"Şagirdləri öyrətmək həyat amalımdır"

 

Bəzən həyatda elə insanlara rast gəlirsən ki, onların əməksevərliyi, zəhmətə qatlaşması, sənətə vurğunluğu, dünyagörüşü, savadı, Vətənə bağlılığı adama ruh verir. Belə insanlardan biri Abşeron rayonu Saray qəsəbəsindəki 2 nömrəli orta məktəbin riyaziyyat müəllimi İsrael Hümbətovdur. O, 1932-ci ildə Qərbi Azərbaycanın dilbər güşələrindən biri olan Zəngəzurun Gərd kəndində zəhmətkeş ailədə dünyaya göz açıb. 1950-ci ildən pedaqoji fəaliyyətə başlayan İsrael müəllim artıq 60 ilə yaxındır ki, riyaziyyatın sirlərini  şagirdlərə sevə-sevə öyrədir. 1971-ci ildən Saray qəsəbəsində çalışan İ.Hümbətovun Azərbaycan təhsilinə verdiyi töhfələr danılmazdır. Belə ki, şagirdlərindən 8 nəfəri elmlər doktoru, 25 nəfərə yaxını  isə elmlər namizədidir.

 

Ömrünün böyük hissəsini müəllimliyə həsr edən İsrael müəllim peşəsinin vurğunudur axır nəfəsinə qədər bu şərəfli peşəni davam etdirəcəyini bildirir. O, çoxillik təcrübəsi olmasına baxmayaraq, həmişə axtarışda olur, yeni təlim metodlarından istifadə etməyə çalışır. Şagirdləri öz nəvələri kimi sevən onların hər şıltaqlığına əsl pedaqoq kimi yanaşan İsrael müəllim üçün məktəb ən çox sevdiyi riyaziyyat fənni ilə - rəqəmlər düsturlar aləmi ilə bağlı məkandır.

İsrael Hümbətovla müəllimlər otağında söhbətləşərkən pedaqoji kollektivin ona olan hörmətini görməmək mümkün deyildi. Müəllimlərin hər biri onun haqqında xoş sozlər söyləyir belə müəllimlərin olmasını məktəbin təhsilimizin fəxri kimi qiymətləndirirdilər. İsrael müəllimin şagirdi olmuş, indi isə onunla çiyin-çiyinə işləyən ingilis dili müəllimi Məhəmməd Abbasov xatirələrini  yada salaraq onun böyük pedaqoq gözəl  insan  olduğunu  vurğuladı. O, İsrael müəllimin dərin biliyindən, həyat təcrübəsindən bəhrələndiklərini, daim məsləhət tövsiyələrinə ehtiyacları olduğunu bildirdi.

Onun haqqında danışanlardan biri İsrael müəllimin keçmiş şagirdi, Şirvan Peşə Liseyinin direktoru Mayis Qarayev idi. M.Qarayevə zəng edib müəllimi haqqında fikirlərini öyrənmək istədiyimizi söylədikdə çox sevindi onun haqqında danışmağı şərəf bildi. O, İsrael müəllimi ziyalı, sözün əsl mənasında, riyaziyyatçı inteqral həllinin mahir bilicisi kimi qiymətləndirərək, onunla qürur hissi keçirdiyini, uzun illər keçməsinə baxmayaraq hələ müəlliminin öyrətdiklərinin böyük qismini yadında saxladığını həmişə o bilikdən bəhrələndiyini vurğuladı. M.Qarayev İsrael müəllimin yaxşı pedaqoq olmaqla bərabər, həm gözəl insan, məsuliyyətli ailə başçısı vətənpərvər olduğunu da bildirdi.

İsrael müəllimin dediklərindən:

- Mən də bütün müəllimlər kimi öz biliyimi şagirdlərə yüksək dərəcədə öyrətməyə çalışmışam. Bunun üçün həmişə öz işimə ciddi yanaşmışam. Hər bir insan qarşısına məqsəd qoymalı və bu məqsədə nail olmaq üçün əziyyətə qatlaşmalıdır. Mənə elə gəlir ki, riyaziyyatdakı uğurlarım bir Allah vergisidir. Yaxşı yadımdadır, kəndimizdə uşaqları I sinfə qəbul edirdilər. Məni də valideynlərim məktəbə apardılar. Sinif müəllimim rəqəmlərlə bağlı bir-iki sual verdi. Mənim heç birinə cavab verə bilmədiyimi görüb valideynlərimə növbəti ildə gəlməyimi bildirdi. Doğrusu, uşaq olsam da, bu, mənə çox pis təsir etdi və biz evə qayıtdıq. Həmin gecə yuxuda müəllimin verdiyi suallara aydın cavablar verdiyimi gördüm və səhəri gün ağlayıb məktəbə getmək istədiyimi valideynlərimə bildirdim. Valideynlərim məni təkrar müəllimin yanına apardılar və həmin gün müəllim nə sual verdisə dərhal cavab verdim. Doğrusu, hamı təəccüb içində idi. Bu, əsl möcüzə idi və mən həmin gündən başa düşdüm ki, riyaziyyatçı olacağam. Bu gün Allahın mənə bəxş etdiyi bu biliyi yorulmadan, həvəslə şagirdlərə öyrədirəm və peşəmlə fəxr edirəm. Müstəqilliyimizin ilk illərində, bütün müəllimlər kimi, mən də maddi sıxıntılar içərisində əziyyət çəkirdim. Lakin məktəbi tərk etmək, başqa işlərlə məşğul olmaq heç ağlıma belə gəlmirdi. Şükürlər olsun, bu gün respublikamız inkişaf  yolundadır və Azərbaycan təhsili uğurla irəliyə doğru addımlayır. Buna görə hamımız sevinirik və dövlətimizin başçısı, ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk. Arzu edirəm ki, hər bir azərbaycanlı gənc Vətənimizə layiqli övlad olsun və ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu dövlətçilik ənənələrini qoruyaraq respublikamızın adını şərəfli və uca tutsunlar.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2010.- 1 oktyabr.- S.7.