərdə özünəməxsus izləri ilə bir tarix yaradır. Yaşının müdrik çağına çatanda uzun illərin arxasından boylanıb yaşadığı kəşməkəşli həyat yolunda qazandığı nailiyyətlərinə, arzusunda olub, lakin əldə edə bilmədiklərinə nəzər salır. Xalqının maariflənməsi, Vətəninin çiçəklənməsi üçün təmənnasız fəaliyyət göstərənlər ömürdən ötən illəri üçün təəssüflənmir, əksinə, sevinir və qürur duyurlar. Belə insanlardan biri Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri, respublikanın əməkdar müəllimi Viktor Əliyev haqqında söz açmaq niyyətindəyik.
Viktor Əliyevi çoxdan, Şirvan zonası üzrə bölgə müxbiri işlədiyim zamandan tanıyıram. İlk tanışlığımız zamanı sadəliyi, şux zarafatları, səmimiliyi və həyata nikbin baxışı ilə diqqətimi cəlb edib. Söhbət əsnasında həyatsevərliyi, təhsilin mahir bilicisi və işgüzarlığı ilə başqalarından seçilən Viktor müəllim həm də qayğıkeş və tələbkar bir təhsil şöbə müdiri kimi yadda qalır və müsahibi tərəfindən sevilir. Ötən zaman ərzində onunla ildə bir-iki dəfə görüşməklə aramızda yaranan ünsiyyət dostluğa çevrilmişdi desəm səhv etmərəm. Bir neçə dəfə haqqında və rayon təhsilinin uğurlarından qəzetdə yazmaq istəsəm də təvazökarlıq edib razı olmamışdı. Viktor müəllimin bu günlərdə qeyd ediləcək 60 illik yubileyi münasibətilə haqqında yazı hazırlamaq tapşırığını alanda sevindim. Hazırlıq görüb ertəsi gün yola düşdüm. Bir sıra dünya şöhrətli ədiblərin və tarixi şəxsiyyətlərin doğulub boya-başa çatdığı qədim Şamaxı şəhərinə çatanda Günəş dağlar qoynundan bir çatı qalxaraq düzü-dünyanı nuruna qərq etmişdi. Payızın ilk günləri idi. Builki yayın istisi çəkilib getmiş, yerini mülayim, sərin hava tutmuşdu. Xəfif meh ruh oxşayırdı.
V.Əliyevlə iş başında həmişəki kimi mehriban görüşdük. Kabinetində üz-üzə oturub çay içə-içə söhbət edir, ötən xatirələri çözələyir, yaşanaraq tarixə dönmüş həyat kitabının vərəqlərini səhifələyir, olub keçənləri xəyal süzgəcindən keçirirdik. Xislətinə bələd olduğum üçün ona verəcəyim sualları muncuq kimi düzüb sıralamaya ehtiyac görməmişdim. Bilirdim, səmimiliyi və sadəliyinə görə söhbət əsnasında istədiyim cavabları ondan alacaqdım. Mənə də dediklərini, danışdıqlarını yığıb, toplayıb qələmə almaq qalırdı.
- Tərcümeyi-halınızdan məlumdur ki, orta məktəbi gümüş medalla bitirmisiniz. O vaxt istənilən ali məktəbi,
zamanına görə reytinqi yüksək olan ixtisası
seçə bilərdiniz. Necə oldu ki, müəllimliyi
seçdiniz?
- Düz buyurursunuz, o
vaxt istənilən ali məktəbə və istənilən
ixtisasa qəbul olmağa biliyim imkan verirdi. Bu peşəni ona
görə seçdim ki, müəllim ailəsində
dünyaya göz açmışam. Ağlım kəsəni evimizdə kitab, dəftər,
qələm görmüşəm. Atam riyaziyyat, anamsa rus dili
müəllimi işləyirdilər. Ətrafdakılar onlara həmişə
müəllim deyə müraciət edir, xüsusi rəğbət
bəsləyirdilər. Hələ o zamandan müəllimin
böyüklüyünü dərk eləmişəm. Həmişə
atamın "bağ bağbansız, bəşəriyyət
müəllimsiz keçinə bilməz" kəlamını
xatırlayır, müəllim olmağımdan qürur
duyuram. Riyaziyyat dəqiq elmdir. Dəqiqlik isə insanda
düzgünlüyü, dürüstlüyü tərbiyə
edir. Bax elə buna görə də o vaxt bu ixtisası
seçmişəm. 1974-cü ildə akademik Mayis Cavadovun
dissertantı olmuşam. Lakin Şamaxı Rayon Partiya Komitəsinə
işə aparıldığım üçün elmlər
namizədliyimi müdafiə etməyə vaxt tapmadım.
