"Trend" İnformasiya Agentliyində mətbuat konfransı

 

Oktyabrın 6-da  "Trend" İnformasiya Agentliyində 4-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı  keçirildi. Konfransda  Azərbaycan Respublikası Təhsil Nazirliyinin, "İteca Caspian" şirkətinin, "Təhsil və karyera" sərgisinin nümayəndələri və KİV əməkdaşları iştirak edirdilər.

Mətbuat konfransını açan  təhsil naziri Misir Mərdanov jurnalistləri salamlayaraq 7-9 oktyabr tarixlərində  Bakıda  4-cü  Azərbaycan Beynəlxalq "Təhsil və  karyera" sərgisinin  keçiriləcəyini bildirdi. Qeyd etdi ki, sərgi keçirildiyi illər ərzində təhsil xidmətləri, peşəyönümlü  istiqamətləndirmə və gənclərin məşğulluğu sahəsində regionun əsas illik forumuna çevrilmişdir. Nazir diqqətə çatdırdı ki, Təhsil Nazirliyinin köməyi ilə ənənəvi olaraq  keçirilən sərgidə  60-dan  çox ödənişli və ödənişsiz fakültə, kurs, habelə ən  müxtəlif ixtisaslar üzrə proqramları özündə birləşdirən 94 təhsil müəssisəsi və təşkilatının iştirakı nəzərdə tutulur. "Təhsilini seç-gələcəyini təmin et" şüarını layiqli şəkildə  doğruldan sərgidə xarici maarifləndirmə strukturlarının universitetləri və kolleclərinin iştirakı sevindirinci haldır. Sərgidə ilk dəfə olaraq  Ankara, İstanbul və İzmirin 15 təhsil müəssisəsini özündə birləşdirən Türk Milli Universitetlər Qrupu da iştirak edəcək. Azərbaycan təhsil sektoru isə dövlət və özəl təhsil müəssisələri daxil olmaqla, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti kimi daimi iştirakçıları tərəfindən təqdim olunacaq. Sərgidə təmsil olunan şirkətlərin əməkdaşları iştirakçıları bakalavr və magistratura təhsili sahəsində yeni imkanlarla tanış edəcəklər. Bütün bunlar Azərbaycan təhsilinin inkişafında böyük rol oynayacaqdır.

Mətbuat konfransında təhsil naziri Misir Mərdanov KİV nümayəndələrini maraqlandıran sualları da cavablandırdı.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 8 oktyabr.- S.3.