Gimnaziyada "Yer planetinə verilən dəyər" mövzusunda ekoloji layihə təqdim olunub

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2010-cu il ölkəmizdə "Ekologiya ili" elan edilib. Bütün fənlərin tədrisində olduğu kimi, ingilis dilinin öyrədilməsi prosesində şagirdlərə ekoloji biliklərin verilməsi, onların təbiətə məhəbbət ruhunda tərbiyəsi üçün geniş imkanlar var. 10-cu sinfin  proqramına salınmış "Valuing the Earth" ("Yer planetinə verilən dəyər") adlı dərs bölümü bu baxımdan xüsusilə diqqətəlayiqdir. Mən həmin mövzu üzrə daha geniş ekoloji tərbiyə işi aparmaq üçün eyniadlı layihə planı hazırladım şagirdlərə təqdim etdim. 14 gün ərzində layihə tamamlandı S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında müəllim şagird kollektivinə təqdim olundu. Layihədə əsas mövzu  bu gün bəşəriyyət qarşısında duran qlobal problemlər, dünyanın ekoloji durumu, qlobal problemlərin vurduğu ziyan idi.

Bəli, bu gün bəşəriyyət qarşısında duran qlobal problemlər öz kəskinliyini artırdıqca onların yeni tərzdə qavranılması və həlli yollarının tapılması da mürəkkəbləşir. Bu qlobal problemlərdən biri də dünyanın ekoloji durumudur. Bəşəriyyətə getdikcə daha çox aydın olur ki, min illər ərzində təbiətdən istifadədə mövcud olmuş ənənəvi baxışlar, üsullar qaldıqca yaxınlaşmaqda olan ekoloji böhranın qarşısını almaq nəinki mümkün olmayacaq, hətta onun sürətlə artan miqyası və dağıdıcı təsiri qlobal sosial-iqtisadi inkişafda da özünü göstərəcək. Akademik Həsən Əliyev bu barədə yazmışdır: "İnsanı təbiət yaratmış və öz sərvətlərini səxavətlə onun istifadəsinə vermişdir.Altı yüz min ildən artıqdır ki, müasir insanla təbiət arasındakı münasibət müəyyən nisbətdə davam edir. Bəşəriyyət öz inkişafının yüksək pillələrinə ayaq qoyduqca, bu nisbət müəyyən mənada insanların xeyrinə dəyişir. Başqa sözlə desək, insanlar sayca artdıqca və öz əlində daha mükəmməl texniki vasitələr cəmləşdirdikcə təbiətdən çox mənfəət götürür, müqabilində ona az şey verir".

Cəmiyyətin sürətlə inkişaf etdiyi və böyük texniki qüvvəyə malik olduğu indiki dövrdə təbiətlə insan arasındakı münasibət tamamilə pozulmuş və təhlükəli hal almışdır. Hətta son zamanlar təbiətin istismarı elə dərəcədə güclənmişdir ki, təbii sərvətlər gözlənildiyindən daha tez tükənməyə başlamışdır.

Artıq Yer kürəsi təhlükədədir. İnsanların təbiətlə amansız rəftarı nəticəsində dünyanın ekoloji durumu getdikcə pisləşir. Hazırda bütün təbii komponentlər müəyyən çirklənməyə məruz qalmışdır. Dünya əhalisinin sayının sürətlə artması, təbii sərvətlərin istifadəsinin israfçılığı, sənayedə,nəqliyyat sahələrində, kənd təsərrüfatında yeni-yeni texnologiyaların tətbiqi və istehsalının genişlənməsi ətraf mühitin ekoloji durumunun pisləşməsinə səbəb olmuşdur. Ekoloji vəziyyət pisləşdikcə insanların da yaşam tərzi pisləşir. Belə ki, insanlar artıq ekoloji durumu daha yaxşı olan ərazilərə meyil göstərirlər.

Hazırda atmosferin çirklənməsi insanlarda xüsusi narahatçılıq doğurur. Elmi-texniki tərəqqinin inkişafı, sənaye müəssisələrinin artması nəticəsində atmosferə külli miqdarda zəhərli və zərərli maddələr atılır. Atmosferin çirklənməsi bir çox problemlərə səbəb olmaqla bərabər, həm də bizi ultrabənövşəyi şüalardan mühafizə edən ozon qatının deşilməsinə də gətirib çıxarıb. Bu isə, öz növbəsində, qlobal istiləşməyə, yəni yerin istilik balansının pozulmasına, həmçinin insanlar arasında bir sıra qorxulu xəstəliklərin yaranmasına səbəb olub.

Atmosfer həm də nəqliyyat vasitələri tərəfindən də xeyli çirklənir.Hətta, qeyd edim ki, İnternet saytlarında yazılan bilgilərə görə, Azərbaycanda atmosferi sənaye müəssisələrindən çox nəqliyyat vasitələri çirkləndirir. Bu hal Bakı şəhərində özünü açıq-aşkar büruzə verir. Dünyanın Bakıdan da böyük digər şəhərlərini də nəzərə alsaq, atmosferi çirkləndirən başlıca vasitələrdən birinin nəqliyyat vasitələri olduğuna heç bir şübhə qalmaz.

Eyni zamanda zavod və fabriklərdən, habelə avtomobillərdən çıxan bir sıra zərərli maddələr havada toplaşaraq turşulu yağışlar əmələ gətirir.Turşulu yağışlar təbiətə, binalara, qurğulara böyük ziyan vurur, torpağın, suların keyfiyyətini aşağı salır.

Son zamanlar meşə sahələrinin, ümumiyyətlə, yaşıllıqların sayının azalması faktı da narahatlıq doğurur. Bizə həyat bəxş edən bu neməti insanlar öz əlləri ilə məhv edir. Sevindirici haldır ki, ölkəmizdə bu cür xoşagəlməz halların qarşısının alınması və yeni yaşıllıqların salınması istiqamətində ardıcıl tədbirlər görülür.

Problemlərdən biri də suların çirklənməsidir. Sənaye və məişət su tullantılarının təmizlənmədən su hövzələrinə axıdılması həm suların keyfiyyətini azaldır, həm də orada yaşayan canlıların məhvinə səbəb olur.

Əsrimizin ən qlobal və dəhşətli prosesi hazırda müharibələr, terrorlardır.Bütün bunlar nəticəsində təbiətin bir yox, bütün komponentləri yararsız və acınacaqlı hala düşür, bütöv bir təbii ərazi kompleksı məhv olur. İnsanlar maddi və mənəvi ziyana uğrayır, amansız və hətta əlacı tapılmaz xəstəliklərlə üzləşirlər.

Hazırlayıb təqdim etdiyimiz "Valuing the Earth" adlı layihənin qısa məzmunu bu biliklərdən ibarət idi. Şagirdlər bu bilgiləri İnternet saytlarından, ekoloq Rəna xanımdan, həkim Sevinc xanımdan və politoloq Pərviz müəllimdən əldə etmişlər. Eyni zamanda layihədə müxtəlif videomateriallardan, şəkillərdən, mahnılardan da istifadə olunmuşdur.

Layihə şagirdlərin ekoloji biliklərinin dərinləşməsinə və pedaqoji tərbiyəsinə müsbət təsir göstərmişdir.

 

 

Aytən OSMANOVA 

 

Azərbaycan müəllimi.- 2010.- 8 oktyabr.- S.6.