Müəllimlərin işə qəbulu
üçün keçirilən müsabiqə başa
çatdı
226 müəllim Bakının və ölkənin digər
şəhər və rayonlarının ümumtəhsil məktəblərindəki
vakant yerlərə işə qəbul olundu
Ölkəmizdə ilk dəfə olaraq 2010-2011-ci dərs
ilində ümumtəhsil məktəblərindəki vakant
yerlərə müəllimlərin işə qəbulu
elektron vasitələr əsasında iki mərhələli
müsabiqə mexanizmi tətbiq olunmaqla həyata
keçirilmişdir. Avqustun 20-dən bu barədə mətbuatda
və Təhsil Nazirliyinin rəsmi saytında elanın yerləşdirilməsi
ilə başlayan və təxminən bir ay davam edən
müsabiqə proseduru artıq başa çatmış,
müsabiqədə qalib gələn müəllimlər
öz yeni iş yerlərində fəaliyyətə
başlamışlar. Bəs müsabiqə necə
keçmişdir? Onun yekunları nə göstərir?
Ümumtəhsil məktəblərindəki vakant yerlərin
hamısı tutulmuşdurmu? Təhsil
Nazirliyinin Strateji təhlil, planlaşdırma və
kadrların idarə olunması şöbəsindən
müsabiqənin yekunları haqqında əməkdaşımıza
verilən məlumat əsasında hazırlanmış
aşağıdakı yazıda həmin suallara cavab tapmaq
mümkündür.
İnsan amilinin iştirakını istisna edən proqram təminatı
Müəllimlərin işə
qəbulunda yeni mexanizmin tətbiqinə ötən ildən
başlanıb. Belə ki, hələ ötən il müəllimlər
Təhsil Nazirliyinin rəsmi saytında işə qəbul
üçün açılan səhifədə vakant yerlərlə
Lakin ötən il elektron ərizə
ilə müraciət edən 1044 nəfərlə müsabiqə
imtahanları test üsulu ilə yazılı şəkildə
aparılmış, onların yoxlanması da insan amilinin
iştirakı ilə, yəni işə qəbul üzrə
komissiyanın üzvləri tərəfindən həyata
keçirilmişdi.
Bu il həmin mexanizmin təkmilləşdirilməsi
istiqamətində daha bir mühüm addım
atılmış, müəllimlərin işə qəbulu
elektron vasitələr tətbiq olunmaqla
aparılmışdır. Belə ki, Azərbaycan
Respublikasının təhsil naziri cənab Misir Mərdanovun
tapşırığına əsasən
müəllimlərin işə qəbulu prosesində insan
amilinin tamamilə aradan qaldırılması məsələsini
həll etmək üçün nazirliklə "Ultra"
şirkəti arasında əldə olunmuş
razılığa əsasən işə qəbulun proqram təminatının
həyata keçirilməsi planlaşdırılmış və
o, 2010-cu ilin iyun-avqust aylarında
reallaşdırılmışdır.
Bu proqram işə qəbul
prosesində müəllimlərdən vakant yerlərə
elektron ərizələrinin qəbulu ilə yanaşı, bir
sıra digər imkanlar da yaratmışdır. Belə ki,
reqlamentdə vakant yerlərin seçimi aparılarkən namizədlərə
dörd müxtəlif vakant yeri seçmək imkanının
verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, elektron ərizədə
seçdiyi 4 yerdən birinə düşə bilməyən
müəllimə nazirlik tərəfindən hər hansı
boş qalan vakant yerə təklif imkanı da
yaradılmışdır.
Proqramın ən
üstün cəhətlərindən biri isə burada elektron
ərizəsini təsdiqdən keçirən hər bir namizədə
"şəxsi kabinet" imkanının verilməsidir. Hər
bir müəllim öz kodu və parolu vasitəsi ilə
"şəxsi kabinet"inə daxil olub imtahanın
keçirilmə vaxtı, yeri, gedişi və nəticələri
barədə, habelə özü haqqında ətraflı məlumatları
əldə edə bilər. Bu isə işə qəbul
prosesinə kömək edən ən müsbət amillərdən
biri olmuşdur. Elektron ərizənin doldurulması prosesini asanlaşdırmaq
üçün vakant yerlərin hər biri həm də
kodlaşdırılmışdır. Dörd seçimi etmək
üçün namizəd bu kodların hər birini qeyd edib,
yadda saxlayır, çap edir və istədiyi
ardıcıllıqla elektron ərizəsinə daxil edir.
Yeni mexanizm müsabiqənin
təşkilatçıları ilə onun
iştirakçıları arasında əlaqəni də təkmilləşdirmişdir.