İndi də buna görə peşmançılıq
çəkirəm. Partiya komitəsində işlədiyimə
görə Bakı Ali Partiya Məktəbinin əyani
şöbəsini bitirmişəm.
Raykomda işlədiyim
müddətdə özümü məktəb və
şagirdsiz təsəvvür edə bilmirdim. Elə buna
görə də yaxınlıqdakı təhsil ocaqlarında
saathesabı dərs aparırdım. 1990-cı ildən isə
Şamaxı Rayon Təhsil Şöbəsinə rəhbərlik
edirəm.
- Rayonunuzun təhsil müəssisələri haqqında
ümumi məlumat verməyinizi xahiş edirəm.
- Hazırda rayonumuzda 72
ümumtəhsil məktəbi vardır. Onlardan 51-i tam orta, 17-si ümumi orta,
4-ü ibtidai məktəbdir. 5 məktəbdənkənar, 22
məktəbəqədər tərbiyə müəssisəsi
fəaliyyət göstərir. Bu təhsil müəssisələrində
12237 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi
ilə 2200-ə yaxın pedaqoji işçi məşğul
olur. Digər bölgələrdə olduğu kimi, bizim rayonda
da şagirdlərin və məktəblərin sayı
artmaqdadır. Halbuki, 1990-cı ildə rayonumuzda 47 orta, 21 əsas
və 4 ibtidai məktəb fəaliyyət
göstərirdi. Ötən illər ərzində rayonda 4 əsas
məktəb fəaliyyət göstəricilərinə və
şagird kontingentinə görə orta məktəb statusu
almışdır.
Azərbaycan Respublikası
Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş "Xüsusi istedada malik
uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət
Proqramı (2006-2010-cu illər)"nın icrası ilə
bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24
avqust 2007-ci il tarixli 986 nömrəli əmrinə əsasən,
rayonun internat orta məktəbinin bazasında Texniki, humanitar və
təbiət təmayüllü lisey fəaliyyətə
başlamışdır. Məhz bu hal Şamaxıda təhsilin
inkişafına daha yeni bir təkan kimi qiymətləndirilir.
Cəmiyyət
üçün sağlam düşüncəli, savadlı,
elmli nəsil yetişdirmək şərəfli işdir. Bu
işin ağırlığını, məsuliyyətini hər
zaman çiyinlərində daşıyan müəllimlərdir.
Hər bir müəllim təlim-tərbiyə prosesində
yetirdiyi bilikli və cəmiyyətə yararlı şagirdləri
ilə fəxr edir. Məlumdur ki, istedadlı şagird
hazırlamaq, onları üzə çıxarmaq olduqca
çətin və məsuliyyətli prosesdir, eyni zamanda şərəfli
və tərifəlayiq bir işdir. Bu işin faydalı şəkildə
həyata keçməsi birdən-birə deyil, zaman-zaman, mərhələ-mərhələ
vaxt aparması və gərgin fəaliyyətin nəticəsi
ilə müşayiət edilir.
Azərbaycan təhsilində
həyata keçirilən bir sıra yeniliklər öz bəhrəsini
vermiş və verməkdədir. Belə ki, Azərbaycan
Respublikasında ali məktəblərə qəbul
imtahanları test üsulu ilə keçirilməyə
başlanmış və o zaman bu istiqamət təhsildə
yeni yanaşmanı, yeni dünyagörüşü
formalaşdırmışdır. Bu baxımdan Şamaxı
rayon təhsil işçiləri də test
imtahanlarını fəal şəkildə dəstəkləmişlər. Əlbəttə,
hər hansı bir metodun, üsulun tətbiqi istər-istəməz
hər bir şəxsdə maraq doğurur. Test imtahanlarına
keçid mərhələsi də təhsil işçilərinin,
şagirdlərin, valideynlərin böyük marağına səbəb
olmuş və bu üsul bu gün də qüvvədə
qalmaqla getdikcə inkişaf etdirilir.
