4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisi açıldı

 

Oktyabrın 7-də "Bakı Ekspo Mərkəzi" sərgi kompleksində "İteca Caspian" MMC və onun tərəfdaşı "İTE Group PLC" şirkətinin təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən 4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin açılışı oldu.

Açılış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov artıq dördüncü ildir ki, keçirilən sərginin Azərbaycan təhsilinin inkişafı və beynəlxalq təhsil məkanına inteqrasiyasında, gənclərimizin xarici ölkələrin ali təhsil müəssisələri tərəfindən təklif olunan təhsil xidmətləri ilə tanışlığında, peşəyönümü işlərində çox mühüm əhəmiyyət kəsb etdiyini söyləyib sərginin təşkilatçılarına minnətdarlığını bildirdi.

Sərginin coğrafiyasının və əhatə dairəsinin ildən-ilə genişləndiyini müsbət hal kimi dəyərləndirən nazir builki sərgidə əvvəlki illərdəkindən daha çox - dünyanın 15 ölkəsindən 90-dan artıq təşkilat və şirkətin iştirak etdiyini söylədi. Qeyd etdi ki, builki sərgidə ilk dəfə olaraq qardaş Türkiyədən 15 universitet özünü təqdim edir. Burada, habelə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Türkiyənin yaxından köməyi ilə yaradılmış və artıq bir neçə ildir ki, təhsil müəssisələri üçün müxtəlif avadanlıqlar, partalar, yazı taxtaları istehsal edən şirkət də öz məhsullarını nümayiş etdirir. Koreya, Böyük Britaniya universitetlərinin də sərgidə çoxluq təşkil etdiklərini diqqətə çatdıran nazir, eyni zamanda ölkəmizin bu mötəbər beynəlxalq tədbirdə çox az - cəmi 2 ali təhsil müəssisəsi ilə təmsil olunmasını təəssüf doğuran  hal saydı.

Sərginin əsas təşkilatçısı olan "İteca Caspian" MMC şirkətinin direktoru Fərid Məmmədov da açılış mərasimində çıxış edərək sərgi haqqında məlumat verdi və onun işinə uğurlar arzuladı. Qeyd olundu ki, xarici maarifləndirmə strukturları, universitetlər və kolleclər sərgidə fəal şəkildə iştirak edirlər.

Sərginin ekspozisiyasında məktəbəqədər və orta təhsil, ali təhsil müəssisələrinin proqramları, distant maarifləndirmə sistemləri, xaricdə təhsil və tələbələrin mübadiləsi üzrə proqramlar, elmi dərəcələrin əldə edilməsi üzrə təhsil, karyeranın planlaşdırılması və inkişaf etdirilməsi üzrə konsultasiyalar, fakültativ təhsil və turizm üzrə proqramlar, dil kursları və yay məktəbləri, yeni informasiya texnologiyaları, multimedia sistemləri, video və televiziya avadanlıqları, kompüterlər təqdim olunur.

Sərgi öz ekspozisiyasının genişlənməsi üçün yeni mərhələlərin mənimsənilməsi ənənəsini qoruyub saxlayır. Belə ki, "məktəblər üçün avadanlıqlar" və "ilk peşə-ixtisas təhsili müəssisələri üçün avadanlıqlar" kimi yeni tematik bölmələr çərçivəsində sinif otaqları üçün avadanlıqlar, o cümlədən məktəbli geyimləri, kürsülər, fizika və kimya kabinetləri üçün avadanlıqlar, eləcə də Almaniyadan gətirilmiş istehsal tədrisi üzrə dəzgahlar nümayiş etdirilir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi iki il ardıcıl olaraq sərginin "Karyera" bölməsində gənclərin qeyri-hökumət təşkilatları və birliklərinin iştirakını təşkil edir. Hazırda isə əlavə peşəkar bacarıqların əldə olunması imkanını təqdim edən şirkətlərin rolu xüsusilə artmaqdadır. Bununla əlaqədar, sərgidə konsaltinq, təlimlər və əmək bazarının müasir tələblərinə uyğunlaşma üzrə seminarlar təklif edən şirkətlər də iştirak edirlər.

Sərginin işini təlimlər, təkmilləşdirmə kursları və sərgidə təqdim edilmiş Türkiyə ali təhsil müəssisələrinin birində pulsuz təhsil almaq üçün xüsusi lotereya müşayiət edəcək. Sərginin ikinci günü İsveçrədən gəlmiş şirkət tərəfindən otel idarəetməsi üzrə seminar keçiriləcək.

Açılış mərasiminin sonunda F.Məmmədov "Təhsil və karyera" sərgisinin təşkilinə göstərdiyi fəal dəstəyə görə təhsil naziri Misir Mərdanova təşəkkür sertifikatı təqdim etdi.

Sonra sərgiyə baxış keçirildi. Sərgidə təqdim olunan təhsil müəssisələrinin nümayəndələri iştirakçılara geniş məlumat verdilər.

Sərgi oktyabrın 9-dək davam edəcək.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2010.- 8 oktyabr.-S.3.