Dəyişən ulduzlar
sahəsində beynəlxalq elmi konfransda Azərbaycan aliminin məruzəsi
maraqla qarşılanıb
Bu günlərdə Ukraynanın
Odessa şəhərində astronomiya üzrə dəyişən ulduzlar sahəsində növbəti
beynəlxalq elmi konfrans keçirilib. Dörd
ildən bir keçirilən konfransda,
bir qayda olaraq, keçmiş
SSRİ ərazisində olan
ölkələrin alimləri
ilə yanaşı, Şərqi və Qərbi Avropa, Amerika və Afrika astronomları da iştirak edirlər. Bunu nəzərə alaraq, konfransın işçi dili ingilis dili qəbul
olunub. Konfransın elmi istiqamətləri
elə seçilib ki, müzakirələrdə
dəyişən ulduzların
bütün tipləri
əhatə olunub.
Təşkilat komitəsinin hazırladığı
proqrama əsasən, konfrans iclaslarının birini BDU-nun astrofizika kafedrasının professoru,
AMEA Şamaxı Astrofizika
Rəsədxanasının (ŞAR) baş elmi işçisi
Nəriman İsmayılov
idarə edib. Konfransda
həmçinin ölkəmizi
iki gənc aspirant - Həmayil Adıgözəlzadə və
Orxan Xəlilov da təmsil edib. Məqsəd gənclərə beynəlxalq arenada özlərini sınamağa
şərait yaratmaq, əldə etdikləri ilk
elmi nəticələri
müzakirəyə çıxarmaq
olub. Konfransda azərbaycanlı alimlərin son 10 ildə xaricdə çap olunmuş elmi məqalələrinin əksəriyyətində
alınmış mühüm
nəticələr xüsusilə
qeyd edilib. Azərbaycanlı alimlərin konfransda
ingilis dilində etdikləri məruzələr
böyuk maraq doğurub. Onların spektral və
fotometrik tədqiqatları
göstərib ki, bu ulduzların ulduzətrafı disklərində
yenicə formalaşmaqda
olan cisimlər - protoulduzlar və ya protoplanetlər mövcuddur. Alimlərimiz ilk dəfə göstəriblər
ki, belə cisimlərin cavan ulduz disklərində mövcud olması onlarda müşahidə olunan parlaqlığın
və spektral parametrlərin periodik olaraq dəyişməsinə
gətirib çıxarır.
Məlum
olub ki, diskdə formalaşmaqda olan belə cisimlər mərkəzi ulduzdan bir və
ya bir neçə
astronomik vahid (Yerdən Günəşə
qədər olan orta məsafə) məsafədə yerləşə
bilər.
Maraqlıdır ki, alimlər
üç dəfə müxtəlif ulduzlarda ilk dəfə
olaraq periodik dəyişmələr aşkar edib və bundan cəmi
bir neçə ay sonra Krım, Daşkənd və Pulkovo rəsədxanaları
həmin nəticələri başqa tədqiqatlarla təsdiq
ediblər. Qəribə də olsa, bu bir yarışa bənzəyir,
kim irəli düşsə, nəticə də ona aid olur.
Sonuncu dəfə əldə edilmiş bir nəticə - T
TauN ulduzunun ətrafında yeni bir infraqırmızı mənbənin
olması ilk dəfə professor Nəriman İsmayılov tərəfindən
aşkar olunub. Ehtimal olunur ki, həmin mənbənin temperaturu
2500°K-dır. Nəticənin alınmasında həm ŞAR-da
alınan spektral materialdan, həm də İnternational
Ultraviolet Explorer (ABŞ) peykinin nəticələrindən
istifadə edilib. İstifadə olunan müşahidə
materialları alimləri eyni qənaətə gətirib. Bu nəticə
ABŞ Vesleyan Universitetinin professoru W.Herbstin tədqiqat
materialı ilə birgə bu il çox yüksək reytinqli
"Astronomy and Astrophysics" jurnalında çap olunub.
Professor Nəriman
İsmayılovun və aspirantların iştirak etdiyi konfransda
çoxlu sayda məruzələr dinlənilib, verilən
suallara, müzakirələrə, həm də
alınmış nəticələrə görə alimlərimizin
məruzələri daha sanballı olub və maraqla
qarşılanıb. Bunu müzakirələrdə iştirak
edən moskvalı və peterburqlu alimlər də qeyd ediblər.
Polyak və macar astronomları isə gələcək
konfransların Azərbaycanda
keçirilməsində maraqlı olduqlarını
bildiriblər.
Təbii ki, elmi əlaqələrin
genişlənməsi və bu sahədə əldə edilən
uğurlarda BDU-nun rektoru, akademik Abel Məhərrəmovun
xüsusi əməyi olub.
Pərvanə İBRAHİMOVA
Azərbaycan müəllimi.- 2010.- 8 oktyabr.- S.5.