İndi bu əlaqə telefon və yazışma vasitəsi ilə
deyil, İnternetdən istifadə ilə mümkün olur. Hər
bir namizəd öz "şəxsi kabinet"inə daxil olmaqla bu prosesi həyata
keçirir. Yeri gəlmişkən qeyd edək ki,
sözügedən proqram çox qısa müddətdə
hazırlanmışdır. Bu tipdən olan proqramlar adətən
uzun müddətə-altı aya, bir ilə
hazırlandığı halda, "Ultra" şirkətinin
Təhsil Nazirliyinin texniki tapşırıqlarını
çevik icra etməsi nəticəsində həmin proqram cəmi
üç aya formalaşmışdır.
288 vakant yerə 3171 nəfər ərizə vermişdir
2010-2011-ci tədris ili
üçün ölkənin ümumtəhsil məktəblərində
198-i Bakı, 90-ı isə 11 şəhər və rayonda
olmaqla 288 vakant müəllim yeri olmuşdur. Həmin yerlərə
müəllim qəbulu üçün avqustun 20-də
"Azərbaycan müəllimi" qəzetində elan
verilmişdir. Vakant yerlərə
müəllim qəbulu ilə bağlı reqlament həm də
Təhsil Nazirliyinin rəsmi İnternet saytında yerləşdirilmişdir.
Namizədlərin vakant yerlərlə tanışlığına və
elektron ərizələrinin doldurulmasına avqustun 20-dən
başlanmış və bu proses avqustun 27-dək davam
etmişdir. 8 gün ərzində işə girmək istəyən
müəllimlər həm qəbul prosesinin necə həyata
keçirildiyini əks etdirən reqlamentlə, həm də
seçim etmək üçün vakant yerlərlə
Ümumilikdə 3171 nəfər
elektron ərizə vermişdir. Onlardan 1815 nəfərin ərizəsi
təsdiqlənmişdir. Təkcə elektron ərizə
doldurmaq imtahanda iştirak üçün kifayət etmədiyindən
həm də ərizə vermiş namizədlərdən sənədlərin
qəbulu aparılmışdır. Bu iş avqustun 23-dən
31-dək davam etmiş, sonrakı 3 gün ərzində, yəni
sentyabrın 3-dək isə namizədlərə imtahana
buraxılıb-buraxılmaması, imtahanların vaxt və
yeri haqqında məlumatlar göndərilmişdir.
Təhsil Nazirliyindən qeyd
etmişlər ki, sənədlərin qəbulu namizədlərin
elektron ərizədə yazdıqları məlumatların
düzgünlüyünü müəyyənləşdirmək
üçündür. Məlum olduğu kimi, elektron ərizədə
namizəd özü haqqında geniş məlumatı da əks
etdirir. Bu məlumata namizədin aldığı təhsilin səviyyəsi,
İKT bacarıqları, ayrı-ayrı müsabiqədə və
ixtisasartırma kurslarında iştirakı, fəaliyyəti
dövründə əməyinin qiymətləndirilməsi və
digər göstəricilər daxildir. Həmin göstəricilərin
hər biri üçün müəyyən ballar nəzərdə
tutulur. Müəllim haqqında verilmiş həmin məlumatlar
əsasında işə qəbulun ilkin qiymətləndirilməsi
aparılır. Bu, proqram tərəfindən həyata
keçirilir. Yəni burada da heç bir insan amili rol
oynamır. Göstəricilər daxil edilən kimi kompüter
proqramı balları avtomatik olaraq toplayır və ilkin qiyməti
namizədin qarşısında qeyd edir. Həmin məlumatların
düzgünlüyü isə namizədlərin Təhsil
Nazirliyinin müsabiqə komissiyasına təqdim etdikləri
müvafiq sənədlər əsasında yoxlanılır.
Bu qayda ilə sənədlərini təqdim etmiş 2000-dən
artıq namizəddən 1815 nəfərinin ərizəsi təsdiq
olunmuş və onlar 288 vakant yerə qarşı müsabiqəyə
qatılmışlar.
Müsabiqə reqlamentə
uyğun olaraq iki formada - müsahibə və test imtahanı
formalarında həyata keçirilmişdir.
Bu gün üçün hələlik
test imtahanı aparmaq tez olan fiziki tərbiyə, gənclərin
çağırışaqədərki
hazırlığı, əmək hazırlığı, rəsmxət,
təsviri incəsənət, musiqi və nəğmə fənlərindən
müəllimlərin vakant yerlərə işə qəbulu
nazirliyin müsabiqə komissiyası tərəfindən
müsahibə yolu ilə aparılmışdır. Müsahibə
üçün meyarlar müəyyənləşdirilmiş,
onun nəticəsi 10 ballıq sistemlə qiymətləndirilmişdir.
Adıçəkilən fənlər üzrə vakant yerlərə
işə qəbul üçün müsahibələr
sentyabrın 7-8-də aparılmış, müsahibə
zamanı namizədlərə onların təhsilini, təcrübəsini,
ixtisası ilə bağlı peşə
bacarıqlarını müəyyənləşdirməyə
imkan verən suallar verilmişdir.