- Ümumtəhsil məktəblərinin fəaliyyəti
və pedaqoji kadrların işi məzunlarının
uğurları ilə ölçülür. Bu amil xüsusilə
ali və orta ixtisas məktəblərinə qəbul
zamanı məzunların topladıqları balla
özünü büruzə verir. Təhsil müəssisələriniz
və onların məzunları bu işin öhdəsindən
necə gəlir və hansı uğurları qazanırlar?
- Şamaxı rayonunun təhsil
müəssisələrində təhsilin səviyyəsini
müəyyən etmək üçün 1998-2009-cu illərdə
ali məktəblərə keçirilən qəbul
imtahanlarının nəticələrinə dair statistik məlumatları
nəzərdən keçirsək görəcəyik ki,
1998-ci ildə rayon üzrə abituriyentlərin sayı 262 nəfər
olmuşdur. Bu rəqəm 1999-cu ildə 334 nəfər,
2000-ci ildə 396 nəfər, 2001-ci ildə 439 nəfər,
2007-ci ildə 597 nəfər olduğu halda, 2009-cu ildə 653
nəfərə qədər yüksəlmişdir. Faktiki
olaraq rayonumuzdan olan abituriyentlərin ali məktəblərə
qəbulolma statistikasına nəzər salsaq görərik ki,
1998-ci ildə onların sayı 71 nəfər idisə, 2010-cu
ildə bu rəqəm 107 nəfər təşkil
etmişdir. Ümumiyyətlə, 1998-ci ildən 2010-cu ilə
qədər Şamaxı rayonundan 1144 məzun respublikanın
ali məktəblərinə qəbul olmuşdur.
2009-cu ildə rayon məzunlarının
8 nəfəri ali məktəblərə qəbul zamanı
500-dən yuxarı, 4 nəfəri isə 600-dən yuxarı
bal toplamışdır. Onların çoxu Bakı Dövlət
Universitetinə, Azərbaycan Dövlət İqtisad Universitetinə,
Azərbaycan Müəllimlər İnstitutuna və Azərbaycan
Dövlət Pedaqoji Universitetinə qəbul olublar.
2010-cu ildə isə məzunlarımızın
qəbul imtahanları zamanı göstəriciləri keçən
ilkinə nisbətən daha yüksək olub. Belə ki, rayon
üzrə 537 məzunun 399 nəfəri ali məktəblərə
qəbul olmaq üçün sənəd verib, onlardan 107 nəfəri
uğurlu nəticə göstərərək respublikanın
müxtəlif ali məktəblərinə qəbul olub. Qəbul
imtahanları zamanı 21 məzunumuz 500-dən yuxarı bal
toplayıb ki, bu da keçən ildəkinə nisbətən
3 dəfə artıqdır. 4 məzunumuz isə 600-dən
yuxarı bal toplayaraq bitirdikləri təhsil ocağına və
Şamaxı təhsil işçilərinə
başucalığı gətiriblər.
Onu da deməliyəm ki,
Şamaxı təhsilinin uğurlarında rayonda fəaliyyət
göstərən "Araz" kursunun da rolu böyük
olmuşdur. Bu kurs 2003-cü il sentyabr ayında fəaliyyətə
başlamışdır. Təsis olunduğu 2003-cu ildən
2010-cu ilə kimi kursda hazırlaşmaq üçün 800-ə
qədər abituriyent bura müraciət etmişdir. Həmin
abituriyentlər bu kursda müxtəlif fənlər üzrə
hazırlaşıblar. "Araz" kursu VI sinif şagirdlərinin
orta məktəb proqramını mənimsəmələrinə
və həmçinin müxtəlif təmayüllü liseylərə
qəbul olmalarına köməklik göstərir. X sinif
şagirdləri isə bu kurslarda iki tədris ili
hazırlaşaraq TQDK-nın ali məktəblərə
keçirdiyi qəbul imtahanları zamanı böyük
uğurlar əldə edirlər. XI sinif şagirdlərimiz isə
adıçəkilən kursda 10 ay müddətinə
TQDK-nın tərtib etdiyi qəbul proqramına əsasən
dörd qrup üzrə hazırlıq keçirlər.