Digər fənlərdən,
yəni dil və ədəbiyyat, riyaziyyat, informatika, fizika,
kimya, biologiya, tarix, coğrafiya, xarici dil (ingilis, fransız,
alman dilləri), həmçinin ibtidai sinif müəllimi
ixtisası üzrə vakant yerlərə müsabiqə test
imtahanı yolu ilə keçirilmişdir. İmtahanda hər
namizədə fərdi olaraq kompüterdə uyğun ixtisaslar
üzrə məktəb proqramı əsasında tərtib
edilmiş 25 test tapşırığı verilmiş və
bunun cavablandırılmasına 40 dəqiqə vaxt
ayrılmışdır. Hər bir düzgün cavab 1 balla
qiymətləndirilmişdir.
Test imtahanı bu qaydada
keçmişdir: Hər bir namizəd onun üçün
müəyyənləşdirilmiş vaxtda bir saat tez gəlməklə
qeydiyyatdan keçmiş və imtahan otağına daxil olaraq
orada müvafiq təlimat almışdır. Sonra onun
üçün müəyyənləşdirilmiş fərdi
kompüterin qarşısında oturaraq şəxsi kodunu
kompüterə daxil edib, zəruri informasiyaya
çıxmış,"imtahanı başla" düyməsini
basmaqla onun üçün ayrılmış 40 dəqiqə
ərzində testləri cavablandırmışdır.
Vaxtın tamamında namizəd "imtahanı başa
çatdır" düyməsini basmaqla həmin anda da
neçə suala düzgün cavab verdiyini görüb imtahan
otağını tərk etmişdir. Test
tapşırıqlarının 80 və daha yüksək
faizinə düzgün cavab vermiş namizədlər
keçid balını toplamış hesab olunmuşdur.
Elə həmin gün imtahan
başa çatdıqdan sonra kompüter proqramı keçid
balını toplamış namizədlərin yüksək
baldan başlayaraq vakant yerlərə yerləşdirilməsini
həyata keçirmiş və bu haqda məlumat namizədlərin
şəxsi kodlarına göndərilmişdir.
62 vakant yer qalıb
Qeyd olunan fənlərdən
vakant yerlərə qəbul üçün test imtahanları
sentyabrın 13-dən 17-dək Təhsil Nazirliyinin Təhsilin
İnformasiyalaşdırılması İdarəsinin nəzdində
fəaliyyət göstərən Təlim mərkəzində
aparılmışdır. Həmin Təlim mərkəzində
imtahanların təşkili və keçirilməsi
üçün bütün zəruri şərait və
texniki təchizat yaradılmışdır.
Beləliklə,
aparılmış müsabiqə nəticəsində 288
vakant yerə qarşı 226 nəfər işə qəbul
olunmuşdur. 62 yer vakant qalmışdır. Buna səbəb həmin
yerləri seçənlərin az bal toplaması, eyni zamanda,
vakant yerlərin olduğu məktəblərin
uzaqlığı üzündən onları seçənlərin
az olmasıdır. Həmin vakant yerlərə növbəti mərhələdə
işə qəbulun həyata keçirilməsi nəzərdə
tutulur.
İmtahanlar əsasən
uğurla keçmiş, müsabiqədə iştirak edən
namizədlərin böyük əksəriyyəti
kompüterdən istifadə bacarıqlarına malik
olduqlarından heç bir çətinlik çəkməmişlər.
Bu işdə
imtahanqabağı onlara verilən təlimat da mühüm rol
oynamışdır. Belə ki, imtahandan əvvəl hər
namizədə imtahan zamanı necə hərəkət etməsi,
suallarla necə davranması, sualları cavablandırarkən
kursoru necə hərəkət etdirməsi, düyməni necə
basması, düzgün cavabı necə qeyd etmək lazım
gəlməsi, sualları necə ardıcıl və ya
ixtiyari qaydada seçməsi, cavablandırdığı
sualı təkrarən cavablandırmaq imkanının
olması və s. barədə zəruri informasiyalar
verilmişdir. Sözsüz ki, bu təlimatlar namizədlərə
imtahanda vaxtdan səmərəli istifadə etməyə imkan
yaratmışdır.
Əlbəttə, bu təcrübə
ölkədə ilk dəfə tətbiq olunduğundan bəzi
kiçik problemlər də özünü göstərib.
Proses zamanı müəllimlərin bir çoxunun elektron ərizələrini
doldurmaqda və onu qeydiyyatdan keçirməkdə çətinlik
çəkdikləri məlum olub ki, bu da, əsasən,
müəllimlərin hələ İnternet imkanlarından
kifayət qədər istifadəetmə
bacarıqlarının olmaması ilə bağlıdır.