- Təhsilin inkişafında, dərslərin səmərəli
keçilməsində müəllimin rolu danılmazdır.
Müəllimlərinizin pedaqoji fəaliyyətindən
razısınızmı?
- Bu gün müəllimlərimiz
yeni metodlardan səmərəli istifadə etməklə fəaliyyət
göstərirlər. Rayonumuzda hər bir müəllimin
müasir texnologiyalardan istifadəetmə bacarığına
yiyələnməsi bir məqsəd kimi qarşıya
qoyulmuşdur. Müasir zamanda kompüterlə davranmağı
bacarmayan müəllim tədrisi günün tələbi səviyyəsində
qura bilməz. Odur ki, müəllimlərimiz mütəmadi
olaraq öyrədici kurslarda biliklərini artırır,
işlərini kurikulumun tələbləri əsasında
qururlar.
Qeyd etməliyəm ki,
işini günün tələbləri səviyyəsində
qura bilən müəllimlərimiz çoxdur. Səmərəli
pedaqoji fəaliyyətinə görə dövlət tərəfindən
mükafatlandırılmış və təltif edilmiş
bir neçə müəllimin adını çəkmək
yerinə düşərdi. Belə ki, Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə son 6 ildə
şəhər 1 nömrəli məktəbin riyaziyyat müəllimi
Elşən Ələkbərov, şəhər 2 nömrəli
orta məktəbin tarix müəllimi Sevinc Qədirova, Həmyəli
qəsəbə ümumi orta təhsil məktəbinin müəllimi,
coğrafiya elmləri namizədi
Əzizağa Vəliyev, Nağaraxana kənd əsas məktəbin
direktoru İsgəndər Həsənov, Texniki, humanitar və
təbiət təmayüllü liseyin ədəbiyyat müəllimi
Həbibə Eldarova, şəhər 9 nömrəli orta məktəbin
coğrafiya müəllimi Əbülfəz Sadayev "Azərbaycan
Respublikasının əməkdar müəllimi" fəxri
adına layiq görülüblər. Texniki, humanitar və təbiət
təmayüllü liseyin coğrafiya müəllimi Yaqut
İsmayılova, şəhər 1 nömrəli orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Pənah
İsmayılov, şəhər 5 nömrəli orta məktəbin
riyaziyyat müəllimi Cavanşir Nəzərov və Göylər
kənd 2 nömrəli orta məktəbin direktoru Pünhan
Mikayılov "Tərəqqi" medalı ilə təltif
ediliblər. Son 5 ildə Sevinc Qasımova, Svetlana Veysova, Əzizağa
Vəliyev və Həbibə Eldarova səmərəli fəaliyyətlərinə
görə "İlin müəllimi" adına layiq
görülüblər.
2005-ci ildən bu günə
kimi xüsusi təyinatla rayonumuza göndərilmiş 134 nəfər
gənc müəllim ixtisaslarına uyğun işlə təmin
olunmuş və onlar üçün hər cür şərait
yaradılmış, qanunauyğun həvəsləndirici əlavə
maaşla təmin edilmişlər. Onlardan 16 nəfəri 2010-cu
ildə rayonumuza göndərilib və onlar da işlə və
lazımi şəraitlə təmin olunublar.
- Viktor müəllim, hazırda respublikamız intibah
dövrünü yaşayır. Bir sıra yeni sənaye və
istehsalat müəssisələri tikilir, quruculuq və
abadlıq işləri aparılır. Belə bir zamanda təhsilimizin
inkişafından razısınızmı?
- Ölkə
başçısının səmərəli fəaliyyəti,
düşünülmüş daxili və xarici siyasəti
sayəsində bu gün Azərbaycan Respublikası regionda
lider dövlət kimi tanınır və sayılır.