Eyni zamanda, ölkədə hələ də hər bir məkanda
İnternetin kifayət qədər sürətlə işləməməsi
nəticəsində bəzi hallarda müəllimlər
elektron ərizələrinin doldurulmasından şikayətlənmişlər.
Lakin bu problemlərin yalnız özləri ilə
bağlı və texniki məsələ olması onlara izah
olunmuşdur. Namizədlərin bəzilərinin kompüterdən
istifadə bacarıqlarına kifayət qədər yiyələnmədiklərindən
imtahanda çətinlik çəkdiklərini büruzə
vermələri təəssüf doğurur. Əslində
imtahanların kompüter vasitəsi ilə
aparılmasının bir məqsədi də işə qəbul
olan müəllimlərin kompüter bacarıqlarının yoxlanmasıdır.
Bu tələb imtahana qatılan müəllimlərin əvvəldən
ən sadə və primitiv də olsa müəyyən İKT
bacarıqlarına yiyələnmələrini nəzərdə
tutur.
İbtidai sinif müəllimi ixtisası, ingilis dili, dil-ədəbiyyat,
riyaziyyat və b. fənlərdən vakant yerlərə daha
yüksək müsabiqə vəziyyəti yaranıb
288 vakant yerə qarşı
ərizəsi təsdiqlənmiş 1815 iddiaçı
iştirak etdiyindən işə qəbul prosesində yüksək
müsabiqə vəziyyəti qeydə alınıb.
Ümumilikdə orta hesabla bir boş yer uğrunda, təxminən,
6 iddiaçı mübarizə aparıb. Bəzi fənlər
üzrə isə daha yüksək müsabiqə vəziyyəti
yaranıb. Belə ki, ibtidai sinif müəllimi ixtisası
üzrə 10-u Bakının, 10-u isə ölkənin digər
şəhər və rayonlarının ümumtəhsil məktəblərində
olmaqla cəmi 20 vakant yer olduğu halda, 361 nəfər
müsabiqədə iştirak edib. İngilis dilindən 28
vakant yerə qarşı 340 nəfər, dil və ədəbiyyatdan
12 vakant yerə qarşı 266 nəfər, riyaziyyat fənni üzrə 16 vakant yerə
qarşı 201 nəfər mübarizə aparıb.
Reqlamentdə müəyyənləşdirilmiş
qaydaya əsasən, proqram özü ən yüksək nəticə
toplamış və ən yüksək göstəriciləri
olan müəllimdən başlayaraq vakant yerlər bitənədək
yerləşdirməni həyata keçirib.
Əlbəttə, vakant yerlər
tutulduqdan sonra göstəriciləri yüksək olanlardan kənarda
qalanlar da olub. Belələri əsasən seçimini
düzgün etməyənlərdir. Lakin elə hal da olub ki, məsələn,
yüksək bal toplayan iddiaçı seçdiyi yerə
düşə bilməyib. Buna səbəb həmin yerin daha
yüksək bal toplayanlar tərəfindən
tutulmasıdır. Komissiya tərəfindən belələrinə,
yəni yüksək bal topladığı halda müsabiqədən
kənarda qalanlara dərs ili ərzində vakant yerlər
yaranarsa həmin yerlərə yerləşdiriləcəkləri
barədə məlumatlar verilib. Bununla yanaşı ola bilər
ki, bəzi müəllimlər nisbətən az balla
seçdiyi fənn üzrə vakant yerə qəbul olunub. Bu
o deməkdir ki, ondan çox bal toplayanlar həmin yeri
seçməyiblər.
Sonda bir daha qeyd etməyi
lazım bilirik ki, vakant yerlərə seçim insan amilinin
iştirakı olmadan, müvafiq proqram tərəfindən
imtahanverənlərdən hər birinin topladığı
ballara və etdiyi seçimə uyğun aparılıb. Əgər
toplanmış keçid balı iddiaçının birinci
seçib, qeyd etdiyi yerə düşməyə imkan verirsə,
ora, imkan vermirsə, növbəti, yəni 2-ci seçdiyi yerə,
ora da uyğun gəlmirsə, 3-cü, həmin qayda ilə
4-cü yerə yerləşdirilib. İxtiyari yerə getməyə
razı olduğunu bildirən və 5-ci icazəni də ərizəsində
qeyd edən iddiaçılar isə tutulmayan hər hansı
vakant yerə yerləşdirilir.
Təhsil Nazirliyindən
aldığımız məlumata görə, ölkənin
ümumi təhsil müəssisələrini daha keyfiyyətli
kadrlarla təmin etmək üçün gələcəkdə
tədris ili ərzində 2 dəfə (tədris ilinin əvvəlində
və I yarımilin sonunda) işə qəbulun
aparılması nəzərdə tutulmuşdur.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 1 oktyabr.- S.3.