Respublikamızda digər sahələr kimi təhsilin də
inkişafına xüsusi qayğı göstərilir. Elə
bunun nəticəsidir ki, Azərbaycanda yeni məktəb
binalarının tikintisi və müasir avadanlıqlarla təmin
edilməsi geniş vüsət almışdır. Təkcə
Şamaxı rayonunda 2003-cü ildən bu günə kimi
dövlət vəsaiti hesabına 1624 şagird yerlik 7 yeni məktəb
binası, 1180 şagird yerlik əlavə sinif otağı
tikilib şagirdlərin istifadəsinə verilmiş, 4 məktəb
binası əsaslı təmir olunmuşdur. Heydər Əliyev
Fondunun vəsaiti hesabına 820 şagird yerlik 5 yeni məktəb
binası, 100 şagird yerlik 5 əlavə sinif otağı
inşa edilmiş, 2 məktəb binası əsaslı təmir
olunmuşdur. Ümumiyyətlə bu illər ərzində
rayonumuzda 2280 şagird yerlik 14 yeni məktəb binası, 1280
şagird yerlik 64 əlavə sinif otağı inşa
edilmiş, 6 məktəb binası əsaslı təmir
olunmuş və müasir avadanlıqlarla təchiz
edilmişdir. Səmimiyyətlə deyə bilərəm ki, bu
gün təhsilimiz dinamik inkişaf yolundadır. Təhsilimizin
dünya təhsilinə inteqrasiyası, tədrisdə
kurikulumun tətbiqi, təhsil müəssisələrində
yeni texnologiyalardan və metodologiyalardan istifadə edilməsi
bunun bariz nümunəsidir.
- Müasir gəncliyə nə tövsiyə edərdiniz?
- Ümummilli liderimiz Heydər
Əliyevin quraraq bizə ərməğan etdiyi müstəqil
Azərbaycan Respublikasını göz bəbəyimiz kimi
qorumağı, müdriklərin - "Torpaq, uğrunda ölən
varsa Vətəndir!" - kəlamını unutmamağı,
xalqına, Vətəninə layiq yüksək intellektli gənc
olmalarını tövsiyə edirəm.
Vətən uğrunda
canını qurban verənlər şəhidlik zirvəsinə
ucalırlar. Bu ucalığı, bu şərəfi qorumaq
müqəddəs borcumuzdur.
- 60 yaşınız bu günlərdə tamam olacaq.
Yaşayaraq arxada qoyduğunuz mənalı ömür yolunda ən
çox sevindiyiniz gün nə vaxt olub?
- Bəli, 60 yaşım
oktyabrın 3-də tamam olacaq. Yubileyimin müəllimlər
günü ilə eyni vaxta düşməsi təsadüfi
olsa da mənim üçün fərəhli və
maraqlıdır. Düşünürəm ki, ömürdən
ötən illər mənalı keçibsə, demək
yaşamısan. Mən də yaşadığım zaman kəsiyində
xalqıma, Vətənimə az da olsa xeyir vermişəmsə,
xərclədiyim illər havayı itməyib, ömrümdən
mənalı ötüb.
Şad günlərimə gəlincə
isə respublikamız imperiya buxovundan qurtulub müstəqilliyini
elan etdiyi gün sevincimin hədd-hüdudu olmayıb. 2005-ci ildə
"Azərbaycan Respublikasının əməkdar müəllimi"
fəxri adına layiq görüldüyüm gün qürur
duymuşam. Çünki əməyimə qiymət verilirdi.
İlk nəvəm Şəbnəm dünyaya gələndə
fərəhlənmişəm. Ona görə ki, gələcəyimi
onlarda görürəm. Ancaq müdriklərin dediyi kimi, kədəri
də özümüzə dost bilməliyik. Sevinc anidir, gəldi-gedərdir.
Kədər isə insanla son mənzilinə qədər
yoldaşlıq edir. Kədəri qəbul edə bilməyən,
əzab və iztirablarına dözməyən kəs həyatda
uğur qazana bilməz.
***
Maraqlı söhbətlərindən,
şən zarafatlarından doymasam da Viktor müəllimə
uzun ömür, cansağlığı, daha yeni nailiyyətlər
arzulayıb ondan və qədim tarixli Şamaxıdan
ayrılıb Bakıya üz tutdum.
Müsahibəni apardı: Nizami MİRZƏ
Azərbaycan müəllimi.- 2010.- 1
oktyabr.- S.5.